Bu gün 28 may Cümhuriyyət günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri keçmiş Şin Zavodun həyətində yerləşən Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət ediblər.
VHP sədri Sabir Rüstəmxanlı Cümhuriyyət tarixindən, Xalq Cümhuriyyətinin gördüyü işlərdən geniş danışıb. Bildirib ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi ilə parçalanmış Azərbaycanın quzeyində Xalq Cümhuriyyəti yarandığını elan etdi.
Tədbirdə qeyd edildi ki, AXC türk və islam dünyasında ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlətin nümunəsi idi. Müstəqil və demokratik Azərbaycan Cümhuriyyəti qısa vaxtda böyük uğurlara imza ataraq, ilk dəfə qadınlara seçim hüququ tanıyan, dinindən, millətindən, cinsindən və siyasi əqidəsindən asılı olmayaraq, hər bir vətəndaşın hüquq bərabərliyini təmin edən cümhuriyyət kimi çox dövlətlərə örnək oldu. Bu gün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik təsisatları 99 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti təmin etmişdi. Təəssüf ki, AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi və bolşeviklər tərəfindən devrildi. Sovet imperiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Buna baxmayaraq, istiqlal ideyası yenilmədi və böyük öndər Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” deyimində öz əksini tapdı. Nəhayət, 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Əsrin əvvəlində Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən bərpa olundu.
VHP MNTK sədri Felmar Ələkbərov və Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli də çıxış ediblər, cümhuriyyətlə bağlı fikirlərini bölüşüblər.

 

 

 

 

Comments are closed.