Azərbaycan sözünün Yunus Oğuz yolu

Azərbaycan tarixinin son illəri qədər ağrılı olaylarla yadda qalsa da bu olayların gedişatında xalqın dəyərli ziyalılarının önə çıxması ilə də fərqləndi. Xüsusilə Milli Azadlıq Hərəkatının dalğasında millətin önünə çıxan şəxsiyyətlər, onların ömür yolu və mübarizəsi illər sonra gələcək nəsillər üçün də araşdırma və örnək mövzusu olacaq. Təəssüf ki, tarixin keşməkeşi, siyasi proseslər bu şəxslərin bir çoxunun öz patensialını, elmi və əqli bacarıqlarını tam şəkildə xalqa sərf etməsinə imkan vermədi. Amma bütün dolanbacları uğurla dəf edib öz yolunu davam edən, daxili güc və bacarığını bu gün də xalq üçün yönəldən insanlarımız da var. Bu baxımdan gənc yaşlarından Milli Azadlıq Hərəkatına qoşulan, gizli təşkilatlardan milli hökumətdə vəzifəyə qədər yol gələn dəyərli dostumuz Yunus Oğuz xüsusilə fərqlənir və qürur verir.

Bu gün 60 yaşını tamamlayan Yunus bəy gəncliyinin ilk mərhələsində fəhləlikdən başlayan işi ilə Azərbaycan Respublikası Prezidentinin müşaviri postuna qədər yüksəlib. 1988-ci ildən ölkədə baş qaldıran Milli Azadlıq Hərəkatı əksəriyyət gənclər kimi Yunus Oğuzu da bu proseslərə cəlb edir və o, aktiv şəkildə hərəkata qoşulur. Milli Azadlıq Hərəkatı zamanı o dövrün fəal siyasi xadimləri ilə yaxından ünsiyyət Yunus Oğuzu siyasi proseslərin aktiv iştirakçısına çevirir. Hərəkat və siyasət meydanında ardıcıl mübarizəsinə rəğmən Yunus bəy hər zaman qələminə sadiq qalmış, yazar istedadından ayrılmamışdır. Hələ gənc yaşlarından yaradıcılığa, yazı-pozu işlərinə böyük maraq göstərən Yunus Oğuz 1989-1991-ci illərdə “Azad söz” qəzeti, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. Bu həmin dövr idi ki, azad sözə qarşı ciddi basqılar var idi. Hətta bu missiyanı həyata keçirənlərin yolu bir çox hallarda zindanlardan keçirdi. Lakin Yunus bəy xalqın maarifləndirilməsi, cəmiyyətin ictimai-siyasi proseslər barədə bilgiləndirilməsini rahat həyat tərzi, şəxsi maraqlardan üstün tutub. 1995-ci ildən “Olaylar” İnformasiya Agentliyini təsis edən Yunus bəy bu gün ölkənin əsas xəbər qaynaqlarından birinə çevrilən bu qurumda “Dövlət, millət, əxlaq” prinsiplərini əsas tutmuş, bütün ötən illər ərzində bu prinsiplərdən yan keçməmişdir. Yunus Oğuz media fəaliyyəti ilə öz prinsipial mövqeyinə sadiq qalaraq Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət edir, əsl vətənpərvərlik və təəssübkeşlik nümunəsi göstərir. Bəlkə də talenin bir qismətidir ki, Yunus Oğuz məhz 22 iyul-Milli Mətbuatın yaranma günündə dünyaya gəlib.

Günümüzdə yazıçı-publisist, tarixi romanlar müəllifi kimi tanınan Yunus Oğuz bədii və elmi yaradıcılığa şerlə başlayıb. Son illər isə Yunus Oğuz təkcə Azərbaycanda deyil, eləcə də ölkənin hüdudlarından kənarda türk tarixinin araşdırmaçısı, tarixi romanlar müəllifi kimi tanınır. Yunus Oğuzun yaradıcılığında türk tarixinin araşdırılması, əsl tarixi gerçəkliklərin üzə çıxarılması əsas istiqamət təşkil edir. Yazıçının qələmə aldığı tarixi romanları mütaliə edərkən bir şeyin şahidi oluruq. Belə ki, Yunus Oğuzun tarixi əsərlərinin qəhrəmanlarını ayıran cəhətlər çox olsa da, onları birləşdirən ən önəmli cəhət hamısının türk olmasıdır. Attila, Nadir şah, Təhmasib şah, Əmir Teymur, Alp Arslan və qarşıdakı zaman kəsimində sırada yer alacaq digər hökmdar və sərkərdələr. Əgər Sovetlər dönəmində həm Nadir şah, həm Əmir Teymur, həm də digər türk sərkərdələri o zamankı ideologiyaya uyğun olaraq qaniçən, zalım kimi qələmə verilirdisə, Yunus Oğuz bu tarixi yalnışlığı aşkar edərək əsl gerçəklikləri üzə çıxardı. Yazıçı “Nadir şah”la uzun illər bu dahi sərkərdə barədə beynimizə yeridilmiş stereotipləri dağıtdı. Ən əsası Yunus Oğuz öz oxucusuna çatdırdı ki, Avşar qəbiləsinə mənsub Nadir şah yalnız bir məqsəd uğrunda mübarizə aparırdı ki, o da vahid Azərbaycan dövləti yaratmaq idi. Yazıçının geniş oxucu kütləsinə malik olan “Attila”, “Nadir şah”, “Qədim Anadolu və Azərbaycan türkləri”, “Qarabağ-nəzarətsiz zona”, “Türkün tarixinə yeni bir baxış”, “Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Təhmasib şah”, 2 cildlik “Əmir Teymur” əsərləri oxucular tərəfindən sevilir, maraqla oxunur.

Bu gün həm Azərbaycan siyasi səhnəsində, həm mediada, həm də nəsrimizdə özünəməxsus mövqe sahibi olan Yunus Oğuzun 60 yaşı tamam olur. Yunuz bəyi doğum günü münasibəti ilə təbrik edir ona daha böyük uğurlar diləyirəm.

Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

 

Bütöv yazını göstər
Back to top button
Close