Milli Şuranın namizədi Sabir Rüstəmxanlı olsun

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Şuranın ehtiyat namizədi ola bilər.
Belə bir tələblə VHP-nin Milli Şurada təmsil olunan qrupu qurumun növbəti sessiyasında çıxış edəcək. Bu barədə AzNews.az-a daxil olan məlumatda bildirilir ki, VHP MŞ-in sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğvi məsələsinin uzanması halında qurumun yeni vahid namizədinin müəyyənləşdirilməsi ilə bağlı Müsavat başqanı İsa Qəmbərin irəli sürdüyü təkliflə böyük ölçüdə razıdır. Ancaq partiya nümayəndələri bu şəxsin sədrləri Sabir Rüstəmxanlı olması təklifi ilə Milli Şuranın sessiyasına müraciət etməyi planlayır.

Daxil olan məlumatda o da bildirilir ki, Milli Şuranın vahid namizədi R.İbrahimbəyovun namizədliklə bağlı problemi həll olunmazsa və MŞ seçkiyə alternativ namizədlə getməzsə, S.Rüstəmxanlı özü də müstəqil şəkildə VHP-nin namizədi kimi prezident seçkilərində namizədliyini irəli sürəcək.

VHP-nin Təşkilat Şöbəsinin sədri və qurumu Milli Şurada da təmsil edən Samir Əsədli AzNews.az-a açıqlamasında xəbəri təkzib etməyib. O bildirib ki, VHP Milli Şuranın seçkilərə R.İbrahimbəyovla getməsinin tərəfdarıdır, ancaq bu baş verməyəcəyi halda ehtiyat namizəd variantı ilə razıdır.
Belə olduğu təqdirdə isə Milli Şuradakı VHP-çilərin öz sədrlərini namizəd kimi göstərəcəklər.

S.Əsədli deyib ki, Milli Şuranın növbəti sessiyasında bu məsələ ilə bağlı VHP-nin qurumdakı nümayəndələri adından təklif irəli sürmək barədə düşünürlər. S.Əsədli onu əlavə edib ki, MŞ prezident seçkilərinə özünün namizədi ilə getməsə, böyük ehtimalla, VHP sədri S.Rüstəmxanlının namizədliyini irəli sürəcək və seçkilərdə müstəqil formada iştirak edəcək.

Anar
AzNews.az

Bütöv yazını göstər
Back to top button
Close