Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Xocalı rayon təşkilatının təşəbbüsü ilə Gəncə şəhərindəki Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub. Abidə kompleksin qarşısında VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədli çıxış edərək bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. “İndi rəsmi məlumatda Xocalı soyqırımı zamanı qətlə yetirilənlərin 613 nəfər olduğu bildirilir. Bu, yalnız meyiti tapılanlara, dəfn olunanlara aid rəqəmdir. Ancaq hələ rəsmi rəqəmlərdə əsir alınan 1275 nəfərdən 150-i barədə indiyə qədər heç bir məlumat verilmir. Onların ən ağır işgəncələr altında qətlə yetirildiyinə heç bir şübhə yoxdur. Bu və digər faktları nəzərə alaraq düşünmək olar ki, Xocalıda xüsusi amansızlıqla, işgəncə verilərək qətlə yetirilən insanların sayı daha çoxdur”.

M.Nurməmmədli çıxışında həmçinin vurğulayıb ki, 1992-ci il fevralın 26-sı Azərbaycan və dünya, bəşər tarixinə insanlıq əleyhinə ən qanlı cinayət kimi yazılıb. Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı faciəsi bəşər tarixinin xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. Ancaq dünya öz gözü qarşısında baş verən, foto-video faktlarla sübut edilən və şahidləri yaşayan bir soyqırımı nədənsə görmür və ya görmək istəmir, yüz il əvvəl olmayan bir soyqırımdan danışır və qəbul edirlər: “Xocalı soyqırımının ildönümü ərəfəsində Hollandiya parlamentinin “erməni soyqırımı” adlı uydurma tarixi qəbul etməsi ikiüzlü siyasət, dünyanın ədalətsizliyidir. Belə olmasaydı, 26 ildir baş verən Xocalı soyqırımına hüquqi qiymət verilər, cinayətkarların cəzalandırılması üçün mexanizmlər tətbiq edilərdi”.

Natiq qeyd edib ki, Azərbaycan dünya ictimaiyyətini, dünya dövlətlərini bu soyqırımına biganə qalmamağa, beynəlxalq hüququn prinsiplərinə əməl edərək, ona siyasi və hüquqi qiymət verməyə çağırır: “ Bununla əlaqədar beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin, parlamentlərin qəbul etdiyi sənədlər olsa da, Xocalı soyqırımını həyata keçirən qaniçən erməni cəlladlarını, əli günahsız insanların, uşaqların qanına batmış qatilləri beynəlxalq məhkəmə qarşısına çıxarmaq mümkün olmayıb. Gün gələcək insanlıq əleyhinə cinayət törədənlər mühakimə olunacaqlar. Onlar heç zaman bu qanlı ləkəni üzərlərindən silə bilməyəcəklər”.
Qeyd edək ki, erməni silahlı qüvvələrinin Rusiyaya məxsus 366-cı motoatıcı diviziyanın dəstəyi ilə 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıya hücumu nəticəsində 613 nəfər dinc sakin qətlə yetirildi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-sinin taleyi indi də məlum deyil.

Comments are closed.