VHP Siyasi Şurasının partiyanın sədri, xalq şairi Sabir Rüstəmxanlıya təbriki

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xlaq şairi Sabir Rüstəmxanlının 71 yaşı tamam olur. Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini, 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” fəaliyyətə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirən S.Rüstəmxanlı 1976-cı ildə “Molla Nəsrəddin” və folklor” mövzusunda dissertasiya müdafiə edib. 1978-1989-cu illərdə “Yazıçı” nəşriyyatının baş redaktoru olub. 1970-ci ildə ilk kitabı – “Tanımaq istəsən” – dərc edilib. Sabir Rüstəmxanlı 50 ildən artıqdır öz qələmi ilə sözün bütün mənalarında millətinə, dövlətinə xidmət edir. Milli kimlik şüurunun oyanması istiqamətində 60-cı illərdə başlayan böyük ziyalı axınına qoşulan və qısa müddətdə bu axının liderinə çevrilən Sabir Rüstəmxanlının bütün yaradıcılığı milli yaddaş, bütövlük, unutdurulan, təhrif edilən türk tarixinin, Azərbaycan varlığının ifadəsi və təbliği olub. Təsadüfü deyil ki, Sabir Rüstəmxanlı 1988-ci ildə başlayan və həmin dövrdə bütün SSRİ-ni silkələyən Milli Azadlıq Hərəkatının lideri oldu. Meydanlara çıxan milyonlarla insan əlində S.Rüstəmxanlının “Ömür kitabı”nı bir bayraq olaraq gətirmişdi ki, bu da Rüstəmxanlı yaradıcılığının xalqın milli şüurunun inkişafında oynadığı rolun hansı səviyyədə olduğunun bariz nümunəsidir. Sabir Rüstəmxanlı yaradıcılığı və onun ictimai missiyası əsərlərinin adlarında da daim görünüb: “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Ömür kitabı”, “Zaman məndən keçir” kitabları, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemaları, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm zirvəsi (Cavad xan)”, “Difai fədailəri” romanları tarixi gerçəkliklərin bədii-poetik ifadəsi, milli düşüncənin tərənnümü kimi yaddaşlara köçüb. İctimai-siyasi fəaliyyəti ilə də hər zaman nümunə olmağa çalışan Sabir Rüstəmxanlı 1995-ci ildə 4.5 il çalışdığı nazir vəzifəsindən istefa verərək, parlamentdə fəaliyyətini davam etdirib. 25 ilə yaxın millət vəkilliyi dönəmində də hər zaman ictimai ağrıları dilə gətirib, ambisiyadan kənar, Azərbaycanın dövlət və millət maraqlarına uyğun mövqeyini hər zaman ifadə edib. Sabir Rüstəmxanlı ölkəmizin nicatının vətəndaş həmrəyliyində, milli birlikdə olduğunu hələ Hərəkatın ilk illərindən anlayan və fəaliyyətini bu yöndə quran şəxsdir. 1992-ci ildə bu ideyalarını siyasi hərəkat olaraq davam etdirib və Azərbaycanın milli birliklə, həmrəyliklə hədəflərinə çata biləcəyini ictimai təfəkkürdə kifayət qədər yaymağı bacarıb. Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı Konstitusiya Aktına imza atan şəxs kimi tarixə düşən Sabir Rüstəmxanlı ömrü boyu arzuladığı müstəqilliyi görüb və bu mənada özünü xoşbəxt saya bilər. Ancaq əlbəttə ki, S.Rüstəmxanlının arzuladığı müstəqillik bu deyil: o, işğaldan azad, qaçqın-köçkünü olmayan daha qüdrətli və Bütöv Azərbaycanın vətəndaşıdır , ölkəmizin mövcud deyil, mənəvi sərhədlərini aydın təsəvvür edən və bu ideallarla yaşayan şəxsdir! Təsadüfü deyil ki, bu niyyətlə uzun illərdir ölkəmizin xaricdə ən böyük diapor təşkilatlarından olan Dünya Azərbaycanlıları Konqresinə rəhbərlik edir. Sabir Rüstəmxanlını ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona ruhunun imkan verdiyi səviyyədə, böyük enerjisi ilə ictimai-ədəbi və siyasi fəaliyyətini davam etdirməsi üçün möhkəm can sağlığı və ideallarına, böyük hədəflərinə çatmağı, azərbaycanlıları bölünmüş deyil, bütövləşmiş xalq olaraq görməyi arzulayırıq.

Comments are closed.