Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) 17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə 1988-ci il meydan hərəkatının iştirakçıları, Azərbaycanda fəaliyyət göstərən müxtəlif siyasi partiyaların rəhbərləri, təmsilçiləri, ziyalılar, gənclər iştirak ediblər. Konfrans Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş, həmçinin dünyasını dəyişmiş meydan hərəkatı iştirakçılarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“SSRİ-nin dağılmasına əsas verən güclərdən biri meydan hərəkatı idi”

Tədbiri 1988-ci il meydan hərəkatının əsas iştirakçılarından biri olan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı açaraq meydan hərəkatının başlanmasından 29 il keçdiyini bildirib: “17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı yazılı və elektron kütləvi informasiya vasitələrində materiallar verilmir və ya səthi xarakter daşıyır. Halbuki bu bir tarixdir və onu silmək olmaz. Həm də yaxın tarixdir. Nə qədər saxtalaşdırmağa çalışsalar da, yenə də millətin yadındadır. Hadisələrin iştirakçıları bu gün yaşayır. Respublikanın rəsmi qəzetlərinə göz atdım, heç biri bu gün barədə yazmayıb. “Azərbaycan” qəzeti Olmpiya Mərkəzinin açılışı ilə bağlı bir neçə səhifə dərc etdiyi halda, Milli Dirçəliş Günü ilə əlaqədar kiçik bir yazı verib. O da məlumatı tarixi təhrif edərək verib. Yaxın tarixi bu qədər saxtalaşdırmaq olmaz”.

S.Rüstəmxanlı Milli Dirçəliş Gününün qeyd edilməsinin vacibliyindən də danışıb: “Tarixi unutmamaq üçün bir yerə toplaşmalı, bu mövzuda tədbirlər keçirməliyik. Həm də ölkənin hazırkı durumunu müzakirə etməliyik. Bakının küçələri reklam lövhələri ilə doludur. Amma siz Qarabağa, müharibəyə aid bir qeydə də rast gələ bilməzsiniz. Bizim qurduğumuz dövlət hara gəlib çıxıb? Niyə bir-birimizin səsinə sə vermirik? Adam heyrətə gəlir, niyə ayılmırıq?”

VHP sədri meydan hərəkatının əhəmiyyəti barədə də məlumat verib: “Həmin meydanda fərqlər itmişdi, hamı bir idi. Mən arxivə göz atarkən 18 günlük meydan hadisələrinin qətnaməsini tapdım. Bugünkü düşüncə baxımından son dərəcə gözəl yazılıb. Sırf siyasi tələblər müstəvisində qurulmuş yetkin bir qətnamədir. Meydanla bağlı bu gün çox böhtanlar danışılır. Düzdür, hakimiyyət də bəzi məsələlərə görə maraqlı idi. Amma bir milyon insanı hökumət yığmamışdı. İnsanlar xırda oyunları görmür, görmək istəmirdi. “Onsuz da SSSR-i dağılacaqdı” deyənlər də var. Unutmaq olmaz ki, SSRİ-nin dağılmasına əsas verən güclərdən biri meydan hərəkatı idi. Hər şey oradan başladı. Azərbaycanın üçrəngli bayrağı meydanda tanındı. Xalq Cəbhəsinin yaranmasının zəruriliyi orada elan olundu. Meydan hərəkatı milli azadlıq hərəkatına çevrildi. Azərbaycanın bütövləşməsi məsələsi orada qaldırıldı. Meydan bir universitetdir”.

“Meydan hərəkatı Azərbaycan xalqının böyüklüyünün, vətən və özünüdərk şüurunun bir ifadəsi idi”

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib ki, meydan hərəkatı Azərbaycan xalqının böyüklüyünün, vətən və özünüdərk şüurunun bir ifadəsi idi: “Hərəkat Qarabağla bağlı başladı və daha sonra müstəqillik, bütövlük kimi məsələlər də gündəmə gəldi. Əslində, milli oyanış meydandan əvvəl də artıq mövcud idi və bu məsələlər əvvəllər də səslənmişdi. İndi də millətimiz Qarabağ, torpaqlarımız uğrunda öz iradəsini ortaya qoymalıdır. Meydan hərəkatında Azərbaycanın bütün kəsimləri iştirak edirdi. Milli birliyin bəlkə də ən möhtəşəm nümayişi idi. Bu gün də belə bir birliyə və milli iradənin nümayişinə ehtiyac var”.

“Milli kimliyimizin müəyyənləşməsində 17 noyabr mitinqinin böyük rolu oldu”

Müsavat Partiyasının başqanı Arif Hacılı vurğulayıb ki, yenidənqurma dövründə müəyyən aşkarlığın verilməsi və demokratik nəfəsliyin açılması milli duyğuları da inkişaf etdirmişdi: “Həmçinin Ermənistanın apardığı təcavüzkar siyasət Azərbaycanda çox böyük əks reaksiya doğurmuşdu. 1988-ci il noyabrın 15-16-da “Sabir”  bağında aksiyalar keçirilmişdi. Xatırlayıram, aksiyalar vəhşicəsinə dağıdılmış, bir neçə nəfər həbs olunmuşdu. 17 noyabr mitinqi isə bütövlükdə ümummilli hərəkata çevrilmişdi. Ən böyük əhəmiyyəti isə ondan ibarət idi ki, tək ərazi bötövlüyü deyil, müstəqilliklə bağlı da şüarlar səslənirdi. Azərbaycan milli bayrağının ora gətirilməsi, Xalq Cəbhəsinin yaradılması zərurətinin səslənməsi, rus qoşunlarının meydanı mühasirəyə alması, yüz minlərlə insanın göstərdiyi dəyanət, qoşunun məcbur qalıb geri çəkilməsi və s. xalqımızın özünü dərk etməsinə böyük bir təkan verdi. Həmçinin milli kimliyimizin müəyyənləşməsində də 17 noyabr mitinqinin böyük rolu oldu”.

“Bizim azadlıq bayramımız 28 May – Respublika Günüdür, başqa siyasi bayram tanımıram”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə məsələyə bir qədər fərqli yanaşıb: “Biz şəxsiyyətimizi kənara qoyub hadisələrə tam, bütöv kimi baxmalıyıq. Problemimiz məsələlərə doğru yanaşa bilməməyimizdən qaynaqlanır. Əvvəla, həmin mitinqə bir milyon insanın gəlməsi milləti yaratmadı, millət mitinqi yaratdı. Digər tərəfdən nə üçün xalq 16 ağacın kəsilməsinə görə mitinq etdi, amma Xocalıya görə iki nəfər küçəyə çıxmadı? Söhbət təhtəlşüurdan gedir. Əgər mitinqlərin nəticəsi yoxdursa, deməli, boş bir hadisədir. Bizim azadlıq bayramımız isə 28 May – Respublika Günüdür, başqa siyasi bayram tanımıram”.

“Meydan hərəkatının əsas mahiyyəti milli azadlıq ideyalarının formalaşması idi”

Azadlıq Partiyasının sədri Əhməd Oruc qeyd edib ki, 1988-ci ildə baş verən hadisələr mahiyyətinə görə özündən əvvəlki hadisələrdən çox fərqlənir: “Ona müxtəlif aspektlərdən yanaşaraq fərqli nəticələr çıxarmaq olar. Hər şeydən əvvəl 70 ildən sonra xalq ilk dəfə bir araya gələrək etiraz edir, tribunada azadlıqla bağlı fikirlər səslənirdi. Həmin dövrlər baş verən başqa siyasi proseslər də vardı. Kommunist rejimi süquta uğramış, yeni, müstəqil dövlətlərin yaranma prosesi başlamışdı. Meydan hərəkatının əsas mahiyyəti isə milli azadlıq ideyalarının formalaşması idi”.

“Biz 17 noyabr mitinqini həmin dövrdə dünya və SSRİ-də gedən proseslərdən kənar təhlil edə bilmərik”

Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər də hadisələrə doğru qiymət verilməsinin əhəmiyyətindən danışıb: “Hər hansı bir hadisəni zaman və məkanı nəzərə alaraq dəyərləndirmək lazımdır. Yalnız bu halda düzgün qiymətləndirmə mümkündür. Biz 17 noyabr mitinqini həmin dövrdə dünya və SSRİ-də gedən proseslərdən kənar təhlil edə bilmərik. İnsanları meydana toplayan ortaq ideya və fikir idi. Bu, hər zaman belədir. Birlik üçün ortaq maraq və mənafe olmalıdır. Günümüzdə də bütün vətəndaşları birləşdirəcək ortaq maraqlar var. Məsələn, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyü kimi. Bu məqsədlər ərafinda təkrar birlik olmağımız mümkündür”.

“SSSR-nin dağılmasında meydan hərəkatının böyük rolu olub”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, SSSR-nin dağılmasında meydan hərəkatının böyük rolu olub: “Mitinqlər ictimai şüurun inkişafına, milli oyanışa ciddi təsir göstərən amillərdəndir. Eləcə də müstəqilliyin əldə olunmasında əvəzsiz rolu var. Hesab edirəm ki, bununla da biz böyük bir mərhələni keçmişik. Azərbaycan xalqının mübarizəsi, verdiyi itkilər hesabına müstəqillik əldə edə bildik”.

“Meydan hərəkatının tariximizdə əvəzsiz yeri var”

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədr müavini Ellada Məmmədli də mövzu ilə bağlı fikirlərini bölüşüb: “Həmin günlərdə ölkədə böyük iqtisadi böhran və xaos yaşanırdı. Baş verənlərə etiraz olaraq Bakı Dövlət Universitetinin tələbələri fevralın 2-də yürüş-mitinq keçirdi. Onların cəhdləri nəticəsində məsələ böyüdü, digər vətəndaşlar da mitinqlərə qatıldı. Meydan hərəkatının tariximizdə əvəzsiz yeri var. Ən önəmlisi bizə milli kimliyi, tariximizi və müstəqiliyi qazandırdı”.

Ağ Partiyanın sədri Tural Abbaslı da tarixi günlərin qeyd edilməsinin əhəmiyyətindən danışıb: “Tariximizdə önəmli günlər var. Bunlardan biri də Milli Dirçəliş Günüdür. Bu günlərin və hadisələrin qeyd olunması, müzakirə edilməsi vacib məsələdir. Tariximizi unutmamaq,  yadda saxlamaq üçün belə görüşlərə, konfranslara ehtiyac var”.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

 

 

 

Comments are closed.