Samir Əsədli: “Vaxtı çatanda partiya rəsmi mövqeyini açıqlayacaq”

2018-ci il oktyabrın 17-sində Prezident postuna səkkizinci seçki keçiriləcək. Adətən seçki qurtarandan qısa müddət sonra növbəti marafonlara hazırlıq işləri görülür. Yəni bütün siyasi partiyalar hədəflərini seçir, namizədini müəyyənləşdirir, seçkidə hansı yolu izləyəcəyini dəqiqləşdirməyə çalışır. Amma Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Bizdə seçkiyə 4-5 ay qalana kimi əksər siyasi təşkilatlar demək olar ki, “tərpənmir”.
Hələlik sadəcə Vətəndaş və İnkişaf Partiyası iclas keçirərək sədr Əli Əliyevin namizədliyi haqqında qərar qəbul edib. Digər partiyalarda seçki hazırlığının nə durumda olduğunu öyrənmək üçün bir sıra təşkilat nümayəndələri ilə əlaqə saxladıq. Əksər partiya funksioneri prezident seçkisi ilə bağlı müzakirələrə başlamağın tez olduğu qənaətindədir.
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə açıqlamasında bildirdi ki, hər bir partiyanın öz namizədi ilə seçkilərə qatılmaq haqqı var. Onun sözlərinə görə, siyasi partiyanın seçkilərə hazırlaşmaq, seçkiləri dəyərləndirmək və namizədini irəli sürmək gündəlik fəaliyyətlərindən biridir:
“Bizim partiyada bütün seçkilərlə bağlı müzakirələr, dəyərləndirmələr aparılır. Həm Siyasi Şura, həm də Seçki Qərargahı zəruri məsələlərlə bağlı müzakirələri davam etdirir. Ancaq VHP-nin indidən 2018-ci ildə keçiriləcək prezident seçkisinə namizəd irəli sürməsi tezdir. Biz hələlik dəyərləndirmələrimizi aparırıq. Vaxtı çatanda partiya rəsmi mövqeyini açıqlayacaq”.
Müsavat Partiyasının sədr müavini Elman Fəttah isə suala qısaca cavab verib: “Hələ seçkilərə çox var. Heç seçki ab-havası da yoxdur”.
İsmayıl

Comments are closed.