Dünən Azərbaycanın daha bir qanlı faciəsinin, Daşaltı əməliyyatının ildönümü tamam oldu. 1992-ci ilin 25 yanvarında Şuşa rayonunun Daşaltı kəndində keçirilmiş uğursuz hərbi əməliyyatdan 258 il keçdi.

Şuşa ilə Laçın arasında strateji əhəmiyyətə malik ərazi olan Daşaltı kəndinin düşməndən azad edilməsi strateji əhəmiyyətə malik idi. Çünki 1992-ci ilin əvvəlində Şuşa ilə əlaqənin tam kəsilməsi qorxusu var idi. Kərkicahan işğal olunandan sonra Ağdamdan Şuşaya gələn yol bağlanmışdı. Yeganə Laçın yolu qalırdı ki, onu da Daşaltı kəndini zəbt etmiş ermənilər atəş altında saxlayırdılar. Ermənilərin hücumlarının qarşısını almaq üçün Daşaltı kəndi istiqamətindən xüsusi əməliyyat hazırlanıb.

Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Əməliyyatda o vaxt yenicə yaranan Azərbaycan ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin özünümüdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin səhvi nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan bölmələri düşmənin pusqusuna düşüb.

Təxminən 150 hərbçimizin iştirak etdiyi əməliyyat zamanı 70-ə yaxın əsgər və zabitimizin şəhid olduğu, 55 hərbçimizin itkin düşdüyü, 9 nəfərin isə əsir götürüldüyü barədə şahid ifadələri var. Qeyd edək ki, sözügedən əməliyyatda iştirak edənlərin hamısı könüllülər idi. Hadisədən sonra beynəlxalq təşkilatların iştirakı ilə olay yerinə baxış keçirilsə də, həlak olduğu güman edilən 64 soydaşımızın meyiti tapılmayıb.

Comments are closed.