Əksər təşkilatların başı özünə qarışıb, kimisi qurultaya hazırlaşır, kimisi də daxili təşkilatlanır…

Adətən yaz-yay aylarında siyasi partiyaların fəaliyyətində müəyyən bir aktivlik hiss olunurdu. Lakin Azərbaycanda artıq bir neçə ildir ki, müxalifət partiyalarının fəaliyyətində mövsümi tərpənişlər müşahidə edilmir.

Maraqlıdır, hazırda müxalifət partiyaları nə iş görür?

Sorğumuz nəticəsində öyrəndik ki, hazırda partiyaların bir qismi qurultaya hazırlaşırlar.

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatını rəhbəri Samir Əsədli “Yeni Müsavat”a bildirib ki, onlarda da qurultay hazırlıqları davam edir:
“Təkcə qurultay deyil, eyni zamanda partiyanın 25 illik yubileyinə də hazırlaşırıq. Demək olar ki, kənd rayonlarının konfranslarını keçirmişik, böyük şəhərlər, eyni zamanda Bakı qalıb. Nəzərdə tutmuşuq ki, sentyabr ayına qədər konfransları yekunlaşdıraq. Konfransların keçirilməsi əsasən texniki proseslərə görə yubanır. Yerlər tapmırıq, evlərdə də keçirəndə müdaxilələr olur. Dəfələrlə olub ki, rayon təşkilatlarının konfransını keçirən zaman polis müdaxilə edib. Ali Məclisin, İcra Aparatının, Siyasi şuranın fəaliyyət planlarına uyğun olaraq da gündəlik fəaliyyətimiz davam edir. Həm rayon təşkilatlarının, həm də digər sturukturların toplantıları keçirilir”.
Ümid Partiyasının sədr müavini Tamilla Qulami isə partiya fəaliyyətləri ilə bağlı aşağıdakıları söylədi: “Partiya olaraq elə bu gün (dünən -red.)də toplantıdaydıq. Ölkədəki ictimai-siyasi prosesləri dəyərləndirdik. Hazırda rayon təşkilatlarının yeni konfranslarının keçirilməsi nəzərdə tutulub, regional müşavirələrə hazırlıq gedir. Digər partiyalarla isə hər hansı bir əməkdaşlıq, yeni layihələr planlaşdırmırıq”.
ADP sədrinin müavini Həsrət Rüstəmov bildirib ki, partiya olaraq cari işlərlə məşğuldurlar: “Çalışırıq ki, partiyanın bacardığımız qədər təşkilat işləri ilə məşğul olaq. Hər həftə toplantılarımız olur. Biz əslində nizamnaməyə uyğun olaraq qurultay keçirməli idik. Lakin obyektiv səbəblərə görə bu qurultayı təxirə salmışıq. Payızda qurultayımızı keçirməyi happy wheels demo planlaşdırırıq və bu istiqamətdə yerli təşkilatlarla iş aparırıq. Xüsusi, nəzərəçarpan hadisə olduğu zaman isə dərhal toplaşıb, buna reaksiya veririk. Çalışırıq ki, respublikanın ictimai həyatında baş verən hadisələrdən kənarda qalmayaq. Hazırda gördüyümüz işlər bundan ibarətdir. Hər həftənin birinci günü partiyanın idarə heyəti, nəzarət-təftiş qrupu toplanır, yerli təşkilatlar da ən azı 3 aydan bir toplantı keçirir. Həmçinin Ali Məclisin də toplantılarını il ərzində ən azı 2-3 dəfə keçiririk”.
KXCP sədrinin müavini Xəzər Teyyublu isə söyləyib ki, onlar da daxili təşkilatlanma işləri ilə məşğuldurlar:
“Eyni zamanda bizim bir sıra siyasi partiyalarla əməkdaşlığımız da mövcuddur və hər həftə onlarla toplantılarımız keçirilir. Ümumilikdə ictimai-siyasi hadisələrə münasibətlər bildirilir. Bu ayın da sonunda eyni ilə tədbir keçirməyi planlaşdırırıq. Hər həftə idarə heyətimizin toplantısı keçirilir. Aprelin 2-də isə partiyanın Ali Məclisinin toplantısı keçirildi. Hər həftə keçirilən toplantılar sayəsində müvafiq hadisələrə reaksiyalarımızı bildiririk”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Yeni Müsavat”a bildirib ki, hazırda qurultaya hazırlığı yekunlaşdırırlar: “İstisna deyil ki, may ayında partiyanın növbəti qurultayı keçiriləcək. Hazırda bütün işlərimiz həmin qurultayın hazırlığına köklənib. Partiyanın təşkilat komitəsi hər şənbə və bazar günləri toplanıb, cari işləri müzakirə edir. Eyni zamanda partiya olaraq biz iki formatda təmsil olunuruq. Bunlardan biri partiyaların məşvərət heyətidir. Uzun müddətdir ki, bu formatda təmsil olunan partiyalarla hər həftənin birinci günü toplaşırıq. Bu formatda bizim aprel və may aylarına planlaşdırdığımız iki tədbirimiz var. Digər iştirak etdiyimiz format isə Milli Təşəbbüs Qrupu formatıdır. Orada aprel və may ayları üçün nəzərdə tutulan bir sıra tədbirlər planlaşdırılıb”.

Əli Rais

Yeni Müsavat qəzeti

Comments are closed.