Bir ömür umuddu – bir içim sudu… – “Ulduzlar sönmür” rubrikası – Müsahibə

“Yazıram köhnəni qorumaq üçün”

Onu bu məmləkətdə tanımayan yoxdur, onu hamı sevir və o bu hörməti də, bu sevgini də illərlə ruhunda gəzdirdiyi Vətən sevdası, türkçülük eşqi, bir də uşaqdan tutmuş böyüyə qədər hamıyla paylaşa bildiyi səmimiyyətlə qazanıb. Bu gün Sabir Rüstəmxanlı deyəndə ilk növbədə gözlərimiz qarşısında min illik türkdilli ədəbiyyatımızın son yarım əsrdən artıq zaman kəsiyində öz sözünü deyib, altından imzasını qoymuş sevilən şairin, bir qərinəni adlamış müstəqillik və azadlıq savaşımızın öncüllərindən biri olan vətəndaşın, hər zaman sözünün arxasında durmağa çalışan ağır taxtalı bir kişinin portreti canlanır.

“Şairlik nəyimə gərəkdir mənim? –

Şeirdə təsəlli aramaq üçün!

Təzə söz deməyə gümanım azdır,

Yazıram köhnəni qorumaq üçün”.

O, bəlkə, doğrudan da, elə köhnəni qorumaq üçün gəlib dünyaya. Təkcə sözü yox, mənəviyyatı, etibarı, ruh azadlığını, cəsarəti, əxlaqi dəyərləri və sevgini – əbədi sevgini, Vətən sevgisini qorumaq üçün…

“Bir əlçim buluddu,

Bir ömür umuddu,

Bir içim sudu,..

…21 Azərin qanıdı,

Cavad xanın qətl yeridi,

Sabirin “Fəxriyyə” şeiridi,

Dağları dumanında itən, –

Vətən… Vətən…”.

1946-cı ilin 20 may günü dağlarının zivəsi Savalana salam deyən Yardımlı rayonunun Hamarkəndində, Xudu kişinin ailəsində dünyaya göz açıb. Onun tərcümeyi-halı haqqında çox yazmaq fikrim yoxdür, çünki yazımın əvvəlində qeyd etdiyim kimi, onu hamı tanıyır, sadəcə az qala 40 ilə yaxın bir müddətdə şəxsən tanıdığım, həmişə cavan, şux, yaraşıqlı, cəsarətli və doğma bir insanın nə vaxt yaşa dolduğunu, nə vaxt 75 yaşa çatdığını təsəvvür etməkdə bir qədər çətinlik çəkirəm.

“75 yaşa çatmaq asan iş deyil”

– Sabir bəy, “Ədəbiyyat qəzeti”nin yeni layihəsində – “Ulduzlar sönmür”də görüşürük. Bir aya yaxındır bu layihəni başlamağa hazırlaşırdım, amma nə  xoş ki, ilk qonağım siz oldunuz, özü də 75 yaşın astanasında. Mən inana bilmirəm…

– “Heç özüm də inana bilmirəm. 60 yaşım olanda yazmışdım, mənə elə gəlir dünyada 60 əsr yaşamışam. O vaxt düşünürdüm ki, 60 il bir göz qırpımında ötüb-keçdi. Amma əslində, həm də düşünürdüm ki, bu 60 ildə insanlığın bütün tarixini yaşamışam. Adam özünü heç nədən kənara çəkə bilmir. Adəmlə Həvvadan başlamış üzü bu yana bəşər tarixinin yaşadığı bütün faciələr, bütün savaşlar, qovğalar gəlib sənin içindən keçir. İnsan çox qəribə varlıqdır: sən eyni zamanda həm ansan, həm də əbədiyyətsən. Həm fərd olaraq öz ömrünü yaşayırsan, həm də bütünlüklə millətin tarixinin bir parçasısan. Azərbaycan vətəndaşı olaraq bizim daşıdığımız yük çox ağırdır, bu bir almanın, bir fransızın, ingilisin daşıdığı yükə bənzəməz. Onlar tamam ayrı tale keçirlər: üz-üzə gəlib söhbət edirsən, sən də insansan, o da: sevgidən danışırsan, ümumi şeylərdən danışırsan, insanlıqdan danışırsan, amma hiss edirsən, axı onun yükü səninkinə bənzəmir və hətta onların səni məhkum elədiyi, çiyninə qoyduğu yüklər də var. Balaca millətlər, əslində heç balaca da deyilik, 50 milyonuq, az qala elə fransız qədər varıq, amma tale elə gətirib param-parça olmuşuq və bu param-parça olmağın bütün dərdləri, bütün qayğıları sənin gündəlik həyatının bir parçasıdır.

Əzrayılı görən olsa…

Evində rahat görünə bilərsən, övladın rahat ola bilər, amma daxilən heç vaxt rahat deyilsən, çünki Şuşanı hələ 6 ay əvvəl işğaldan azad edə bilmişik. 30 il içimizdə qaysaqlanan yara hələ dünən “Xarıbülbül” festivalında  göyə qanad açan Azərbaycan muğamının sədaları ilə ovunmağa başlayıb. Bu 30 ildə 30 əsrin ağrısı keçib bu millətin ruhundan, ona görə düşünürəm ki, 75 yaşa çatmaq asan iş deyil. Doğrudur, nəslimizdə uzunömürlülər çox olub. Babalarım 100 il ömür sürüb, əmilərim də uzun yaşayıb. Bir əmim vardı, 106 il ömür sürdü, axırda deyirdi ki, Əzrayılı görən olsa məni onun yadına salın. Bircə atam 75 yaşında dünyadan getdi, çünki müharibədə çox əziyyət çəkmişdi. Əslində, genetik olaraq 75 il, 85 il yaşamaq çox təəccüblü görünməməlidir. Sən mənsub olduğun millətin savaşlarının, mübarizələrinin içindən keçərək gəlib 75 yaşa çatanda hiss edirsən ki, bunun özü də bir qəhrəmanlıqdır”.

slində, bu millətin yaddaş albomunda Sabir stəmxanlıbir portreti var və orada cavan, yaraşıqlı, zlərindəod skübir insanın şəkli donub qalıb. Nə xoş ki, zaman o şəklə toxuna bilməyib. ni, ncə, Allah qoysa 90 yaşlı, 100 yaşlı Sabir stəmxanlı da yişqalacaq.

Mən şair ömrü yaşamadım…

– Yaxşı ki, adamı elə o cür xatırlayırlar. Bu çox maraqlı bir şeydir. Adamın qəbul edilmiş bir portreti var. Elə sən də mənim yaddaşımda o tələbə Əyyub kimi qalmısan. Zaman keçir, saçlar ağarır, adamın qaməti daha əvvəlki kimi olmur, yerişin, duruşun dəyişir, amma insanlar səni ilk dəfə necə tanıyıblarsa, elə də yaddaşlarına yazırlar. Burada da tarix kimi bir neçə qat görünür, amma arxadakı qatın işığı daha gur olur və səni dəyişməyə qoymur”.

– Doğrudur. Ulduzlarla bağlı təsəvvürlər çox nadir hallarda dəyişir. Bu, ilk sevgi kimi bir şeydir, adamın yaddaşının dərin qatında bir şəkil donub qalır. Sizin yaddaşlarda qalan şəkliniz şair şəklidir.    

– Məni insanlar şair kimi tanıyırlar. Romanlar, publisistika, siyasət, millət vəkili, qəzetçilik və s. amma bunların hamısı şairlikdən başlayıb. Bəzən fikirləşirəm ki, mən heç vaxt şair ömrü yaşaya bilmədim. Heç vaxt 2-3 ay dalbadal ruhumu əsir edən ilhamla baş-başa qalmağa imkan tapa bilmədim. Biz axı ruh adamlarıyıq, bəzən müəyyən diktələr olur və oturub onları kağıza köçürmək istəyirsən, amma davamlı olaraq o ilkin enerjiylə, ilkin ovqatla oturub yazmağa vaxt tapa bilmirsən. “Göy Tanrı” romanını yazanda ilk cümlə gəldi və tez onu yazmağa başladım. Sahildə uzanmışdım, şüa kimi ruhuma dolan bir şey hiss etdim, nə olacağını bilmirdim, amma hiss edirdim ki, o uzaq keçmişdən gələn səsləri eşidirəm. Az qala qaça-qaça otağa qalxdım, ilk cümləni elə doğulduğu kimi qeyd elədim və bu vaxt zəng gəldi, ictimai işlərimlə əlaqədar məni Bakıya çağırdılar. Yəni göylərlə aramda yaranmış rabitə o an qırıldı. İyun ayı idi və mən bir də o mövzuya 8 aydan sonra – fevralda qayıda bildim, təzədən o ilk cümlədən yapışdım, o ilk cümlə məni silkələdi, ruhumu təzələdi və 2 aya romanı bitirdim.

Kiçik fikirlərdən doğan böyük yazılar

Yaxşı ki, indi telefon var, adam yolda olanda, masa arxasında olmayanda belə beyninə gələn fikirləri qeyd edə bilir. Əslində, istənilən böyük yazı elə balaca bir fikirdən doğur.

– Şair üçün, söz adamı üçün ən rahat yer yazı masasının arxasıdır, amma siz bu rahatlığı yox, meydanları seçdiniz. Niyə? Şair kimi tanınırdınız, sevilirdiniz, amma siyasət bir az sürüşkən yerdir, uğur qazanmaya da bilərdiniz və bu uğursuzluq sizin şair kimi qazandığınız hörməti, sevgini laxlada bilərdi.

– “Bizim taleyimizə rahatlıq yazılmayıb, əziz dostum. Əksinə, oturub şairliyimi eləsəydim, millət bu gün məndən hesab soruşa bilərdi ki, o ağır günlərdə hardaydın və buna haqqı da çatardı. Əlbəttə, meydan hadisələri başladı, siyasi fəaliyyət başladı, yazıdan uzaq düşdüm. Nə mənada uzaq düşdüm, yəni davamlılıq qırıldı. Kənarda dayanmaq olmazdı, kənarda dayana bilməzdim, çünki mənim millətimin taleyi həll olunurdu. Nə vaxtsa yazmışdım:

Neçə yazılmamış şeirlərimi

Atdım meydanların izdihamına,

Qatdım millətimin gül ilhamına…

Bircə söz saxladım – Azadlıq sözü,

Dönüb yumruq olmaq öyrətdim ona!

Yəni sən şairsən, söz deməlisən, amma şərait, tale elə gətirir ki, söz demək əvəzinə, yumruğunu düyünləməli olursan. Meydanlara çıxıb “Azadlıq! Müstəqillik!” deyib qışqırırsan, amma şair bunu öz sözü ilə deməlidir. Bir də ki, adamın əqidəsi safdırsa, məqsədi təmizdirsə, harada olur-olsun, qazandığı hörmət də, sevgi də heç vaxt laxlamaz”.

“Bircə söz saxladım – Azadlıq sözü”

– Yaşadığınız 75 ilin böyük bir hissəsi millətin, xalqın gözü qabağında keçdi. Hələ orta məktəbdə oxuduğum illərdə tanış olarkən görmüşdüm sizə olan münasibəti, tanıyırdılar sizi. Tanınmaq xoş olduğu qədər də məsuliyyətli bir şeydir. Adam hər sözünə, hər hərəkətinə çəki-düzən verməli olur.

– Zatən adam hər hərəkətinə, hər sözünə görə məsuliyyət daşımalıdır. Tanınmağı, məşhur olmağı biz seçmirik, sadəcə bir gün görürsən ki, artıq səni çoxları tanıyır. Əlbəttə, bir üzdə olan, gözlə görünən tanınmaq var, bir də səni tanıyan çoxluğun səndən, yaşadıqlarından, dərdlərindən xəbərsiz  olduğu şeylər olur. İndi düşünürəm, yaşadığım 75 ilin 30 ilini yaşamamışam. Həmin 30 ildə duyğularım çox güclü olub: təbiət, aşiqlik, gənclik… amma 30 il evsiz, kirayələrdə yaşamaq, ordan-bura daşınmaq, hər daşınanda xatirələrinin bir parçasıyla bir yerdə, özünlə apara bilmədiyin kitabları, əşyaları da qoyub getmək məcburiyyəti. Bir yerə təzə isinişirsən, ev sahibi, hətta bəzən erməni ev sahibi də olurdu, gəlib sənə deyir ki, 3 günə evi boşalt, daha kirəkeş saxlamıram. Adam alçalır, təhqir olnunur. Bütün bunlar bir şair ömrünü, bir yazıçı ömrünü baltalayan şeylərdir.

– Böyük bir ailədə dünyaya gəlmisiniz. Dağlıq bir kənd, daha çox dini-mənəvi ənənələrə söykənən mühit və bu mühitin içindən çıxıb bütün və bütöv Azərbaycana boy verən, qol-budaq atan Sabir Rüstəmxanlı. Hamarkənddən çıxıb Bakıya gələndə özünüzlə nə gətirə bilmişdiniz? Axıra qədər sizə sirdaş ola bilən  xatirələr oldumu?

İnsan xatirələrlə yaşayır

– İnsan xatirələrlə yaşayır, yaşa dolduqca xatirələr ümumiyyətlə adamla yoldaşlıq edir. Əlbəttə, 75 il az tarix deyil və bu zamanın içində saysız-hesabsız xatirə var. Müxtəlif dövrlərdə qısa fasilələrlə gündəlik də yazmışam, xüsusilə hər ilin əvvəlində adamda bu duyğu baş qaldırır, amma sonra yenə qırılırsan, ayrılırsan bundan. Sonra da peşman olursan, niyə bunu yazmadım və s. Sonra başın qarışır şeirə, hekayəyə və görürsən, həmin o xatirə hansısa bədii yazının içində əriyib gedib. Bir neçə il əvvəl fikirləşdim ki, xatirələrimi yazım, təxminən 200 səhifə yazmışdım, gördüm ki, hələ kənddən çıxa bilməmişəm. Kənd nədir, hələ heç orta məktəbdən qopa bilməmişəm. Yazdıqca lent təzələnir, yaddaş oyanır, görürsən arxada nələr qoyub gəlmisən. Bir hissəsini yazıb “Azərbaycan” jurnalına təqdim eləmişəm, yəqin, 5-ci sayda gedəcək. Hələ bitirməmişəm, amma axır ki, Bakıya gəlib çıxmışam (gülür). Əlbəttə, imkan olsa onu davam edib kitab halına salmaq fikrindəyəm. Bu yaşda 15-16 yaşın duyğularını yazıram və mənə xoş gələn də elə budur.

– Kəndə bağlı olduğunuzu bilirəm. Axşam gəlmisiniz kənddən, hələ üstünüzdən kəndin qoxusu çəkilməyib, hələ başınızdan kəndin havası çıxmayıb, hiss edirəm.

– Kəndi ideallaşdırmaq istəmirəm, kəndçi olmaq ağır işdir. Xüsusən bizim kənddə yaşadığımız dövr – 50-ci illər lap ağır idi. Söhbət 53-cü ildə Stalinin ölüm xəbərinə yığışıb yas saxlayan bir kənddən gedir və əminəm ki, bu cür kəndlər təkcə Azərbaycanda deyildi, SSRİ-nin hər yerində belə kəndlər vardı. Fərqində deyildilər Stalin onlara nə zülmlər, nə xəyanətlər edib. Bizim beynimiz bu fikirlərlə dolmuşdu. Bir az da ondan sonrakı durğunluq illəri. Bir yandan marksizm ideologiyası, bir yandan dini cəhlət. İslam əxlaqı, islam dəyərləri qalırdı bir tərəfdə, bizə islam faciələrini təbliğ edirdilər. Amma bunun bir ədəbiyyat qanadı vardı və biz, ədəbiyyatı sevənlər onun içində rahatlıq tapırdıq. S.Vurğunun, S.Rüstəmin, V.Mayakovskinin şeirlərilə böyüyürdük. Gücün çatırsa bunun içindən sıyrıl çıx görüm necə çıxırsan. Çıxarsan, amma onun təsisindən tam qurtula bilmirsən. Sənin üslubun, ifadə tərzin çox çətinliklə qurtula bilir bu təsirlərdən. Amma birtəhər çıxa bilirdik. Üstəlik, nə qədər sərhədlər bağlıydı, dini xurafat bu tərəfə ayaq aça bilmirdi, sərhədlər açılandan sonra İranın islam dəyərləri ayaq açdı bu taya da, cəhalət daha da baş alıb getdi. Sanki kəndlərimiz İslam dünyasının cəhalət dövrünü indi yaşayır. Mən bunun əleyhinəyəm. Məscid bizim möhürümüzdür, amma o məscidlərdə Azərbaycan naminə söhbətlərə daha çox yer vermək lazımdır.

Məscid bizim möhürümüzdür, amma…

Kəndlər boşalır, bu çox acınacaqlı haldır. Cavanlar deyir ki, kənddə həyat yoxdur, amma o həyatı kəndə qaytarmaq lazımdır. Bir müddət əvvəl mən Yardımlıda özümə ev tikdim, sonra o biri qardaşlarım da kənddə özlərinə ev tikməyə başladılar. Sonra başqa qohumlar da bu ənənəni davam elədilər. Kiçik qardaşım Şahbaz kənddə yaxşı bir stadion salıb. Kənd məktəbinin kitabxanasına kitablar göndərir, amma buna da ağız büzənlər tapılır. Kəndə dağdan 7 kilometr uzunluğunda su xətti çəkdirdim. Yol boyu çinar, tut, şam ağacları əkdik, artıq göyərir, bir neçə ildən sonra boy verib böyüyəcəklər. Kəndi müəyyən qədər abadlaşdırdıq və bu davam edir. Əslində, şəhərin kəndə münasibəti bu cür olmalıdır. Hərə bir işin qulpundan yapışsa, kəndlərdə şərait normallaşar”.

– Sabir bəy, 44 günlük Vətən müharibəsi ordumuzun qələbəsilə başa çatdı. Müharibə dövründə də, müharibədən sonrakı dövrdə də birmənalı olaraq dövlətin yanında olduğunuzu bəyan edirdiniz və bəzi fikirlərinizin müxalifətçilik prinsipinizə zidd olduğunu deyənlər tapılırdı. 

– “Biz nə istəyirdik? Torpaqlarımız azad olsun, Qarabağ problemi həll olunsun, ölkədə normal vəziyyət yaransın, bu millətə xəyanət edən məmurlar cəzalandırılsın və s.

Əgər Qarabağ azaddırsa…

Əgər bu gün Qarabağ işğaldan azad olursa, ölkədə yaxşı mənada sosial-iqtisadi islahatlar gedirsə,  niyə sevinməyim?! Qarabağın işğaldan azad olması çox şeyi dəyişdi…

Biz çox murdar düşmənlə üz-üzəyik. Ermənilər tarixi olmayan, mədəniyyəti olmayan bir millətdir, amma zaman-zaman ona şərait yaradıblar özü üçün qondarma tarix düzəldib, oğurluq mədəniyyət yaradıb. Bizansdan gətirib onunçün bir əlifda düzəldiblər, bu onun şansıdır. Həmin əlifbayla yazılan nə varsa sonradan özününküləşdirib. Burnumuzun ucunda belə saxtakar düşmən var və bizim ən böyük işimiz belə şeylərə cavab verməkdir. Bu gün ermənini ayaqda saxlayan onun kilsəsidir. Gəlib dağın başında bir kilsə qurub və oradan öz xalqını idarə etməyə başlayıb. Bu kilsə ermənilərin mövcudluğuna əsas dayaqlardan biridir. Əslində, bizim məscidlərimizin, dinimizin ideologiyasının təməlində daha humanist məqamlar var, biz eyni dindən olan bütün insanlara müsəlman qardaşlarımız deyirik, amma bu, çox vaxt sözdədir. Gördük 44 günlük müharibə dövründə o müsəlman qardaşlarımızın çoxunun səsi çıxmadı. Bu gün mənim din qardaşım Fələstin Qarabağın erməni torpağı olduğunu deyir, soyqırımını tanıyır, ermənini müdafiə edir, amma məni isə yəhudi müdafiə edir. Bir dəfə İran səfirinə dedim ki, İranda ermənilərə daha çox dini və mədəni azadlıq verilib, amma 35 milyonluq azərbaycanlının haqqını sıxışdırırsınız. Dedi, ermənilər dini azlıqdır, sizsə bizim şiə qardaşlarımızsınız, ona görə. Dedim, belə çıxır haqlarımızı almaq üçün dinimizdən, məshəbimizdən imtina eləməliyik? Absurd yanaşmadır.

– Sabir bəy, indi olduğunuz yerdən baxanda daha çox nə üçün, ya da kim üçün darıxırsınız?

Kaş o vaxt…

– Əslində, darıxmağa səbəb olan çox şey var, amma indi mobil telefonu görəndə bir şeyə təəssüflənirəm, kaş bu telefon anamın-atamın sağlığında olaydı, mən onlarla daha çox danışa, üzlərini daha çox görə biləydim. O vaxt bizim Bakıdan evə zəng vurmağımız ən azı 2-3 saat vaxt itkisiydi. Poçta gedib növbə tutmalıydın, səni rayonla, rayonu kəndlə calamalıydılar, ilk vaxtlar evdə telefon yox idi, gərək qonşuya zəng vuraydın, qonşu gedib evə xəbər verəydi, bəzən heç vaxt çatmırdı, elə sözünü qonşuya deyib gedirdin.

– Sabir Rüstəmxanlı şuluq uşaq olub?

– Ən cığal uşaqlardan biri olmuşam və bu cığallıq daha çox özümə arxayın olmağımdan doğub. Əlaçıydım, riyaziyyatı sevirdim, bəlkə də riyaziyyat müəllimim qiymətimi kəsib məni qızıl medaldan məhrum etməsəydi riyaziyyatçı olacaqdım, acığa filoloq oldum. Mənə deyirdi, sənə 10 sual verəcəyəm, birini də bilməsən 2 yazacağam, 10-nu da bilməsən. Bu səbəbdən bəzən jurnalda 2-lərimin sayı elə 5-lərimin sayı qədər olurdu.

“Acığa filoloq oldum”

– “Azərbaycan” qəzeti çox böyük tirajla çap olunurdu və əl-əl gəzirdi. O dövrdə çox böyük boşluq vardı azad mətbuatda və baş redaktoru olduğunuz qəzet bir müddət bu boşluğu təkbaşına doldura bildi.

– Qarabağ problemi başlayandan sonra biz Aktyor evində Qarabağa Xalq Yardımı Komitəsi yaratdıq. Mənim sədr olmağımı istəyirdilər, amma qərara gəldik ki, sədr mütləq qarabağlı olmalıdır. İsmayıl Şıxlıya təklif olundu, o da təklif etdi ki, Bayram Bayramov sədr olsun. Mənsə qəzet buraxmağı öhdəmə götürdüm. Ən maraqlı məqamlar Bayram Bayramovla yaşanırdı. Mərkəzi Komitədən zəng vurub qəzetlə bağlı irad tuturdular, o da məni çağırıb danlayırdı ki, ay Sabir, niyə belə yazırsınız, filankəs zəng vurmuşdu, filankəs filan dedi. Mən də onu sakitləşdirməyə çalışırdım, sonra axşam bir də görüşürdük, görürdüm kefi yaxşıdır. Deyirdi, Sabir, düz eləyib elə yazmısınız, Mərkəzi Komitədən 2 nəfər zəng vurub qanımı qaraltdı, amma bu gün ən azı 100 nəfər Azərbaycanın hər yerindən zəng vurub qəzetə görə, filan məqaləyə görə təşəkkür eləyib.

“Koroğlu” dastanını oxumusan?

Tələbə vaxtım idi, Bakı şəhər İcraiyyə Komitəsinin sədrilə görüş keçirilirdi, qalxıb sual verdim ki, Kirovun heykəlini nə vaxt götürəcəksiniz. Adam çaşıb qaldı, sonra dedi: “Koroğlu” dastanını oxumusan?”. Dedim oxumuşam. Dedi orada Koroğlunun üstünə ordu göndərmək istəyəndə biri deyir ki, Koroğlunun üstünə ordu göndərmək lazım deyil, onun özünə tay birini tapıb göndərmək lazımdır. Mən onun nə demək istədiyini başa düşdüm. Yəni öz qəhrəmanımız yetişməlidir.

Bir dəfə Vəzirov qəzetin çapını dayandırmışdı, “Azərbaycan” nəşriyyatının sıravi işçiləri tətil elədilər, qəzetin çapı bərpa olunana qədər işləmədilər və bu həm də dövlət qəzetlərinin, Moskva nəşrlərinin də çapının dayanması demək idi. Aləm dəymişdi bir-birinə. Çünki mərkəzi qəzetlər teletaypla gəlib Bakıda çap olunurdu. Bizim qəzetin nəşrinə yenidən icazə verdilər, nəşriyyatda iş bərpa olundu.

– Bir müddət nazir oldunuz. Sizcə, necə nazir idiniz?

– Qapım millətin üzünə heç vaxt bağlı olmadı. Düzdür, qapıda qəbul günləri-filan yazılmışdı, amma formal idi bu. Xüsusilə rayonlardan gələnlər heç vaxt qapıda gözləmirdilər. Mən ağır  dövrlərdə işlədim, kağız yox, dozakl yox, min əziyyətlə kağız tapırdıq, avadanlıq tapırdıq. Qafqazın ən böyük çap kombinatının tikintisinə başlamışdıq, mən işdən gedən kimi tikinti də dayandı, indi o bina xarabalığa çevrilib. Kitab mağazalarını ləğv etmək istəyirdilər, mərkəzdəki kitab mağazalarından birinin müəyyən hissəsini almaq üçün xeyli rüşvət də təklif eləmişdilər, qətiyyən yaxın buraxmırdım, məndən sonra kitab mağazaları da ləğv olundu.

“…xeyli rüşvət təklif eləmişdilər”

– Sabir bəy, sizcə, ulduzlar nə vax sönür?

– “Bunun həm fəlsəfi, həm də astronomik izahı var. Əslində, hər insanın beyni bir qalaktikadır, astronomiyadan bilirik, yüz  min il əvvəl sönmüş ulduzlar var ki, işığı hələ indi gəlib bizə çatır, amma o ulduz artıq yoxdur. İnsan da belədir, bəzən sən onun işığını görmürsən, amma o işıq var. Bəzən qəsdən gözlərini yumub o işığı görmək istəmirsən. Amma o işıq yenə var. Yəni əgər ulduz varsa, işığı varsa, ümumiyyətlə işıq məvhumu varsa ulduzlar sönmür. O ki qaldı insanlara, məncə, yerdə bir insan unudulursa, mütləq göydə də bir ulduz sönür. Bu baxımdan sənin “Varislər” layihən çox maraqlıdır və xahiş edirəm bunu mütləq yazasan. Çünki sən bu missiyanı boynuna götürmüsən və insanları unudulmağa qoymursan. Demək, həm də ulduzları sönməyə qoymursan”.

Söhbətləşdi: Əyyub QİYAS

Bütöv yazını göstər
Back to top button
Close