Sabir RÜSTƏMXANI

Əzizim Güntay! Kitablarının və məqalələrinin hamısını oxuduğumu söyləyə bilmərəm; əlimə düşənləri gözdən keçirmişəm. Bakıda olduğun illərdə də çox görüşmüşdük, o zamankı düşüncələrin də yadımdadır.

Ötən illər ərzində ciddi bir yol keçdiyinə, Avropa dəyərlərinə yiyələndiyinə, bununla belə, Vətəndən qopmadığına, sosial mediada fəallığına və tariximizə, mədəniyyətimizə fərqli yanaşmalarla bəzi mübahisəli məsələlərə aydınlıq gətirmək istədiyinə sevinənlərdən biriyəm. Bəyənmədiyim yazın olanda da bu, sənə olan xoş münasibətimi dəyişmir. Çünki mən təbiətən söz azadlığına və düşüncə müxtəlifliyinə saygı göstərən adamam. Di gəl, müəyyən adamların, aralarında sən də olmaqla, tariximizi yalnız qaranlıq görməsini qəbul edə bilmərəm. Babəkdən, Atabəylərdən, Səfəvilərdən tutmuş 29 il öncənin Milli Azadlıq Hərəkatınadək uzun bir tarixə yalnız tarixi gerçəkliklər kontekstində və o dövrlərin şərtlərini nəzərə almaqla qiymət vermək olar. Bu günün ölçüləriylə dəyərləndirilsə, tarixdə tarixlik qalmaz; keçmişi də indinin siyasət dartışmaları meydanına çevirərik… Ancaq bunlar ayrı və geniş söhbətin mövzusudur.

Mən yazdığım qısa müraciətdə bunların heç birinə toxunmamışam, sadəcə istəmişəm, ürəyindəki Səfəvi nifrətini bir az yumşaldasan… Bir də yazmışam ki, 1988-ci il Meydan hərəkatının liderlərini cahil və savadsız saymağa haqqın yoxdur, bu, quru böhtandır. Təəssüf ki, sən bunları kənara qoyub məni də “qaranlıq tariximizi aydınlıq olaraq göstərən kişilərdən biri olduğunu iddia edənlərlə” bir cərgədə görürsən və sonra da heç bir aidiyyəti olmadan Xiyabani, Səttar xan, Səfəvilər və ümümiyyətlə, tarix və tarixə münasibət məsələləri ilə bağlı mənə xeyli sual ünvanlayırsan. Səbəb də bu imiş ki, mən hansısa əsərimdə Xiyabaninin adını çəkmişəm. Məntiqin belədir ki, sizlər mənim, deyək ki, Səfəvilərə və ya Meydan liderlərinə münasibətimi yumşaltmağa çalışırsınız, onda alın gəldi, mən hətta Səttar xanı, Xiyabanini də Səfəvilərə qoşub, millətə qarşı üsyan qaldırıram ki, niyə onları sevir; niyə tarixin qoxumuş qaranlığına qapılaraq modern insan və millət haqlarından ”yararlanmır?”

Sənin suallarına bənzər soruları ömrüm uzunu mən də cəmiyyətə ünvanlamışam və sənin də bəzi suallarının altından tərəddüd etmədən imza ataram. Bildiyimiz bəzi məsələləri yenidən gündəmə gətirib bizim söhbət mövzumuza çevirmək isə ciddiyyətdən uzaq olan yanaşmadır. Çünki tarixşünaslıqla bağlı sovet dövrünün və indinin metodoloji prinsiplərini mən hazırlamamışam, cild-cild tarix kitablarını da mən yazmamışam. Stalinin təlimatı ilə Azərbaycanı türk dünyasından qoparıb onun üçün yeni əlifba, saxta tarix, ədəbiyyat, mədəniyyət konsepsiyaları hazırlatdıran da mən olmamışam. Əksinə, mən özüm o konsepsiyaları sorğulayan, millətimin haqları uğrunda mübarizə aparan adamam və bu işə səndən çox-çox öncə başlamışam. Buna görə də sən, ilk növbədə, soru sormalı olduğun ünvanları düzgün müəyyənləşdirməlisən…

Məşrutə inqilabı hansı şəraitdə baş vermişdi; Səttarxanın məqsədi nə idi və nəyə nail oldu; Şeyx Məhəmməd Xiyabani bir Azərbaycan mütəffəkkiri idi, yoxsa erməni casusu; niyə ölkəsinin adını Azərbaycan yox, Azadistan qoymuşdu? Bunlar çoxdan cavabını tapmış məsələlərdir. Heç kim nə Səttar xanı, nə də Xiyabanini ideallaşdırmır və onların səhvlərini görməzdən gəlmir. Bununla belə, heç kim bu insanların təkcə Güney Azərbaycan türklərinin deyil, bölgədəki digər məzlum millətlərin oyanışında oynadığı rolu da inkar edə bilməz. İran-şah rejiminin hətta ölkənin bölünməsini nəzərdə tutmayan, yalnız milli hüquqlar və insan haqları tələbləri ilə aparılan mübarizələrə dözümsüzlüyünü və bu mübarizələri yatırtmaq üçün rus-bolşevik, ingilis, erməni silahlı qüvvələrini cəlb etdiyini nəzərə alanda, o insanların qəhrəmanlığı qarşısında baş əyməkdən qeyri yol qalmır və onların səhvlərini də anlayırsan.

Düzünə qalsa, mən Səttar xan və Xiyabani dövrünün bütün tarixi bəlgələrinə baxmamışam, fars-İran arxivlərindən xəbərsizəm, lakin hətta bu bəlgələrin hamısını oxusam və orada Xiyabaniyə qarşı ittihamlar görsəm belə, yenə də tək bir “Azərbaycan” məqaləsinə görə onun bütün günahlarından keçərdim, çünki bu məqalə bir manifest, bir vətəndaşlıq harayı, Azərbaycanın ölməz ruhunun üsyanı idi.

Tarixi şəxsiyyətlərə onların büdrəmələrinə, müəyyən yanlışlıqlarına görə yox, daşıdıqları böyük ideallara və millətin yaddaşında buraxdıqları izlərə görə qiymət verərlər; yoxsa səhv axtarmağa qalsa, dünyada ideal insan yoxdur və adlarını çəkdiyim böyüklərimizin həyatında da belə səhvlər olub. Şah İsmayıl Xətaini sevməsən belə, hətta sən də “Səfəvilər” əsərində onun xarakterini biçimləndirən, uşaq qəlbini intiqam duyğusu və qəzəblə dolduran mənbələri kifayət qədər obyektivliklə göstərmisən.

Səttar xan və Şeyx Məhəmməd Xiyabani ilə bağlı demək istədiklərimə burada nöqtə qoya bilərdim. Lakin bir neçə ittihamın var ki, onları qulaq ardına vurub keçmək olmaz. Çünki bu ittihamlar yaxın tariximizə və o tarixin sahibi olan xalqa sayğısızlıqdır və cavabsız qalmamalıdır! Həm də nəzərə almalıyıq ki, burada söhbət məhz “millət və insan haqları” uğrunda mübarizə tariximizin iki ən parlaq nümayəndəsindən gedir.

Aydınlıq gətirmək istədiyim birinci məsələ Səttar xanı qəhrəman saymamaq iddianla bağlıdır.

Səttar xan hərəkatına V.İ.Leninin verdiyi qiymət bu hərəkatın guya antimilli olduğunu “sübuta yetirmək” üçün əsas sayıla bilməz. Xiyabaninin bolşevizmlə bağlılığı, yaxud Azərbaycanın haqlarını İranın bütövlüyü içərisində axtarişı tənqid edilir. Nəzərə almaq lazımdır ki, o illərdə Rusiyada, İranda, Türkiyədə gedən proseslər bir-birinə bənzəyirdi, Rusiyada və İranda inqilab milli yox, sinfi xarakter daşıyırdı. Buna görə də Səttar xanın bütün İran məzlumlarının haqlarını dilə gətirməsi onun kiçikliyi yox, böyüklüyü idi. Bununla belə, Səttar xan Qacar türkü olan şahla da üzbəüz oturub ondan İran məclisinin, Konstitusiyanın bərpasını tələb etmişdi. Buna görə də onu türk şahını yıxıb yerinə Pəhləviləri gətirməkdə, yəni onun ölümündən onbir il sonra baş verəcək olaylara görə qınamaq olmaz. Onun tələbləri demokratik islahatların aparılması idi. Səttar xan təpədən dırnağa bir türk idi, ”türk qəhrəmanı” idi, onun ordusu yalnız türklərdən təşkil olunmuşdu və o özünü siyasətçi yox, əsgər sayırdı. 48 illik ömrünün çoxunu at belində keçirmişdi və şöhrəti bütün dünyaya yayılmışdı.

Səttar xan Təbrizdə buraxılmış satirik “Azərbaycan” dərgisinin ilk sayını əlinə alanda “Bu gün Azərbaycan xalqının milli bayramıdır” demiş və ağlamışdı. Bütün bunlar göstərir ki, onun əsas hədəfi Azərbaycanın xoşbəxtliyi olmuşdur, öncə on il qaçaqçılıq edərək, yerli hakimlərə qarşı vuruşmuş, sonra ortaya çıxıb böyük bir xalq ayaqlanmasına başçılıq etmiş və xalq arasında əsl bir Azərbaycan-türk qəhrəmanı kimi tanınmışdır.

Məşrutə hərəkatını diqqətlə izləyən üç böyüyümüzü də xatırlayaq: Cəlil Məmmədquluzadə Səttar xanın apardıgı mübarizənin an ağır günlərində – 1909-cu ilin 11 yanvarında yazırdı: “Bu günlərdə İranda istibdad və ədalət bərk çarpışır, yekə bir millətin dini, namusu, hüququ, vətəni təhlükədədir… Bu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, onların qeydinə qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur”. Bu sözlərlə Mirzə Cəlil cahil həmvətənlərinin imam aşiqliyini milli aşiqliyə çevirməyə çalışır və onlara öz əsl “imamlarını” nişan verir.

Böyük Sabir də Səttar xanın qəhrəmanlığını görmüş və yaradıcılığı üçün istisna olan ciddi bir tərzdə möhtəşəm şeirində

Həq mədədkar oldu Azərbaycan ətrakına

Ali Qacarın protest etdilər Zöhhakına

Ol şəhidanın salam olsun rəvani pakına… –

deyərək, Səttar xanı salamlamışdır:

“Çox yaşa, dövlətli Səttar xan əfəndim, çox yaşa”.

Məmməd Əmin Rəsulzadə Səttar xan inqilabını yaxından izləmiş və Səttar xanın ölüm xəbərini eşidəndə yazmışdı: Səttar xan əvvəlki şöhrətlə mütənasib, parlaq bir nəticə əldə edə bilmədisə, bunda… ”yetişdiyi mühit və mühitin giriftar olduğu siyasi və ictimai şərtləri müqəssirdir”. Bundan gözəl demək olmaz və mən də tarixə məhz bu cür yanaşılmasının tərəfdarıyam.

Tariximizin bu inkarolunmaz böyüklərinin, o dövrün canlı şahidlərinin fikirlərindən sonra Səttar xan haqqında “bunun harası qəhrəman idi?” sorusuna cavab verməyi buraxıram sənin öz vicdanının öhdəsinə… Hər halda, etiraf edərsən ki, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və Məmməd Əmin Rəsulzadə o hadisələri daha yaxından izləyir və Səttar xanı səndən, məndən daha yaxşı tanıyırdılar.

Bildiyin bir şeyi də əlavə edim ki, Səttar xanı yaralayan və dörd il sonra qətlə yetirən də vaxtilə ona quyruq bulamış daşnak Yeprem Davityan olmuşdu.

Xiyabaniyə münasibətin daha sərtdir: “Səfəvi mollası”, “erməni casusu”, “çirkin və qaranlıq düşüncəli”, “sovet yanlısı” və s. Bunları yazanda əlin heçmi əsmədi? Axı bu qədər olmaz! O necə erməni casusudur ki, erməni Yeprem tərəfindən həbs ediləcəyindən qorxub Qafqaza qaçmışdı.

Bütün dindarlara, Allah adamlarına, din alimlərinə “Səfəvi mollası” damğası vurmağa da tələsmə. Bəzən əmmamələr altında parlaq zəkalar da gizlənib.

“Hər bir millətin şərafətinin birinci şərti onun istiqlalıdır” deyirdi Xiyabani. Mübarizənin başlangıcında İranın bölünməzliyinin şüar edilməsi bir strateji oyun idi. Əsas niyyət İran türklərinin azadlığı olmuşdur. Siyasətdə son məqsədin gizli saxlanılması ənənəsi də var. SSRİ-dən qopan respublikalar da mübarizələrinə ölkədə aşkarlıq, demokratiya şüarlarıyla başlamışdılar… Xiyabani öz mübarizəsini “cəsarət, ağıl və uzaqgörənliklə” aparırdı.

Cəlil Məmmədquluzadə və Xiyabani münasibətləri ilginc konudur. “Molla Nəsrəddin” dərgisində, doğrudan da, Xiyabaninin Tiflis səfəri haqda bir karikatura cap edilmişdir. Həmidə xanımın xatirələrini mən də oxumuşam. Lakin aradan on bir il keçəndən sonra bu karikatura iki milli mücahidin münasibətlərində ciddi sorun yarada bilməzdi. Cəlil Məmmədquluzadənin qardaşı Məşrutə hərəkatının fəallarından və Səttar xanın, Xiyabaninin yaxın siahdaşlarından idi. Xiyabani Mirzə Cəlili onun təklifi, yaxud vasitəsiylə, “Molla Nəsrəddin“ jurnalının İranda türk kimliyinin dərkində oynadığı rola görə dəvət etmişdi. Xiyabani “Molla Nəsrəddin”in Təbrizdə çıxmasına necə əngəl ola bilərdi ki, Mirzə Cəlillə görüşündən cəmi iki gün sonra vəhşicəsinə qətlə yetirildi. Xiyabaninin “Molla Nəsrəddin”ə münasibəti pis olsaydı, onun dostlarından olan Əbülqasım öz “Hüseyni” mətbəəsində dərginin nəşrinə icazə verməzdi.

Mənim oxuduğum ədəbiyyatlarda Xiyabaninin çox qısa ömürlü “cümhuriyyət”ində aparılan islahatlar arasında türk dilini rəsmi dil elan etməsi, ana dilində məktəblər açılması barədə ilk addımları da qeyd olunur ki, bunlar da sənin suçlamalarının tam əksidir. “Azadistan” adı da Xiyabaninin milli hökumətinin qurulmasından xeyli əvvəl—1920-ci ilin may ayında, “Azərbaycan bütün İran tarixi boyu həmişə azadlıq uğrunda qabaqcıl olub” məntiqi ilə, böyük Təbriz mitinqində qəbul edilmişdi. Bunun türk kimliyindən qaçmaq kimi yozulmasının nə dərəcədə əsaslı olduğu barədə bir söz deyə bilmərəm.

Nəhayət, Xiyabaninin “sovet yanlısı” olması… Bu məsələdə də o dövrün şərtləri nəzərə alınmalıdır. Səttar xanın, Xiyabaninin, Pişəvərinin Arazın quzeyində baş verən olaylardan təsirlənmələri, ordan yardım gözləmələri anlaşılandır. Xiyabani Demokat firqəsinin başında dayanırdı və o vaxt hələ cazibədar görünən və Avropada indi də cazibəsini itirməmiş sosial-demokrat hərəkatı ilə əlaqə qurmaq və ya dəstək almaq istəyi onun dünyada gedən prosesləri yaxımdan izlədiyini göstərir. Lakin mübarizəsinin mahiyyətində milli ideya dayandığına görə elə həmin demokrat cildindəki daşnakların xəyanətinə tuş oldu. Xiyabani hərəkatının süqutunda bolşeviklərin satqın rolunu Nəriman Nərimanov da gizlətməmiş və istehzayla, bunun İngiltərənin baş nazirinin xətrini xoş etmək üçün yapıldığını bildirmişdi.

Əzizim Güntay! Mən tarixin qaranlıqlarını ideallaşdıran adamlardan deyiləm. Lakin bütün tarixi zülmətxana kimi görüb, təsvir edənləri də qətiyyətlə rədd edirəm. Keçmişimizlə bağlı cavabını gözləyən suallar çoxdur. Bu sualların bəzilərinə mən də cavab verməyə çalışmışam və prinsipcə tarixin “qaranlıqlarının“ aydınlaşdırılmasını zərurət sayıram… Necə olub bu millətin özünə saygı hissi, öz dilini, varlığını, mədəniyyətini qorumaq instikti bu qədər yıpradılıb və zəifləyib. Bu, məni də çox düşündürür, ancaq bu suallar heç kimə milləti aşağılamaq haqqı vermir. Söyməklə, inkar etməklə iş bitməz. Arxeoloqların işinə bənzər bir ardıcıllıqla, inamla farsın, ərəbin ideoloji-dini basqı və hegemonluq külüylə örtülmüş ocaqlarımızı üfürüb hələ tamamilə sönüb getməmiş közləri közərtməliyik. Sən isə, bir çox hallarda, su töküb o közləri də söndürmək istəyirsən. Tam bir cahil, müqavimətsiz, fars düşüncəsinin əsiri, milli hissi və ləyaqəti olmayan, müstəqilliyini ancaq rusların hesabına qazanmış, şahları, sərkərdələri bu günün mollalarından seçilməyən bir xalq obrazı yaratmaq yanlışdır və Vətənə, millətə xidmət deyil! Buna görə də mən millətimin daha çox işıqlı tərəfləri, onun mənəvi enerji qaynaqları haqqında düşünürəm. Onun parçalanmış, sındırılmış taleyinin bizim kimi qələm adamlarının dilində daha da əzilərək, lağ və gülüş hədəfinə çevrilməsi Allaha və millətə xoş getməz!

Mən Savalan civarında böyümüşəm, yaylaqlarımızdan diqqətlə baxsan Ərdəbilin içində Şeyx Səfi kompleksini də görərsən. Uşaqlıqdan xəyalımızda bir Xətai obrazı yaranıb. “Xətai deyimləri” bu gün də Türkiyə ələviləri arasında dillər əzbəridir. Zaman keçdikcə onun səhvlərini də görür, anlayır və təəssüflənirik. Lakin bizim başqa tariximiz yoxdur. Onlar bizim atalarımızdır. Səhvlərinə görə onlardan imtina edə bilmərik. Bir gürcü rejissoru bunu yaxşı ifadə edib. Vaxtilə bir qaçaq haqqında dəyərli film çəkibmiş. Stalin həmin iki hissəli filmə baxandan sonra ertəsi gün rejissoru yanına çağırtdırıb söhbət edir və ona hirslənir, “necə oldu ki, sən bir quldura bu boyda film həsr edib, onu qəhrəmana döndərmisən?” Rejissor tərəddüd etmədən, “İosif Vissarianoviç, xalqa qəhrəman lazımdır, o yoxdursa da bizim borcumuz onu yaratmaqdır!”- deyir. Maraqlı cavabdır! Biri olmayan yerdən özünə qəhrəman yaradır, başqası olanların da hamısını gözdən salıb, xainə, mollaya çevirir…

Biz tariximizə yaşadığımız bölgənin mürəkkəb mənzərəsi fonunda baxmalıyıq. Türklər iki min beş yüz ildir İran-Turan savaşının, Çinlə, Bizansla, slavyanlarla mücadilələrin içindən keçib gəlirlər. Bugünkü dövlət coğrafiyaları daxilində nə Azərbaycanın, nə də digər türk dövlətlərinin normal tarixləri öyrənilə bilər. Güney, Quzey Azərbaycan da böyük türk dünyasının parçalarıdır. Bu dünyanı qaranlığa gömmək üçün yüz illər boyu müxtəlif siyasət və din mərkəzləri tərəfindən çeşidli layihələr hazırlanıb. Bütün bu xəyanətlərin və dini müdaxilələrin içində, qırğınlardan keçə-keçə gəlib bu günlərə çatmışıqsa, buna şükür eləməliyik. Hərdən mən də düşünürəm və bunu dəfələrlə demişəm ki, 1828-ci ildə ruslar Təbrizi də işğal etsəydilər, indi biz SSRİ-dən bütöv şəkildə ayrılardıq. Bununla belə, sənin “ruslar olmasa, bizim dövlətimiz olmazdı” iddian əsassızdır. Əvvəla, Azərbaycan ərazisində ruslardan öncə də çox dövlət yaranıb və biz onlardan imtina edə bilmərik. İkincisi, mərkəzdənqaçma nəticəsində yaranmış xanlıqlar və çoxu bir-biri ilə qohum olan xanlar, heç şübhəsiz, XIX əsrin siyasi havasına uyacaq və birləşəcəkdilər. Başqa yolları qalmayacaqdı. Alman əyalətləri kimi. Bu iş başlanmışdı. Təəssüf ki, o vaxt güclənməkdə olan Rusiyanın işğalı buna imkan vermədi. Və elə həmin gündən Azərbaycan türklərinin yeni faciələri başlandı: Qafqazda xristianlarla müsəlmanlara fərqli yanaşıldı, bir tərəfdə inkişafa yol açıldıqca digər tərəfdə o yollar qapadıldı və ya üstündə yüz cür əngəl yaradıldı. Rusların iki yüz ildə törətdikləri qətliamları xatırlasan, onları ideallaşdırmağa əsas qalmaz və yenicə müstəqil olmuş bir dövlətdə bunun törədə biləcəyi siyasi-psixoloji fəsadları görərsən…

Yazımı Xiyabaninin ölməz çağırışı ilə bitirmək istəyirəm və inanıram ki, bu səsə sən də səsini qoşacaqsan…

“Ey Azərbaycan, ey demokratik Azərbaycan! Başını qaldır!

…Ey ölməz Azərbaycan, bu ümidləri doğrult, başını yuxarı tut, yaşa, həmişəlik yaşa!”

Azərbaycan yaşayacaq! Nə qədər qaranlıq çağlardan keçsək və düşmənimiz nə qədər çox olsa da…

Comments are closed.