“Bu milləti öz tarixi kökündən uzaqlaşdırmaq, bu xalqın qürur duyduğu tarixini kiçiltmək, onun böyüklüyünə şübhə yaratmaq siyasətidir”.

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, böyük siyasətçi, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatının 62-ci ildönümüdür. Bu tarixi şəxsiyyətlə bağlı bir çox ziyalılarımız geniş məqalələr yazıb. Azərbaycan milli istiqlal hərəkatının təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Rəsulzadənin danılmaz xidmətlərini layiq olduğu qədər dəyərləndirə bilirikmi sualı dəfələrlə beynimdə təkrarlandı. Buna səbəb isə, bu yaxınlarda yol infrastrukturunun dəyişməsi ilə əlaqədar olaraq Mikayıl Müşfiqin abidəsinin sökülməsini böyük etirazlarla qarşılayan ziyalılarımız, Milli Məclisin deputatları və bir çox siyasi xadimlərin ötən il Gəncədə Məmməd Əmin Rəsulzadənin büstünün başına çuval keçirilən zaman susması, hətta namizədliyi Gəncədən seçilmiş gənc Millət Vəkili Aydın Abbasovun Məmməd Əmin Rəsulzadə haqqında sərt tənqidinə cavab verilməməsi həmin hadisələri yenidən xatırlamağa səbəb oldu. Məmməd Əmin Rəsulzadənin müstəqil Azərbaycan quruculuğu uğrunda göstərdiyi fədakarlıqlar layiq olduğu dərəcədə qiymətləndirilirmi? Həmin hadisələrdə ziyyalılarımızın susduğu vaxt bu hörmətsizliyə etiraz edənlərdən biri Sabir Rüstəmxanlı oldu.

İnterpress.az saytı Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıya müraciət edərək məsələyə münasibət bildirməsini xahiş etdi. Mikayıl Müşfiqin abidəsi ətrafında səs-küy salan ziyalılarımız və jurnalistlərimiz niyə həmin zaman susdular, Məmməd Əmin Rəsulzadəyə ögey münasibət hardan qaynaqlanır sualına cavab olaraq bildirdi ki:

Bu məsələdə ayrı seçkilik salmaq olmaz. Tariximizə, ənənələrimizə, mənəvi irsimiziə , mənəvi sərvətlərimizin hamısına eyni gözlə baxılmalı və bu məsələ ilə bağlı ögey-doğmalıq olmamalıdır. Həm Müfiq, həm Xətai, həm Məmməd Əmin və digərləri hamısı bizim doğmamız və bizim Milli sərvətimizdir. Müfiqin abidəsi ilə bağlı məsələdə bir az tələsikliyə yol verilərək qərar verilmişdi. Millətə, xalqa izahat verilmədən və öncədən yer hazırlamadan söküntü işlərinin aparılması haqlı narazılıq yaratdı. Müşfiqin abidəsi ətrafında yaradılmış narazılıq onu sübut etdi ki, Millətimiz öz keçmişi ilə bağlı olan məsələlərdə tam laqeyd deyil və bu çox qürurverici hal idi. Əslində Müvfiqin abidəsi olan yer nə onun adına, nə onun ruhuna layiq olan yer deyildi. Düzünə qalsa onun abidəsinin yerinin dəyişdirilməsinə sevinclə yanaşdım. Amma təəssüf ki, eyni həssaslığı Məmməd Əmin Rəsulzadənin xatirəsinə münasibətdə görmürük.
Müstəqil Azərbaycanda müstəqilliyin cəfakeş banısi, qurucusu olan şəxsiyyətin adı universitetdən götürüldü. Hansı prinsip olursa olsun bu universitetdə Məmməd Əmin Rəsulzadənin adına toxunmaq qolmazdı. Həmin universitet onun təşəbbüsü ilə qurulmuşdu. Hətta ona etraz ediləndə ki, bu universitetdə Azərbaycan dilində dərs deyəcək kifayət qədər müəllimlər yoxdur, həmin vaxt o demişdi ki, eybi yox qoy bəzi dərslər rus dilində keçirilsin amma ən vacibi budur ki, Azərbaycanın öz dövlət universiteti yaradılsın. Lakin illər sonra həmin universitetdən onun adı götürüldü. Bir zamanlar Bakıda sahilə yaxın ərazidə, “Kukla Teatrı”nın qarşısında Məmməd Əmin Rəsulzadənin abidəsi ucaldılacağı barədə lövhə vurulmuşdu.
İllərlə həmin lövhə orda qalsa da həmin abidə ucaldılmadı və abidə qoyulması unuduldu. Amma iyə belə olduğunu hələ də anlamaq olmur. Düzdür, onun doğulduğu kənddə kiçik bir abidəsi var, amma Bakıda Məmməd Əmin Rəsulzadənin abidəsinin olmaması çox utanc verici haldır. Buna bənzər faktlar isə çoxdur, məsələn Pedoqoji Universitetin yaxınlığında Məmmədhüseyn Şəhriyarın abidəsinin ucaldılacağı barədə lövhə vurulmuşdu, amma illər keçsədə orda heykəl ucaldılmadı və beləcə də unudulub getdi. Bəlkədə şəhərin böyük planına uyğun olaraq əvvəlcə verilən bu qərarlar sonradan dəyişilib, amma belə məsələllərə həssas yanaşmaq lazımdır. Yüz ölçüb bir biçərək elə etmək lazımdır ki, bu millət kiminsə əziz xatirəsi ilə oynanıldığını fikirləşməsin.
Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin başına salınan çuvalı neçə illər çıxartdırmaq olmadı. Sanki Gəncədə Məmməd Əmin Rəsulzadəyə xüsusi nifrət havası vardı. Hansı ki, Məmməd Əmin Rəsulzadənin iştirakı ilə fəaliyyət göstərən ilk parlament Tiflisdən sonra Gəncədə qurulmuşdu. Müstəqil Azərbaycan üçün gecə-gündüz böyük risklə çalışdığı aylar məhz Gəncədə olmuşdu.
Parlamentin ilk yığıcağı keçirilən bina hələdə Gəncədə durur. Biz o vaxt təklif etmişdik ki, parlament yığıncaqlarından birini Gəncədə keçirək. Lakin təəssüf ki, bu təklif qəbul olunmadı. İndi Gəncədə nəinki Rəsulzadənin layiqli abidəsi var, hətta onun adına olan o kiçik büstə də böyük sayğısızlıq göstərildi. Bu barədə dəfələrlə yazıb etirazımı bildirsəmdə Milli Məclis üzvləri və ziyalılarımız tərəfindən müdafiə olunmaq əvəzinə Rəsulzadə ilə bağlı müdafiəyə qalxdığımız üçün bizə çirkab atdılar və üstəlik təhqir də olunduq.
Paytaxt Bakıda Məmməd Əmin Rəsulzadənin adına park salınıb abidə ucaldılacaqmı ilə bağlı suala cavab olaraq dedi ki: Mən hər zaman bildirirəm ki, Məmməd Əmin Rəsulzadə layiqincə anılmalıdır. O, Azərbaycanın quruculuğu uğrunda əmək çəkən dahi bir şəxsiyyətdir. Düzdür, hesab edirəm ki, ona heykəl qoyuldu ya qoyulmadı onsuzda Məmməd Əmin Rəsulzadə imzasını silmək olmaz bu mümkün deyil. Çünki Məmməd Əmin Rəsulzadə Azərbaycana olan sevgisi, mübarizliyi, əqidəsi, yorulmazlığı ilə tarixdə silinməz iz qoyub.
Türkiyə və Azərbaycanda onun haqıında yazılan kitabları oxuduqca heyrətə gəlirəm ki, bu insan hansı ölkədə yaşamasından asılı olmayaraq Azərbaycan uğrunda yaşayıb yaradıb. Dünyanın hansı ölkələrində olubsa Hollandiya, İran, Rusiya, Türkiyə, Finlandiya, Almaniya, Polşa, Fransa və digər xarici ölkələrdə mühacir və ya qonaq yaşamasından asılı olmayaraq o, bütün ömrü boyu həmin ölkələrin siyasi hətaına girərək mətbuatda Azərbaycanın səsini qaldıraraq çıxışlar edib. Öz vətəni haqqında onlarla məqalələri xaricdə və Avropada çap olunub.
İndi Avropada olan Azərbaycan ziyalılarının və siyasətçilərin hamısının yazdığı məqalələr üst-üstə toplanılsa Məmməd Əmin Rəsulzadənin yazdığı məqalələrin yarısı etməz. Belə olan halda ona olunan ögeylik və ya doğmalıq Məmməd Əmin Rəsulzadənin heç eyninə deyil. Xutorda çox kiçik və eybəcər bir küçəyə Səttar Bəhlulzadənin adını vermişdilər. Həmin küçə haqqında Şəhər Sovetinə yazdığım açıq məktubumda mən öz şerimdə də göstərib yazmışdım ki, “Adına bir küçə oldu, olmadı Səttar Bəhlulzadənin nə vecinə” deyə etirazımı belə bildirmişdim.İndi Məmməd Əmin Rəsulzadənin abidəsinin olub olmaması onun xalqın qəlbində qurduğu zirvəsini kiçiltmir və heç vecinə də deyil.
Məmməd Əmin Rəsulzadəyə göstərilən münasibət əslində o münasibət göstərənlərin səviyyəsini, onların tariximizə yanaşma səviyyəsini, Azərbaycan Türklərinin taleyinə və tarixinə olan münasibətlərini və necə yanaşmasını göstərir. Bu barədə mən çox uzun illər yazıb əsəbləşmişəm.
Amma indi başa düşmüşəm ki, bunlar müəyyən bir sistemə bağlıdır. Əgər bu gün Azərbaycanda Türklüyə hücum varsa, əgər kimsə hətta o qədər cəsarət edib tək özünün yox, bütün Azərbaycan xalqı adlndan, “Biz Türk deyilik, Azərbaycanlılar Türk deyil” kimi ifadə işlədirsə, “Şah İsmayıl Xəatinin ulu nənəsi Trabzondan olub, deməli onun nənəsi xristian olub” kimi bir böhtan deyilirsə, özləri də anlamırlar və bilmirlər ki, həmin nənələrdən qan keçmir, nənələr xristian olsa belə həmin ailələrə Müsəlmançılığı qəbul edib Azərbaycan ailələrinə gəlirdilər.
Əgər bu gün Babəkə dil uzatmağa qalxırlarsa, dahi klassiklərimizin hər birində bir əmma axtarırlarsa demək ki, bu elə belə məsələ deyil. Belə münasibət bu milləti öz tarixi kökündən uzaqlaşdırmaq, bu xalqın qürur duyduğu tarixini kiçiltmək, onun böyüklüyünə şübhə yaratmaq siyasətidir. Onu da söyləyim ki, bu çox yalnış, əbəs bir siyasətdir dedi.

İnterpress.az
Aynur Arifqızı

 

Comments are closed.