Vətəndaş Həmrəyliyi Partiyası 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə deyilir:

Hörmətli xanımlar!
Əziz analar və bacılar!
Sizi 8 mart- Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, şəxsi həyatda uğurlar arzulayırıq. Arzu edirik ki, bu bayram günlərini qayğı və çətinliklərdən, əzab-əziyyətdən uzaq, sevinc və firavanlıq içərisində, doğmalarınızla birgə arzuladığınız kimi keçirəsiniz. Sizlər, qoçaq və qorxmazlığınız qədər, həm də zərif və qayğıkeş olan Azərbaycan xanımları buna layiqsiz, öz mətanətiniz, cəsarətiniz və ağlınızla ən yaxşılarına haqq etmisiniz.
Azərbaycan qadını dəyanət, sədaqət simvolu kimi qəbul olunur. Qadınlarımız həm də ailənin əsas dayağı kimi həmişə yüksək dəyər sahibi olub. Azərbaycan qadınının tarixən cəmiyyətdə tutduğu mövqeyin, həyatımızın bütün sahələrində mühüm nailiyyətlərə yol açan və inkişafımızı təmin edən başlıca amil kimi müstəsna əhəmiyyəti vardır. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən hələ ötən əsrin əvvəllərində bəzi inkişaf etmiş ölkələrdə olduğundan daha tez qadınlarımıza geniş siyasi hüquqlar, xüsusilə seçkilərdə iştirak hüququ verilməsi ilə daim qürur duyuruq. Ötən əsrdə xalqımız azadlığı və müstəqilliyi uğrunda ardıcıl mübarizə aparıb və iki dəfə öz məqsədinə çatıb. İftixar və qürur hissilə deyə bilərik ki, qadınlarımız da bu proseslərin ön cərgələrində addımlayıblar. Bu gün də ölkəmizdə azad və demokratik cəmiyyət quruculuğu uğrunda apardığımız mübarizənin ağırlığı həm də onların çiyninə düşür.
Əziz xanımlar, bir daha sizləri bayramınız münasibətilə təbrik edir, hər birinizə uzun ömür, can sağlığı, azad və ədalətli cəmiyyətdə rahat həyat arzulayırıq!
Tanrı sizləri qorusun!

Comments are closed.