“20 yanvar daim təqvimdə qalmalıdır” – Sabir Rüstəmxanlı

Qarabağ işğaldan azad olunduqdan sonra təqvimdə işğal günləri silindi. İndi artıq xalq olaraq torpaqların işağldan azad olunması tarixlərini qeyd edirik.

Bir neçə gün sonra Qanlı 20 Yanvar hadisənin 31-ci ildönümüdür. Bu təqvimə də münasibət, yanaşma dəyişilməlidirmi?

Xatırladaq ki, 20 Yanvar faciəsi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da paytaxt Bakıda törədilib. Həmin vaxt keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən xalqın üzərinə yeridilmiş, dinc əhaliyə divan tutulmuşdur. Nəticədə yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb.

Millət vəkili, Xalq yazıçısı Sabir Rüstəmxanlı məsələyə bu cür şərh bildirdi:

“Şübhəsiz ki, 20 Yanvar hadisəsi ilə Qarabağın işğalı arasında birbaşa əlaqə var. 20 Yanvar hadisəsi zamanı Azərbaycanın erməni işğalına qarşı başladılan müqaviməti, bu yöndə başladılan mitinqləri, Xalq Hərəkatını boğmaq, bütün bunların hamısının qarşısını almaq üçün sovet ordusu Azərbaycana yeridilmişdi. Beləliklə, ordu erməniləri müdafiə etmək məqsədi ilə gəlmişdi.

Məlum olduğu kimi torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərin işğal tarixləri artıq qeyd olunmur. Lakin bunu 20 Yanvara da aid etmək, bu faciəni təqvimdən silmək kimi fikirlər doğru deyil.

20 Yanvar mahiyyət etibarı ilə Qarabağdan uzaqda, Bakıda dinc əhaliyə qarşı törədilmiş açıq bir cinayət idi. Bu bir növ sovet ordusunun Alma-Atada, Slovakiyada törətdiyi cinayətlərin davamı idi və xalqın gözünü qorxutmaq, azadlığını boğmaq məqsədi daşıyırdı. Ona görə də bu tarix daim təqvimdə qalmalıdır və qalacaq. Xalq da həmişə bunu xatırlamalıdır”.

 

Bütöv yazını göstər
Back to top button
Close