Məlum olduğu kimi, bu gün “Park İn Otel”də “Azərbaycan” qəzetinin 30 illik yubileyi təmtəraqlı şəkildə qeyd edilib.

Tədbirdə millət vəkilləri, partiya sədrləri, ziyalılar, vətəndaş cəmiyyəti üzvləri, media rəhbərləri, eləcə də Türkiyədən bir sıra aydınlar qatılıb.

 
1989-cu ildə bərpa edilən və birinci sayı oktyabrın 6-da işıq üzü görən “Azərbaycan” qəzetinin ilk baş redaktoru, xalq şairi, Sabir Rüstəmxanlının tədbirdəki çıxışını təqdim edirik:
Əziz dostlar, çox hörmətli xanımlar və bəylər!
Bu gün biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin son dərəcə önəmli və unudulmaz bir olayını yada salmağa, azad və demokratik mətbuatımızın ilk qaranquşu olan “Azərbaycan” qəzetinin 30 illik yubileyini qeyd etməyə yığışmışıq. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizin hamınıza təşəkkür edirəm.
Gələn il Azərbaycan mətbuatının 145 yaşı olacaq. Bu 145 ildə Azərbaycan mətbuatı çox böyük bir inkişaf yolu keçmişdir. Lakin bu 145 ilin bir neçə elə mühüm mərhələsi vardır ki, ayrıca qeyd olunmalıdır.
Onlardan birincisi “Əkinçi” qəzetidir. Bu qəzet parlaq bir demokratik mətbuat gələnəyi yaratmış, milli mətbuatın ruhunu, istiqamətini, dilini və üslubunu, humanist mahiyyətini, milli azadlıq və insan haqları uğrunda mübarizədə yerini müəyyənləşdirmişdir.
İkinci mərhələ “Molla Nəsrəddin” jurnalıdır ki, 25 il ərzində xalqımızın keçdiyi yolun, yaşadığı faciələrin, cəhalət və istibdadın, çarizmin müstəmləkə siyasətinin və o dövr Şərq tarixinin satirik ensiklopediyasına çevrilmişdir. “Molla Nəsrəddin”lə yanaşı “Füyüzat” dərgisini unutmaq olmaz. “Füyüzat” dünyada gedən prosesləri və türklərinin taleyini daha romantik və nikbin bir ovqatla təsvir edir; mövzu dairəsi və dili ilə müsəlmanlar və türklər arasında mənəvi körpü qurmağa çalışır, bugünkü Azərbaycanın və Türkiyə cümhuriyyətinin varlığının əsası olan milli ideyanı car çəkirdi.
Üçüncü mərhələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetidir. Qəzet Gəncədə fəaliyyətə başlamış milli hökumətlə birlikdə Bakıya köçmüş və cümhuriyyətin süqutu ilə birgə qapanmışdır.
Bu mərhələlərin hər birinin başında millətimizin ədəbiyyat, mədəniyyət və ictimai fikir tarixində mühüm rol oynayan dahi şəxsiyyətlər dayanırdı. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyli.
Sovet dövründə mətbuat orqanlarının havası da dəyişmiş, onlar sovetləşməni alqışlamış, repressiya və deportasiyalara haqq qazandırmış, bir gündə latın əlifbasından kiril qrafikasına keçirilməsini tarixi hadisə adlandırmış, illərlə Stalinə yazılan mədhiyyələrin tribunalarına çevrilmiş , bir sözlə Kommunist partiyası nə çalıbsa ona oynamışdır.
Buna baxmayaraq, həqiqətin səsini tamamilə boğmaq mümkün olmamışdır mətbuat dil və üslub baxımından çox böyük bir inkişaf yolu keçmiş, özəlliklə tarix, ədəbiyyat və mədəniyyət yazılarında milli ruhun fədakar ocaqları asta-asta közərmişdir. 70-80-ci illər mətbuatı o dövrə xas olan qısa intibah ruhunu izləmək baxımından çox maraqlıdır. Bu baxımdan “Ədəbiyyat və incəsənət”, “Molodyoj Azərbaycana”, “Odlar yurdu”, “Elm”, “Səhər”qəzetində”, “Gənclik” jurnalında millətin taleyi ilə bağlı bəzi cəsarətli yazıları xatırlamamaq ədalətsiz olar. Lakin bu epizodik yazılar mətbuatın ümumi ruhunu dəyişə bilmədi. Həmin ruhu yerli-dibli dəyişən bizim buraxdığımız “Azərbaycan” qəzetidir. Bu, Mətbuat tariximizin 4-cü mərhələsidir.
Qəzet 1988-ci ilin noyabr-dekabr mitinqlərindən sonra bir söz inqilabı, milli düşüncə qasırğası idi. Və bir partlayış effekti yaradaraq bir gündə bütün respublikaya yayıldı. Növbəti nömrədən tiraj 100.000-ə, 1990-cı ilin əvvəlində 200.000-ə, həmin ilin ortalarında yarım milyona çatdı. İnsanlar qəzetinin hər bir nömrəsini intizarla, köşklərin qarşısında sıraya düzülərək gözləyirdilər.
Baş redaktoru olduğum qəzetin təsisçisi Qarabağ Xalq Yardımı komitəsi idi. Əslində, bu komitə də elə mənim təşəbbüsümlə yardılmışdı.

Qarabağda Erməni iddiaları baş qaldırdığı vaxtdan sonra birdən – birə bəlli oldu ki, Ermənilər vilayətdə Azərbaycanlılardan qat-qat yaxşı yaşayırlar. Vilayətin yerli Azərbaycan əhalisinin bir qismi qəsdən qeydə alınmır. Erməni kəndlərindən fərqli olaraq Azərbaycan kəndlərinin yolları bərbaddır. Bəzilərində məktəb, qaz, işıq yoxdur. Bu kəndlərin müqavimətin artırmaq üçün təcili işlər görülməli idi. Buna görə Azərbaycan ziyalılarının bir qismi aktyor evində keçirilən toplantıda belə bir komitənin yaranmasını rəy birliyi ilə qəbul etdilər. Bu işin əsas təşəbbüskarı kimi komitənin sədri olmağı mənə təklif olundu. Lakin mən, bundan imtina edib qəzet buraxacağımı bildirdim. Müstəqil bir qəzet buraxmaq çoxdankı arzum idi. Mərhum İsmayıl Şıxlının, Tofiq Bağırovun, İmam Mustafayevin, Qabilin təklifi ilə o vaxt Ağdamda olan Bayram Bayramova zəng vurub komitənin sədri olmasına razılığınıaldıq. İndi Qarabağ əldən çıxandan sonra bu barədə danışmaq ağırdı. Amma qısa müddətdə komitənin köməyi və təşəbbüsü ilə Vilayətin azərbaycanlılar yaşayan 52 kəndində siyahıyaalma aparıldı. Bu kəndlərin inkişafı ilə bağlı proqram hazırladıq. Xocalının yenidən qurulması başladı. Bir neçə kənddə məktəblər tikildi, yollar çəkildi. Təəssüf ki, komitənin topladığı bütün materiallar yox edildi, dağıdıldı.

“Azərbaycan” qəzetinin ilk nömrəsi oktyabr ayının 5-də çap olundu.
Birinci nömrədə oxuculara müraciətlə məqsəd və məramımızı aydın ifadə etmişdim:
“İlk nömrəsini əlinizə aldığınız bu qəzet, müqəddəs Azərbaycan adını daşıyır. Bu o deməkdir ki, Qarabağa Xalq Yardımı komitəsinin qəzeti olsa da, “Azərbaycan” qarşısında bir vilayətin, bir dərdin çərçivəsinə sığmayan daha geniş məqsədlər qoyub. Onun simasını öz adı müəyyənləşdirir. Bizim təcrübəli və böyük adaşlarımız olub. Və biri indidə var – “Azərbaycan” jurnalı.
Qəzetimiz çalışacaq ki, böyük həmkarlarının gözəl, dəyərli ənənələrini davam və inkişaf etdirsin.
… İnqilab dövrünün mətbuatı, yeni, cəsarətli aşkar sözün, inqilabı sözün carçısı olmalıdır.
“Azərbaycan” qeyrət və cəsarət kürsüsünə çevrilməlidir. Başlanan böyük ümumxalq hərəkatına güzgü tutmaqla qəzet demokratik fikrin , milli şüurun inkişafına təkan verməlidir”.
Baş redaktor olduğum iki ildən artıq müddət ərzində bu vədimə sadiq qaldım.
Qəzetə çox mötəbər bir redaksiya heyəti toplamışdıq: Bayram Bayramov, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Əlyar Səfərli, Ziya Bünyadov, İsmayıl Şıxlı, Yaşar Əliyev, Nadir Cabbarov, Rüstəm Behrudi, Cümşüd Nuriyev, Fəridə Məmmədova, Firudin Cəlilov, Firudin Abbaslı, Elmira Axundova.
Əhməd Elbrus baş redaktor müavini ,Şərif Kərimli qəzetin məsul katibi idi.
Redaksiya heyətinin 6 üzvü sonralar müstəqillik aktına imza atan istiqlalçı deputatlar sırasında idilər.
1-ci nömrəmizdə İsmayıl Şıxlının, Bayram Bayramovun azərbaycanca, Bəxtiyar Bahabzadənin rusca iri həcmli parlaq yazıları verilmişdi. Sovet ordusunun Qarabağda Azərbaycanlılara qarşı törədilən vəhşiliklərə reakar və biganə münasibətini əks etdirən şəkillər və məqalə bütün rəsmi dairələri silkələmişdi. Rüstəm Behrudinin sonralar geniş yayılmış “Salam, dar ağacı” şerini də birinci nömrəmizdə çap etmişdik.
2-ci nömrəmizdə xalq yazıçısı İlyas Əfəndiyevin, şair Məmməd Aslanın , tarixçi Mahmud İsmayılovun, hüquqşünas Yaşar Əliyevin kəsərli yazıları verilmişdi. Növbəti nömrələrin birində Nəriman Nərimanovun Stalinə o vaxta kimi üzə çıxarılmayan məktubu dərc olunmuşdu.
Qəzetin fəal müxbirləri arasında Anarın, Asif Əfəndiyevin, Elmira Axundovanın, Vilayət Quliyevin, Cəmil Əlibəylinin, Haci Hacıyevin, Əhmədağa Muğanlının, Firudin Şuşalının, Nasiman Yaqublunun, Yaqub Mahmudlunun, Rəhim Əliyevin, Süleyman Əlyarlının, Eldəniz İbrahimovun, Mir Şahinin, Elman Gədiklinin, Asif Rüstəmlinin, Məşədixanım Nemətovanın, Yusif Seyidovun, Emin Mahmudovun, Emin Ağayevin, Fərhad Ağamalıyevin, Qulu Xəlillinin, Qabilin, Murtuz Sadıqlının, Yəhya Məmmədovun, Vaqif Sultanlının, Vahid Axundovun adları xüsusi minnətdarlıqla qeyd olunmalıdır. Məncə bunlar titil və elmi adlarının sadalanmasına ehtiyac olmayan böyük ziyalılarımızdır.
Bu məclisdə qəzetin məsul katibi Şərif Kərimli və rəssamı Fikrət İbrahimov , şöbə müdirləri və əməkdaşlarından Rüstəm Behrudi, Mirşahin, Əlinasir İmanlı və başqaları iştirak edirlər. Onlara bir daha təşəkkür edir və bütün dünyasını dəyişmiş əməkdaş və müəlliflərimizə Allahdan rəhmət diləyirəm. Qəzetin çapına nə qədər əngəllər yaradıldığı və mənim nə qədər zülm çəkdiyim barədə çox danışmışıq. Qısaca onu bir daha vurğulamaq istəyirəm ki, ilk nömrə çıxan kimi məni Əbdürrəhman Vəzirovun yanına çağırdılar, qəzəbindən otağa sığmırdı, şikarını parçalamaq istəyən canavar kimi böyür-başımda fırlanır, rəngli qələmlərlə başdan ayağa işarələnmiş səhifələri cıraraq yumalayıb üstümə atırdı. Mən də onları havada tutub qucağıma yığırdım. Onu qəzəbləndirən bu idi ki, qəzet artıq gedib Mixail Qorbaçova çatmışdı, Moskvanın töhmətini almışdı. Mən də inadla deyirdim ki, buna əsəbiləşmək yox, sevinmək lazımdır, qoy bizim səsimizi də eşitsin.
Baş redaktor olduğum iki ildə bir dəfə yandan çıxan yük maşını mənim maşınımı vurub Azərbaycan otelinin divarına yapışdırdı, ikinci dəfə oğurlayıb qəbiristana apardılar və yazıb silgəcin altına qoydular ki, bu gün maşının gəldi, sabah özün gələcəksən bura, üçüncü dəfə həyətdəcə şüşələrini sındırıb içində axtarış apardılar, nəhayət, “onları ölümlərinə vurun!” tapşırığı ilə AXC-nin qərargahında başımızı yardılar. Ancaq mən elə başıyaralı məclisimizdə iştirak edən hörmətli İsa bəylə cəbhəçilərin qabağında Azadlıq meydanını dövrələmiş hərbi maşınların üstündən aşıb “Qayıtdıq” qışqıra-qaşqıra Azadlıq meydanının tribunasına çıxmışdıq. Moskvada SSRİ-nin varlığına xitam verən sonuncu Ali sovetin sesiyasında da elə başı sarıqlı iştirak etmişdim. Təkcə o tarixi sesiyada iştirakçı olmaq, Şər imperiyasının sonunu görmək bəs edirdi ki, bütün çəkdiyimiz əzablar bir zövqə, ömrün hədiyyəsinə çevrilsin.
1992-ci ilin sentyabrında, Azərbaycan qəzetinin tarixi statusunun bərpası niyyətilə o vaxtkı Milli Şuranın sədri İsa Qəmbərə müraciət etdim və “Həyat” qəzeti, “Azərbaycan” qəzeti ilə əvəz edildi. Qəzetin bundan sonrakı taleyini özünüz bilirsiniz.
İndiki “Azərbaycan” qəzetinin rəsmi saytında yazılır: “Qarabağ Xalq Yardımı komitəsinin nəşri Azərbaycan adlansa da, onun rəsmi dövlət qəzetinə heç bir aidiyyəti olmayıb”.
 
Sanki bizim belə bir iddiamız var və sanki 30 il bundan əvvəl millətin dərdini car çəkən milli qəzetimizi rəsmi dövlət orqanı saymaq istəyirik. Bu həqiqətdən çox-çox uzaq iddiadır. Amma “Azərbaycan” adını parlamentə verməyimizlə bağlı müraciət məktubumuzu necə inkar etmək olar? Əvvəla o vaxt Azərbaycanın rəsmi qəzetləri “Kommunist”, “Bakinskiy raboçıy”, “Sovet kəndi” idi və biz bunlarla yan-yana dayanmaq niyyətində deyildik. Heç indi də yenidən qəzetçilik eşqinə düşsəm, rəsmi dövlət qəzeti buraxmaram. Mən millət qəzeti buraxmışam!.. Xalqın taleyinə güzgü tutan, onu mübarizəyə səsləyən, müstəqilliyin qaçırılmaz olduğunu göstərən, hakimiyyəti eninə-uzununa tənqid edən sözümüz rəsmi orqan ifadəsinin çərçivəsinə sığmazdı. Biz 1918-1920-ci illərdə çıxan Azərbaycan qəzetini öz sələfimiz sayırıq. Məzmununa, milli iddialarına və dövlətçiliyə xidmətinə görə. lakin indi çıxan “Azərbaycan” Üzeyir Hacıbəylinin başladığı və bizim də davam etdirdiyimiz yoldan uzaqlaşdığına görə bizim sələfimiz sayıla bilməz! Mətbuat üçün rəsmi və ya qeyri-rəsmi olmaq önəmli deyil. Millətin sözün demək və onun yoluna işıq tutmaq önəmlidir. Üzeyir bəy öz “Azərbaycan” qəzeti haqqında yazırdı: “Qəzetimiz firqə qəzeti deyildir. Azərbaycan qəzetinin məsləki vətən istiqlalı uğrunda çalışmaqdan ibarətdir.”
Onun redaktəsində “Azərbaycan” azərbaycançılığın və istiqlal idealının qəzeti idi. Bu sözləri eynilə bizim qəzetimizə də aid etmək olar. Bu gün dövlət qəzeti kimi təqdim olunan qəzetlərin çoxu, təəssüf ki, həyatımızın yalnız bir üzünü, iqtidar üzünü, nikbin, toy-bayramlı, şişirtmə mədhiyyələrlə dolu, Qarabağı həftələrlə yada salmayan üzünü görür. Xalqın böyük hissəsini, müxalifət düşərgəsini, milli birliyimizə aparan yolları və bu birliyin zərurətini görmürlər. Bunu görməyən insanların şəstlə dövlət adından danışma haqları yoxdur. Bu mənada eyni adı daşıya biləcək qəzetləri bir-biri ilə qətiyyən müqayisə etmək olmaz. Bizim qəzetimiz iki dildə çıxan və millətin bütün təbəqələrinin həyatını əks etdirməyə çalışan, tarixən tutmuş Qarabağ savaşınadək, son dərəcə geniş mövzuları əhatə edən əsil millət qəzeti idi. Bugünku “Azərbaycan” yalnız parlamentin və yalnız Yeni Azərbaycan partiyasının qəzetidir, rəsmi məlumatlar toplusudur. Bu işin də öz əhəmiyyəti var, ancaq bunun Üzeyir bəy Hacıbəyli yoluna aidiyyəti yoxdur. Yəni Üzeyir bəyin göstərdiyi istiqamətin əksinə, bir firqə qəzetinə dönüşmüşdür.
Həsən Bəy Zərdabinin “Əkinçi”si də dövlət qəzeti deyildi. “Həyat” qəzeti də, “Molla Nəsrəddin” və “Füyzat” jurnalları da. İndiki “Azərbaycan” qəzetinin iddiaları əsas götürülsə onda gərək, bu nəşrlər rəsmi jurnalistika tariximizdə heç yada salınmasın. Çünki, məhz bu iddiaları əsas götürülərək Azərbaycan qəzeti 100 illik yubileyini qeyd edərkən heç bir yerdə bizim buraxdığımız “Azərbaycan” qəzetinin adı çəkilmədi. Qəzetin yubileyi ilə bağlı kitab buraxıldı. Milli Məclisdəki bir çıxışımda həmin kitabı indiki baş redaktorun ailə albomu adlandırmışdım. Uzaq tarixlər saxtalaşdırılanda bəhanə tapılır, amma yaxın tarixi görməzdən gəlməyin bir adı var – “Saxtakarlıq və nankorluq!”
Maarifçiliyin yüksəliş dövründə sözə və mətbuata azadlıq yolunun bələdçisi , xalqın nicatı kimi baxır, millətin formalaşmasında mətbuatı əsas güc sayırdılar. Bu gün mətbuatın əhəmiyyəti daha da artmışdır. Lakin sosial medianın həm də dağıdıcılıq gücü ortadadır. İnsanlar təklənir, mənəvi dəyərlər ayaq altına atılır, məsuliyyət hissi itir, söyüş və yalan ritorikası baş alıb gedir, azadlıqla, cəsarətlə əxlaqsızlıq arasında fərq itir. Mənə görə Azərbaycan üçün maarifçilik erası hələ bitməmişdir. 145 illik mətbuat tariximiz və üst-üstə cəmi 20 il sürən müstəqil dövlətçiliyimiz mətbuatın və maarifçiliyin millətin önündə aça biləcəyi böyük perspektivləri və vahid böyük ideologiyanı milli şüurun əsasına çevirə bilməmişdir. Buna görə də milli mətbuat hələ də bizim humanitar fəaliyyətimizin ən mühüm və zəruri sahələrindən biri olaraq qalmaqdadır.
Son olaraq bir daha milli azadlıq hərəkatının o qızğın və ümidlərlə dolu illərinə qayıtmaq istəyirəm.1991-ci ilin oktyabrında Ayaz Mütəllimov məni çağırıb, mətbuat komitəsinin sədri vəzifəsini təklif edəndə ona “Əgər bu yolla “Azərbaycan” qəzetinin səsini batırmaq istəyirsizə, bu mümkün olmayacaq” demişdim. O, “qətiyyən belə bir fikrim yoxdur, əksinə, Xalq hərəkatının ziyalı liderlərindən bir neçəsini , onların peşəsinə uyğun vəzifələrə cəlb etməklə arada körpü salmaq , qüvvələrimiz birləşdirmək istəyirəm” demişdi. Bu təklifi Xalq cəbhəsinin idarə heyəti və rəhmətlik Elçibəylə müzakirə etmişdik. Hamının fikri bu idi ki, təklifi qəbul etmək lazımdır. Çünki, komitədən mətbuat orqanları üçün lisenziya almaq mümkün deyildi. Mən bu təklifi qəbul etdim. Komitəni nazirliyə çevirdik. Qısa müddətdə “Azərbaycan” davamçıları yarandı. 20-dən çox televiziya, 25-dən çox informasiya agentlərinə lisenziya verdik. Qəzetlərin sayı 525-i keçdi.
Azərbaycan qəzetində qaldırılan bir çox problemlər elə müstəqilliyimizin ilk illərindəcə öz həllini tapdı: Bütün bunları biz o vaxt çiyin-çiyinə yol getdiyimiz dostlarımızla birgə etdik. Sevinirəm ki, bu gün onların bəziləri bu salondadır.
Söz azadlığı, milli dövlətin möhkəmləndirilməsi arası kəsilməyən uzun bir prosesdir. Və bu yolda hələ görüləsi işlərimiz çoxdur.
Sözümü 30 il öncə “Azərbaycan” qəzetinin ilk sayı çıxandan sonra yaşadığım həyəcanın ifadəsi olan bir şeirlə yekunlaşdırmaq istəyirəm.
 
AZƏRBAYCAN QƏZETİNƏ GÖZAYDINLIĞI
 
Gözün aydın, ay düz sözüm,
təmiz sözüm, –
Yolun açıq…
Qorxulardan, hədələrdən
qop azacıq!
Gey əyninə qandallardan
qançır olmuş qanadını.
Yığ gözünə zirvələri
aşa bilmək inadını!
Yüz əsrlik çeşmələrin
gözünü aç!
Üfür külü!
Bu ocağın közünü aç!
Sən Xətai harayında
döyüş idin,
Sən Nəsimi dodağında
İlahiylə görüş idin.
Sən Fizüli zirvəsində
möcüzəydin,
Sən Sabirin səngərində
Cəmi şərlə üz-üzəydin!
Dədə Qorqud hikmətinə
çata bilsən
Ətalətdən silkələnib,
Yorğunluğu ata bilsən,
Yenə elə aşıb-daşan
okeansan!
Köləliyin başı üstə
bir tufansan!
İldırımsan, yaxacaqsan!
Sən bu zülmün sarayını
yıxacaqsan!
Qatıq ağmış,
kömür qara! –
Sən bir azca düzgünlük səp
dodaqlara.
Qoy xəcalət çəksin bir az
mədhiyyəçi xəbərçilər!!
Sən qardaşlar ürəyinə
rəhm çilə!
Qılınca dön, qurşuna dön,
Bu padşah ordu sevmir,
Sən silahlan, qoşuna dön!
Boğazına kəfən dola,
Əzabları al gözünə.
Ürəyini qalxan elə
Hər gün böhtan süngüsünə!
Şər minüzlü,
şər ayrılmaz.
Al qanını üzünə tut,
Ümidini yarana bas!
Bir vaxt düşmən
səni boğdu,
Bu gün tarix səni doğdu.
Bu gəlişin əbədilik,
bu gəlişin biryolluqdu!
Sən yetmiş il
Ürəyimi deşən sözüm,
İki yüz il məqam gəzən
ac həqiqət –
sısqa bir şam,
Mən bir ömrü yol gözləyib
öz haqqımın
zərrəsini qazanmışam!…
İlk sayında bomba gücü,
zəlzələlər tərpənişi.
Sanki tilsim qırılıbdı
əjdahanın sınıb dişi.
Kabinetlər silkələnir,
telefonlar zingildəyir.
Yer titrəsə tərpənməyən
bir sözümdən dingildəyir.
Səhifələr qan-qırmızı,
Hər baxanın yüz əmması
Qan içəndə qorxmayanın
Sözdən qorxan müəmması!..
Yumaladı Əbdürrəhman
səni üzümə tuşladı
Polyaniçko qəzəbindən
qarnın tutub naxoşladı.
Qatıb bizi qabağına
hərə bir yandan xışladı.
Hədələrdə cəllad hökmü;
Moskvanın əmri qəti:
“Öz ömrünü qapadarsan
Qapatmasan bu qəzeti!”
Dedim: Sizin bu dünyadan
Xəbəriniz yoxdur deyən.
Millətinə haqq istəyir
Millətimi qul eləyən.
“Əzilirəm!” deyir mənə
məni əzən.
Kim biləcək sən haqlısan
öz haqqını söyləməsən.
… Yenə dişlər şaqqıldadı, –
Ağıl verir
başı ağla həsrət çəkən
fikri sönmüş kösöy olan
Kürsülərin kölgəsində
Hər böyüyə kürsəy olan!…
Atıldım çölə balıqtək
son əlacım bir damla su…
Gördüm sinəmi böyüdür
Böyüyün hədə-qorxusu!
İndi daha yalvarışdı
uzaqlarda qalan səsi!
Bir dəfəlik dağılmışdı
Bu ağ evin vahiməsi.
Gördüm adın dillərdədir,
məlhəm gəzir qanlı yara.
Bayraq kimi taxılmısan
hər tin başı divarlara!
Dedim, sözüm, gözün aydın,
millətimin güvəncisən!
Çox olacaq zirvə aşan,
Bu zirvədə birincisən!..
Gözün aydın, “Azərbaycan”,
Döyüş himnim, alın yazım
Mən dözərəm hər əzaba,
Təki səsim alınmasın!

Comments are closed.