Aprelin 22-də Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, dissident jurnalist, ictimai siyasi xadim, şair, yazıçı Ağamalı Sadiq Əfəndinin 70 illik yubileyi ilə bağlı BMM-də tədbir keçirilib.

 

Abzas.net xəbər verir ki, tədbirdə ictimai-siyasi xadimlər, jurnalistlər, yazıçılar və onun yaxınları iştirak edib.

Tədbiri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı açdı. Daha sonra Ağamalı Sadiq Əfəndi haqqında qısa film təqdim edildi.

Sabir Rüstəmxanlı dissident jurnalistin Milli Azadlıq Hərəkatı dövründən tanıdığını bildirdi, onun yaradıcılığı ilə bağlı danışdı.

“Meydan hərəkatı dövründə bir mövzunun mübahisəsi gedirdi ki, qələm adamı, yazıçı ictimai-siyasi məsələlərə qarışmalıdırmı, yoxsa yox. Bir tərəf deyirdi ki, xalqın problemlərinə, mübarizəsinə qoşulan şairlərin ədəbiyyatda yeri yoxdu, bu proseslərə qarışanda onlar ədəbiyyatdan çıxırlar. Digər tərəfin sözü isə odur ki, şair, yazıçı, jurnalist vətəndaşın, xalqın mübarizəsindən kənarda qalmamalıdır. Ağamalı Sadiq Əfəndi də bu mövqedə olan və onun nümunəsini yaradan insanlardan biri idi”.

Sabir Rüstəmxanlı çıxışından bildirdi ki, yüz minlərlə insan meydana çıxanda kimsə evdə qalırsa, deməli həmin insanların ruhu yoxdu. Qələm adamları yol göstərən olmalıdı. Xalqın mübarizəsində mütləq onun yanında olmalıdır.

“Ağamalı Sadiq ilk gizli, dissident mətbuatı yaradan adamlardan biri idi. Biz bir yerdə işləmişik. Adil Cəmil, Ağamalı Sadiq orda işləyirdi. Çox sevinirəm ki, həmin insanların ilk kitablarının çapında mənim də köməyim dəstəyim oldu. O, Azərbaycan müxalifətinin səsi, sözü, siması olub”.

 

Ədəbiyyatşunas Rüstəm Kamal isə bildirdi ki, A.Sadiq həm milli tariximizin, həm də milli ədəbiyyayımızın ləyaqətli nümunəsidir.

“Mən fikirləşirəm ki, 1918-20-ci illərdə ilk cumhuriyyəti yaradan şair, yazıçılarla 90-ci illərdə ikinci cumhuriyyətimizi yaradanlara, o prosesdə iştirak edənlərə eyni baxmalıyıq. İmperiya dövlətləri üçün yazıçıların həyatı başqa əhəmiyyət kəsb edə bilər, amma Azərbaycan milli dövləti üçün bunun başqa əhəmiyyəti var. Ağamalı sadiq əfəndi ləyaqətli vətəndaş və şair kimi yaşadı”.

 

Müsavat Partiyasının keçmiş başqanı, MSDM sədri İsa Qəmbər də Ağamalı Sadiq Əfəndi haqqında fikirlərini xatirələrini danışdı. O, dedi ki, xalq hərəkatı fəalını həyatı boyu ən önəmli dostlarımdan biri kimi bilib.

“1986-87-dən başlamış vəfatına qədər biz bir yerdə olmuşuq. Sadiq əfəndi çox tərəfli insan idi. Bəlkə də ona görə onun haqqında çox danışılmır. Şairlər gözləyir ki, mübarizə yoldaşları onun haqqında danışsın, mübarizə yoldaşları gözləyir ki, jurnalistlər danışsın, jurnalistlər də gözləyir ki, yazıçılar danışsın. Amma bizim hamımız bu barədə dəfələrlə danışmalıyıq, tanıtmalıyıq. Gənclərimizə Ağamalı Sadiq Əfəndi haqqında həqiqətləri deməliyik”

Siyasətçi bildirdi ki, o, Azərbaycan ədəbiyyatının ən nəhəng şairi, ən böyük jurnalisti, ən dəyərli vətəndaşı idi.

“Ağamalı Sadiq Xalq Cəbhəsinin təsis konfransının təşkilatçısı olub, sovet hökuməti imkan verilmirdi heç bir yerdə toplaşaq. Amma o oğlunun sünnət toyu adı altında AXC-nin təsis konfransını yaşadığı binanın qonşuluğunda bir məclis zalında təşkil etdi. Ağamalı Sadiq belə cəsarətli insan idi. Milləti, vətəni üçün bütün təhlükələrin altına girməyə hazır idi. Azərbaycan müstəqil mətbuatının yaranması prosesində 3-5 insanın adı çəkiləndə mütləq Ağamalı Sadiq Əfəndinin də adı çəkilməlidir. Azərbaycanın ən görkəmli şəxsiyyətilərindən biridir və Azərbaycan tarixində xüsusi yeri var. O, tək Qazaxın, Tovuzun deyil, heç Azərbaycana da aid deyil, türk dünyasının da şairi deyil, Ağamalı Sadiq Əfəndi bütün yaxşı adamların ürəyində olan, qalan bəşər miqyaslı insan idi”.

 

Ağamalı Sadiqin həm yaxın dostu, həm də tələbə yoldaşı Adil Cəmil də çıxış edib. O bildirib ki, dissident jurnalist onlardan çox fərqli idi, həm də ona müəllimləri kimi baxırdılar.

“Bizimdə yadımızda azadlıq ideyalarının müəllifi kimi qalıb. 1973 ildə biz Fəxri Xiyabana milli yürüş təşkil etdik, Şixəli Qurbanovun məzarını ziyarət etdik. Küçə ilə gedərkən, gözləmədiyimiz halda bizə çoxlu insan qoşuldu, sonra bizi qara maşınlar elə ordan götürüb dəniz qırağına apardılar. Bizi hədələdilər, az qalmışdı hamımızı universitetdən qovsunlar. Amma yaxşı müəllimlərimiz bizi qorudu, biz qaldıq. Ağamalı Sadiq Əfəndi ilə bizim belə çoxlu xatirələrimiz olub”.

 

Politoloq Hikmət Hacızadə də tədbirdə çıxış etdi. O, xatirələrindən, Ağamalı Sadiq Əfəndi ilə dostluğundan danışdı.

“Məsələn, Səməd Vurğun utopik Azərbaycan haqqında yazırdı, amma Ağamalı Sadiq real azərbaycan haqqında yazırdı. Onunla möhkəm dostluğumuz var idi. Mən gitara aşiqi idim, o saz, amma biz çox yaxşı dost idik. O vaxt nə müstəqil ədəbiyyat çap etmək olurdu, nə yazı. Amma Ağamalı Sadiq Cəbhənin bütün yazı işlərini, çap işlərini ciddi təhlükə olmağına baxmayaraq görürdülər. Əlişar Səfərli ilə birgə gedib materialların çapını həyata keçirirdilər”.

 

TQDK-nın sabiq sədri Vurğun Əyyub Ağamalı Sadiq haqqında çox yazdığını, dəfələrlə müsahibələrində danışdığını bildirdi.

“Hərəkat həm də bizə belə insanları tanış etdi, həmin insanları tanıdıq. Onun bir maşını var idi, həmin maşınla Azərbaycanı qarış-qarış gəzmişik. Ağamalı öz qiymətini hələ tam almayıb. Azərbaycan ədəbiyyatşünaslığının bu mənada hələ çox işi var”.

 

Ağamalı Sadiq Əfəndi kimdir? 

Əfəndiyev Ağamalı Əhməd oğlu (Ağamalı Sadiq) — dissident jurnalist, ictimai siyasi xadim, şair, nasir.

Ağamalı Sadiq 1947-ci il martın 8-də Qazax rayonunun Qaymaqlı (İncə dərəsi) kəndində ziyalı ailəsində anadan olub. 1964-cü ildə burada orta məktəbi bitirib. Əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik mantyoru kimi başlayıb. 1972-1977-ci illərdə ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirib. “Yazıçı” nəşriyyatında korrektor, “Maarif” nəşriyyatında redaktor, “Ulduz” jurnalında ədəbi işçi və 1992-1993-cü illərdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifələrində çalışıb.

“Müxalifət” qəzetini 1991-ci ildə yaradıb və onun ilk baş redaktoru olub. 1979-cu ildən şeir, hekayə və publisist yazıları ilə dövrü mətbuatda müntəzəm çıxış edib. Əsərləri türk rus və özbək dillərinə tərcümə olunub.

Ağamalı Sadiq Əfəndi 1987-ci ildə Azərbaycanda başlanmış milli azadlıq hərəkatının fəal öncülü, müasir, demokratik mətbuatın məşhur yaradıcılarından biri olub. Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupunun qurucularından biri və onun təsis konfransının təşkilatçısıdır.

AXC-nin təsis konfransı 1989-cu il iyunun 16-ı 8-ci mikrorayonda onun yaşadığı binanın yaxınlığında, 27-ci binanın qarşısındakı xeyir-şər evində kiçik oğlunun sünnət toyu adı altında keçirilib. Həmin konfransda Ağamalı Sadiqin yaxın silahdaşı Azərbaycanın ilk demokratik seçilmiş prezidenti Əbülfəz Elçibəy AXC sədri seçilib.

1990-cı il 20 yanvar faciəsindən sonra üzvü olduğu SSRİ Yazıçılar İttifaqından istefa verib, ona kəsilmiş yüksək təqaüddən imtina etib, o zamankı rejimin təqib və təzyiqlərinə baxmayaraq informasiya blokadasını yarmaq üçün qeyri-leqal (samizdat) FV-ÇP “fövqəladə vəziyyət” qəzetlərini və bülletenləri məxfi şəkildə nəşr etdirərək xalqa yayıb. Onun imzası “Asəf” kimi tanınırdı, bu elə Ağamalı Sadiq Əfəndi demək idi.

O, bu qəzetlərdə yazırdı: “Məni bəzən qəzəbli jurnalist adlandırırlar, ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqdır. Mənə elə gəlir ki, bunların hamısı yaşadığım sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi. Çünki bu cəmiyyətdə insan simasızlaşır, bir-birini satmaq istedada çevrilirdi, şəxsiyyət alçalır, əyilir, bir tikə çörəyini qazanmaq, irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı”.

1990-cı ildə Bakı şəhəri fövqəladə vəziyyət şəraitində olduğu zaman, fevral ayında fəaliyyəti dayandırılmış “Azadlıq” qəzetini bərpa edib və “Azadlığa” rəhbərlik edərək 12 nömrəsini nəşr edib. Faciə günündən az keçməmiş Almaniyanın Münxen şəhərindən yayımlanan “Azadlıq” radiostansiyasına hadisənin təfərrüatları barədə Mirzə Xəzərlə canlı müsahibələr verib və Bakı şəhərində günahsız, əliyalın insanların Sovet qoşunları tərəfindən kütləvi qətl edilmələrini bütün dünyaya bəyan edib.

1990-cı ildə Ağamalı Sadiq Azərbaycan Ali Soveti deputatlığına doğulduğu Qazaxdan namizədliyini irəli sürür. Xalqın səsini alsa da nəticələr kəskin şəkildə saxtalaşdırılır. Bu saxtakarlığın başında o zaman Moskvanın Azərbaycana təyin etdiyi səlahiyyətli canişini Viktor Petroviç Polyaniçko dururdu.

Ağamalı Sadiq 1992-ci ildə Mədəniyyət Nazirinin müavini vəzifəsində çalışmışdır. 1995-ci ilin noyabrında Sumqayıt 41 saylı seçki dairəsindən Milli Məclisə namizədliyi qeydə alınsa da səhhətinin pisləşməsi ilə əlaqədar namizədliyini geri götürür.

1995-ci il dekabrın 12-də səhərə yaxın ağır cərrahiyyə əməliyyatından bir neçə saat keçmiş, saat 14 radələrində Topçubaşov adına eksperimental Tibb institutunda “koronar ürək çatışmazlığı” diaqnozu ilə 48 yaşında vəfat edir.

13 dekabr 1995-ci ildə ata yurdu Qazaxın Qaymaqlı kəndində (İncə dərəsi) böyük izdihamın müşayəti ilə torpağa tapşırılır.

 

abzas.net

Comments are closed.