1. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:
Əziz bacı və qardaşlarım!
Hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, cansağlığı, ruzi-bərəkət, yurdumuza əmin-amanlıq arzulayıram. Bu il Novruz bayramı İlaxır çərşənbə ilə eyni günə təsadüf edir və buna görə də ikiqat bayramdır. Azərbaycanlıların, Türklərin ilkin dünyagörüşünü özündə yaşadan Novruz – Yeni gün əski inanclarımızı, təbiətə ilkin baxışlarımızı özündə əks etdirir. Yeni gün olaraq qeyd etdiyimiz bu bayramda ibtidai inancdan tutmuş xalqımızın müxtəlif dövrlərdə müxtəlif dini etiqadlardan yaranan ənənəsi, adətləri toplanıb. Bu bayram həm də təbiətin, torpağın oyanması, xeyirin şər üzərində qələbəsi, soyuğun istiliyə, sülhün savaşa, xoşgörünün şiddətə qarşı olduğunu göstərən bir mərasimdir. Bu bayramda sevgi nifrətə qalib gəlir, küsülülər barışır; süfrənin nemətləri qapını döyən istənilən şəxslə bölüşülür, gələcəyə inam, xoş günlərə güvənc artır. Təəssüf ki, bu əziz gündə Novruz tonqalları heç də yurdumuzun hər bir guşəsində yanmır. Hələ də torpaqlarımızın 20 faizi işğalda, yurd yerlərimiz əsarətdədir. Amma ümid heç vaxt bitməz, Novruzun gətirdiyi inamla bir daha əminik ki, vaxt gələcək, Azərbaycanın hər bir guşəsində Novruz tonqalı alovlanacaq, hər ocaqda bayram süfrəsi açılacaq: Qarabağın özü də, əzəmətli ruhu, ənənəsi də geri dönəcək. 10 illər boyu Dünya Azərbaycanlılarını siyasi sərhədlər ayırsa da ən böyük mənəvi körpülərimizdən biri Novruz bayramı olmuşdur.
Bir daha sizləri Novruz münasibəti ilə təbrik edir, vətənimiz, millətimiz üçün xeyirli-uğurlu illər arzulayıram.

Comments are closed.