Azərbaycanda parlament üsul-idarəsinin yaradılması həm Xalq Cümhuriyyətinin varisliyinin qorunması,  həm də demokratikləşmə prosesinin uğuru baxımdan vacibdir

Ermənistanda parlament seçkilərindən sonra yenidən prezident idarəçiliyinə qayıdışla bağlı müzakirələr başlayıb. “Ermənistan ölkə konstitusiyasına dəyişiklik edərək, yenidən prezident respublikası olmalıdır”. Bunu Qətər İqtisadi Forumuna videokonfrans vasitəsilə qatılan Ermənistan prezidenti Armen Sərkisyan bəyan edib. O qeyd edib ki, indiki halda bəzi insanların hakimiyyəti var, amma məsuliyyəti yoxdur.

Yada salaq ki, Ermənistan 2015-ci ildə müvafiq konstitusiya dəyişikliyindən sonra prezidentli respublika quruluşundan imtina edərək, parlamentli respublika idarə üsuluna keçib.

Türkiyə də yeni konstitusiya hazırlığı içərisindədir və müxalifətin əsas israrı parlament idarəetməsinin qaytarılmasıdır. Gürcüstan da parlament respublikasıdır.

Azərbaycanda da bu mövzular dəfələrlə gündəmə gətirilib. Amma 1918-ci il Xalq Cümhuriyyəti dövründən başqa, bizim ölkəmizdə heç vaxt parlament idarəçiliyi olmayıb. Bəs Azərbaycanda bu istiqamətdə müzakirələr başlaya bilərmi və buna ehtiyac varmı?

VHP sədrinin müavini Samir Əsədli isə bildirdi ki, Ermənistanda dövlət üsul idarəsinin dəyişdirilməsi ilə bağlı təklif sırf müharibə nəticələrinin yaratdığı situasiya ilə bağlıdır. Dünyanın demokratik gedişatı isə parlament üsul idarəsindən yanadır: “Bildirim ki, Vətəndaş Həmrəyliyi Partiyası fəaliyyət göstərdiyi ilk dövrlərdən başlayaraq ölkədə parlamentli respublika tipli idarəetməyə keçilməsini özünün prioritet istiqamətlərindən biri olaraq qəbul edib və ötən illər ərzində biz dəfələrlə bu məsələ ilə bağlı təkliflər səsləndirmişik. Hesab edirik ki, prezident vəzifəsi saxlanılmaqla parlament idarəçiliyi ölkənin demokratik inkişafına ciddi töhfə verə bilər. Bunun üçün ciddi konstitusion dəyişikliklərə gedilməli, ilk növbədə proporsional seçki sisteminə keçilməlidir. Parlamentin proporsional əsaslarla və daha çox sayda  formalaşması ölkədə fəaliyyət göstərən siyasi partiyaları da hərəkətə gətirəcək və bu sistem əsasında keçiriləcək seçkilər ədalətli olacaqsa, siyasi təşkilatların ölkə miqyasında gücü və potensialı da məlum olacaq. Şübhəsiz ki, hökuməti də parlament çoxluğu formalaşdıracaq və çoxluğu təmsil edən şəxs təmsil etdiyi siyasi qüvvə cəmiyyətdə nüfuzunu saxlayacağı sürəcdə demokratik norma və prinsiplərə tam uyğun olaraq baş nazir kimi ölkəni idarə edə bilər. Azərbaycanda parlament üsul-idarəsinin yaradılması həm Xalq Cümhuriyyətinin varisliyinin qorunması,  həm də demokratikləşmə prosesinin uğuru baxımdan vacibdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bütöv yazını göstər
Back to top button
Close