VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASININ FƏALİYYƏT MƏRAMNAMƏSİ

 

 Partiyanın yaranma səbəbləri, məqsədi və başlıca ideya-nəzəri prinsipləri

 

– Xalqların azad və müstəqil yaşamaq, dövlət qurmaq haqqını, beynəlxalq normalarla müəyyənləşdirilmiş insan hüquqlarını və azadlıqlarını;

– dünyanın təbii, mənəvi və ekoloji fəlakətlə üzləşdiyini;

– bəşər tarixinin ilkin ocaqlarından sayılan, çoxəsərlik dövlətçilik ənənələrinə, zəngin təbii sərvətlərə, böyük əmək ehtiyatlarına, qədim mədəniyyətə, güclü, mənəvi potensiala malik olan Azərbaycanın XX yüzilin başlanğıcından ardıcıl olaraq torpaq itkisinə məruz qaldığını, xalqımızın parçalanmış və müharibə vəziyyətində olduğunu;

– kobud iqtisadi və siyasi səhvlərlə müşayiət edilən yarımçıq, elmi cəhətdən əsaslandırılmamış “islahatların” nəticədə cəmiyyətdəki böhranın daha da dərinləşməsinə, elmi və mədəniyyətin acınacaqlı hala düşməsinə, xalqın böyük əksəriyyətinin həyat səviyyəsinin kəskin şəkildə pisləşməsinə, cinayətkarlığın, rüşvətxorluğun, əliəyriliyin tüğyan etməsinə gətirib çıxardığını;

– azadlıq və demokratiya yolunda, Azərbaycan vətəndaşlarının xoşbəxt gələcəyi uğrunda mübarizədə xalqımızn qarşısına çıxa bilən, irticaçı qüvvələrin əli ilə hazırlanan hər cür fitnəkarlığın zərərsizləşdirilməsi, müharibələrin, ictimai, iqtisadi və ekoloji fəlakətlərin qarşısının alınması sahəsində vahid milli ideya ətrafında birləşən adamların, qurum və siyasi partiyaların rolunu;

– xalqın güclü intellektual potensiala, sağlam mənəviyyata, həqiqi vətənpərvərlik hisslərinə malik böyük bir hissənin siyasi-ictimai həyatdan təcrid olunduğunu;

– Şimali Azərbaycanda yaradılmış müstəqil respublikada qüvvələrin parçalanması və xarici təxribatların güclənməsi nəticəsində ölkəmizin siyasi suverenliyinin və ərazi bütövlüyünün böyük təhlükə qarşısında qaldığını;

– müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğuna yardım göstərə biləcək, heç bir pozucu məqsəd güdməyən, Tanrının və xalqın iradəsinə, Azərbaycan əhalisinin bütövlük və xoşbəxtlik ideyalarına sadiq olan, etnik və dini mənsubiyyətindən, ictima-siyasi dünyagörüşündən, sosial mənşəyindən asılı olmayaraq, hər bir vətəndaşın firavan həyatı, rahat işi və yaşayış şəraiti uğrunda mübarizədə müxtəlif qüvvələri, niyyətləri, mənafeləri əlaqələndirən, demokratik ruhlu, humanist təbiətli, geniş perspektivli, əməli fəaliyyət imkanına malik çağdaş siyasi partiyaya olan ehtiyacı nəzərə alaraq fəaliyyətə başlayan Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) milli birliyi və vətəndaş sülhünü Azərbaycanın ərazi, mənəvi və geosiyasi bütövlüyünü qorumağın, keçid dövrünün mürəkkəb vəzifələrini həyata keçirməyin başlıca və ən zəruri şərti hesab edir.

VHP ümumbəşəri siyasi dəyərlər olan azadlıq, bərabərlik, həmrəylik ideyalarını öz siyasi fəlsəfəsinin əsası sayır. Bu dəyərlərin biri digərini tamamladığı üçün, birinin tətbiqi o birinin inkarına səbəb ola bilməz.

“Azadlıq” dedikdə – Vətən üçün istiqlaliyyət, millət üçün demokratiya, insan üçün hərtərəfli özünüifadə imkanı, siyasi-iqtisadi-mədəni sahələrdə fəaliyyət, söz, mətbuat, yerdəyişmə azadlığı nəzərdə tutulur.

“Bərabərlik” dedikdə – cinsindən, millətindən, dinindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün insanların öz azadlıqlarını gerçəkləşdirməkdə bərabər imkanlara malik olması, bərabər hüquqlar nəzərdə tutulur.

“Həmrəylik” ideyası Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi ideyası olaraq universal xarakter daşıyır. Bu gün dünya qarşısında duran iqtisadi və ekoloji böhranlar, humanitar problemlər xalqların həmrəy mübarizəsini tələb edir. Azərbaycan dövlətini ağır vəziyyətdən yalnız vətəndaşların həmrəy mübarizəsi çıxara bilər. Yalnız bu yolla biz torpaqlarımızı azad edər, ölkəmizdə demokratik üsul-idarə qura bilərik.

Həmrəylik – azadlıq, bərabərlik məqsədlərinə çatmaq, bu dəyərləri gerçək məzmunla doldurmaq üçün insanların birgə fəaliyyətidir.

Həmrəylik – bütün bölgə və təbəqələrin milli məqsədlər uğrunda birləşməsidir.

Həmrəylik – zəiflərə himayə, qarşılıqlı yardım deməkdir.

VHP öz Məramnaməsini həyata keçirmək üçün demokratik yollardan istifadə edən parlament tipli siyasi partiyadır.

VHP-nın ali məqsədi Azərbaycanda tam müstəqil, demokratik, dünyəvi, hüquqi dövlət və azad vətəndaş cəmiyyəti qurulmasına, onun beynəlxalq birliklərin bərabərhüquqlu üzvünə çevrilməsi prosesinin tamamlanmasına, Azərbaycanı dünyanın ən inkişaf etmiş, firavanlığa qovuşmuş ölkələri sırasına çıxarmağa nail olmaqdır.

 

VHP öz fəaliyyətində aşağıdakı ideya-nəzəri prinsiplərdən çıxış edir:

 

– ictimai həyatın bütün sahələrində inam, dövlətə, millətə, vətənə sevgi mühitinin yaradılmasını cəmiyyətin normal və ahəngdar fəaliyyətinin zəruri şərti sayır;

– dünyadakı bütün ölkələrə, xalqlara, etnoslara, onların tarixinə, mədəniyyətinə, seçdikləri inkişaf yoluna, həmçinin milliyyətindən, dilindən, dinindən, irqindən, cinsindən, dünyagörüşündən, sosial mənşəyindən asılı olmayaraq hər bir fərdə hörmətlə yanaşır, təbii, ekoloji, iqtisadi, ictimai, mənəvi fəlakətləri dəf etmək uğrunda onlarla həmrəyliyini bildirir;

– dünyanın hazırki siyasi xəritəsinə obyektiv reallıq kimi baxır, heç bir ölkəyə və dövlətə təcavüzkar iddialar irəli sürmür;

– ictimai inkişafı təkamül və islahatlarda görür, dövlət mexanizmini isə bu təkamülə şərait yaradan və maneələrdən qoruyan vasitə sayır. VHP hər hansı şəkildə zorakı inqilabın, siyasi avantürizmin, düşünülməmiş ictimai eksperimentlərin, subyektiv özbaşınalığın əleyhinədir;

– fəaliyyətində insan amilini, maarifçiliyi, quruculuğu, yaradıcılığı əsas götürür, ümumbəşəri xoşbəxtliyin yolunu inqilablarda, müharibələrdə yox, hər bir insanın, xalqın həqiqi kamilliyə doğru yüksəlişində görür;

– dünya ölkələrinin dövlətçilik təcrübəsinin mexaniki və təhrif olunmuş şəkildə Azərbaycana tətbiqini yolverilməz sayır; hesab edir ki, hakimiyyət forması cəmiyyətin inkişaf məntiqindən doğmalı, tarixi ənənələrə, ictimai şüurun səviyyəsinə və milli psixologiyaya uyğun olmalıdır;

– Azərbaycan vətəndaşlarının iradəsini, real tələblərini ifadə edən müstəqil, demokratik, hüquqi dövlət yaradılmasına tərəfdardır. Dövlət hər hansı zümrənin, qrupun və ya partiyanın mənafeinə xidmət etməməli, əksinə, cəmiyyətdəki sağlam mənafelərin uzlaşdırılmasına, onun təyinedicisi olan millətin inkişafına çalışmalıdır;

– hər bir ehkamçı ideologiyanın əleyhinədir. Dövlət öz fəaliyyətində yalnız bir ideyanı – ümummilli mənafeyi əsas götürməlidir;

– iqtisadiyyatda müxtəlif mülkiyyət, təsərrüfatçılıq formalarının mövcudluğuna və bərabərhüquqluğuna tərəfdar çıxır, inzibati yolla və yaxud başqa süni vasitələrlə hər hansı mülkiyyət formasının hökmranlığına nail olmağı məqbul saymır;

– hər bir insana ölkənin, xalqın, ümumiyyətlə, dünyanın əvəzsiz sərvəti kimi baxır, onun hüquqlarının qorunmasına, yaşama, yaratma, işləmə tələblərinin ödənilməsinə, cəmiyyətdə hər bir insanın öz fiziki və əqli imkanlarını reallaşdırması üçün maksimum şərait yaradılmasına və onun məsuliyyətinin artırılmasına çalışır;

– bəşər cəmiyyətinin inkişafının yalnız elmi-texniki tərəqqi ilə deyil, həm də insanın mənəvi təkamülü ilə şərtləndiyini nəzərə alaraq, VHP hesab edir ki, maarifçilik insanların mənəvi və zehni inkişafında, ictimai şüur səviyyəsinin yüksəlməsində və son nəticədə vətəndaş sülhü və həmrəyliyi yolu ilə həqiqi milli dirçəlişə və tərəqqiyə nail olunmasında başlıca vasitədir;

– milli və ümumbəşəri dəyərlərin ahəngdar vəhdətini mədəniyyətin inkişafı və zənginləşməsinin başlıca yolu hesab edir;

– cağdaş texniki imkanlara malik ordunun mövcudluğunu müstəqil dövlətin mühüm atributlarından biri kimi qəbul edir, eyni zamanda, təcavüzkar niyyətlərin əleyhinədir;

– xarici siyasətdə və dövlətlərarası münasibətlərdə həm özünütəcridi, həm də dövlət siyasətini başqa dövlətin mənafelərinə uyğunlaşdırmağı və ya tabe etməyi yolverilməz sayır. Beynəlxalq münasibətlərdə milli mənafenin önəmliyi, bir-birinin daxili işlərinə qarışmamaq hüquqlarına və ərazi bütövlüyünə hörmət, dinc yanaşı yaşamaq prinsiplərini əsas götürür;

– partiyalar arasında siyasi mübarizə sivil, demokratik metodlarla və yalnız parlament mübarizəsi şəklində milli mənafeyə uyğun həyata keçirilməlidir. Millətin mənafeyi hər şeydən üstündür.

– qeyd olunan ideya-nəzəri prinsiplər Vətəndaş Həmrəyliyi Partiyasının cari və perspektiv siyasi fəaliyyətinin əsasını təşkil edir.

 

Partiyanın yaxın vəzifələri

 

VHP hesab edir ki, asılılıqdan müstəqilliyə, totalitar rejimdən azad vətəndaş cəmiyyətinə, inzibati və bürokratik idarəçilikdən demokratik hüquqi dövlət quruluşuna, inhisarçılıqdan uzaq, sağlam rəqabətli azad bazar iqtisadiyyatına keçid prosesinin qarşısını alan bütün süni əngəllər, mənfi siyasi yanaşmalar aradan qalxmalıdır.

 

Yaxın dövr üçün aşağıdakı ən mühüm məsələlər həll olunmalıdır:

 

a)     müstəqil dövlətçiliyin prinsiplərinin təşəkkülü və qorunması;

b) mənəvi iflasa aparan proseslərin qarşısının alınması və milli ruhun dirçəldilməsi;

c) respublikanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının və vətəndaşların təhlükəsizliyinin təmin olunması;

d) iqtisadi disbalansın qarşısının alınması, monopoliyanın və korrupsiyanın aradan qalxması və şəffaf iqtisadi siyasətə nail olunması;

e) Seçki şəffaflığının, siyasi rəqiblərə bərabər imkanların yaradılması.  

VHP yuxarıda göstərilən başlıca prinsiplər əsasında öz ali məqsədinə nail olmaqdan ötrü yaxın müddət üçün qarşısına bu vəzifələri qoyur.

 

Dövlət quruculuğu sahəsində

 

Dövlət insanların hüquq və azadlıqlarını qorumaq üçün yaradılmışdır. Onun orqanlarının bütün istiqamətləri – QANUNVERİCİLİK, İCRA və MƏHKƏMƏ hakimiyyəti vətəndaşların iradəsi ilə formalaşmalıdır.

Dünyada ən yaxşı Qanun xalqın, ölkədə yaşayan bütün vətəndaşların xoşbəxtliyinə xidmət edən qanundur. Ən güclü hakim ədalətdir.

Ölkənin böhrandan çıxarılmasının ilkin şərti dövlət quruculuğunun bütün istiqamətlərində qanunların işləməsini təmin etməkdir. Azərbaycanın suverenliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, hüquqi, dünyəvi, demokratik dövlətin bərqərar olması, Qarabağ probleminin həlli üçün QANUNVERİCİLİK, İCRA və MƏHKƏMƏ orqanlarının fəaliyyəti bütünlüklə xalqın mənafeyinə xidmətə tabe etdirməlidir.

Xalq dövlət üçün deyil, dövlət xalq üçündür!

Azərbaycanın hər bir vətəndaşının azad, firavan yaşaması, qanunların və onun icrasının hamı üçün bərabər, ali və ədalətli olması uğrunda mübarizə VHP-nin fəaliyyət Məramnaməsinin əsas istiqamətidir. Dövlət orqanlarının bütün strukturlarında avtoritarizmə, monopoliyaya, tayfabazlığa, korrupsiyaya, rüşvətxorluğa, haqsızlığa qarşı barışmaz mübarizə bizim mövqeyimizdir. Haqqı mənimsənilənlə başqasının haqqını mənimsəyən birləşə bilməz. Yalnız ədalətli qanunlar, onların hər bir insan üçün aliliyi baxımından tətbiqi xalqı birləşdirir, cəmiyyəti inkişaf etdirir, dövləti möhkəmləndirir.

Ədalət dövlətin ləyaqəti, cəmiyyətin tərəqqisi, vətəndaşların həmrəyliyidir. Ədalətsizlik dövlətin qüsuru, cəmiyyətin tənəzzülü, vətəndaşların ixtilafıdır.

 

Sosial-iqtisadi sahədə

 

Vətəndaş Həmrəyliyi Partiyası siyasi-iqtisadi problemlərin həllinə nail olmaq üçün aşağıdakı müddəalara üstünlük verir:

– vergi və gömrük siyasətinin dünyanın sivil ölkələrinin təcrübəsinə söykənərək, elmi əsaslarla təşkil olunması;

– ölkəni bürümüş korrupsiyaya qarşı barışmaz mübarizə aparılması;

– insan amilinə qayğı və diqqətin artırılması;

– milli sahibkarlar ordusunun yaranmasını ləngidən süni maneələrin aradan qaldırılması;

– büdcənin neftdən asılılığının aradan qaldırılması və milli sərvətin məqsədli istifadəsinin tətbiq edilməsi;

– sosial yönümlü layihələrin icrasının dərinləşdirilməsi, burdakı şəffaflığı təmin edilməsi;

– ölkənin ÜTM-yə üzv olması və xırda biznesin inkişafına ayrılan kreditlərin sayını artıqmaqla faiz dərəcələrinin aşağı salınması.

 

İnsanın rifahı və hüquqlarının təminatı iqtisadi azadlıqdan keçir.

Cəmiyyətin cüzi bir təbəqəsinin sürətlə varlanması, böyük əksəriyyətinin yoxsullaşması kimi sosial konflikt yaradan vəziyyətin aradan qaldırlması ciddi mübarizə tələb edir. Əhalinin orta və yüksək yaşayış tərzində sabitləşməsi üçün qanunların gücündən tam istifadə etmək vacib şərtlərdən biridir. Hər şey xalqa, hər şey insana, ölkədə yaşayan hər bir vətəndaşa xidmət etməlidir!

Respublikada yaşayan bütün xalqların mədəniyyətinin, dini əqidəsinin, hüquq və azadlıqlarının qorunması əsas vəzifələrimizdən biridir. VHP hesab edir ki, xalqların xoşbəxtliyi bütövlükdə cəmiyyətin, bəşəriyyətin xoşbəxtliyidir. Azərbaycan Respublikasının ən böyük sərvəti onun vətəndaşlarıdır.

 

DAXİLİ VƏ XARİCİ SİYASƏT SAHƏSİNDƏ

 Dövlətin, xalqın beynəlxalq aləmdəki yeri və nüfuzu onun öz sərhədləri daxilində apardığı siyasət əsasında formalaşır.

Ölkənin xarici siyasəti onun daxili siyasətindan asılıdır. Ölkə daxilində iqtidardan öz hüquq və azadlıqlarını ala bilməyən xalq beynəlxalq aləmdə öz hüquqlarını tələb edə bilməz. Ölkə daxilində bütün insanların Konstitusiyada təsbit olunmuş vətəndaşlıq hüquqlarının, siyasi, iqtisadi, sosial və digər azadlıqlarının təmin olunması demokratiyanın ilkin şərtidir. Yalnız bundan sonra beynəlxalq aləmdə sivil bir dövlət kimi hüquqlarımızı tələb etməyə haqqımız çatar.

Vətəndaş Həmrəyliyi Partiyası millətindən, dinindən, irqindən, sosial vəziyyətindən, harada doğulmasından və yaşamasından asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarına xidmət edən hakimiyyət strukturları yaratmaq uğrunda mubarizə aparır.

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

 

– əxlaq və hüquq sütunları, demokratik dəyərlərə söykənən dünyəvi, unitar və mədəni dövlət kimi Dünya düzənində öz layiqli yerini tutmalıdır.

 

KONSTİTUSİYA

 – 1995-ci ildə qəbul edilmiş, 2009-cu ildə dəyişiklik edilmiş Əsas Qanuna növbəti dəyişiklik zəruridir: bir şəxsin 2 dəfədən artıq prezident seçilməsini əngəlləyən maddə bərpa edilməli, prezidentin müstəsna səlahiyyətləri azaldılmaqla Milli Məclis, Məhkəmə hakimiyyəti, o cümlədən, Konstitusiya Məhkəməsinin statusları artırılmalıdır.

 

PREZİDENT

 – milli təhlükəsizlik, daxili işlər, müdafiə və xarici işlər sferalarına rəhbərlik etməklə ölkənin iqtisadi siyasəti Nazirlər Kabinetinin səlahiyyətinə verməlidir.

 

MİLLİ MƏCLİS

 – parlamentin icraedici hakimiyyətə nəzarəti gücləndirilməli və hökümətin xalqın seçkili nümayəndələri qarşısında mütəmadi hesabat verməsi qaydası möhkəmlənməlidir.

 

HÖKUMƏT

 – Nazirlər Kabineti hər il parlament qarşısında hesabat verməli, islahatlar proqramı üçün siyasi məsuliyyət daşımalı və o, etimad qazanmadığı təqdirdə tam heyətlə istefaya göndərilməlidir.

 

BAŞ NAZİR

 – aktiv fəaliyyət göstərməli, ölkənin siyasi-iqtisadi həyatına rəhbərlik etməli və onun ardıcıl iqtisadi yüksəlişini təmin etməli, yeni iş yerləri yaratmalıdır.

 

İDARƏÇİLİK SİSTEMİ

 – köhnə zamanların avtoritar rəhbərlik metodları və prinsipləri yararsız və vaxtı ötmüş kimi tarixin zibil qutusuna atılmalıdır. Yeni əsrdə zamanla ayaqlaşmaq, sürətli inkişafın tapdağı altında qalmamaq üçün bu günü deyil, sabahı görə biləcək peşəkar idarəçilər məktəbi yaradılmalıdır. Kadr siyasəti çevik dövlət idarəçiliyinin bir hissəsi olmalıdır. İnsanlar dövlətin deyil, dövlət insanların xidmətində durmalıdır. Vəzifə – xüsusi imtiyaz, varlanma mənbəyi anlamına gəlməməlidir. Vətəndaşların dövlətə etibarı artmalı, idarəçilik tam şəffaflaşmalıdır. Vətəndaş cəmiyyətinin hakimiyyətə nəzarət mexanizmləri yaradılmalı və bu sahədə qeyri-hökümət təşkilatlarının çəkisi xeyli yüksək olmalıdır. Dövlət məmurları “Dövlət qulluğu haqqında” Qanuna uyğun şəkildə vəzifələr tutmalı və qanunlara uyğun olaraq hər il gəlirləri haqqında cəmiyyət qarşısında hesabat verməlidir.

 

 İCRA HAKİMİYYƏTLƏRİ

 – inzibati-ərazi quruluşunda dəyişiklik etmədən ərazi idarəetmə qaydaları dəyişdirilməlidir. Bələdiyyələrin səlahiyyətləri artırılmalı və icra hakimiyyətləri ləğv edilməli, bölgələrdəki hakimiyyət yerli özünüidarəetmə orqanlarına verilməlidir. İcra hakimləri haqqında Əsasnamə dəyişdirilməli və onların yerini vəzifəsi Konstitusiya və qanunların icrasını təmin etməkdən ibarət olan prezidentin regionlardakı səlahiyyətli nümyəndələri – valilər əvəzləməlidir.

 

BƏLƏDİYYƏLƏR

 – nəhayət, şəfaf bələdiyyə seçkiləri keçirilməli və xalqın seçkili nümayəndələrinin idarəçiliyi gücləndirilməlidir. Rayonların mənzil-kommunal təsərrüfatları tam şəkildə yerli özünüidarə orqanlarının sərəncamına verilməlidir.

 

SİYASİ PARTİYALAR

 – parlament seçkiləri ümumxalq səsverməsinə çıxarılmış dəyişiklər nəzərə alınmaqla keçirilməlidir. Təklif olunan model Milli Məclisdəki yerlərin 50/50 nisbətində majoritar və proporsional sistemə bölünməsidir. Azad və şəffaf seçkilərdən sonra parlamentdə yer qazanmış aparıcı partiyaların dövlət büdcəsindən maliyyələşməsi prosesi başlanmalıdır.

 

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI

 – hakimiyyətə ictimai nəzarət mexanizminin bir hissəsi olmaqla bərabər, QHT-lər hökumətin qəbul etdiyi bir sıra qərarlara tövsiyə vermək statusu qazanmalıdır.

 

KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ

 – mətbuatın, eləcə də elektron informasiya vasitələrinin iqtisadi azadlığı möhkəmləndirilməli, azad mətbuatın genişlənməsi üçün dövlət üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

 

İNSAN HÜQUQLARI

 – ölkədə geniş siyasi və iqtisadi amnistiya elan olunmalıdır. Siyasi ədavət və qisasçılığa son qoyulmalı və qarşılıqlı etimad, milli barış mühiti formalaşdırılmalıdır. Vətəndaşların öz əqidələrinə görə təqibi praktikası aradan qalxmalı, siyasi məhbuslar azadlığa çıxmalı, mülkiyyət hüququnun aliliyi təmin edilməlidir.

 

DÖVLƏT BÜDCƏSİ

 – xəzinənin neft sektoru və gömrük rüsumu hesabına formalaşdırılması prinsipi dəyişdirilməlidir. Hakimiyyətin üç – icraedici, qanunverici və məhkəmə qollarının birgə iştirakı ilə korrupsiya və rüşvətxorluğa qarşı xüsusi Ali Nəzarət Şurası yaradılmalıdır. Maliyyə israfçılığı halları tədqiq olunmalı və buna yol vermiş yüksək vəzifəli şəxslər məsuliyyətə cəlb edilməlidir. Xərclərin ünvanlı olmasına ciddi diqqət yetirilməlidir.

 

BAZAR İQTİSADİYYATI

 – azad rəqabət və bütün sahibkarlar üçün bərabər start vəziyyətinə hesablanan bazar münasibətləri formalaşdırılmalıdır. İqtisadiyyatın qeyri-neft və aqrar-sənaye sektoru gücləndirilməlidir. Ölkədə daha əlverişli investisiya mühitinin yaradılması, yerli və xarici sərmayədarların sənaye, aqrar və turizm sektoruna kapital qoyuluşu həvəsləndirilməlidir. Gəlirlərin şəffaflığı, vergi deklorasiyası, antiinhisarçılıq gerçək olaraq tətbiq edilməli, sahibkarların mülkiyyət toxunulmazlığı və onların siyasi mənsubiyyətə görə bölünməsi praktikasına son qoyulmalıdır. Lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısı qısaldılmalı, hüquqi şəxslərin qeydiyyat proseduru sadələşdirilməlidir.

 

VERGİLƏR

 – milli valyutanın kursu tədricən liberallaşdırılmalı, xaricdən borc və kreditalma praktikası ciddi nəzarətə götürülməlidir. Çoxuşaqlı ailələr, əlillər, pensiyaçılar, qaçqın və məcburi köçkünlər, habelə hərbi qulluqçular, hüquq-mühafizə orqanları işçiləri, alimlər, tələbələr hökumətin sosial siyasətində mühüm yer tutmalıdır. Bu kateqoriyaların hər birinə xüsusi yanaşılmalı və onlara bir sıra vergi güzəştləri şamil edilməlidir. Xeyriyyə işlərinə ildə 100.000 manatdan çox vəsait ayıran sahibkarlara da müəyyən vergi güzəştləri şamil edilməlidir. Əhalinin işləyən təbəqəsinin maaşlarından tutulacaq vergi onlara sahə poliklinikalarında pulsuz müalicə (tibbi sığorta kartı ilə) imkanı verməlidir. Aztəminatlı təbəqənin (pensiyaçılar, əlillər, köçkünlər və s.) bu hüquqdan yararlanması əvvəlki kimi dövlət büdcəsi hesabına həyata keçirilməlidir. Dərman preparatlarının satışı ciddi lisenziyalaşdırılmalı, onlar farmo-iqtisadi tədqiqdən keçirilməli və dərman satışına sərt nəzarət edilməlidir. Əhalinin imtiyazlı təbəqəsinin preparatlarla pulsuz təminatı prinsipi gücləndirilməli və genişləndirilməlidir.

 

MİLLİ ORDU

 – hərbi qulluqçular və hüquq-mühafizə orqanları əməkdaşlarına xüsusi sosial güzəştlər tətbiq edilməlidir. Orduda xidmət tədricən peşəkar və muzdlu əsaslara keçirilməlidir. Silahlı qüvvələrin yeni hərbi texnologiyalarla modernləşdirilməsi və NATO standartlarına uyğunlaşdırılması prosesi qısa müddətdə başa çatdırılmalı, hərbi sahədə supergüclərlə əməkdaşlıq imkanları genişləndirilməlidir.

 

DAĞLIQ QARABAĞ

 – sülh danışıqlarını intensivləşdirməklə Qarabağ münaqişəsinin həlli sürətləndirilməlidir. Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün bütün imkanlar səfərbər edilməlidir. Azərbaycanın tərkibində qalmaqla Dağlıq Qarabağın erməni sakinlərinə mədəni muxtariyyət verilə bilər. Münaqişənin nizamlanmasından sonra dinc birgə yaşayış təmin olunmalı və region bütünlüklə azad iqtisadi zona elan edilməlidir.

 

TƏHSIL

 – rabitə-informasiya yeniliklərinin tətbiqi birinci növbədə təhsil sferasından başlamalıdır. Hökumətin bu sahəyə maliyyə müdaxiləsi ilə bütün orta məktəblərdə İnternet şəbəkəsi yaradılmalı, dərsliklər və məktəb formaları şagirdlərə pulsuz paylanmalıdır. Dövlət və özəl ali məktəblərin statusu tədricən eyniləşdirilməlidir. İkipilləli test imtahanları ilə (Türkiyədəki kimi) daha istedadlı abituriyentlər fərqləndirilməlidir. Universitetlərə geniş muxtariyyət verilməli, tələbə təqaüdləri iki növə – sosial və akademikə bölünməlidir. Sosial təqaüdlər çoxuşaqlı ailələrin övladları üçün nəzərdə tutulmalı və yaşayış minimumunun 75 faizinə bərabər olmalı; akademik təqaüdlər isə qranit xarakteri daşımalıdır;

– Dünyanın bir çox ölkələri ali təhsil müəsisələrində təhsil haqlarını ləğv etdiyi bir məqamda Azərbaycanda təhsil haqlarının qaldırılması qeyri-normal təhsil siyasətinin bariz nümunəsidir. Bu mənfi tendensiyadan imtina edilməli, dövlər öz vətəndaşlarının orta və ali təhsil haqqını tanımalı, pullu təhsil ləğv olunmalıdır.

 

İQTİSADİYYAT SAHƏSİNDƏ

 VHP dünya bazar iqtisadiyyatı standartlarına cavab verə biləcək sivil bir dövlətin yaradılmasını istəyir və dövlətin bu shədə atacağı bütün addımları dəstəkləyir. Bu məqsədlə VHP daxili bazarın qorunması, vergi və gömrük siyasətinin təkmilləşdirilməsi, idxal-ixrac əməliyatlarının tənzimlənməsi, iqtisadi böhranın qarşısının alınması, pul-kredit və maliyyə siyasətinin istehsalın artırılmasına və əhalinin sosial müdafiəsinə uyğun tərtib olunması, aqrar siyasətin əhalinin mənafeyinə xidmət etməsi, xarici sərmayələrin respublikaya cəlb edilməsi və ona dövlət səviyyəsində zəmanət verilməsi, inhisara qarşı siyasətin dövlətin iqtisadi inkişafına uyğun aparılması haqqında, xammalın, təbii sərvətlərin, iqtisadi obyektlərin talan olunmasına, xarici hüquqi və fiziki şəxslərin əlində toplanmasına mane olan Proqram, Qanun, Qərar və Sərəncamların hazırlanmasını zəruri sayır.

 

HUMANİTAR SİYASƏT SAHƏSİNDƏ

 VHP xalqın iqtisadi ehtiyaclar məngənəsinə düşdüyü, işsizliyin artdığı, qanunsuzluqların baş alıb getdiyi şəraitdə, qaçqın və köçkünlərin, müharibə və əmək əlillərinin, veteranların, sosial müdafiəyə ehtiyacı olan uşaqların, gənclərin,  tələbələrin və əhalinin digər təbəqələrinin kompleks müdafiə tədbirlərinin görülməsi, mənəvi erroziyanın qarşısının alınması üçün müvafiq sənədlərin qəbul olunmasını, sosial-ədalət prinsipinin bərqərar olunmasını vacib sayır, bu sahədə atılacaq addımları dəstəkləyir və özü də təşəbbüskar kimi çıxış edir.

Elm, təhsil, mədəniyyət və səhiyyənin xüsusi diqqət tələb edən sahələr kimi dövlət himayəsində olmasını, mətbuat azadlığının və dövlətin qanunları çərçivəsində dini fəaliyyətin təmin olunmasını və həmin sahələrdə fərdi təşəbbüsə geniş yer verilməsini, ümumi inkişaf üçün düzgün rəqabət sistemi yaradılmasını əsas götürür.

Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli sahəsində regional və lokal proqramların hazırlanması və həyata keçirilməsi ideyasını müdafiə edir.

Respublikada yaşayan etnik azlıqların özünəməxsusluğunun qorunması üçün şərait yaradılmasını vətəndaş həmrəyliyinin möhkəmlənməsində əsas amillərdən biri sayır.

VHP respublikada etnik zəmində təxribatlara, süni şəkildə yaradılan problemlərə, Azərbaycanın bütövlüyünə qarşı olan cəhdlərə qarşı qətiyyətlə mübarizə aparır.

 

MİLLİ TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ

VHP respublikanın ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin, başqa ölkələrlə dinc yanaşı yaşamağın təmin edilməsində hərbi qüvvənin müstəsna əhəmiyyətini nəzərə alır, müasir hərbi texnika, sursat və silahla təchiz olunmuş, yaxşı təlim görmüş güclü Milli Ordunun saxlanmasını zəruri hesab edir.

VHP ordudan Konstitusiya çərçivəsində aparılan daxili siyasi mübarizədə vasitə kimi istifadə olunmasının qəti əleyhinədir.

VHP real şəraiti nəzərə alaraq, Azərbaycan dövlətinin təhlükəsizlik maraqlarına uyğun şəkildə başqa dövlətlərlə hərbi əməkdaşlığa tərəfdardır.

 

BEYNƏLXALQ MÜNASİBƏTLƏR SAHƏSİNDƏ

 Azərbaycanın xarici siyasəti onun dövlət müstəqilliyinin möhkəmlənməsinə və beynəlxalq birliyin tamhüquqlu subyekti kimi tanınmasına xidmət etməlidir.

Azərbaycanın hazırki və perspektiv tələbatına cavab verən, onun milli mövqeyinə uyğun fəal xarici siyasət konsepsiyası işlənib hazırlanmalı və həyata keçirilməlidir. Dövlətlərarası münasibətlər beynəlxalq hüquq normalarına uyğun surətdə, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq əsasında qurulmalıdır.

 

***

VHP Azərbaycanın müstəqil və demokratik, sivil bir dövlət olması üçün keçid dövründə əhalinin siyasi fəallığının artırılmasına, qanunvericilikdə nəzərdə tutulmuş seçki hüquqlarının real şəraitdə həyata keçirilməsinə, qanunvericilik, icra və məhkəmə orqanlarının fəaliyyətindəki özbaşınalıqların qanun gücü ilə aradan qaldırılmasına, insan hüquqularının tam şəkildə qorunmasına nail olmağa çalışır.

 

Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyası humanist ideyalara, ümumbəşəri prinsiplərə və milli dəyərlərə əsaslanan Məramnaməsini bəyan etməklə, bu prinsipləri qəbul edən hər bir fərdi azad, demokratik vətəndaş cəmiyyəti quruculuğu uğrunda bərabərhüquqlu əməkdaşlığa və birgə fəaliyyətə çağırır.