S.Rustamxanli-1 (2)Sabir RÜSTƏMXANLI
Telefon:050 220 73 22

012 493 71 54

012 493 66 22 (fax)

Web:

www.vhp.az

E-mail:

rustamhanli@gmail.com

Sosial şəbəkələrdə:

facebook.com/rustamhanli

 

          Tanıtım:

1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində  anadan olub.

1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1968-ci   ildə oranı     fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə tələbəlik illərindən başlamış, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan «Ədəbiyyat və incəsənət» qəzetində işə qəbul edilmişdir. Bu sırada elmi işlə də məşğul olmuş, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantlığını bitirib, dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir.

1974-1975-ci illərdə ordu sıralarında xidmət etmişdir.

Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilmişdir. 1967-1978-ci illər ərzində «Ədəbiyyat və incəsənət» qəzetində xüsusi müxbir və şöbə müdiri,

1978-1989-cu illər arasında isə «Yazıçı» nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirmişdir.

İlk kitabı 1970-ci ildə nəşr edilmişdir. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilmişdir. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülmüş, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırmışdır. «Ömür kitabı» adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olmuşdur. «Tanımaq istəsən», «Xəbər gözləyirəm», «Gəncə qapısı», «Sağ ol, ana dilim!», «Qan yaddaşı», «Zaman məndən keçir» və sair kimi şer kitablarının, «Bütövlük», «Didərginlər», «Cavad xan», «Orxonla görüş» poemaların, «Bu sənin xalqındır» publisistik yazılarından ibarət əsərin, «Atamın ruhu», «Xətai yurdu», «Göy Tanrı», «Ölüm zirvəsi(Cavad xan)»,  «Difai Fədailəri» romanlarının müəllifidir.

Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. S.Rüstəmxanlı 1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur.

1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan «Azərbaycan»ı təsis etmiş, iki il onun baş redaktoru (baş yazarı) olmuşdur.

1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən Parlamentə deputat seçilmiş, Demokratik deputat fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri olmuşdur.

1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra etmişdir.

1992-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasını yaratmışdır, bu günə qədər partiyanın sədridir.

1995-ci ildə təkrar parlamentə seçilmiş və nazir vəzifəsindən istefa vermişdir.

1996-cı ildə Azərbaycan Respublikası prezidentinin fərmanıyla «Şöhrət» ordeni ilə təltif edilən S.Rüstəmxanlı hakimiyyət orqanlarına etiraz əlaməti olaraq bu yüksək dövlət ödülünü almaqdan imtina etmişdir. 2000-ci ildə başçılıq etdiyi partiya parlamentdə yer qazanan iki müxalifət partiyasından biri olmuşdur. 2003-cü il prezident seçkilərində namizəd kimi iştirak etmişdir.

Dünya Azərbaycanlıları Konqresinin 2004-cü ildə keçirilən qurultayında DAK Məclisinin sədri seçilmişdir.

2005-ci ildə ölkə prezidentinin sərəncamı ilə «Azərbaycan Respublikasının Xalq Şairi» fəxri adına layiq görülmüşdür.

2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən mojaritar qaydada namizədliyini irəli sürmüş və qalib gəlmişdir.

2008 və 2010-cu ildən Dünya Azərbaycanlıları Konqresinə həmsədr seçilmişdir.

Hazırda Milli Məclisin deputatıdır.

Dünyanın otuz beşə yaxın ölkəsində Azərbaycanın taleyi ilə bağlı çıxışlar etmiş, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına çalışmışdır.