Bir adam yol gedir bizdən qabaqda…

“Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır”

Sabir Rüstəmxanlı haqqında yazmaq bəlkə də çoxları üçün asan ola bilər. Amma onunla bu çoxluğa aid olanların çoxundan daha çox təmasda olsam da, mənim üçün çətindir. Çünki Sabir bəy haqda deyilən hər bir söz təkcə ona aid deyil. Sabir Rüstəmxanlı mənim gözümdə böyük bir tarixin, Türk millətinin aydın və sərkərdələr tarixinin bu günümüzə köçürülmüş simvoludur…

İnsan dünyaya bir dəfə gəlir, ruh isə dəfələrlə. Ruhun mahiyyəti eyni olur, dəyişən bu ruhu daşıyan cismanilikdir. Bu mənada mənim üçün Sabir Rüstəmxanlı Türk millətinin minilliklər boyunca dəyər və qutsal ünvanı olan Dədə Qorqud, Bilgə Xaqan, Yunis Əmrə, Şah İsmayıl Xətai, Məhəmməd Əmin Rəsulzadə yolunun yalnız fiziki yox, həm də ruhi davamçısıdır. Onunla hər dəfə görüşəndə, söhbət eləyəndə gah Qorqud dünyasının nəsihətindən, gah Babək savaşından, gah Göy Türk dönəminin paklığından, gah Yunis Əmrə fəlsəfəsindən, gah da Xətainin vətən sevgisindən bir damla hopur qəlbimə. Sabir bəyin qoruduğu bu ruh davamçılığı onun cisminə də hopub və bəzilərinin ucqar saydığı Hamarkəndin bir kasıb evində dünyaya göz açan bu Türk Kişisi üzü, gözü, səsi ilə belə TÜRK möhürüdür.

Nədənsə mənə elə gəlir ki, neçə-neçə əsrlər, qərinələr geri qayıdıb, qarşımda Sabir Rüstəmxanlını yox, Türkün fikir, söz və savaş tarixi Sabir Rüstəmxanlı ilə yeni bir ömür yaşayır. “Tanrı” sözünü, “Türk”, “Yer”, “Oğuz” və “Bəy” sözlərini ilk dəfə daşlara köçürülmüş yazılardan oxuyaraq, gündoğandan günbatana qədər olan ərazidə türk millətləri ilə, türk xalqları ilə çörək kəsir, onlarla yol yoldaşı olur Sabir Rüstəmxanlı. Onları – Vətən daşı olanların həmrəyliyinə, Türk xalqlarının birliyinə çağırır və yenidən özü boyda bir ocaq olan Azərbaycana dönür.

Sabir Rüstəmxanlı oba-oba, el-el gəzərək türkləri qan yaddaşını unutmamağa çağırır. Milləti Həmrəyliyə, Birliyə çağıraraq, Ulu Tanrıdan kömək diləyir. Gözü qarşısında baş verən haqsızlıqları, qəddarlığı, unutqanlığı, yaddaşsızlığı gördükdə bu dərdlərdən qurtulmaq üçün savaş aparır. Dünya boyda sonsuzluğa səpələnmiş və tikə-tikə, parça-parça olmuş Azərbaycan adlı bir kitabın qırıntılarını böyük səbrlə, dözümlə toplayaraq, vərəq-vərəq yapışdırıb, bu millətin “Ömür kitabı”nı yazır – hər əsərində, hər şeirində, hər çıxışında. Tarix dəllalları ilə vuruşa-vuruşa bu millətə öz dədə-babasını, öz kökünü tanıdır, öz keçmiş həqiqətlərini, əsl tarixini bilməkdə kömək eləyir. Heç bir tarixi sənədə xəyanət eləmədən, həqiqəti olduğu kimi göstərir, yazır, deyir.

Sabir Rüstəmxanlı keçdiyi həyat yolu haqda müsahibələrinin birində deyir: “Azərbaycanın ucqar bir dağ kəndində doğulub, orada boya-başa çatmış bir gəncin Bakıya gələndən sonra hansı çətinliklərlə üzləşdiyini, məncə, hamı bilir. O illər S.Rüstəmxanlının öz dilindən belə ifadə olunur: “Mən heç nə istəmirəm bu məmləkətdən” şeirim ilə də duyğularımı ifadə etmişdim. O zamankı kəndlərimizin durumu yadınızdadır. Nəinki işıq, qaz, su, hətta televizor, radio da olmurdu. Məktəblərimizin kitabxanalarında kitab da tapılmırdı. Bakıya gələndə isə üz tutacağım ünvan, sığınacaq da yox idi. Həm ali məktəbdə təhsil alır, həm də işləyirdim. Bilmirdim tələbəlik edirəm, yoxsa fəhləlik…”

Ömrün belə bir başlanğıcı və… Və ömrünün ən mübariz çağında artıq Onu bir milyonluq Meydan dinləyir… Qosqoca bir imperiyanın dizinin yerə gəldiyi Meydanın tək sərkərdəsi Odur! Əslində isə bu yalnız Onun gücü deyildi, bu, minilliklər boyu yol gələn bir ruh davamçılığının gerçək ifadəsi idi – “Titrəyib özünə dönən Türk”!

Sabir Rüstəmxanlı “sovet cəhənnəmində” doğuldu, ancaq mövcud quruluşun zəhərli havasında boğulmadı, onun əsir-yesirinə çevrilmədi, şirin ana dilində, ata mülkündə özünəməxsus, bənzərsiz söz qalasını kərpic-kərpic, daş-daş hördü. “Ruhumuz sərhədsiz olduğu üçün” deyə-deyə möhtəşəmliyə yüksəldi – gah poeziyada, gah publisistikada, gah da nəsrdə “qızıl qələm” işlətdi, millətinin dərdlərini pıçıldaya-pıçıldaya oxudu, yaralarına məlhəm axtardı, ən yüksək tribunalardan çəkinmədən “mən türk oğlu türkəm, şah nəslindənəm” söylədi. Milli mənsubiyyəti ilə öyünə-öyünə bütün cahanı dolaşdı, əski Turan ellərini gəzdi, öyrədə-öyrədə, yaza-yaza Böyük Əqidə Yolunun həmişəlik yolçusuna çevrildi, ədəbiyyatımıza Sabir Rüstəmxanlı möhürünü vurdu.

Azərbaycan rus imperiyasına qarşı mübarizəyə qalxanda Sabir bəyin yazdığı “Ömür kitabı” milli şüurun oyanmasında və millətin azadlığa gedən yolunun aydınlanmasında əvəzsiz rol oynamışdı. Millətin ömrünə gün kimi doğmuşdu “Ömür kitabı”. Onun yazdığı şeirlər, gənclərə millət, vətən və dil sevgisini aşılamışdı. “Sağ ol, ana dilim” şeiri o dönəmdə dillər əzbəri idi. Sabir Rüstəmxanlı sadəcə yazmamışdı, yazdıqlarının arxasınca getmişdi, millətin ağır günlərində onun yanında olmuş, meydanlarda Azərbaycan xalqının haqq davasını müdafiə etmişdi. Azərbaycanın Müstəqillik Aktında imzası olan bir səxsiyyət… O zaman çoxları Sovet İttifaqından qorxaraq gizlənəndə, müstəqilliyimizin əleyhinə səs verəndə Sabir Rüstəmxanlı tarixin verdiyi bu fürsəti millətimizin lehinə çevirmək üçün bütün təhlükələri gözə alaraq, mübarizənin ön sırasında olmuşdu. Hər şeyin alınıb-satıldığı bir dönəmdə, sözün qiymətdən düşdüyü bir ortamda Söz Sahibi olan kişilərdən biridir Sabir Rüstəmxanlı. Zaman gələcək onun haqqında da kitablar yazılacaq, necə ki yazılır. “Tanımaq istəsən”lə yola çıxdı, “Sevgim-sevincim” dedi, “Gəncə Qapısı”nda “Ölüm zirvəsi”ni gördü, “Xətai Yurdu”nda “Bu, sənin xalqındır”, “Sağ ol, ana ailim” dedi, “Difai Fədaisi” oldu, “Tanrının Elçisi” Oğuz xanla oğuzlandı, “Ömür kitabı”nda “Əbədi sevda”sına qovuşdu və dünyanın bir çox ölkəsində çap olunan 50-dən yuxarı kitabın yazarı oldu. S.Rüstəmxanlı Azərbaycan ədəbiyyatı və siyasətində, eləcə də bütün türk dünyasında yaxşı tanınan, ləyaqətli, nurlu şəxsiyyətlərdəndir. Ötən əsrin 80-cı illərinin sonunda meydana şair kimi daxil olan Sabir Rüstəmxanlı oradan siyasətçi kimi çıxdı. Cavanlığını meydanlarda millətimizin haqq işi uğrunda mübarizəyə həsr edən Sabir bəy bu gün artıq ömrün 70-ci ilindədir. Azərbaycanda siyasətlə məşğul olmağın çətinliyini hamı başa düşür. Vətəndaş Həmrəyliyi adlı bir partiyanı təsis edib, onu ayaq üstə saxlamaq, üstəlik, 20 ildən artıq bir müddətdə Milli Məclisin deputatı kimi millətin haqqını tribunadan dilə gətirmək qəhrəmanlıq, cəsarət tələb edir. Sabir bəy bu qəhrəmanlığa və cəsarətə çoxdan öz imzasını atıb. Amma o ruhən söz adamıdı və özünün dediyi kimi onu siyasətə həvəs gətirməyib.

Sabir bəy “Ömür kitabı” ilə yetişdirdiyi bütöv bir nəsli Meydandan İstiqlala apardı. Bəli, indiyədək Sabir bəy milli maraqlar naminə çox şeylərdən imtina etməyi bacarıb, çoxlu güzəştlərə gedib. Ancaq başqalarının bu cür şansları olsaydı, heç vaxt əldən verməzdilər. Elə buna görədir ki, bu gün bütün Azərbaycan onu “Bizim Sabir” deyə çağırır. Sabir Rüstəmxanlı ilə M.Ə.Sabirin taleyini birləşdirən çox cəhətlər var. O da Sabir babası kimi millətin taleyinə acıyır, əzilir, təqib edilir. Amma zülmə dözmür, üsyan edir. O, bütün ömrünü belə yaşayıb. X.R.Ulutürk Rüstəmxanlının keçdiyi həyat yolunu “kişi ömrü” adlandırır. Onun yaradıcılığını izləyən hər bir kəs böyük şairimizin bu sözləri ilə razılaşar. Vaxtı ilə R.Rza da M.Ə.Sabiri “kişi şair“ adlandırmışd. Bu da hər iki Sabir arasında bir tale oxşarlığıdır. Abbas Səhhət vaxtı ilə yazırdı: “Sabir İran inqilabına bir ordu qədər xidmət göstərib”. Tam məsuliyyəti ilə demək olar ki, Sabir Rüstəmxanlı da milli birliyimizə bir ordu qədər xidmət göstərmişdir.

Sabir Rüstəmxanlının istər parlaq şifahi nitqində, istərsə də yaradıcılığında tez-tez işlənən bir ifadə mövcuddur: “qan yaddaşı”. Bu iki söz şairin dilində təsadüfən cücərməyib, gerçək həqiqətə söykənir, səbəbi var… Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır. Böyük bir epoxanın hər anı, Altaylardan Anadoluya, Savalandan Orxon-Yeniseyədək Böyük Turanın hər qarışını ömründə yaşayan bir Ruh sahibidir. Sözüylə, ruhuyla “yurdunun bölünməz xəritəsi”dir. “Bu yurd mənə tanış gəlir” şeirini qələmini ciyərinin qanına batıra-batıra yazıb.

Sabir Rüstəmxanlının öz şəxsində hər bir Azərbaycan türkünün dəqiq həyat amalını kodlaşdırır. “İcazəli cəngavər, qalstuklu qoyunlar mənim ruhumu duymaz!” deyən şair Türk ruhunu anlamaqdan ötrü elmli, savadlı olmağı, gənclik və ya ahıl yaşı da əsas tutmur. Bəs o nədir? Onu haram nütfədən doğulan, haram tikə yeyən, “bir çiçəyin mehrinə sıxılıb ağlamayan” kəslər anlamaz. Göylərə bağlanmayan, sərhədsiz düşünə bilməyən, Çindən Qobustanacan yazılı daşların toz basmış güzgüsünü silib həqiqi tarixi görə və Ərgənəkon eşqindən yeni günlər doğa bilməyənlər bir şairin – bir Türk oğlu Türkün böyük ruhunu duya bilməz.

Sabir Rüstəmxanlı şair olaraq yalnız ideoloji yol cızmayıb, həm də bu yolun önündə gedən liderdir. “Nicatımız vətəndaş həmrəyliyindədir” deyə partiya quran Sabir bəy siyasi mübarizəyə milli-azadlıq hərəkatının ilk günlərindən qoşulan biri olaraq, sona qədər yolundan dönməyən, görəv qazanan, fəaliyyətini siyasi dividendə çevirməyi bacaran  partiya sədridir. Fikir ayrılığını əsaslandırıb, fikrinə yetərincə tərəfdar toplayıb özünə elektorat formalaşdırmağı bacaran layiqli millət vəkilidir. O, 9 fevral parlament seçkilərində Neftçala rayonundan – 61 saylı  seçki dairəsindən millət vəkili seçildi. Buna qədər S.Rüstəmxanlı Azərbaycanın müxtəlif bölgələrindən xalq mandatı qazanaraq parlamentdə təmsil olunub. Əslində Sabir Rüstəmxanlı həm partiya sədri kimi, həm də özünün fərdi nüfuzu ilə Azərbaycanda mövcud olan 125 seçki dairəsinin hər birində qalib gəlmək gücünə malikdir. Bu gücün ən böyük keyfiyyəti isə onun şəxsiyyəti, ömür yolu, siyasi zəkası, toparlayıcı, yeniliklərə və müsbət dinamikaya meyilli siyasətçi xarakteridir.

Liderlik bir qrup insanı müəyyən məqsədlər ətrafında toplaya bilmək və bu məqsədləri reallaşdırmaq üçün onları hərəkətetdirmə, ruhlandırma, uğurlu gələcək üçün birləşdirə bilmə kimi qabiliyyətlərin məcmusudur. Liderlik olduqca çətin və mürəkkəb vərdişdir. Sabir Rüstəmxanlı lider, partiya sədri  kimi həmişə ətrafdakıların diqqətini cəlb edə bilir, səbrlidir, əzmlidir, çətinlikdən qorxmur, maneələri aradan qaldırmağı bacarır. O, komanda yoldaşlarının fikirlərinə diqqətlə qulaq asır, geniş müzakirələr aparır, qərar verərkən ətrafındakıların mülahizələrini nəzərə alır. Elə bu səbəbdən Vətəndaş Həmrəyliyi Partiyası Sabir Rüstəmxanlının sədrliyi ilə, çox çətin lakin fərqli siyasi bir yol keçmişdir. Partiya daxilində yaradılan qarşılıqlı hörmət, partiya üzvlərinə özünəməxsus fərdi yanaşma xüsusiyyətləri Sabir Rüstəmxanlını tək partiya üzvləri tərəfindən deyil Bütöv Azərbaycan ideyası daşıyıcıları tərəfindən sevilməsinə səbəb olaraq, onu bir mübarizə liderinə çevirmişdir. Sabir Rüstəmxanlının insan kimi də, şair  kimi də, siyasətçi kimi də üstünlüyü elə yaxşı niyyətli olmasında, ilk gündən sözü ilə əməlinin vəhdət təşkil etməsində və ən əsası hansı məqamda olmasından asılı olmayaraq millətinin yanında olmasındadır. Onu öz yaş nəslinin qalan bütün müxalif siyasətçilərindən fərqli olaraq ayaqda saxlayan, önə çıxaran əsas faktor da məhz bu keyfiyyətləridir. Məhz bu keyfiyyətə malik olduğu üçün o insanlara, cəmiyyətə, siyasətə münasibətdə dağıdıcı yox, torarlayıcı, intriqant yox, barışdırıcı, istifadəçi yox, dəstəkçidir.

Altaydan Balkanlara, Tanrıdan Savalana uzanan tarix yolu qopuz simləri kimi hələ kökdən düşməyib, biz göylərdən gəlsək də, yollar göydən düşməyib. Azərbaycan müstəqillik qazandıqdan sonra ortaya atılmış etnik separatçılar, geriyə dönmək iddiasında olan kommunistlər, demokrat, islahatçı, qlobalist maskası taxmış, faşist təfəkkürlü qullar, Azərbaycanın müstəqilliyindən bəhrələnməkdə olan “hədiyyə cocuqlar”ı bu böyük yolu duya bilməz. Tanrıya qədər yol çəkmək arzusunda olan böyük ruh daşıyıcıları olan insanlar əbədi sevda aşiqləridir. Sabir Rüstəmxanlı onlardan biri, bizim üçün öndə gedənidir. Öndə gedən şəxslərin nurundan yollar işıqlanar, ziyası gələcək günlərə, illərə qədər çatar. Bizə isə “Bir adam yol gedir bizdən qabaqda” demək qalır…

Samir Əsədli

525-ci qəzet

Bütöv yazını göstər
Back to top button
Close