“Ədalət” qəzetinin kollektivinə
30 il bundan öncə “Ədalət” adlı qəzet müstəqil mətbuatın ilk carçılarından, ilk qaranquşlarından biri kimi tarixə düşdü. “Ədalət” elə bir dövrdə, elə bir məqamda meydana çıxdı ki, onda hər gün yeni qəzetlər yaranır, cəmiyyətə yeni imzalar təqdim olunurdu. Üstəlik, həmin illərdə ölkədə senzuranın mövcud olduğu bir dövrdə “Ədalət” bütün çətinliklərə baxmayaraq problemlərə sinə gərməyi, ətrafında oxucu ordusu toplamağı bacaran çox az saylı qəzetlərdən birinə çevrildi. 30 il ərzində “Ədalət” qəzeti müstəqil media sahəsinə özünəməxsus töhfələr verə bilib. “Ədalət” qəzeti dövrünün ən oxunaqlı qəzetlərindən olmaqla yanaşı mətbuata bu gün yaxşı tanınan xeyli jurnalist imzası gətirib. Bu mənada qəzet həm də media tariximizdə jurnalistika məktəbi kimi iz qoiyub. Bu gün Azərbaycan mətbuatında jurnalistikanın obyektivlik prinsipini pozmayan azsaylı qəzetlərdən biri də “Ədalət”dir. Tutduğu dəsti-xətti qoruyub saxlayan “Ədalət”çilər hər zaman maraqlı mövzuları, hadisələrə yanaşma tərzləri və informasiya siyasəti ilə oxucuların diqqətini çəkib, onların rəğbətini qazanıb. Sevindirici haldır ki, bu gün də “Ədalət” qəzeti təsis edilən gündən qarşısına qoyduğu məqsədə, vəzifələrə, dövlətçiliyə xidmət missiyasına sadiq qalır. Qəzetin daim ciddi imici olub, peşə etikası prinsiplərinə əməl edib. Buna görə də qəzet bazarının getdikcə daraldığı bu günlərdə də “Ədalət” Azərbaycan mətbuatındakı mövqeyini qoruyub saxlaya bilib. Bu əlamətdar gün münasibətilə əziz dostum,millət vəkili Aqil Abbası və çox dəyərli xanım yazarımız İradə xanımı, ümumilikdə qəzetin yükünün ağırlığını çiyinlərində daşıyan kollektivi, indiyədək burada əməyi keçmiş, hazırda başqa mətbuat orqanlarında, dövlət müəssisələrində çalışan “Ədalətçi”çi dostlarımı təbrik edirəm!
Hörmətlə
Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri,
Millət vəkili, xalq şairi