“Yaxın tariximizin ən dəyərli günü

Jurnalistlərin bir ənənəvi sorusu var: Ən mutlu (xoşbəxt) gününüz hansıdır? İllər uzunu tərəddüd etmədən cavab vermişəm: 1991- ci ilin 18 oktyabrı, dövlət müstəqilliyimizin bərpası günü!
Hər kəsin həyatında sevgi ilə, ailə qurmaqla, təhsillə, övladlarla bağlı unudulmaz günləri var. Lakin mən ilk baharda kütləvi surətdə müstəqilliyin əleyhinə səs vermiş xalqın və 360 deputatından yalnız 43 – ünün müstəqillik yolunu seçmış Ali Sovetin bizlərin yorulmadan çalışmağımız və şəraitin diqtəsi ilə son baharda tam əks mövqedən çıxış etməsini böyük tarixi qələbə sayıram və Müstəqillik Aktını qəbul etdirdiyimiz günü ən xoşbəxt günüm hesab edirəm. Mən məclisdə bu tarixi sənədi qəbul etdirən Müstəqil Azərbaycan deputat blokunun həmsədri idim…Neçə günlük mübahisədən sonra istəyimizə çatanda sevincimizdən gözümüzün yaşını saxlaya bilmirdik.. O vaxt müstəqilliyin əleyhinə olanlardan bəziləri bu gün yüksək vəzifələri ələ keçirərək müstəqillikdən ötrü həyatını riskə atanlara həqarət edə- edə, şərəfsiz bir saxtakarlıqla dövlətçilikdən, dövlətə xidmətlərindən danışır, sinələrində bu dövlətin ordenlərini və ya millət vəkili nişanlarını daşıyırlar…

Qoy olsun. Bu, məni az ilgiləndirir. Onlar da əziyyət çəkiblər. Cilddən cildə düşmək də bir əziyyətdir. Onsuz da hər il 1991- ci ilin reallıqları xatırlananda onlar nə çəkirlər və ya köhnə rus- Sovet xiffəti onları necə öldürür- təsəvvür etmək olar. Məni ağrıdan bu gün dolayı yollarla müstəqilliyimizin və onun uğrunda zəhmət çəkmiş insanların gözdən salınması cəhdləridir. Sanki meydan mübarizələrinin, milli- azadlıq hərəkatının heç bir əhəmiyyəti yoxmuş, onsuz da SSRİ dagılacaqmış və hürriyyəti qızıl məcməidə bizə də ərməgan edəcəkmişlər.

Nəzərə almırlar ki, xalq hərəkatı ilk növbədə Qarabağın Azərbaycandan qoparılmasına qarşı başlanmışdı və ittifaq da bu hərəkatların nəticəsində dagıldı. Belə olan halda Müstəqillik Aktına səs verənləri gözdən salmaqla onun əleyhinə olanları bəsləməyin adı nədir? Bəlkə Müstəqillikdən sonrakı bəzi uğursuzluqlar bəhanədir, bunları əsəbiləşdirən bizlərin erməni işğalına qarşı çıxmağımızdır. Elə deyilsə o referenduma “yox” deyən 43 nəfərdən hələ həyatda olanlarına bu etinasızlığa nə ad verək?

Öz dilini bilməyən, tarixindən xəbərsiz, milli ruhdan uzaq yeni bir məmur kütləsi peyda olub və bu yaxın tarixləri unutdurmaqla, saxtalaşdırmaqla, 1918- ci ildə bu dövləti quranların xatirəsinə sayqısızlıqla anlaşılmaz, hətta erməni mövqeyindən az seçilən mövqe nümayiş etdirirlər. Buna görə də xalq bəzən bürokrat əngəlləri idarəçilərin yox, müstəqilliyin suçu hesab edir.

Müstəqillik xalqın var olmağının, şərəf və ləyaqətini qorumağın, inkişafının əvəzsiz yoludur. Bunu dəyərləndirmək və qorumaq hər bir vətəndaşın və ilk növbədə iqtidarın borcudur. Bu dövlətin məmurusansa, zəhmət cək bu dövləti quranlara və qoruyanlara, bu ölkənin vətəndaşına sayqı ğöstər!…Başqa yolun yoxdur!.. Bütün xalqımızı və Müstəqillik uğrunda mübarizədə xidməti olanları bu böyük bayram münasibətilə ürəkdən təbrik edirəm!”.

Sabir Rüstəmxanlı

Comments are closed.