“Arif Rəhimoğlu hərəkatın ziyalı qanadını təmsil edən, fikir öndəri və vətən fədaisi idi”


Milli azadlıq hərəkatının fəallarından olan Arif Rəhimoğlu dünyasını dəyişib.
Axar.az xəbər verir ki, bu barədə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
O qeyd edib ki, Arif Rəhimoğlu Vətəndən uzaqda – İsveçin Höteburq şəhərində gözlənilmədən vəfat edib:
“Çətin ürək əməliyyatı keçirsə də, sağlamlığını bərpa etmişdi və saatlarla davam edən son görüşümüzdə milli taleyimiz və Azərbaycanın bütünlüyü baxımından ciddi dəyər daşıyan xeyli yaradıcılıq planlarından danışmışdı. Arif bəylə 1988-ci ildə, Milli Azadlıq Hərəkatının yüksələn günlərində tanış olmuşdiq. O, hərəkatın ziyalı qanadını təmsil edən, təmkinli, ciddi analitik təfəkkürü olan, özünü gözə soxmayan bir alim, fikir öndəri və vətən fədaisi idi. Azərbaycan diaspor təşkilatlarının tariximiz, mədəniyyətimiz, milli ideallarımız baxımından maarifləzinməsində çəkdiyi zəhmət yüksək qiymətə layiqdir. Allah rəhmət eləsin!”
Qeyd edək ki, Arif Rəhimoğlu 1955-ci ildə Naxçıvanda doğulub. Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.
20 kitab və 250-dək elmi məqalə müəllifidir.
Arif Rəhimoğlu 2003-cü ildə İsveçə mühacirət edib.