1992-ci il sentyabrın 26-da ölkənin ictimai-siyasi həyatında rol oynayan bir ailə – Vətəndaş Həmrəyliyi Partiyası yaradıldı. Partiya Azərbaycan tarixinin ən ağır dönəmində – müharibə və daxili xaosun hökm sürdüyü bir anda meydana atıldı. Gərgin müharibə, erməni işğalçılarına dəstək verən qüvvələrin ölkəni zəiflətmək cəhdləri, hakimiyyət uğrunda mübarizə aparan iddiaçılar və etnik qrupların fəaliyyəti…

Belə bir vaxtda yeni partiya ölkənin milli varlığının və gələcəyinin təminatı olan əsas prinsipləri, siyasi ideoloji hədəfi düzgün müəyyənləşdirmişdi. Xalq arasında böyük nüfuza malik olan, meydan hərəkatının əsas təşkilatçı və liderlərindən biri kimi şöhrət qazanmış Sabir Rüstəmxanlı partiyanın təsis qurultayındakı çıxışında demişdi: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq…”

Hazırda ölkədə gedən proseslər VHP liderinin 26 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və çağdaş olduğunu gözlər önünə sərir. VHP 26 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirib.

Bu gün 80-ə yaxın bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvü vardır. Partiya təşkilatlarında və rəhbərliyində ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir.

Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda demokratik qüvvələr düşərgəsində ön sırada dayanan partiyalardan biridir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz torpaqlarına qayıtması, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin var olması VHP-nin əsas hədəfi olaraq qalır.

Partiyanın 26 il əvvəl irəli sürdüyü şüar bu gün də qüvvədədir: “Nicatımız – Vətəndaş Həmrəyliyindədir!” Vətəndaş Həmrəyliyi Partiyasının 26 yaşının tamam olması münasibətilə partiya üzvlərini və əqidə dostlarımızı ürəkdən təbrik edir, hamısına uğurlar arzulayırıq!

Comments are closed.