Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının təbriki.

Əziz həmvətənlər!
Hər birinizi Ordumuzun 100 illiyi münasibəti ilə təbrik edir, Silahlı Qüvvələrimizin şəxsi heyətinə uğurlar arzulayıram.
Azərbaycan Ordusu çox çətin ictimai-siyasi və hərbi şəraitdə yaradılıb. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi Tiflisdə elan edilərkən paytaxt Bakı erməni-daşnak silahlı qruplarının girovunda idi. Mart qırğınları ilə Bakının müsəlman-türk əhalisini etnik soyqırıma məruz qoyan, qalanlarını qorxudaraq didərgin salan və ya girova çevirən minlərlə silahlı erməni-daşnak qüvvələri rus birləşmələrinin dəstəyi ilə Azərbaycanda böyük qətliamlara imza atmış, Güney Azərbaycandan, İrəvandan, Zəngəzur-Göyçədən, Naxçıvandan Qubaya qədər onminlərlə türkü öldürmüş, soyqırım həyata keçirmişdilər. Ermənilər qətliamları davam etdirir, eyni zamanda, rus ordusundan qopan minlərlə dişinə qədər silahlanmış erməni daşnakı Azərbaycanı parçalamağı, Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmağı hədəfləyirfilər.
Təəssüf ki, onlar istəklərinə nail oldular və Azərbaycan Milli Şurası axan qanı durdurmaq üçün həmin vaxt əhalisinin 87 faizi azərbaycanlılardan ibarət olan tarixi İrəvan xanlığının – İrəvan quberniyasının ərazisini ermənilərə güzəştə getdi.
Buna baxmayaraq, ermənilər daha çox ərazimizi işğal etməyə qalxdılar və İrəvanın onlara verilməsi şərtini pozdular. Məhz bu şəraitdə – paytaxtı zəbt edilən, ərazisində müharibə aparılan yeni dövlət ola AXC ordunun yaradılmasına başladı.
Ordunun yaradılması və formalaşması kimi ağır proses müharibə şəraitində gedirdi. Belə şəraitdə ordu formalaşdırmaq, qısa təlimlə ilkin birləşmələri savaşa göndərmək böyük fədakarlıq idi.
Azərbaycan qısa müddətdə ordunu yaratmağı da, erməni-daşnakları məğlub etməyi də bacardı. Ancaq ermənilər Qarabağ və Zəngəzurda tam kapitulyasiya elan etdikləri zaman sovet mundiri geyinən rus işğalçıları şimaldan ölkəmizə soxuldu.
Tarix bir də 71 ildən sonra təkrarlandı. Böyük gsclərin hesabına İrəvanı alan və paytaxt edən ermənilər qırmızı ordunun sayəsində Zəngəzur, Meğri, Dərələyəz, Göyçəni ələ keçirdi, 1991-ci ildə növbəti dəfə müstəqillik qazananda və ordusuz bir vəziyyətdə olanda isə rus ordusunun əli ilə Qarabağı işğal etdi və hələ də işğalda saxlayır.
Bu gün Azərbaycan ordusu Qafqazın ən güclüsüdür və dünyanın ən güclü 50 ordusundan biridir. Bu gün Qarabağın azad edilməsi də Ordumuzun tarixi missiyasıdır.
Əziz xalqımız!
Ordumuz müstəqilliyimiz, təhlükəsizliyimiz, suverenliyimizdir və iftixar yerimizdir. Bu gün ordumuzun qürur yerinə çevrilməsi də xalqımızın hədəfinə gedən yolda başlıca dəyərdir!
Bir daha hamınızı təbrik edir, bayrağımızın Qarabağda, Xankəndi və Şuşada dalğalanmasını arzulayıram.

Comments are closed.