Xalq şairi Sabir Rüstəmxanlının “Akademikin Son Əsəri” kitabının imza günü keçirilib.

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına qatılan Sabir Rüstəmxanlı oxucuları üçün yeni kitabını imzalayıb. İmza günündə izdihamı yaşanıb və gənclərin iştirakı üstünlük təşkil edib.

Xalq şairi açıqlamasında kitab sərgisinin yazıçı və oxucuların bayramına çevrildiyini qeyd edib: “Bakı kitab sərgisi sayca beşinci dəfə keçirilir. Mən neçə il əvvəl təşkil olunan 1-ci sərgini də xatırlayıram və görürəm ki, hər sərgidən sərgiyə həm iştirakçıların, həm də ziyarətçilərin sayı artıb.
Sərgidə 40-dan çox ölkədə nəşr olunmuş kitabların sərgilənməsini çox müsbət hal kimi qiymətləndirirəm.
Eyni zamanda, yerli nəşriyyatların da buradakı təmsilçiliyi yüksək səviyyədədir. Bu, əlbəttə, sevindirici haldır. Çünki kitab yazmayan, oxumayan toplumdan millət olmaz”.
Sərgidə “Akademikin son əsəri” kitabının imza gününü də keçirən xalq şairi oxucuların bu əsərə olan münasibətindən məmnunluqla danışıb: “Mən burada müşahidə edirəm ki, kitab sərgisinin ziyarətçiləri arasında gənclər üstünlük təşkil edirlər. Onların kitaba marağı təqdir olunmalıdır. Gördüyünüz kimi, mənim bu əsərim də kifayət qədər maraqla qarşılanıb.
Deməliyəm ki, indiki oxucu kontingenti 25-30 il əvvəlki oxuculardan fərqlənir. Mənim “Ömür kitabı” əsərim o zaman 250 min tirajla çap olunmuşdu.
Kitabların 250 min tirajla nəşr olunduğu dövrlər geridə qaldı ancaq indiki gəncliyin böyük hissəsinin o əsər haqqında məlumatı yoxdur. Yəni dövr dəyişdikcə, tələbat da dəyişir. Bunu qəbul etmək lazımdır”.

TO

Comments are closed.