Cümhuriyyətimizin 99 ili ilə bağlı VHP Siyasi Şurasının təbriki

Hörmətli həmvətənlər!
Hər birinizi Müstəqillik Günü – Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü münasibəti ilə təbrik edirik.
Şərqdə ilk demokratik respublika olan AXC-nin yaranması tarixin olduqca mürəkkəb ictimai-siyasi və hərbi dövrünə təsadüf edir. Rusiya imperiyasının Birinci Dünya müharibəsindəki məğlubiyyəti və imperiyada başlayan inqilablar bir çox xalqlar kimi, 1813 və 1828-ci il Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiya tərəfindən işğal edilən Azərbaycan ərazilərinin bir hissəsində müstəqil dövlətimizi qurmaq imkanı yaratmışdı və o dövr milli mücahidlər, xalqımızın böyük ziyalıları bu böyük məsuliyyətin altına girməyi bacardılar.
AXC bir çox qanunları və parlament respublikası kimi fəaliyyəti ilə Şərqdə o dövr üçün inanılmaz demokratik azadlıqlar formalaşdırmışdı. Qadınların seçki hüququndan tutmuş ölkədə yaşayan müxtəlif etnik qrupların parlament və hökumətdə təmsilçiliyinə qədər yaradılan şərait öz dövründə Avropa ölkələri üçün belə bir nümunə idi. Əsasən Avropa təhsili alan ziyalıların bu cür addımlarla Şərqə demokratiya və insan azadlığı adına böyük bir örnək gətirmələri və bu örnəyin Azərbaycan adına edilməsi tariximizin ən şanlı səhifələrindən biridir.
Təəssüf ki, hər zaman qarışıq dövrlərdə olduğu kimi, 1918-ci ildə də ermənilərin məkri, silahlı erməni terrorçuların Azərbaycan ərazilərini işğal etmə planları və bunun arxasında böyük dövlətlərin dayanması AXC-nin qarşılaşdığı ən böyük çətinlik oldu. Erməni-daşnak qüvvələrinin Bakı da daxil olmaqla, bir çox şəhər və rayonlarımızda soyqırım həyata keçirməsi, Zəngəzurda, İrəvanda və İrəvanətrafı kəndlərdə yüzlərlə kəndimizi talan etməsi, Qarabağda qırğınlar törətməsi müstəmləkədən yenicə qurtulan və hələ milli ordusu formalaşmayan AXC üçün böyük çətinliklər yaradırdı. bütün bu təzyiqlərin, həmçinin Bakıda böyük qüvvəsi olan ingilis komandanlığının təsiri ilə 1918-ci il 29 mayda Azərbaycan Parlamenti İrəvan şəhərini 99 illik icarə ilə paytaxt kimi ermənilərə verməyə məcbur oldu.
Bu addım qırğınların dayanması və ermənilərin də öz müqəddaratını təyin etməsi haqda Avropanın həmin dövrdə ən güclü ölkəsi və Birinci Dünya savaşının qalibi sayılan Böyük Britaniyanın Qafqaz komandanlığının tələbi ilə gerçəkləşmişdi.
Buna baxmayaraq, ermənilərin Zəngəzur, Qafan, Meğri, o cümlədən Qarabağda qətliamları davam edirdi. Nəhayət, qısa müddətdə formalaşan 40 minlik milli ordu 1919-cu ildə Qarabağ və Zəngəzurda erməni terrorçulara qarşı uğurlu əməliyyatlar aparmağa başladı. Yalnız bundan sonra ermənilər sülh barədə müzakirələrə hazır olduqlarını bildirdilər.
AXC qısa müddətdə ölkədə böyük uğurlara imza atdı, Azərbaycan dünyanın 23 böyük dövləti tərəfindən rəsmən tanındı və 114 min kv kilometrlik ərazidə öz hakimiyyətinin təmini istiqamətində tədbirlər aldı.
Bu uğurlu hərbi-siyasi prosesləri isə 1920-ci il 28 aprel işğalı dayandırdı. Erməni daşnakların əvvəlcədən gizli razılaşmaya uyğun olaraq 1920-ci ilin əvvəlində Qarabağ və Zəngəzurda törətdiyi qətliamların qarşısını almaq üçün AXC ordunu ölkənin qərbinə yeritməyə məcbur olmuşdu və Bakı cəmi 2 minlik kiçik bir ordu ilə mühafizə olunurdu. Mayın əvvəlində ermənilərin Zəngəzur və Qarabağda təslim olduqları və Azərbaycan ərazilərindən çıxmağı qəbul etdiklərini elan etdikdən 2 həftə sonra isə 11-ci Qırmızı ordu fürsətdən istifadə edərək şimaldan ölkəyə soxuldu və Azərbaycan növbəti dəfə işğal edildi.
Bu işğal Azərbaycanın torpaqlarının növbəti dəfə parçalanmasına imkan tanıdı: Zəngəzur, Meğri, Qafan, Dərələyəz və Göyçə mahalı bütünlüklə ermənilərə verildi, Qarabağda isə “Dağlıq Qarabağ” adlı ermənilər üçün muxtariyyət yaradıldı…
70 ildən sonra müstəqilliyinə qovuşan Azərbaycan yenə də ermənilər tərəfindən soyqırıma, torpaq işğalına məruz qaldı: ənənəvi olaraq Azərbaycanın yenicə müstəqilliyə qovuşması və zəif, ordusuz olmasını fürsət bilən və buna gizli şəkildə xarici dövlətlərin dəstəyi ilə onillərlə hazırlaşan erməni-rus terrorçuları növbəti dəfə niyyətlərini həyata keçirməyə başladılar.
Əlbəttə, işğal edilmiş torpaqlarımız uğrunda mübarizə davam edir və edəcək. Ancaq bir faktı unutmamaq lazımdır: 1918-ci il cümhuriyyətimiz olmasaydı, o ağır şəraitdə ziyalılarımızın fədakarlığı ilə Azərbaycanın sərhədləri tanıdılmasaydı, Sovet Rusiyası ümumiyyətlə Azərbaycanın mövcudluğunu qəbul etməyəcək və bu ərazini AXC qurulmazdan öncəki səviyyədə – Bakının daşnaklar əlində olan şəhər-dövlət kimi saxlanılmasına razılaşmaqla, ərazilərimizdə istədiyi “bölgünü” və işğalı gerçəkləşdirəcəkdi. Məhz AXC və Azərbaycanın dünya dövlətləri tərəfindən rəsmən tanınması faktı işğalı pərdələmək üçün Sovet Azərbaycanının qurulduğu, burda fəhlələrin inqilab etdiyi barədə siyasi manevrləri gündəmə gətirdi. Guya işğal yox idi, fəhlələr inqilab etmiş və Sovet Azərbaycanı qurulmuşdu.
Bütün tarixi faktlar onu sübut edir ki, Azərbaycanın 1920-ci il mövcudluğu 1918-ci ildə AXC-nin yaranması və bu dövlət üçün həyatlarından keçən böyük ziyalılarımızın fədakarlığının nəticəsidir. Ona görə də bu gün AXC-nin qurulması və 23 ay ayaqda qalması, daha sonra isə mühacirətdə Azərbaycanın səsinin tanıdılması üçün mücadilə aparan, terrora məruz qalan və erməni-daşnakların sui-qəsdlərlə aradan götürdüyü ziyalılarımızı böyük ehtiramla anır, onların ruhuna dualar oxuyuruq.
Əminik ki, gün gələcək, 1918-ci ildə ziyalılarımızın başlatdığı Böyük Azərbaycana doğru gedən yol bir daha açılacaq və xalqımız tarixi Azərbaycan torpaqlarında Bütöv Azərbaycan dövlətini görəcək, işğal edilmiş bütün ərazilərimiz tarixin ədaləti ilə geri qayıdacaq.
Əziz soydaşlarımız!
Milli bayramınızı bir daha qutlayır, 50 milyonluq Azərbaycan xalqını təbrik edir və hər birinizə o Böyük Günü görməyi arzulayırıq.

Comments are closed.