Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Qusar rayon təşkilatının sədri Həsənbala Məmmədovun 70 illik yubileyi ilə bağlı VHP sədri, xalq şairi Sabir Rüstəmxanlının təbriki.

 

Hörmətli Həsənbala bəy!

 

Sizi 70 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə can sağlığı, uzun ömür arzulayırıq. Siz Azərbaycanın bölgələrində yaşayan və bölgənin inkişafında xidmətləri olan ziyalılarımızdan birisiniz. Adətən insanlar elmi-ictimai fəaliyyət məkanı kimi yalnız paytaxtı seçməli olduqları barədə yanlış düşüncədə olurlar. Siz isə əyalətdə yaşadığınız halda elmi fəaliyyətdən ayrılmadan böyük bir ömür keçmiş, alim adını qazanmış, filologiya üzrə fəlsəfə doktoru kimi pedoqoji fəaliyyətinizi davam etdirmisiniz. Məhz həyatını ata-baba yurduna bağlayan sizin kimi ziyalıların sayəsində Azərbaycanda 1988-ci ildə başlayan azadlıq hərəkatı qısa müddətdə bütün ölkəmizi əhatə etdi.

 

Siz də 1988-ci ildə xalq hərəkatında aktiv rol oynadınız və Azərbaycan Xalq Cəbhəsinin (AXC) Qusar rayon təşkilatının aktivi kimi ölkəmizin hədəflərinə çatmasında, müstəqillik əldə etməsində ziyalı və vətəndaş mövqeyini ortaya qoydunuz.

 

Sizin müstəqillikdən sonra Azərbaycanda başlayan vətəndaş cəmiyyəti quruculuğuna qoşulmağınız və siyasi fəaliyyətinizi Vətəndaş Həmrəyliyi Partiyasında davam etdirməyinizi də biz təsadüfü hesab etmirik. Çünki məhz aydınlar, böyük təcrübəsi və dünyagörüşü olan ziyalılar bilir ki, bir millət yalnız vətəndaş həmrəyliyi, milli birliklə tarixin ən çətin sınaqlarından çıxa, ölkənin bütövlüyünü və inkişafını təmin edə bilər. İllərdir hüquq müdafiəçisi kimi Qusarda və ümumiyyətlə, o bölgədə insanlara hüquqi yardım göstərməyiniz də vətəndaş cəmiyyəti, hüququn aliliyi prinsipinə sadiqliyinizin təzahürüdür.

 

Siz bütün həyatınızı bu yola həsr etmisiniz və 70 yaşın ucalığında çox az insana nəsib olan bir könül rahatlığı qazandığınızı düşünmək olar. Çünki siz həyatımızın ən başlıca qayəsi olan müstəqillik ideyasının gerçəkləşdiyinin şahidi olan, onun qorunmasında iştirak edən və deməli, ən böyük arzusuna çatan insanlarımızdansınız. Qanunun aliliyi, vətəndaş cəmiyyəti istiqamətində çalışmalar isə hədəf deyil, gündəlik həyat tərzidir. Bu cür ziyalı prinsipiallığının sayəsində dövlətin hüquqi əsasları qorunur, tətbiq edilir və insanlar qanunun ədalətinə inanırlar.

 

Sizi bir daha 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, sizə cansağlığı, ailə səadəti və fəaliyyətinizdə uğurlar arzulayırıq.

Comments are closed.