Rusların Azərbaycanı qana boyadığı gündən düz BİR ƏSR SONRA – Moskvada maraqlı yığıncaq

Rusiya-Azərbaycan şairlərinin şeir bayramı keçirilib.
Tədbirə qatılan Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı BakuPost-a açıqlamasında bildirib ki, tədbir Moskvada Sergey Yesenin adına Mədəniyyət mərkəzində baş tutub. Xalq şairi maraqlı bir məqama toxunub: “Moskvada Azərbaycan və Rusiya şairlərinin poeziya axşamı XI Qızıl Ordunun Azərbaycan Xalq Cümhuriyyəti sərhədlərini pozub müstəqil dövlətimizi devirdiyi, kəndlərimizi, şəhərlərimizi qana boyadığı gündən düz yüz il sonra, aprelin 28-də, Moskvada Sergey Yesenin adına Mədəniyyət mərkəzində Azərbaycan və rus şairlərinin birgə şeir axşamı keçirildi. Bu, həyatın gözlənilməzliklərindən, paradokslarından biridir. Zaman yaraları sağaldır, amma çapıqlar və xatirələr qalır. Ədəbiyyat, poeziya humanizm və xeyirxahlıq daşıyıcısı kimi həm yaraların sağalmasında, həm də faciələrin unudulmaması və örnək olaraq gələcək nəsillərin yaddaşı üçün qorunmasında misilsiz və bəlkə də həlledici rol oynayır”.
S. Rüstəmxanlı qeyd edib ki, Moskva azərbaycanlıları cəmiyyətlərinin nümayəndələrinin və rus ziyalılarının iştirak etdiyi poeziya axşamını Rusiya azərbaycanlılarının milli-mədəniyyət mərkəzi və “Ocaq” cəmiyyəti təşkil edib: “Ənənə halını almış belə bir məclisin Yesenin mərkəzində keçirilməsi təsadüfi deyil, çünki böyük rus şairinin qısa həyatının bir parçası da Bakı ilə bağlıdır və onun xatirəsini yaşadan yerlər bizdə də qayğı ilə qorunur”.
Rusiya-Azərbaycan şairlərinin şeir bayramında Xalq şairi Sabir Rüstəmxanlı, təşkilat komitəsinin həmsədrləri Moskvada yaşayan həmyerlimiz, tanınmış qələm sahibi İlham Bədəlbəyli, məşhur rus şairi, Azərbaycan ədəbiyyatının sadiq dostu və tərcüməçisi Mixail Sinelnikov, Azərbaycanda həm şeirləri, həm də ədəbi layihələri, ədəbiyyatın təbliği sahəsində xidmətləri ilə tanınan Nigar Həsənzadə, Moskva şairlərindən Afaq Şıxlı, Zümüd Quliyeva, Maya Bədəlbəyli, Sergey Karatayev, Natalya Varxanen və başqaları çıxış ediblər. Nazxanım Dadaşovanın röyalda ifa etdiyi musiqi parçaları və vokalist Ayla Çingizqızının mahnıları səsləndirilib.
Bütöv yazını göstər
Back to top button
Close