Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıyacaq -PROQNOZ

Qarşımızda heç bir əngəl qalmayacaq
 Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə yaxın günlərdə Azərbaycana səfər edəcəyini deyib. Ersin Tatar iki dövlət arasında əlaqələrin qarşılıqlı səfərlərlə daha da möhkəmlənəcəyini bildirib. Qeyd edək ki, Ersin Tatar Şimali Kipr Taekvondo, Karate, Cüdo, Aykido Federasiyasının yaradılmasının 47-ci ildönümü münasibəti ilə təşkil olunan tədbirdə iştirak edib və Azərbaycandan gələn nümayəndə heyəti ilə görüşüb. Vurğulayıb ki, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti gənclərinin idmanda bir araya gəlməsi vacibdir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Kipr türklərinin keçdiyi tarixi yol, torpaqları, halal haqları uğrunda vətənpərvər mübarizəsi, müstəqil dövlət atributlarının formalaşdırılması, idarəetmə institutlarının tam təşkil olunması, qanunverici hakimiyyət, məhkəmə orqanlarının sərbəst fəaliyyəti, iqtisadi imkanları imkan verir ki, Şimali Kipr müstəqil dövlət olaraq yaşasın, fəaliyyət göstərsin: 
“Təəssüf ki, onlara qarşı beynəlxalq birlik tərəfindən çox haqsızlıqlar olub. Azərbaycan xalqı mənəvi olaraq kiprli qardaşlarımıza dəstək verir və gələcəkdə də verəcək. Qarşı tərəfin apardığı hiyləgər, hər hansı hüquq normalarına uyğun olmayan siyasətə qarşı olaraq, təbii ki, hüquq normaları çərçivəsində kiprlilərlə münasibətlərimizi qururuq. Daha çox mədəni əlaqələrə üstünlük verilir. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bu əlaqələrin siyasi müstəviyə keçməsinə şərait yaranıb. Bu baxımdan Şimali Kipr Türk Cümhuriyyətinin prezidentinin ölkəmizə səfəri  mühüm bir addımdır. Təbii ki, Ermənistanla münasibətləri tam yoluna qoyandan sonra Şimali Kiprin müstəqilliyinin tanınması ilə bağlı qarşımızda heç nə dayanmayacaq. Biz Kiprin müstəqilliyini tanıyacağıq, buna əminəm”.
Bütöv yazını göstər
Back to top button
Close