Dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, istiqlalçı deputat, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib.

Təbrikdə bildirilir:
“Əziz həmvətənlər!
1991-ci ilin 18 oktyabrı Azərbaycan xalqının həyatında böyük əhəmiyyətə malik, tarixi bir gündür. Həmin gün illər öncə başlamış Milli Azadlıq Hərəkatı öz məqsədinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu.
Bu bərpa prosesində təkcə həmin dövrün mübariz adamları yox, həm də 1920-ci il aprel işğalından sonra Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın imzası var. Minlərlə fikir adamının 70 il ərzində daşıyıb xələfinə ötürdüyü milli şüur 80-ci illərdə böyük bir axına çevrildi və bu axın bizi ən böyük arzumuza – azadlığımıza qovuşdurdu.
“İstiqlalçı deputatlar” adı ilə bilinən 43 ziyalı bu yolda canından keçmiş sələflərinin, ümumilikdə xalqın istəyini öz imzalarında tarixləşdirdilər. İmzalarımızın görünməyən, amma daha dərin kökündə həm də Əhməd Cavadın, Almaz İldırımın, Hüseyn Cavidin, Mikayıl Müşfiqin və əlbəttə ki, ömrünün sonuna qədər azadlıq mübarizəsini davam etdirən və üçrəngli bayrağımızın bir daha enməyəcəyinə hər zaman inanan Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının adları da yaddaşlara həkk olundu.
Dövlət Müstəqilliyinin Bərpası Günü təkcə bir xalqın diriliş tarixi deyil, həm də hər bir azərbaycanlının doğum günüdür. Məhz bu şanlı gündə bizim bir dövlət və xalq olaraq gələcəyimizin əsası qoyuldu.
Sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, dövlətimizin azadlığımızın əbədi olmasını arzulayıram”.
Bir gün bu bayramı Qarabağda qutlayacağımıza da qətiyyətlə inanıram!

Comments are closed.