“XƏTAİ YURDU” KİTABINDAN PARÇALAR

(Bu kitabı 1990-cı illərin əvvəllərində, Azərbaycanın Dövlət müstəqilliyi elan ediləndən sonra başlayıb 2002 -ci ildə bitirmişəm. Sabir Rüstəmxanlı -00881987-1991- ci illərin mürəkkəb mənzərəsini, daha doğrusu öz iştirakçısı olduğum olaylarını yazmışam. Subyektiv yanaşmalar da ola bilər. Adamlara, hadisələrə o vaxtkı münasibətimə sonrakı dəyişikliklərin təsirini nəzərə almamışam. Kitab 2003- cü uldə nəşr olunub. Cəmi 500 nüsxəlik turajla. O illərdən uzaqlaşdıqca hərdən dönüb geriyə baxmaq ehtiyacı hiss edirsən. Gənclər üçün də faydalı ola bilər. Buna görə də kitabdan bəzi parçaları paylaşmaq qərarına gəldim. Köhnə dostlarım, dəqiqləşdirmək məqsədiylə, qeydlərini mənə göndərsələr minnətdar olar və gələcək nəşrlərdə nəzərə alaram.)

Müstəqilliyə gedən yol – 1-ci parça

“ƏBÜLFƏZLƏ SABİRİ ÖLÜMLƏRİNƏ VURUN” TAPŞIRIĞINI ALIBMIŞLAR

QKÇP haqqında Yardımlıda eşitdim. Yenicə getmişdim, ertədən raykom katibi Fəzail Tağıyev zəng vurdu, qısaca məsələnin mahiyyətini çatdırdı. Yarım saat sonra artıq maşını Yardımlı Masallı arasındakı dolama yollarda uçurdurdum. Radionun ziddiyyətli məlumatlarından bir şey anlamaq çətindi.

Amma hər nə isə ittihamlar ağırdı, Qorbaçovdan zəhləm getsə də, açıq-aşkar, köhnə rejimin bərpasından başqa bir niyyətin olmadığı göz qabağındaydı.

Özümü cəbhənin İdarə Heyətinin iclasına çatdırdım və sabahkı gün nə ola biləcəyini nəzərə almadan QKÇP-ni pisləyən bəyanatı qəbul edib yaydıq. Ayaz Mütəllibovun İrandan QKÇP-ni dəstəkləməsi sonrakı hadisələri sürətləndirdi…

Qarışıqlığı eşidən İbrahim Bozyel də Türkiyədən özünü yetirmişdi. “Vəziyyət dəyişilər, yollar bağlanar, bir də görüşə bilmərik, deyə qorxdum! Nələr baş verir?” Sabaha kimi yuxumuz qaçmış, ola biləcək bütün variantları götür-qoy eləmişdik.

Ayın 23-də o vaxt Təbriz prospektindən Sovetskiyə, indiki Nərimanov prospektinə köçürülmüş, Məktəbəqədər Texnikumda yerləşən Xalq Cəbhəsində İdarə Heyətinin yığıncağı keçirilməliydi. QKÇP-dən sonra respublia hakimiyyəti öz səhvlərindən daha da qəzəblənmişdi və bizim düzgün mövqelərimizi ardıcıl dünyaya bəyan eləməyimiz bəzilərini quduzlaşdırırdı.

Köhnə Sovetski hamamının yanından irəli keçmək mümkün deyildi… Cəbhənin ətrafı adamla doluydu. Amma binanın qapı-pəncərələri bağlıydı, heç kim ora yaxın düşmürdü.

İrəli keçəndə kimsə qolumdan yapışdı:

– Sabir bəy, getməyin, polis xəbərdarlıq edib, indicə qaz buraxacaqlar içəri…

İbrahim Bozyeli ətrafdakılara tapşırdım.

– Siz İbrahim bəydən muğayat olun. Mən getməliyəm.

Qapını döydüm. Səs gəlmədi, sonra pəncərədən kimsə gördü.

– Polis deyil, Sabir bəydi, açın!

Qapını çətinliklə açdılar. Köhnə məktəbin nə qədər idman döşəyi, ayaqaltı xalçaları vardısa, qapının arxasına yığmışdılar. İkinci qatda İdarə Heyətinin üzvləri binadan çıxmamaq qərarını verib, səngərdə düşmən hücumunu gözləyən adamlar kimi oturmuşdular.

Biri “gərək gəlməyəydin, onsuz da indi boşaldacaqlar buranı”, başqası “yaxşı ki gəlib, tanıyırlar, deputatdı, bəlkə ona görə bizə də dəymədilər”, – dedi…

Birazdan “əməliyyat” başlandı. Sanki düşmən istehkamına cumurdular. Qışqırıq, hay-küy… Müxtəlif istiqamətlərdən buraxılan qaz birinci mərtəbəni duman kimi doldurub ikinci mərtəbəyə qalxırdı.
Qapını təpikləyib içəri cumdular.

– Durun, rədd olun burdan!

Mən çımxırdım.

– Tərbiyəli danışın!

Ən çətin anlarda və ən sərt tapşırıq alanda da məni görən kimi əli boşalan milisin üzü buz kimi soyuqdu bu gün.

– Siz də çıxın!

Uşaqları döyə-döyə, sürüyə-sürüyə qaz-dumanın içindən dartıb aparırdılar. Əbülfəz bəy, İsa, mən axıra qalmışdıq. Bizə toxunacaqlarına inanmırdım.

Qaz iyindən nəfəs almaq olmayan, qaranlıq dəhlizdə milislər və mülki geyimli adamlar sıralanıb bizə yol açmışdılar. Pillələrlə enib, onların arasına girəndə gözüm Əbülfəz bəyə sataşdı, qarnından vururdular, ağrıdan bükülmüşdü və qollarından tutub irəli dartırdılar. Sonra bizim uşaqlardan bir -iki nəfər dəstə ora cumdu və onu arxa qapıdan həyətə çıxartdılar.

Elə həmin an başıma ağır bir zərbə dəydi, qan gözümə töküldü, boynumdan süzülüb sinəmi, kürəyimi yandırdı. Arxadan vurmuşdular. Qaranlıqda irəlini seçə bilmədim. Geri çevrilmək imkanım da yoxdu. Gözüm qaraldı, dünya başıma fırlandı… Huşumu itirirdim… Birdən-birə içimdən bir səs pıçıldadı: “Amandı, yıxılma, bunların qabağında yıxılma!” İradəmi, son gücümü toplayıb dikəldim.

Qapıdan düşən işıq zolağını tutub, birtəhər irəlilədim, qapıya çathaçatda Firudin Ağasıoğlu girdi qoluma, üzümüz qaz dumanından seçiləndə milislərdən kimsə məni tanıdı:

– Ay namərd uşağı! Bu ki, Sabir bəydir! Kimin əli qalxdı buna? Hansı alçağın?

Biri vururdu, biri belə deyirdi, milisin! Küçəyə enən pilləkənin ayağında kimsə qabağımı kəsib, “Sən hələ ölməmisən?” – deyə, qanlı üzümə bir yumruq da ilişdirdi. Mənim dalımca onu da itələdilər avtobusa. Əvvəlcə qışqır-bağırla başladı ki, “Siz rayonluların əlindən boğaza yığılmışıq”. Milis işçilərinin biri amana bəndmiş, boğazladı onu: “Alçaq, hansı haqla rayonlu-şəhərli söhbəti salırsan? Millət vəkilinə əl qaldırmısan, cavab verəcəksən”. Yenə valı dəyişdi, cibindən vəsiqə çıxartdı, “mən də deputatam”, – dedi. Bəlli oldu ki, Zığ qəsəbə sovetinin deputatı Mustafadır. Bu, hələ avtobusda olanlardı. Sonra milisin arasına nə qədər öyrədilmiş mülki geyimli adamlar qatıldığını öyrənəcəkdim. “Əbülfəzlə Sabiri ölümlərinə vurun” tapşırığını alıbmışlar. Sonra da bəlli oldu ki, bu dəstəylə şəxsən Ayaz Mütəllibov bağlıdır.

Oktyabr (indiki Yasamal) milis idarəsində Mustafa yeni bir cildə girdi, bu dəfə mənə yalvarmağa başladı ki: qələt eləmişəm, səhv eləmişəm, sən şikayətçi olmasan məni saxlamazlar.

Onu onsuz da saxlamadılar, lakin mən də uzun müddət bağışlamadım. Sonralar Cəbhə hakimiyyətə gələndən sonra Bakı prokurorluğunda haqqında iş açıldı. Bu dəfə Zirə ağsaqqalları işə düşdü, gedib Pirallahıda yaşayan, arvadı Zirədən olan qohumum Əliağa kişini tapdılar, o da ağsaqqal, hörmətli kişiydi, dəfələrlə yanıma gəlib getdilər. Axırda Quran gətirdilər, keçə bilmədim, Mustafanı qurban elədim Qurana və ağsaqqallara…

Məndən başqa bir neçə deputat da gətirilmişdi milisə. Başımın bərk yarıldığını görüb təcili apardılar Semaşko xəstəxanasına, yaraya beş-altı tikiş qoyan həkim, Mütəllibovdan tutmuş milislərə qədər, hamısını söyə-söyə “bəxtiniz çəkib, – dedi, zopa sümüyün ən bərk yerinə dəyib, bir az aşağı-yuxarı olsa, ya sağ qalmazdınız, ya da şikəst olardınız”. Başımda o zərbənin nəticəsi olan qansızma, qan ləkəsi uzun müddət çəkilmədi.
Milisin ilk məqsədi deputatlardan “xilas” olmaqdı. Nə böyük səhv elədiklərini indi başa düşürdülər, amma bizim hər şeyi dəqiq sənədləşdirmədən getmək fikrimiz yoxdu.

Əllidən çox cəbhəçi qan içində, paltarı cırıq, döyülüb əldən düşmüş, amma bu vəziyyətlərində də nikbin, deyib gülən vəziyyətdə salona doldurulmuşdu. Vəziyətimin ağırlığını görür, dilə tutub evə göndərmək istəyirdilər. Polis rəisinə dediyimi onlara da təkrarladım: “bütün uşaqlar buraxılmayana qədər burdan gedən deyiləm”.
Sonra rəisin otağında İsayla mənə çay verib dilə tutmaq istəyəndə İsa da eyni sözü dedi və ifadəni də bu cür, tələbkar, sərt, hadisənin araşdırılmasını tələb edən deputat mövqeyindən yazdıq.

Milisin ətrafı adamla doluydu. İbrahim Bozyel də hardansa Elxanı tapıb bərabər gəlmişdilər. Evdən köynək gətirmişdilər. “Heç olmazsa köynəyini dəyiş”. Bu qanlı əşyayi-dəlili bütün tutulanlar buraxılmayana qədər əynimdən çıxarmadım.

Bir neçə gəncin, yaddaşım aldatmırsa Qabilin, Oqtayın, əynində köynək də yoxdu. Kürəklərindəki çalın-çarpaz zopa yerləri yanıq yeri kimi qızarırdı. Bu həngamənin içində gözəlim ilham pərisi də əl çəkmirdi:

“Uc-uca calansa zopa yerləri
tən gələr azadlıq yollarımıza…”

Gecə saat dördlə beşin arası bütün tutulanlar buraxılandan sonra milisdən çıxdıq.

O gecə Əbülfəz bəyi də başından yaralamışdılar. Onun da yarasını təcili yardımda eyni həkim tikmişdi, evdə yatırdı. Əziyyət verirdi, bəlkə də böyrəkləri, içi əzilmişdi. Arada vaxt tapıb baş çəkdim, sarıqlı başlarımızla yarım saat baş-başa dərdləşdik.

Ayın iyirmi beşində yanına gedənlərə demişdi: “Gedin Sabir bəylə danışın, İsayla razılaşıb girsinlər Azadlıq meydanına!”

Onsuz da vəhşicəsinə dağıdılmış Cəbhənin ətrafında mitinqlərin arası kəsilmirdi.

Avqustun 26-da toplaşan camaata Azadlıq meydanına girəcəyimizi bəyan etdik və günorta saat 3-də meydana çəpər çəkmiş maşınların, avtobusların üstündən aşıb “Azadlığ”ı doldurduq. Bir il səkkiz aylıq fövqəladə vəziyyətə son qoyuldu. Komendat saatı mənasını itirdi. Bir il səkkiz aylıq sükutdan, süqutdan, döyülmək və alçadılmaqdan sonra hərəkatın yeni mərhələsi başlandı. Ali Sovetdəki Demblok birdən-birə yüzlərlə deputatın həsədlə və ehtiyatla baxdıqları gücə çevrildi…

Meydana o qayıdışda yad əldə əsir olan bir yurd qalasının geri qaytarılmasına bənzər bir sevinc vardı. Tribunaya ilk çıxan İsayla məndim və camaatın gözünün qabağında uşaq kimi atılıb düşə-düşə qışqırırdıq: “Qayıtdıq! Qayıtdıq!”

QKÇP-yə münasibətdə aldandığını biləndən sonra Mütəllibovun Moskvadan uzaqlaşmaqdan başqa yolu qalmamışdı. Onsuz da başqa yolla xalqın təzyiqinin qarşısını ala bilməzdi.

Avqustun 30-da Ali Sovet Müstəqillik bəyannaməsini qəbul etdi. Amma bu addım məhz siyasi oyunlarla bağlı olduğuna görə tarixə çevrilə bilmədi.

Sentyabrın 1-də SSRİ Ali Sovetinin sessiyasına müstəqil respublikaların deputatları da dəvət edilmişdi. Bakıdan gedənlər arasında Tofiq Qasımov, Çingiz Sadıqov, Araz Əlizadə və başqaları ilə yanaşı mən də vardım. Bu, əslində, SSRİ parlamentinin öz işinə xitam verən və imperiyanın dağıldığını bəyan edən sonuncu sessiyası, tarixi sessiyaydı və çoxdan gözlədiyim bu böyük bayrama, heyif, yaralı, sarıqlı başla getmişdim. Həkim yaranın üstündəki cünanı nazik torla əvəz edib saçlarımın arasında itirməyə çalışmışdı, neylon sarğı da uzun saçlarıma qarışmışdı. İmperiya bizə və vətənimizə vurduğu yaraların uzun zaman sağalmayacağına, sabah-biri gün yenidən ona əl açacağımıza əminliklə, zarafatyana bir şəkildə dağılırdı və mənim başımdakı da birbaşa imperiyanın acı nişanələrindən biriydi. Amma geriyə yol yoxdu və tezliklə Azərbaycan tam dövlət bağımsızlığını bəyan etməli, özgür idarəçilik sistemlərini yaratmalıydı. Nəfəs dərməyə imkan verməyən yeni bir dövr başlanırdı… “Rusiya” otelinin otaqlarında Baltik respublikalarından, Ukraynadan gəlmiş siyasətçilərlə, jurnalistlərlə görüşlərimiz gecə-gündüz ara vermirdi. Bizim zamanəmizin yaxınlaşdığı heç kimə sirr deyildi.

O səfərdən yeni ovqatla, ümidli, nikbin qayıdırdıq, üzümüzə yeni tarixin havası vururdu. O hava bir neçə ay sonra gəlib çatacaqdı…

2-ci parça

“BİR VAXT FƏHLƏSİ OLDUĞUM KOMİTƏYƏ SƏDR GƏLMƏYİM ƏLAVƏ GÜC VƏ İNAM VERMİŞDİ”

Moskvadan qayıdandan sonra – yazılarım və çıxışlarım hələ də bu dağılan xarabanın uçuqlarına cənnət deyən, onun daşlarını qucaqlayıb duran Azərbaycan rəhbərliyinin bədbəxtliyini göstərməyə yönəlmişdi. Bunlar öz səhvlərini, korazehinliklərini duyacaqmı, etiraf edəcəkmi görəsən?
“Azərbaycan” qəzetnin səsi getdikcə gurlaşırdı.

Sentyabrın sonuna yaxın məni Ayaz Mütəllibovun yanına dəvət etdilər. Yenə dava-dalaş, Vəzirovun qəzetə münasibətinə bənzər tamaşa gözləyirdim. Amma zaman o zaman deyildi, biz təşkilatlanmışdıq, üstəlik ortada deputat toxunulmazlığı da vardı. Mehriban görüşdü. Bir az iqtisadiyyatı dirçəltmək planlarından, bir az “Ömür kitabı”ndan, bir az da rahat işləməyinə mane olanlardan danışdı. Sonra birdən söhbəti dəyişdi və məqsədini bildirdi:

– Dövlət Mətbuat Komitəsinin sədrliyi vəzifəsini Sizə təklif etmək qərarına gəlmişəm…

Nə deyəcəyimi bilmirdim. Dava-dalaş gözlədiyim yerdə, kommunistlər demiş, belə bir etimad, belə bir xoşgörü… Həm də axı, komitənin sədri Rəşid Mahmudov yaxşı adamdır, uzun müddət MK-də çalışıb, sonra raykom katibi, “Kommunist” qəzetinin baş redaktoru olub. Düzdür, köhnə vərdişlərdən əl çəkə bilmir, bir qəzet, mətbuat orqanı qeydiyyatdan keçirənə kimi anadan əmdiyin süd burnundan gəlir. İslahatlara inanmır, hətta latın qarafikasına keçidin əleyhinədir. Buna baxmayraq öz adamlarıdır, “köhnə qvardiya…”, niyə çıxaracaqlar onu?.. Lap elə çıxartdılar, yanında da gül kimi Rəfael Məmmədov var… Köhnə komsomol məktəbi, Mərkəzi komitədə o boyda Elm, Təhsil Şöbəsinin müdiri. Mənim də köhnə dostum…

– Bəs Rəşid müəllim? Onun işi necə olacaq…

– Onunla razılaşmışıq!

– Axı onun müavini də təcrübəlidir, məncə, onun da ürəyindən keçər, iddialı adamdır.

Yadıma düşdü bu günlərdə Yazıçılar İttifaqında Rəşid Mahmudovun işdən çıxarılacağı barədə eşitmişdim. Yerinə Rəfael gələcəkmiş. Guya əmri də hazırdır.

– Eşitdim, əmri də hazırdır.

– Yox, etimadı doğrultmadı, onun yeri deyil, yanında saxlayıb-saxlamamağı özün müəyyənləşdirərsən.

Güldüm.

– Siz hər şeyi nağdlaşdırmısınız, artıq müavin məsələlərini həll edirik.

Mütəllibov duruxdu:

– Məncə, etiraza yer yoxdur. Yaxşı variantdı.

Fikrə getdiyimi görüb əlavə etdi.

– Sizi başa düşürəm. Ancaq mənim də öz məqsədim var. Xalq Cəbhəsindən yetkin, təcrübəli adamları hakimiyyət qurumlarına gətirmək istəyirəm. İlk növbədə də
Sizi. Həm bu vəzifəyə layiqsiniz, bildiyimə görə o komitədə uzun müddət işləmisinz…

– Tələbə vaxtı fəhlə işləmişəm orda. Sonra da on il baş redaktor. “Yazıçı” nəşriyyatında.

– Yaxşı da! Siz qalan yerdə kim gəlməlidir ki, ora! Gizlətmirəm, bir niyyətim də Xalq Cəbhəsiylə münasibətləri qaydaya salmaq, bu çəkişmələri azaltmaqdır. Əsas işimiz ermənilərin qarşısını almaqdır, daxili çəkişmə yox!

– Başa düşürəm! Amma mən tək deyiləm. AXC-nin İdarə Heyətinin üzvüyəm, bilirsiniz. Bir yandan da “Azərbaycan” qəzeti… Qərara gəlmək çətindir. Yoldaşlarım nə düşünər?! Razılıq olmasa gələ bilmərəm! Gərək məsləhətləşim.

– Nə olar, məsləhətləşin, məncə o komitənin əhəmiyyətini sizinkilər də başa düşər… Nə qədər tez olsa o qədər də yaxşıdır. Razılaşsanız, zəng vurub köməkçiyə xəbər verin! Sizə hörmətim kitabınızı oxuyandan sonra bir az da artıb. İşim çox olsa da, sona qədər, diqqətlə oxumuşam. Minnətdaram belə qiymətli əsər yazdığınıza görə. Mənim təklifim səmimidir. Birgə işləməyimiz yaxşı olardı!..

Xudahafizləşib çıxdım. Elə həmin gün Əbülfəz bəygilə getdim. Ondan şübhəliydim. “Hakimiyyəti bütöv götürməliyik, tək-tək ayrılsaq əriyib gedərik” deyəcəkdi. Amma gözlədiyim kimi olmadı, sevindi. “Çox vacib yerdir. Bir dənə qəzet qeydə almırlar. Sənin ora getməyin qələbəmizin yarısıdır!..”

Bir neçə gün sonra zəng vurub, razılığımı verdim. Oktyabr ayının 5-də komitəyə sədr təyin olunmağım barədə sərəncam çıxdı.

Bu təyinatdan hakimiyyətin məqsədi nəydi? Müxalifətin içində özünə “dayaq” tapmaq, yaxud “Azərbaycan” adlı bir atəş nöqtəsini susdurmaq; çətin bir sahəni çiynimə yüklədikdən sonra istənilən bəhanəylə təzyiq altında saxlamaq, məsuliyyətə cəlb etmək, yoxsa bu “hakimiyyətlə əməkdaşlığa getdi” fikrini yaymaqla məni gözdən salmaq…

Aydınlaşdırmaq çətindi. Bəlkə elə bunların hamısı nəzərə alınırdı… Mən də işimi bilirdim. İlk növbədə illər uzunu arzusunda olduğumuz yeniləşmələrə bu binada qoyulan qadağaları aradan qaldırdım; elə ilk kollegiyada yeni qəzet və jurnal təsisini tamamilə asanlaşdıran qərar qəbul etdim. Mütəxəssislərin iştirakıyla, əlifba islahatı ətrafında yaradılmış “texniki imkansızlıq” xofunun yalan olduğunu sübut elədim, bu işi ciddi maliyyə vəsaiti tələb olunmadan görə biləyəcəyimizi bildirdim. Komitədə bütün işlərin ana dildə aparılması barədə sərəncam verdim. Rayonlardan gələnlər üçün “açıq qapı” elan etdim. Balaca tikinti idarəsini tikinti trestinə çevirdim; Qafqazın ən böyük kitab kombinatının yarımçıq qalmış binasının inşasını bərpa etdim; Ensiklopediyanı nəşriyyat-istehsalat birliyinə çevirdim. Xarici ölkələrlə müştərək istehsalat sahələri quraraq, qəzet və jurnal buraxılışına başladıq və bəlkə də müxalifətdən olduğuma görə bu tipli təşəbbüslərimə heç bir maneçilik törədilmədi.

Təcrübəli mütəxəssisləri özüm arayıb axtardım. Gələn kimi bütün köhnə işçiləri işdən çıxaracağım barədə yayılan şaiyələrin yalanlığını, ögey-doğmalıq, iqtidar-müxalifət ayrı-seçkiliyi qoymadan peşəkarlığa üstünlük verəcəyimi bildirdim. Hökumətin bütün toplantılarında səmimi bir münasibət görsəm də həmişə sərt mövqeyimdə dayandım və sanki burda hökm sürən ətalət buzu sındı. Bir dəfə mənim başladığım bir mövzunu kəskinliklə davam etdirən Polad Bülbüloğlunun fasilədə söylədiyi etiraf doğruydu: “Elə bilirsən sən gəlməzdən öncə də belə cəsarətli danışırdıq?!”

Bu ovqat mətbuata da sıçradı: “Ehtiyatlı olun, hakimiyyətdə müxalifət var…”

Amma ilk günlər gözlənilməz, məni sarsıdan olaylar da oldu. İlk növbədə vaxtilə “Ədəbiyyat və incəsənət” qəzetində mənim baş redaktorum olmuş, amma şairliklə bir araya sığmayan xırda nəriman həsənzadəmünaqişələri ilə işləməyimə imkan verməmiş, ərizə verib getməyə sövq eləmiş, indi isə yanımda sədr müavini işləyən Nəriman Həsənzadənin elçiləri gəldi. Hətta qohumlarımı da minnətçi saldı: “ona toxunma!” Başa saldım ki, biz vaxtilə dost olmuşuq, redaktorum olsa da məni yola vermədi; bunun acığına onu işdən çıxarmalıydım, amma çıxartmayacağam, qoy görsün vəzifə dostluğu üstələməməlidir, görsün ki, “müdir” necə olur.

“Yazıçı” nəşriyyatında mənim işdən çıxarılmam haqqında əmr verən direktorun da mənim təyinatımdan bərk narahat olduğunu eşitmişdim. Zəng vurub telefondaca bildirdim ki, olub keçənlər qaldı keçmişdə, bir yerdə işləyəcəyik, hər cür yardım eləyəcəyəm, bazar ertəsi gəl görüşək. Bazar ertəsi gəlib çıxmadı, az sonra xəbər tutduq ki, bazar günü gecə evində infarkt olub, keçinib, uzun müddət sarsıntıdan qurtara bilmədim; ən azı telefon danışığına və ətrafımdakıların bu danışığın şahidi olduqlarına görə, vicdanım rahatdı, ürəyinin nasaz olduğunu da bilirdim, amma nəyə görəsə, beynimdən bu fikri çıxarmaq mümkün deyildi: “görəsən mənim təyinatım ona necə təsir edib”, “bu infarktda mənim günahım varmı”?

Ali Sovetdə və Xalq Cəbhəsində fəaliyyətimin yumşalacağını gözləyənlər yanılırdılar: əksinə bir vaxt fəhləsi olduğum komitəyə sədr gəlməyim; doğma işim, kitab və qəzetlə məşğul olacağım əlavə güc və inam vermişdi.

Müstəqilliyə gedən yol – 3-cü parça

“XALQ İKİYÜZ İLİN ŞƏRƏFSİZLİYİNDƏN QURTULMAQ İSTƏYİRDİ …!

Müstəqilliyin qapılarını döyəcləməkdəydik, bütün çalışmalarımızı, yazı və çıxışlarımızı buna yönəltmişdik. Axır ki, Dövlət Müstəqilliyinin Bərpası Haqqında Konstitusiya aktı hazırlanmışdı və yaxın günlərdə müzakirəyə çıxarılmalıydı. Həmsədri olduğum “Müstəqil Azərbaycan Deputat bloku” tez-tez parlamenti qurşayan, meydanlara tökülən kütlədən güc aldığına, bu mexanizmlə tam anlaşma içində çalışdığına görə sayca az olsa da, gündən-günə nüfuzunu artırır və Ali Sovetin başlıca söz Hacıbaba Əzimovsahibinə çevrilirdi. Müstəqillik aktının hazırlanması bizim təklifimizdi, amma birbaşa bizim adımızla bağlı olmasını da istəmirdilər: buna görə də bu tarixi vəzifəni zahirən bitərəf olan, əslində isə bizə daha yaxın olan, işin gedişində daim bizimlə məsləhətləşən tarixçilərə tapşırmışdılar və bu tarixi sənədi Ali Sovetin yığıncağında prof. Hacıbaba Əzimov təqdim elədi. Bu, 1991-ci ilin oktyabr ayının 18-i idi. Həmin ilin yazında SSRİ-nin tərkibində qalmaqdan başqa yolumuzun olmadığına bizi inandırmaq üçün dəridən-qabıqdan çıxan “balaca padşahlar” cəmi bir neçə ayın içində dəyişilmişdilər; daha doğrusu başqa yolun qalmadığını duymuşdular; yeni havanı hiss eləmişdilər; yeni şərtlərə uymaqdan başqa çarələri qalmadığını etiraf məcburiyyətindəydilər.

Düzünə qalsa, o 360 nəfərlik məclisi qınamağa dəyməzdi. Çoxuna “seçilmiş” demək olmazdı. Siyahı və təyinatla gələn bu adamların əksəriyyəti yüksək vəzifə sahibləriydilər. Ayda bir-iki dəfə Ali Sovetin sessiyasına, respublikanın hər tərəfindən, biyara gələn kimi, yaxud yeyib-içməyə, yığdıqları pulları xərcləmək imkanı, dost-tanışı görüb, mümkün olsa iclasda çıxış edib, özünü göstərmək, yəni mövqelərini möhkəmlətmək imkanı kimi baxırdılar. Onları qanun yaradıcılığı və işlərin gedişatı az maraqlandırırdı; rəhbərlikdən hansı gizli tapşırıq gəlsə, onu da yerinə yetirirdilər.

Hər yığıncaqdan öncə kommunist deputatları ya MK-yə, ya da parlamentin ikinci mərtəbəsindəki balaca iclas zalına yığıb təlimatlandırırdılar; amma 4-cü mikrafonun səsi xalqın, haqqın və zamanın səsiydi, buna görə də tezliklə onların dəlil-sübutsuz, yalnız vəzifə borcu kimi səslənən çıxışlarını vurub dağıdır və mahiyyətsizliyini ortaya qoyurdu.

Bəzən də parlament təsərüfat yığıncağına bənzəyirdi. İclasın gərgin yerində biri çıxış edib müzakirələri dayandırmağı təklif edirdi: fikrini də belə əsaslandırırdı ki, qar yağır, rayonlarda heyvan-qaranın vəziyyətindən xəbərsizik. Amma bizim dəstə belə çıxışları tezliklə lətifəyə çevirirdi. Kütlənin vahiməsiylə yanaşı, qəzetlərin, o cümlədən, çıxartdığım “Azərbaycan”da gedən yazıların qorxusu bizi sevməyən bu adamları üzdə özlərini mehriban göstərməyə məcbur edirdi. “Azərbaycan”da Gədəbəy rayonu ilə bağlı tənqidi yazı dərc etmişdik; sonra Ali Sovetin deputatı olan raykom katibi bu yazıya çox qəzəblənib 3-4 səhifəlik cavab məktubu yazmışdı; oxuyanda dəhşətə gəldim, çünki heç bir orta məktəb şagirdi belə savadsız yazı yazmazdı. Bu məktubda iki yüzdən çox söz, cümlə, fikir, orfoqrafiya səhvi vardı; məzmunun gülünclüyü bir yana, yalnız elə bu səhvlərə söykənib kəskin bir yazı yazdım. Oxuyandan sonra Ali Sovet bir-birinə dəymişdi. Belə görklər təsirsiz ötüşmürdü; üz-üzə gələndə fısıldayır, amma bir söz də deyə bilmirdilər… Bütün ciddi-cəhdlərinə baxmayaraq SSRİ-nin dağılması, olayların bizim qabaqcadan dediyimiz şəkildə gəlişməsi, zamanın onları oynatması və gülünc vəziyyətdə qoyması, “bəlkə də qaytardılar” ümidinin mənasızlığı çoxlarını həm psixoloji, həm də əqidə cəhətdən sındırırdı. Öncə lağ hədəfi olan “bəylər” getdikcə sükançıya çevrilirdilər və üzdə bizi tənqid edənlərin bir qismi arxaya düşən kimi, “ə qardaş, elə mən də sizdənəm də, nə olsun indi vəzifəyə boğaz olmuşuq” – deyirdilər və belələrinə “bəy” deyə müraciət edəndə mükafat alıbmış kimi qanadlanırdılar.

Müstəqillik havasından ən çox narahat olan azsaylı xalqların vəzifəliləri və deputatlarıydı. Sovet rejimi onlar üçün özəl bir durum yaratmışdı, adətən azəri türkcəsini və öz ana dilimizi bəyənməyən, rusca oxuyan və buna görə Moskvaya daha tez yol tapan belələri əyalətlərdə Moskvanın gözü-qulağı rolunu oynayırdılar. Mərkəz milli respublikalarda hakimiyyət pillələrinə daha çox bu adamları çəkirdi; burda onlar yuxarılar üçün daha az təhliikəliydilər; məlumatötürən, yerli xalqa soyuq yanaşan; yüksəldiyi bu yerə görə hər şeyi ayaq altına atmağa hazır olan; yuxarıların qoltuğuna sığınan kimi kiçiklik ovqatının qisasını almaq ehtirası ilə alışıb yanan… Moskva öz içimizdə rusdan daha çox ruspərəst olanları seçib özümüzə düşmən edirdi və indi imperiyanın sonu onların tifaqını dağıdırdı, buna görə də ruslardan çox bunlar narahtıdılar və bu “üstün” durumlarının əllərindən çıxmasını respublikalarda “şovinizmin” güclənməsi kimi qələmə verir, milli hərəkata çamır atırdılar. Öz “rusdillilərimiz”, “Moskva uşaqları” da buna bənzər bir rahatsızlıq içindəydilər; onların bir qismi xalqa üstdən aşağı baxırdı və “çuşkaların” səsinin şəhəri bürüməsi, rus dilinin qısılması, hətta erməni, rus qonşularının yerini rayonlardan, Ermənistandan gələn “doğmalarının” tutması onları əsəbiləşdirirdi. Neft fırtınasının Bakıya topladığı və yüz ildən bəri burda məskunlaşıb Bakıya xüsusi bir “beynəlmiləl” şəhər obrazı yaratmaqda maraqlı olan, onu Azərbaycan müstəvisindən kənarda görməyi arzulayan adamların seyrəlməsiylə şəhərin qeyri-müəyyən, kosmopolit dövrü bitir, Bakı özünə qayıdırdı…

Amma köhnə quruluş elə belə, səssiz-səmirsiz, öz məğlubiyyəti ilə razılaşaraq getmirdi; yetmiş ilə qurduğunu uçurub gedirdi; kənd təsərrüfatlarını və sənayeni viran günə qoyub çəkilirdilər; müharibə və yenidənqurma bəhanə olmuşdu; əl yetən hər şeyi pula çevirib gözləyirdilər: müdhiş bir talançılıq ölkədə daşı-daş üstə qoymurdu… Qaçqınlıq, Qarabağda gedən faciəli olaylar, aclıq, səfalət, hər şeyin dağılması, iş yerlerinin əldən çıxması… faciə içində olan millətin bircə təsəllisi vardı… Müstəqillik! Ac qalaq, uduzaq, təki Moskvadan qopaq! Sanki müstəqillik sehrli bir maqnit kimi bütün bu dağılanları İSTİQLALÇI DEPUTATLARçəkib yenidən yerinə qoyacaqdı. İllər uzunu apardığımız işin, təbliğatın, müstəqillik arzularının nəticəsi beləydi… Xalq ikiyüz ilin şərəfsizliyindən qurtarmaq istəyirdi, sonra nə olacaq-olacaq! Onsuz da olan olub. Bəlkə bizim torpaqlarımızda Ermənistan adlı bir dövləti Moskva yaratmayıb?! Bəlkə Qarabağı bizdən qoparıb onlara vermək istəyən Moskva deyil?! Bəlkə Ermənistanın arxasında dayanmır?!

Moskva da bunu görürdü və Bakıda müstəqilliyə doğru atılan hər addım ermənilərin daha artıq silahlaşdırılması və Azərbaycanın üstünə daha bərk qışqırdılması və cummasıyla müşaiyət edilirdi.

Müstəqilliyə gedən yol – 4-cü parça

Beləliklə, 1991-ci il 18 oktyabr günü… İlk baharda SSRİ tərkibindən çıxmağı xəyanət sayan, bizi məhv eləməyə hazır olan bu “rejim övladları” son baharda öz tifaqlarının dağılmasına səs verəcəklərmi?

Yenə iclas öncəsi təlimat saatında tapşırıqlarını almışdılar: Mərkəzdənqaçma elə bir şəkil alıb ki, Moskvanın ətəyindən tutub durmağın xeyri yoxdur; daha tutulmalı ətək də qalmayıb, bir yandan da QKÇP-dən sonra gərginləşən münasibətlər geriyə yol qoymayıb, yəqin tezliklə Qorbaçov özü də gedəcək, Rusiya tək qalandan sonra SSRİ nazirləri və rəhbərliyi nəyə lazım? Bir yandan da xalq ayaq üstədir: bu qərar qəbul olunmasa heç kim binadan çıxıb evinə gedə bilməz… Həm də axı nə fərqi, vəzifələriniz ki, dəyişilmir, indi daha yaxşı…BU, kommunistləri sakitləşdirmək üçün deyilən sözdü…
Onda hələ belə düşünürdülər: əslində elə belə də oldu… Müstəqillikdən də biz yox, onlar yararlandı…
Milli Məclisi mühasirəyə almış cəbhəçilərin bir hissəsi parlamentin iclas salonuna buraxılıb. Arxada sədd çəkib dayanıblar.

Müstəqillik aktı oxunur!. Bu tarixi sənədin hər maddəsi bu salonda zamanın hökmü kimi səslənird Bəzilərinin başına daş düşür… Yadıma 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, 1946-cı ildə Təbrizdə Cənubi Azərbaycanın Demokratik Cümhuriyyətinin elan olunması düşürdü… İndi bilirdim ki, ordaki milliyətçilər nələr keçiriblər; elə beləcə oturduğun yerdə, sevincdən ürəyin partlaya bilər. Amma olmaz! Bu bütün ömrümüz boyu gözlədiyimiz bir gündür! İdeallarımızın, arzularımızınm günüdür! Neçə illik zəhmətimizin, əzablarımızın, tökülən qanlarımızın bəhrəsi və nəticəsidir. Süstləşmək, sentimentallığa qapılmaq olmaz! Şükür sənə, İlahi! Bu günü yaşamağı bizə qismət elədin. Bu günə bizi yetişdirdin, bu hadisələri biz idarə etdik, bu sənədi biz hazırladıq və biz qəbul edirik!

XX yüzilin sonunda Azərbaycanın quzeyində müstəqil dövlətin müəllifləri bizlərdik! Müstəqilliyin əsgər və sərkərdələri bizik! Nə bizdən əvvəlkilər, nə bizdən sonra gələnlər – məhz bizlər! Bəlkə yüz il, min il keçəcək amma bu gün və bu günün qəhrəmanları unudulmayacaq!

Çıxışım da elə bu ovqatdan doğmuşdu. Bu sənədin qəbulunun zəruriliyinə inandırmağa çalışırdım. Əslində isə buna ehtiyac yoxdu! Çünki ilk baharın kommunistləri bu gün artıq milli demokrat olmaqdan ötrü sino gedirdilər: onlar heç nəyi həll eləmirdilər, zaman onları qabağına qatıb aparırdı; gözlərində bir anlaşılmazlıq, bir yalvarış vardı: nə olar, tut əlimdən! Anlaşılmazlıq dedim. Amma ürəkdən sevinənlər də vardı, xəcalətdən pörtüb, gizlənməyə çalışanlar da. Allah! Allah! İnsan da öz dövlətinin, millətinin müstəqilliyindən belə pərt olar?!

Firudin Ağasıoğluyla yanaşı oturmuşduq! Arada bir çevrilib yaşlı gözlərimizlə bir-birimizə baxırdıq! Sən bir işə bax, bir vaxtlar müstəqillik sözünü lağa qoyanların bir neçəsi salonlardakı bu aktın qəbulunun vacibliyini başa salmağa çalışır! Tarixin unutqanlığına güvənirlər! Qoy danışsınlar, təki mane olmasınlar!

Bu da səsvermə! Ola bilməz! Lehinə 260 nəfərdən çox! Bir anlıq sükut! Sonra salon hələ eşitmədiyimiz bir alqış gurultusundan əsir! Qəbul edildi! Qəbul edildi! Yumruqlar düyünlənib, yerimizdə uşaq kimi atılıb-düşür, qucaqlaşırıq! İclas zalı dağılır! Kimi gülür, kimi ağlayır! Axır ki! Axır ki! Axır ki! Gözün aydın Vətən! Gözün aydın Azərbaycan! İndi rahatca ölə bilərik! İndi rahatca qayıdıb yenidən öz qəzetimi buraxa, şeirimi yaza bilərəm! Mənim davam buracandı! Bundan belə nə parlament, nə siyasət? İnşallah, müstəqil dövlət hər işi yoluna qoyar, biz də arxayınlaşarıq!

Qalx! Bayraq gəlir! Üçrəngli, ayulduzlu bayraq! Qalx, yoldaş kommunist! Dünən bunu tanımayan, ona həqarət edən qalx! O bayrağı cıran, ayaq altına atan, qalx! Qəzəbdən əssən də, ürəyin partlasa da boyun əyəcəksən, qalxacaqsan! Zaman və tarix ayağa qalxır! Siz də qalxın!

Amma gör kim gətirir bayrağı! Dünənə kimi onu tanımayanlardan birisi, DTK işçisi… Yenə də saxtakarlıq, yenə də işi görənlər bir yanda, bəhrəsini görənlər bir yanda! Fəqət bu gün belə xırda şeyləri dərd eləmək olmaz! Qoy elə onlar gətirsin! Diz çöksünlər önündə, öpsünlər, səcdə eləsinlər ona! Əs, dalğalan, yüksəl, düşmənlərinin gözünü kor et, işığın dünyanı bürüsün mənim qutsal, uca bayrağım!

Allah! Deməli, bir ömürdə bunu da görmək mümkünmüş! 1988-ci ildə meydanda ilk dəfə ehtiyatla qaldırılan bayraq, ilk olaraq seçib, “meydanda yalnız milli bayrağımız dalğalanacaq” – deyə, kütləyə nişan verdiyim bayraq, bu gün ali məqamına qayıdır, yenidən dövlətin rəmzinə çevrilir!
1991-ci ilin 18 oktyabrı ən xoşbəxt günümdür, ömrümün zirvəsidir!

Müstəqilliyə gedən yol – 5-ci parça

MİF

Allah hər xalqa bir sifət verib.Adamlar kimi hər xalqın da öz xasiyyəti var.Bu xalqların alin yazısıdır,tarixin şəklidi çöküb üzlərinə? Bəlkə tarixin özü də alın yazısıdır,ya da tərsinə,hər xalq xasiyyətinə uyğun yol seçir,bəzən də çaşır və ele bilir ki,bu da alın yazısı,tarixin qanunauyğunluğudur.Halbuki tarix təsadüflərlə doludur və adi təsadüflər bəzən millətlərin yolunu dəyişir,dilini,mədəniyyətini qəlibdən-qəlibə salır.

Əsilləri Muğandan olan iki qardaş miladdan beş yüz iyirmi iki il öncə,başı Misirdə eyş-işrətə qarışan Kəmbizin hakimiyyətini devirib,İranda fars hökmranlığına son qoymuşdurlar.Bu tarix məni o qədər həyəcanlandırmışdı ki,bu barədə bir pyes də yazmışdım.Kiçik qardaş Kəmbizin bacısını sevməsəydi,onunla evlənməsəydi və onun xəyanətiylə öldürülməsəydi görəsən İranin sonrakı taleyi nece olacaqdı? Farslar iki min beş yüz il sonra da İranin türk əhalisinə qan uddura bilərdilərmi?
Yaxud müxtəlif adlar altında yaşamış qədim türklər olmasaydi, sayca onlardan qat-qat artıq olan çinlilər indi bütün Avrosiyani bürüməzdilərmi?
Dünyanı titrədən Əmir Teymur Şərq tarixində görünməmiş bir ordu ilə Çin üzərinə yürüşə başlayandan sonra yolda soyuqdəymədən öldü. Bu ölüm geciksəydi dünyanın yarısını zəbt etmiş, Döyüş Allahı Teymurun məğlubedilməz ordusu ilə Çin ordusunun toqquşması Gündoğan ölkələrinin taleyini hansı səmtə yönəldərdi?..
Zəbr etdiyi torpaqların sərhədlərini Dehliyə qədər genişləndirən böyük Azərbaycan sərkərdəsi Nadir şah öz qulbeçələrinin xəyanətinə tuş olmasaydı Azərbaycan parçalana və başqalarının yeminə dönərdimi. Tarixlə ilgili belə suallar saysız-hesabsızdır.

Hər nə isə zaman öz möhürünü vurub və bu gün Şumer deyəndə gil kitabələrdə yazı yazmaqdan yorulmayan və Babil sütunlarını göyə çatdırıb Allaha yetməyə can atan bir Dahi Yaradıcı, Misir deyəndə ehramların üstünə qarışqa kimi özlərindən min dəfə ağır yüklər qaldıran və bəlkə də Qahirə Sfinksi ilə Mars Sfinksi arasında bizə bəlli olmayan əlaqələrin dilini bilən sehirbaz Kahin, yunan deyəndə olmayan allahların olmayan sevgi və nifrətlərindən ağlasığmaz dastanlar uyduran romantik bir Filosof, holland deyəndə ömrü suya qarışan Dəniz Səyyahı, türk deyəndə düşməni qurtarmayan, qılıncı və mərdliyindən başqa güvənci olmayan,yaradan və yaradılanına tapınmağı tələb edən bir Cəngavər təsəvvür ediriksə bunlar bizim təxəyyülümüzün məhsulu olan ötəri obrazlar deyil, Alın yazısı və tarixin səsidir…
Ötən əsrə kimi erməninin bir hiyləgər işbilən surəti vardı. Üzə çıxmaz, amma harda aş orda baş…Öz dövləti olmayıb amma bütün saraylarda özünə qaranlıq bir hücrə tapan. Müsəlmançılığın yəhudilərə və xaçpərəstliyə – daha doğrusu təkallahlığa və kitaba dözümlü münasibətindən istifadə edib xəlvətcə kilsələr tikib, hansi yollarla olur-olsun pul toplayan, türkün,farsın,ərəbin kölgəsində gözə görünməyən buyruq qulu, guya özünü unutmaqdan və başqalarının dilini,xasiyyətini öyrənməkdən zövq alan, asanlıqla rəngdən-rəngə düşən zərərsiz, başı sinəsində, gözü yerə dikili, balaca adam…Roma,Bizans,Ərəb imperiyalarından sıxışdırıla-sıxışdırıla Kiçik Asiyanin quru, cansıxıcı dağlarına çəkilmələri ilə onlar sanki tamamilə unudulmaq istəyirdilər.Lakin Səlcuq imperiyası onlara can verdi.Türkün sadəlövh rəhmdilliyi və aşırı etibarı erməni üçün tarix boyu görmədiyi münbit bir yaşama imkani yaratmışdı.Dünya ilə pəncə-pəncəyə gələn,ömrü döyüşlərdə keçən türkün qanadı altında əsl insan rahatlığı tapmışdı,min il dilini,musiqisini, geyimini, yemək-içməyini – bütün həyat tərzini türkə bənzədə-bənzədə ona qaynayıb-qarışır, “can” deyə-deyə kirvələşir,qohumlaşırdı.

Amma bu min ildə kilsə də öz işindəydi,arın-arxayın türkün-müsəlmanın çörəyini yeyə-yeyə onun əleyhinə işləyir,ağa qara,yaxşıya pis,özgəninkinə mənimki deyə-deyə yazıb yığırdı.Burda ermani türkdən tədbirli tərpənirdi. Türkün igidləri Vyana qapılarından tutmuş,Saxara cəhənnimllərinədək döyüşür,qırılır,ölkə qoruyur,eməni də alverində,öz hesabısı çəkməyində…İnsafən,çoxunun türkdən elə bir fərqi də yoxdu,iddəasız,çəpər-çəpərə yaşayırdılar.Amma kilsənin təbliğat maşını işləyirdi,türkə düşmənçilik getdikcə dini üstələyir və kilsənin əsas ideologiyasina çevrilirdi.

Əsrlər boyu sirli,yenilməz bir qüvvə olan türk imperatorlarının içindən ilk sızıntılar erməni əliylə oldu.Türkü çökdürmək üçün onun daxilinə yol axtaranlar üçün ermənilərdən münasib ilişki yoxdu.Tüccar cildində gedib-gəlir və bütün məlumatları da gətirir.Üstəlik də bir din alış-verişi! Guya müsəlmanların içində təkləniblər,əzilirlər və ilaxır… Tabii ki,xidmət mükafatlandırılır,vədlər gündən-günə artır.Beləliklə,ondoqquzuncu yüzildə Türkiyə və Azərbaycanda yaşayan ermənilər eyni zamanda həm yunanların,həm ingilislərin,həm Amerikanın, həm də Rusiyanin xəfiyyə işinin təşkilatçıları idilər.Əvəzində isə onlara dövlət,müstəqillik vəd edilirdi.Bu dövləti ermənilərə Avropa yox,Rusiya verdi. Cənubi Qafqazin işğalından sonra,əlinə ilk fürsət düşən kimi,Azərbaycan ərazisinin bir küncünü-İrəvan xanlığını “erməni vilayəti” elan etdi.İrandan,Türkiyədən erməniləri əvvəlcə bu vilayətə,sonra Qafqazın bütün müsəlman ərazilərinə,daha çox da Azərbaycana köçürməyə başladılar ki,Qafqazın şimalında başlanan türksüzləşdirmə və müsəlmansızlaşdırma siyasəti Azərbaycanda başa çatsın…
Amma boş yerdə dövlət ola bilməzdi,ermənilərin özləri də çaşıb qalmışdılar.Dövlət üçün özül lazımdır.Tarix,mədəniyyət,ideologiya,yaddaş, guya mübarizə dastanları…Mif.

Və bütün XIX yüz il boyu ermənilər,Avropa və Rusiyanın köməyi ilə,özlərinə mif və tarix uydurmaqla məşğul oldular…
Kilsələrin sandıqları açıldı və “Allah ocaqları”ndan min il qoltuğuna sığındığı,”qardaş”dediyi bir xalqa qarşı yalan çirkabı axmağa başladı…
Avropa,Amerika bu çirkabı məmuniyyətlə,sevinclə qəbul edirdi.Qüdrəti və mədəniyyətiönündə duruş gətirə bilmədiyi türkü sarsıtmaq üçün bundan gözəl imkan olmazdı.Türkün qəddar,qaniçən, vəhşi obrazının yaradılması belə başlandı və informasiya inqilabları bu işə rəvac verdi.Evinin qayğılarından,əkindən-biçindən başı ayılmayan türk bir də gördü ki,dünya onun düşməninə çevrilir,Avropa yüz illər boyu qarşısında titrədiyinə indi üstdən aşağı baxır.

Amma bu süni Ermənistan məsələsinin bir hissəsi idi.Gərək Ermənistanın özü haqqında da təsəvvürü olaydı.Bunun da yolu tapıldı.Müsəlmançılıqdan öncə neçe yüz il xaçpərəst olmuş Qafqazın,alban-türk abidələrinin,imkan düşəndə gürcü kilsələrinin erməniləşdirilməsi,Azərbaycanin şimal vilayətlərinin xristian tarixinin saxtalaşdırılaraq erməninin adına çıxılması…Erməni kilsəsinin pulu və səyi ilə ötən əsrin ortalarında Rusiya rəsmən Alban kilsələrini ləğv elədi və erməni kilsəsinə qatdı.Bu,Ermənistanın Qafqazda yerləşməsi üçün göydəndüşmə bir tutulqac idi və Azərbaycana torpaq iddəlarının guya “tarixi” əsaslarını hazırlamaq imkanı verirdi.
Ermənilər öncə alban kilsələrinin başına,Dağlıq Qarabağa,Böyük Qafqazın ətəklərinə,sonra isə Bakı neftinin işığına toplaşmağa başladılar.
Qısası,bu gün dünyada bir Ermənistan dövləti varsa və Qafqazda ermənilər yaşayırlarsa – Azərbaycanın hesabınadır.Tək Qafqazda yox,dünyada yaşayan ermənilər də Azərbaycana borcludurlar.Çünki,xaricdəki erməni sərmayəsinin,kaptitalının çox hissəsi məhz Bakı neftinin gəliridir ki,ondoqquzuncu yüzilin ortalarından Azərbaycan Xalq Cümhuriyyətinə qədər yetmiş ildən artıq xarici banklara axıb.

Dövlət – Azərbaycan torpağında,kapital- Azərbaycandan,üstəlik Azərbaycan-türk varlığına çirkab ata-ata qondarılmış,yapma bir erməni məsələsi və onun üstündə, “göldən-gölə” (yəni,Vandan Göyçəyə), sonra isə böyüdülüb “dənizdən-dənizə” (yəni,Xəzərdən Qara dənizə) Ermənistan iddəsının üstündə qurulmuş,özündən başqa hamını inkar edən,hamıya nifrət aşılayan vəhşi,dağıdıcı bir ideologiya…Rusiyanın köməyi ilə başa çatdırılan bu hərəkat Qafqazda və yaxın Şərqdə dəhşətli faciələrin başlanğıcı oldu,hamıdan çox da azərbaycanlılara zərbə dəydi.Tarixi torpaqlarını itirdiyi azmış kimi,XX yüzilin əvvəlindən başlayaraq Azərbaycanın sayəsində mayalanan,silahlanan,təşkilatlanan ermənilər – ağla gələn və gəlməyən bütün vasitələrlə azərbaycanlıları məhv etmək,Azərbaycanı boşaltmaq və ona bütövlükdə sahib olmaq planlarını həyata keçirməyə başladılar.Çarizmin siyasəti nəticələrini verirdi.Artıq Ermənistanda əhalinin yarısı erməni idi.Azərbaycanın Qarabağ,Şəki,Şamaxı,Bakı bölgələrində də durmadan artırdılar.Amma çarizmin sonunun yaxınlaşdığını görən ermənilər yeni dövrdə ayrı bir cildə girdilər.Bolşevizm maskası geyən erməni şovinizmi bu dəfə sinfi mübarizə pərdəsi altında çalışırdı.Azərbaycanlılara qarşı əsl soyqırımı siyasəti amansızcasına genişləndirilirdi.1905-ci ildə,Türkiyəyə xəyanətlərinin nəticəsi olan savaşda Şərqi Anadolunun türk əhalisinə divan tutandan sonra ayılan türklərin təzyiqinə davam gətirməyib bu verimsiz torpaqları tərk edib – cənnət axtarışına başlayanda dünyanın gözünə yalançı erməni soyqırımı külünü üfürməyə başladılar.II Nikolayın çağırışı ilə Rusiya-Türkiyə savaşına qatılmış və silahlandırılmış on minlərlə erməni könüllüsü Türkiyədə burnu ovulandan və Rusiyanın I Dünya müharibəsində məğlubiyyətindən sonra Araz boyunca,Naxçıvanda,Zəngəzurda,Göyçədə,İrəvanda bir milyona yaxın azəri türkünü evindən-eşiyindən didərgin salıb,ana qarnında körpələri süngülədilər,adamları diri-diri torpağa quyladılar,qadınların,qocaların kürəyinə qaynar samovar bağladılar.Az sonra,1918-ci ilin martında bolşevik hərəkatı pərdəsi altında,tamamilə silahsız olan Baki camaatına divan tutdular və iki gündə 12-13 min azərbaycanlı öldürüldü. Şamaxıda,Qubada,Kürdəmirdə,Salyanda,Lənkəranda öldürülənlərin sayı otuz mini aşdı.Bunun dalınca onlar Orta Asiyaya adlayıb,ordakı türklərə qarşı neçə-neçə qəsd törətdilər.Nəhayət,yenə ermənilərin bələdçiliyi ilə XI Qızıl Ordu 1920-ci ilin aprelində Azərbaycana soxuldu,iki il ömür sürən müstəqil dövlətin tarixinə qanlı nöqtə qoyuldu.Azərbaycanın ən parlaq şəxsiyyətləri,mustəqil dövlətin qurucuları Rusiya sürgünlərində məhv etdirildi,N.Nərimanov Moskvada öldürütdürüldü.Azərbaycanda Sovet Hakimiyyəti faktiki olaraq ermənilərin əlinə keçdi və onlar Sovet ideologiyasını həyata keçirmək,quruculuq,kollektivləşmə,qolçomaqlara və sinfi düşmənlərə qarşı mübarizə adı ilə 20-30-cu illərdə yarım milyondan artıq azərbaycanlı məhv etdirdilər və bu planlı qırğın yalnız əllinci illərdə Mircəfər Bağırovun məhkəməsində etiraf edilirdi…

Eyni siyasəti yenə davam edir və erməni puluna satılan M.Qarbaçovun qizli xeyir-duasından sonra yeni mərhələyə qədəm qoymuşdu.1988-ci ildə Ermənistandan sonuncu 250 min azərbaycanlının qovulması və Qarabağın dağlıq hissəsində ermənilərin Azərbaycanı parçalamaq üçün yeni bölücülük münaqişələri,dalınca da hələ bitməmiş Ermənistan Azərbaycan müharibəsi həmin siyasətin davamı idi və XX yüzilin sonunda yüz minlərlə insanı evsiz-eşiksiz qoymuş,Azərbaycan dövlətinin sərhədləri pozularaq,ərazilərinin beşdə biri işğal edilmişdir.

Amma bu işğala ermənilər illər boyu hazırlaşırlar.Hər dəfə Dağlıq Qarabağda bir hadisə törədir və öz muxtariyyətlərini bir az da genişləndirirdilər.DQ-in başçıları özlərini dövlət içində toxunulmaz sayırdılar.Azərbaycanın bir əyaləti olsa da burda azəri türkləri amansız mənəvi terrorla üz üzəydilər;dövlət idarələrinə buraxılmır,pasport qeydiyyatına çətinliklə götürülür,iş tapa bilmirdilər.Azərbaycanlılar yaşayan kəndlər bərbad vəziyyətdəydi.Başımız üstündən Ermənistanın təbliğat maşını gecə-gündüz işləyirdi.Milyonerlərin biri gedib biri gəlirdi.Azərbaycan hökumətinin boş damarını tapıb,onların maymaqlığından istifadə edərək,üzdə “qardaş” deyə-deyə altda xəyanətkar siyasətlərini genişləndirirdilər.Bu işə Eçmiədzin başçılıq etsə də,dünya ermənilərinin türk düşmənçiliyi mərkəzləri çox idi.Rusiya,Fransa,ABŞ,Suriya,İran,Yunanıstan…Qitələr arasında gecə-gündüz bir erməni toru hörülürdü.Türkə – azərbaycanlıya və bütün İslam dünyasına qarşı.
Sovetin güclü vaxtında Moskva öz mərkəzi hakimiyyət maraqlarına görə söhbətlərin qarşısını alırdı.Lakin Qorbaçovun ermənipərəstliyi,üstəlik o illərdə Azərbaycana başçılıq edənlərin korazehinliyi və nəhayət,bütün dünyanın çoxdan arzuladığı bir hadisənin –SSRİ-nin ideoloji,mənəvi və iqtisadi süqutunun başlanması-ermənilərin işğalçılıq niyyətlərini gizlətmədən bəyan etmələrinə şərait yaratdı və bu addımı ilk dəfə Parisdə,erməni diasporunun gücü yerində saxta elmin saxta akademiki Ağanbəyyan atdı…

Ermənilərin bayramı idi.Roma papasindan başlamış xaçpərəst dünyasının bütün din dairələrində Ermənistanın müdafiə kompaniyası aparılır,ABŞ-dan Avstraliyayadək bütün qitələrdə gizli “Qarabağ”cəmiyyətinə pullar yığılır,Avropanın siyasət dairələrində ermənilərin “haqqını” tapdalayan Azərbaycana dərs vermək zərurəti tabliğ edilir,yalançı “Tarix”kitabları,saxta sənədlər və xəritələr çap etdirilir,dünyanın yarısı “əzilən” və “əzabkeş”erməni xalqı üçün göz yaşı axıtmağa sövq edilirdi.
Aqanbekyanın bəyanatı Azərbaycan əleyhinə aparılan işlərinaz hissəsinə işıq salır.Azərbaycanın bunların heç birindən xəbəri yoxdur.Yalnız tək-tək adamlar Qarbaçovun və ətrafındakı erməni dostlarının əliylə Azərbaycana qarşı ciddi bir xəyanət hazırladığını təxmin edir,amma bu barədə açıq danışmağa qorxurdu.Çünki Azərbaycan rəhbərliyi çoxdan bəri müstəqil düşünmək qabiliyyətini itirmişdi.İllər keçəndən,Dövlət Təhlükəsizlik Nazirliyinin o vaxtı “gizli” yazışmaları açılandan sonra Azərbaycan hakimiyyətinin Moskvapərəstliyinin,mərkəzi hakimiyyətə inamının bütün sadəlövhlüyü və ermənilərin öncə mənəvi,sonra silahlı terrorizmi qarşısında gücsüzlükləri ortaya çıxanda Qarabağ faciələrin səbəbləri aydınlaşır. “Gizli” məktublarla (əslində onlarda bir gizlilik yoxdur). Ermənilərin hər yeni hayasızlığından,hər yeni kitabından sonra “yuxarılara”, Mərkəzi Komitəyə yeni bir məlumat gedib,“belə bir kitab çıxıb”…vəssalam. Başqa nə iş görülüb? İş burasındadır ki,Azərbaycanın sadə oxucuları o məktublardan çox-çox əvvəl,təhqir oluna-oluna bütün bu kitabları oxuyurdular,bütün xalq bu iyrənc saxtakırlıqdan və mənəvi hücumlardan danışırdı,təhlükəsizlik orqanlarımızsa sondan-sona iki səhifəlik “gizli” məlumatla işini bitirmiş sayırmış.Amma insafən heç olmazsa o xəbərdarlıqlara baxan olsaydı, o “gizli” məktublardan açıq nəticələr çıxarılsaydı,o kitablara cavab verənləri,küçə bazarda ermənilərin gizli niyyətlərindən yana-yana danışmaq vətənpərvərləri susdurmaqdansa,onların gücü ölkənin milli maraqlarını müdafiəyə cəlb edilsəydi,sonraki faciələr baş verməzdi.Lakin,təəssüf,böyüklərimizin gözləri Moskvanın ağzındaydı.Moskvaya etiraz etmək ağıllarına belə gəlmirdi.Belə bir mütilik dövründə Qazax rayonunda iki min hektar torpaq sahəsi Ermənistana bağışlandı.Xalq ayağa qalxsa da öz böyüklərimiz araya girib yazıq camaatı sakitləşdilər.Hər belə hadisədən sonra Ermənistanın iştahı bir az da artırdı.Vaxtilə Moskvadan çəkilən qonşularımızın mətbuatı Azərbaycana qarşı nifrət kürsüsünə çevrilmişdi.Müəlliflərinə yalnız aşağı kütlə arasında,ucuz şöhrət gətirən iyrənc,bayağı “vətənpərvərlik” kitabları bir-birinin dalınca buraxılır və tezliklə rus və Avropa dillərinə çevrilib dünyaya yayılırdı.Dağlıq Qarabağ və Bakı erməniləri arasında təbliğat işi genişlənir, erməni əhalisinin böyük əksəriyyəti bu məqsədlə üzvlük yaqqı və ianə verməyə məcbur edilirdi.

Paris çıxışından sonra Ağabəyyandı,Aqanbekyandı nədi,o da Z.Balayan kimi,ermənilərin “milli” qəhrəmanına çevrilmişdi.Şərəfinə sağlıqlar deyilir.Moskvadan və xaricdən gələn xəbərlər Dağlıq Qarabağın Ermənistana verilməsi və ya qatılmasının artıq reallaşması kimi qəbul edilirdi.O vaxt hələ Ermənistan belə düşünürdü ki,DQ-in taleyi Moskvanın və şəxsən M.Qorbaçovun bir “Hə” kəlməsindən və ya razılığından asılıdır.Hər şey nəzərə alınmışdı:Malta görüşü də,Amerikadakı,Fransa və Rusiyadakı hazırlıqlar da,böyük dövlətlərə və ya onların başçılarına veriləcək rüşvət və “hədiyyələr” də,Azərbaycan rəhbərliyinin mərkəz qarşisinda zəifliyi,əlacsız etirazının mənasızlığı da,Qarabağı mənimsəmək yolunda atılacaq siyasi və diplomatik addımlar da.Hər şey hesablanmışdı…Təkcə Azərbaycan xalqının iradəsindən başqa,Ermənistan tərəfi Azərbaycan başçıları timsalında xalqın asanlıqla diz çökdürəcəyinə inanmışdı…

Müstəqilliyə gedən yol – 6-cı parça

UNİVERSİTETDƏ GÖRÜŞ

… Bir gün sonra axşam saat 6-da Universitetin pilləli salonunda iynə atsaydın yerə düşməzdi, yaradıcılıq gecəsiydi. Nurəddin Qərəvinin də Bakının havasını, gənclərimizin ruhunu hiss eləməsini istəyirdim, sonra Almaniyada daha ürəkli qəzet buraxacaqdı.

Hüquq və tarix fakültələrinin dekanları, müəllimləri də burdaydı. “Qan yaddaş”ı kitabım müzakirə olunsa da bütün şer kitablarım, son vaxtlar çıxan publisist yazılarım xatırlandı və düzünə qalsa, bu yazılar da bəhanə oldu və cavan ürəklərdən püskürən vulkan Azərbaycanın bütün dərdlərini üzə çıxartdı.

İki daşın arasında, yol üstündə, zümzüməylə, gözümü yaşardan bir həsrətlə, bəzən də qəzəbimdən dırnaqlarım ovcuma işləmiş bir vəziyyətdə yazdığım, hər gün yaşadığım hisslərimin ifadəsi olduğuna görə özüm üçün adiləşən şerləri tələbə auditoriyasından sünbülləri ağırlaşmış zəminin astarını üzünə, üzünü astarına çevirən rüzgar kimi ötürdü. Auditoriya dəniz kimi qabarıb çəkilirdi, bu divarlar olmasa daşıb tökülərdi, şəhəri başına alardı. Tarixin həsrəti, səhvlərimizin göz yaşı, təəssüb və etirafların harayı ilə kükrəyən gənclər sonra da bir sevgi pıçıltısına həzinləşirdi. Bu gecəyə diqqətlə baxsan xalqın indiki halını görərdin. Universitet auditoriyası millətin ovqatına güzgü tuturdu.

“İndi də şer deyəcək birinci sinif şagirdi Səadət”. Diksindim. Öz tay-tuşu olmayan bu “əmilərin-dayıların” arasında, gözləri bir az da iriləşmiş və bu salonun havasında yaz çiçəyi qədər incə və yad mühitə düşdüyünə görə narahat görünən bacım qızı, uşaq yaşına uyğun olmayan böyük dərdləri cingiltili, bəlkə də hıçqırqlı bir səslə oxuyurdu.

Barışıqlar kitabını
Açıb baxın varaq-varaq,
Qol qoymuşam barmağımı
Öz qanıma batıraraq!..

Salon titrəyir, gözlərdə yaş parıldayırdı. Təkcə şerin gücü deyildi, həm də körpələrimizi də dərddən hifz edə bilməməyimiz, hələ doyunca uşaq əyləncəsi görmədən onları da öz odumuza atmağımızın əlacsızlığı idi auditoriyanı kövrəldən.

Əyilib Qərəvinin qulağına pıçıldadım: “Bacım qızıdır!”, “Ay maşallah!” “Bəs necə?! Mənə ayrı təbliğatçı lazım deyil. Elə qardaş-bacı uşaqları bəsdir!..” Zarafatdı.
Bir-birini əvəz edən tələblərin hər bir çıxışında elə ürək yanğısı, elə güclü məntiq, cəsarət vardı ki, sanki nəsilbənəsil bu imperiyanın içində yaşamayıblar. Sanki nə 1920-ci ilin 28 apreli olub, nə 1937-ci il, nə də müharibədən sonrakı qırğınlar. Bu nəsil üçün qorxu sözü qalsa da onun 37-ci il vahiməsi unudulmuşdu. Yaddaşlarında yaxın represiya tarixi yox, uzaq qəhrəmanlıq tarixi daha aydın canlanırdı. Tələbələr ortaya qoyulmuş mikrofona yaxınlaşıb suallar verirdilər. Bundan əlavə, balaca kağız parçalarına yazılmış namələrin ardı-arası kəsilmirdi. Bu suallar məclisin simasıydı və Qərəvini dəvət edəndə ən çox bunu görməsini istəmişdim. Qoy bizim gənclərin nə ilə nəfəs aldıqlarını görsün. Bu da bir təskinlikdi. Çünki Bakı Universitetindən başqa heç yerdə bu sualları, çıxışları eşidə bilməyəcək. Suallar isə müxtəlifdi. İlk şerdən, ilk sevgidən tutmuş dünyanın böyük problemlərinə kimi… Amma indi daha 60-70-ci illər deyildi, sevgi poeziyasının dövrü “keçmişdi” tələbələrin çoxunu gəncliyə xas intim-lirik duyğulardan artıq, Vətənin dərdləri düşündürürdü. Suallara – heç nəyi gizlətmədən tərəddüdsüz – filansız cavab verməyə vərdiş eləmişdim. Bəlkə tələbələrin belə coşqun sevgisinin kökü də elə burdaydı. Başqalarını çaşdıran dolaşdıran məsələlərə seçilən münasibətim vardı, dediyim həqiqətin kimlər tərəfindən necə yozulacağından çəkinmədən, iç azadlığımı qoruyub danışırdım. Oturanlarla araya körpü salmağı çətin deyildi. Xoşa gəlmək barədə düşünmürdüm, ötkəmliklə, güzəştə getmədən, xalqın gücünə və gələcəyinə olan inama, içimdəki etiqada söykənərək danışırdım. Yoldaş kimi, yaşıd kimi, tələbələrə qaynayıb-qarışır, arada rəsmiyyət pərdəsinin qalmasına imkan vermirdim.

Məclisdə sualların bəzisi Nurəddinə ünvanlanmışdı, xaricdəki həmvətənlərimizin vəziyyəti, cəmiyyətləri ilə bağlıydı.
Görüş gec qurtardı; vaxt hiss olunmadan ötüb keçmişdi. Heç kim yorulmamışdı, tələbəli-müəllimli hamını bir simə kökləyən söhbətlərdən, bu birlik havasından doymamışdıq. Gül-çiçək dəstələri masanı sındırırdı.

– Yorulmamısan? – deyə soruşdum.
– Yox. Belə məclisdən yorulmaq olar? – fikri uzaqlarda olan Qərəvi cavab verdi.
– Onda gəl bir az gəzişək. Bura bizim Elmlər Akademiyasıdır.
– Hə, gəlmişəm bura.
– Həyətindən xoşum gəlir. Cır meyvə ağacları kəndi yadıma salır.
Universitetlə Akademiyanın arasındakı hündür hasarlı meyvə bağının yanından ötüb çinarlı xiyabanlara döndük, ayaq saxladım:
– Bura bir az Zəngilanın çinar meşəsini xatırladır, bir az Gəncəni, bir az da Göyçayı. Şəhərin ən gözəl çinarları burdadı. Bakı qəribə şəhərdi, Allahın xəzəlini də görmürük. Külək anında süpürüb aparır. Kəndə əlim çatmayanda, yazı, payızı görmək istəyəndə bu bağa gəlirəm. noyabrda bu xiyabanlarda qıp-qırmızı çinar yarpağından yerimək olmur. Səsə diksinirsən, elə bil yenə meşələrdə, uşaqlıq yollarındasan… – Söhbətin yönünü qəsdən dəyişdirmişdim. Məclisin həyəcanlı, amma hər halda gərgin havasından uzaqlaşmaq istəyirdim.
– O uşaq necə gəlmişdi məclisə – Qərəvi soruşdu.
– Balaca qardaşlarımdan biri oxuyur həmin bölmədə, bu il qurtaracaq. Onların işidir. Sual verənlərin də çoxu onun dostlarıdı. Çox fəal, ağıllı uşaqlardı.
Bilmirdim ki, həyat uşaq dediyim bu cavanlarla bizi hələ çox görüşdürəcək və bir neçə ildən sonra onlar xalq hərəkatının qabağında gedən adamlara çevriləcəklər. Dünyanı silkələyən hərəkatın bir qaynağı da bu tələbələrin yaratdığı “Yurd” birliyi olacaq…
– Xoşbəxt adamsan, qardaş! – Qərəvinin gecə barədə ilk təəssüratıydı.
– Nə mənada?
– Deyirsiniz on yeddi ali məktəbimiz var. Əgər hamısında bu cür cavanlar oxuyursa, Sizin nə dərdiniz. Qoy biz fikin eləyək ki, ana dilimizdə bircəsiniflik məktəbimiz də yoxdur.
– Bu cavanların gözündə “bizim”, “sizin” söhbəti yoxdur. Onsuz da burda nə olsa oranı da qaldıracaq, ora irəli düşsə buranı tərpədəcək.
– Bizimkilərin tərpənməyinin səmərəsi yoxdur. Bu əsrdə nə qədər qalxmışıq, nə qədər qırılmışıq!.. Elə mollaların da inqilabını biz elədik, nəticəsi nə oldu? Yüz minlərlə mənim kimisi didərgin düşüb, xaricdədir.
– Darıxma! Elə bilirdim biz də qocalıb gedəcəyik, bu millətin azadlığını, birliyini görməyəcəyik; dünyanın altıda birini qaplayan bu xarabanı əbədi sayırdıq. İndi görürsən nələr baş verir. Qarbaçov elə bir hərəkat başlayıb ki, qabağını almaq olmaz. Yavaş-yavaş qopub ayrılacaqlar. Getməsək də axırda Moskva özü qovacaq bizi…
– Rus əl çəkməz burdan.
– Yox, elə deyil! İp qaçıbsa, çözələnib gedəcək. Cənubun da taleyi burda həll olunacaq. Qoy burda öz bayrağı olan, dünya tərəfindən tanınan müstəqil Azərbaycan dövləti yaransın, sonra gərək İrandakı azərbaycanlların əlini-dilini necə bağlayacaqlar!..
– Vallah, bu cavanlara qulaq asanda, Sizi dinləyəndə elə bilirəm ta bütün dərdlərimizin əlacı tapılıb.
– İnşaallah, tapılacaq. – Gecənin təsiri altındaydım, elə bilirdim sözün gücüylə bütün divarları uçurmaq olar.
Qərəvi bunu hiss elədi:
– İncimə, əlimiz çatmır, adını eşitsəm də yaxınlığım yox idi. İndi bildim səni niyə çox istəyirlər.
– Hə, sözlə çox iş görmək olar!
– Heyif ki, bizlərə gəlib çatmır…
– O gün bir görüşdə soruşurdular ki, Ciz Azərbaycanın birləşməyinə, sərhədlərin götürülməsi məsələsinə necə baxırsınız?
– Nə dedin?
– Dedim, almanlar da bizim günümüzdədir. Amma onlar işləyirlər, yatmayıblar. Həm də təkcə sözlə, danışıqla yox… diplomatları işləyir. Bu yaxınlarda bir teatr tamaşalarını görmüşəm. Səhnənin ortasında tini salona doğru bir divar vardı, hadisələr divarın iki üzündə – yəni Qərbi və Şərqi Almaniyada baş verir. Bir nəfər də bütün tamaşa boyu hava çəkiciylə bu divarı deşir. Ağzını açıb bir kəlmə söz demədən… Finalda divar tamaşaçılara doğru çevrilir, görürlər çəkiclə işləyən onu aşsüzənə döndərib. Biz də gərək danışmaqdan çox, işləyək, aramızdakı divarı gecə-gündüz kərpic-kərpic uçuraq…
– Almanlar çox qoymazlar, uçuracaqlar aradakı divarı.
– Allah eləsin, bütün ayrılanlar qovuşsun, bəlkə axırda biz də yada düşdük!
Bağı gəzib dolanandan sonra maşının yanına qayıtdıq. Qərəvini oteldə düşürəndən sonra özüm şəhərin o biri başına, evə sürdüm. Həyətimizdə də sakitlikdi. Qonşuların çoxu yatırdı. Yəqin görənlər hansısa kefdən gəldiyimi düşünəcəklər.

Müstəqilliyə gedən yol – 7-сi parça

ALIN YAZISI VARMI?

Doğumdan ölümə keçdiyin bütün yollar, gördüyün bütün işlər, xeyir və şər əməllərin dünyanın bütün başqa işləcəkləri, deyək ki, fəsillərin dəyişməsi, ayların, illərin düzülüşü kimi qüsursuz, ölçü-biçi içində, saat mexanizminin nizamı ilə, yəni bəlli bir qanunauyğulluqla idarə olunur, yoxsa öz taleyini özün yaradırsan.? Əgər hər şey yazılmışa bağlıdırsa, onda çalışıb-çabalamağın nə mənası, öncədən nişanlanmış gizli bir yol səni alıb aparacaq, hər şeyi öz istəyinə uyğun və ya kainatın bizim bilmədiyimiz dili ilə yazılmış kodların hökmü ilə sona çatdıracaq. Dünya yaranandan adamların içində yaşayan bu cavabsız suallardan qaçmaq olmurdu. Zamanı anına qədər, kütləsi milli qramına qədər səmavi bir dəqiqliyə tabe olan bu dünyada balaca insan ömrü ümumi nizamdan kənarda qala bilməz. Xaos, idarəolunmaz qatmaqarışıqlıq məntiqə sığmır. Belə isə deməli xalqların da öz qədəri var və bütün qabarma-çəkilmələr, qalxma-enmələr Allahın iradəsinə bağlıdır. Amma bu məntiqin özü də hər şeyi aydınlaşdırmır, çünki eyni mühitdə yanaşı yaşayan adamların aqibəti fərqli olduğu kimi eyni şəraitdə olan, talecə bənzər xalqların da yaşam səviyyəsinin ayrılığı danılmazdır.

Aqibət yazılmışa bağlıdırsa çalışqanlığın, məsuliyyətin, iradə və nizamın gətirdiyi gözgörəti üstünlükləri, qabağlamaları nə ilə izah etmək olar? Bəlkə tale yalnız yolun başlanğıcına ya sonuna aiddir. Aranı hər insan və ya hər xalq öz iradəsinə uyğun qurur.

Azərbaycan iyirminci yüzili öz varlığını qoruyub saxlamaq uğrunda çarpışmalarda keçirib. Bir yandan qırılıb, bir yandan dirçəlib. Əsrin sonuna doğru dünyanın ümumi havasına uyğun, burda da zülm və milli nihilizm səbr kasasını daşırmışdı; bıçaq sümüyə dirənmişdi, geriyə yer qalmamışdı; düşüncənin ictimailəşməsi nəticəsində görüşlərdən, yığıncaqlardan başlamış ailə məclislərinə, hətta yaslara və toylara qədər – hər yerdə söhbətlər ancaq bir mövzu ətrafındaydı: millətin taleyi. Parçalanmağımız, üz-üzə qoyulmağımız, heysiyyətimizin tapdalanması, qarşılaşdığımız ədalətsizliklər, bəzi məhv etmək istəyənlərin həyasızlığı, müqavimət göstərə bilməməyimiz bazarda, metroda, avtobusda, akademiyada, fəhlə happy wheels demo yataqxanalarında, tələbə auditoriyalarında, restoranlarda, çayxanalarda – hər yerdə danışılır, adamları birləşdirən bir amilə çevrilirdi.

Kitabım belə bir vaxtda – millətin cəsarətli sözə, təsəlli və güc verən sözə ehtiyac duyduğu, üstümüzə yağan böhtanlar qarşısında susduğumuz, sanki “deməyə sözümüz yoxdur” təsəvvürü yaradıldığı bir vaxtda, bəlkə də bir az gecikmiş olsa da, hər halda qəfildən ortaya çıxdı və milli hadisəyə çevrildi. Bir həftə sonra otuz min tirajdan bir nüsxə qalmamışdı. Metro keçidlərində, dükanlarda xəlvətcə, nadir əşya kimi satılırdı. Tezliklə daha yüz min, sonra yenidən əlli min tiraj buraxıldı.
Vətən haqqında yalnız öz düşüncələrimi qələmə aldığımı zənn edir, belə geniş əks-sədanı gözləmirdim. Məktubların ardı-arası kəsilmirdi, hər gün onları gözdən keçirmək üçün saatlarla vaxt lazımdı…

Əslində, heç nə eləməmişdim, kimsənin bədii yazı kimi, ədəbiyyat kimi təsəvvürə gətirə bilmədiyi duyğuları yazmışdım. Bəs necə olmuşdu, illər uzunu böyüklük iddiası ilə, qotazlı, zınqırovlu, xanım ədası ilə bəzək-düzəkli yazan iddialı yazarların əsərləri yan-yana dükan rəflərinə qalaqlandığı halda mənim düşüncələrim belə böyük şöhrət qazanmışdı? Kitabın qızlarımıza cehiz kimi verilməsi təklifi qəzetləri bürümüşdü və bu iş görülürdü də!..

Hər halda yüngülləşmişdim. Ömrümdə görmədiyim qədər qonorar, şöhrət, adımdan dalğalanan salonlar… Kitabın ardını, gələcək fəsillərini yazmaq həvəsiylə gəzib-görmək, xatirəmizi, izimizi qoruyan hər tərəfə baş vurmaq istəyirdim… İndi buna imkanım vardı. Bəlkə elə buna görə səfərlər uc-uca calanmışdı.

Yüngülləşməyim təkcə yaradıcılıq uğruyla bağlı deyildi. Sadəcə, havanı duyurdum və dünyanın yeni, xoş vədəli günlərinin yaxınlaşdığını hiss edir, bu işə yardımçı olduğuma sevinirdim. Bunu uc-uca calanan görüşlərdə, məclislərdə, fəhləsindən tutmuş aliminə qədər hamının od püskürən nəfəsində görürdüm. Hələ məktublarda nələr yazılırdı?! Xalqın qürurunun, yaddaşının, rühunun, iradəsinin, gücünün, intiqam hissinin qayıtmasını görmək bir yana, həm də bu intibahda təkcə tamaşaçı kimi yox, millətin inandığı, sözü ilə hesablaşdığı, ümidlərinin daşıyıcılarından biri saydığı adam kimi iştirak etmək doğrudan da xoşbəxtlikdi… Bununla şişmirdim, sadəcə bir hissiyyatdı və içimdə uzun müddət yubatdığım ağır borcu qaytaran bir adamın rahatlığını duyurdum. İdmançı kimi sanki çoxdan bəri can atdığım bir səddi adlamışdım, indi gücümə arxayındım, hər görüşə yarışa gedən kimi gedirdim məqsədimə çatacağıma inanırdım; bu, cəsarət verirdi.

Müstəqilliyə gedən yol – 8-ci parça

“ÇƏNLİBEL” DƏRNƏYİ

Bakıda yenidənqurmanın ictimai bəhrələrindən biri «Çənlibel» birliyi oldu. «Çənlibel» 60-70-ci illərin ədəbi dərnəklərinin ənənələrindən hələ tam ayrılmamışdı,ictimai-siyasi,milli dərdləri demək üçün bizim qatıldığımız ədəbiyyat dərnəklərində ədəbi əsərlərə söykənirdiksə, «Çənlibel» bu işi tarixə yeni baxışla görürdü.Azərbaycanın qarşısında dayanan milli problemləri açıq siyasi müstəvidə dilə gətirmək hələ də çətindi,bu baxımdan hələ də öncüllük yazıçıların əlindəydi,lakin yeni birliyin yaranması da bizi sevindirdi.Folklor barədə kitabını nəşr elədiyim və bundan sonra tez-tez görüşdüyüm Məhəmməd Hatəmi bu işin əsas təşəbbüsçüsüydü və hələ dərnək yaranmazdan xeyli öncə Nizami muzeyinin həyət girişinin yanındakı çinarların altında uzun müddət dərnəyin görəcəyi işlərdən danışırdıq.Bu işə qarışmaq niyyətim yoxdu,onsuz da vaxt çatdıra bilmirdim,digər tərəfdən də Məhəmməd ifratçıydı,tələsirdi,elə bilirdi,məsələn Kuşan mədəniyyətini türklərə məxsus olduğunu deməklə məsələ bitir,Azərbaycanda ondan əvvəl başlanmış bir işi .yəni tarixin yeni gözlə,əsl,tərəfsiz mənbələr əsasında araşdırılmasını qabartmaqla nəyəsə nail olacağını düşünürdü;şübhəsiz,tarix bu günün güzgüsüdür,şübhəsiz milli kimlik şüuru tarixi dərkdən keçir,amma bizim illər uzunu dediklərimizin indi yeni bir şey kimi ortaya atılması adama qəribə gəlir;gör başqa xalqlar neçə illərdi bütün tərbiyyə sistemlərini bunun üstündə qurublar,gecikməyimizi etiraf etməkdənsə nimdaşlaşmış ideyaları kəşf kimi ortaya atmaqla yeni səhflərə yol açırıq; az qala xəstəliyə çevrilmiş bu işə naşı,diletant münasibət həm tarixi,həm də əsl elmi həqiqətləri gözdən salır.Bununla belə Məhəmməd kökdən cəngavər ruhlu adamdı,təəssüf ki , «Çənlibel»də qazandığı şöhrət ona baha başa gəldi,burda da birincilik yarışı başlandı,Məhəmmədin haqqı tapdalandı.O vaxt Məhəmmədlə məni yaxınlaşdıran həm də onun cənubdan olmasıydı,bu mənim üçün ciddi bir tutalqacdı və nə qədər qəribə olsa da güneylilərdə qüsur axtarmırdım,onları bütövlüklə sevirdim ,xoşa gəlməyən bir cəhətlə rastlaşanda bunu şəraitlərinin,talelərinin ayağına yazırdım. «Çənlibel» böyük maraq doğurmuşdu.Bura toplaşanların çoxu öncədən də düşüncə,danışıq azadlıqlarıyla seçilən adamlardı,aralarında yeni tanış olduğum ,məsələn Vurğun Əyyub kimi cavan elmi işçilər də vardı.Nemət və fəhlə dostları da gəlirdi;onları Leytenant Şmidt zavodundakı görüşlərdən,müzakirələrdən tanıyırdım.
“Çənlibel” dərnəyinin ilk toplantısı ,dediyim kimi,Kuşan dövlətinin türk mənşəli olduğunu sübut cəhdlərindən başlamışdı. İnqilabi ruhlu adamların toplandığı birliyin belə uzaqdan başlaması da mühitin hələ çəkilməmiş qorxusundandı. Milliyətçi düşüncə tarixin təhlili təməlində ortaya qoyulurdu.
İkinci toplantı “Qan yaddaşı” kitabıma həsr olunmuş, şəhərin hər yerində afişalar vurulmuşdu.

Ən tanınamış ziyalılarımız burdadı. Tarix və cənub silsiləsindən olan, milli yaddaşın və ruhun dirçəlməsinə yönəlmiş, ictimai pafoslu şerlərim müzakirə edilirdi. Bu, «Çənlibel»in və çənlibelçilərin mənə də,şerlərimə də böyük sayqılarını göstərirdi,təəssüf ki o müzakirədə iştirak edənlərin bəziləri sonralar hardan və necə başladıqlarını unutdular və unutdurmağa çalışdılar.Bir yandan da o zaman elm və təhsil müəssisələrin keçirdiyim hər bir görüşdə elə bu birlikdəki səviyyəyə uyğun müzakirələr gedirdi,buna görə də «Çənlibel»dəki görüş,düzünə qalsa, sıradan bir görüşümdü.Danışıqdan, hay-küydən yorulurdum. Sakitcə görülən işin tərəfdarıydım. Amma bu salonda toplaşanların yarısı danışanlardı. Hər yerdə – yığıncaqda, yolda, çayxanada. Hər kəsin bildiyi və yüz dəfə çözələnmiş mövzuların müzakirəsi saatlarla uzanardı. Bu qədər oturmağa vaxtımız hardaydı? Ömrüm boyu qaçhaqaçdaydım…
Biz dərnək və çayxana mərhələsini çoxdan keçmişdik,buna görə də yalnız ən zəruri müzakirələrə qatılırdım. Çayxana söhbətlərindən tez yormağımın bir səbəbi də onların daha çox qeybətə bənzəməsiydi.

Bir dəfə yenə böyük bir dəstəylə oturmuşduq. Çox vacib işim vardı, getməliydim, amma gedə bilmirdim, çünki kim gedirdisə arxasınca şəbədə qoşulur, lətifələr və ya xoşa gəlməyən qeybətlər uc-uca calanırdı, amma getməliydim. Ayağa qalxanda üzümü Vidadiyə tutub gülə-gülə demişdim: “Sən dədənin goru, dalımca danışma, nə çoxdur mövzu! Abbas Abdullanı yuxuda görməyin, Nüsrət Kəsəmənlinin özünə böhtanları, oteldəki məclislər, amma məndən danışma, çünki bayaqdan izləyirəm, gedənlərin birini boş buraxmırsan” Cavabımı şaqqanağı verdi: “Dədəmin goru haqqı, repertuarımı məhv elədin, gözəl bir süjet fikirləşmişdim”. Əslində, yazıq Vidadi bəhanəydi, üzümü ona tutsam da sözümü başqalarına eşitdirirdim.

«Çənlibel»də bitən müzakirələr Araz çayxanasında davam etdirildi. Bəzən də Əbülfəz bəylə məndən başqa heç kim olmurdu. O zaman Bakıda cəmi beş-altı adama, adsız-filansız, sadəcə “bəy” deyirdilər. Arıq, caydaq kişiydi. Türklük tarixi ilə İslam tarixin söykənərək ürəkdən danışırdı. Masadakıların ona xüsusi ehtiramı duyulurdu. Gözlərində uşaq saflığı vardı. Uzun barmaqları arasında siqaretlə bir sanki özü də tüstülənirdi. Son dövrlərə qədər tanışlığımız üzdəndi. Orda-burda hal-əhval tutub, “görüşərik” deyə ayrılırdıq, amma bir dəfə, özümün də bəyəndiyim bir silsilə şerim çıxan gün Sabir bağında rastlaşmışdıq. Xoş-beşdən, əhvallaşmadan sonra əlimi buraxmamışdı, qoltuğundakı qəzetə işarə ilə “a bəy, bu yazılarını da bəyənmişəm, amma sözüm də var, elə deyirik görüşək, görüşək, vaxt gedir axı. Bə nə vaxt?”. Ona haqq qazandırmış, nəşriyyata dəvət eləmişdim. Sonra bir gün o vaxt nəşriyyatda yenicə işə götürdüyümüz,amma Bakıda tezliklə tanınan şair Rüstəm Behrudiyə qoşulub gəlmişdi, iki-üç saatlıq dərdləşmişdik, bundan sonra demək olar ki, iki gündən bir, iş arası Araz çayxanasında görüşürdük.İradı haqlıydı,ömrüm boyu qaçhaqaçdayam və bəzən başladığım işi başa çatdıra bilmədən ötüb gedirəm.Bunu dəqiq tutmuşdu bir dəfə də «o qədər dəqiq,qiymətli ideyaların,fikirlərin var,adamı heyrətə salır,deyirsən amma sona kimi üstünə getmirsən,sonra sənin ideyalarına başqaları sahib çıxır» Gülə-gülə «bəy mən ideoloqam,mənim işim ideya verməkdir,onları həyata keçirən tapılacaq,mən əkinçiyəm,əkə-əkə gedirəm»-demişdim. «Bax,səninlə ourduğum bu dəqiqələrdə azı beş-altı nəfər oturub qapımın ağzında,əlyazmaları qalaqlanıb masanın üstündə,telefonlar özünü dağıdır,hər gün də iki-üç yerə görüşə çağırırlar.»Ciddiləşmişdi: «Görüşlər çox vacibdi! Şerin böyük gücü var,beynimizdə illərlə fırladıb ifadəsini axtardığımız məsələləri qısa bir şerlə çox tutarlı şəkildə deyirsiniz.Milləti oyadır. Bu Bəxtiyardan narazı olanlara var ha…onlara baxma!Bu günki milli fikir səviyyəsini ona borcluyuq. İndi də sizlər varsınınız!Amma zarafat eləmirəm! Talayırlar axı səni!Dedinsə,damğanı vurdunsa,cəmiyyətdə müəllifliyini qəbul etdirənə qədər o işin üstündə dayan!» Allah sənə rəhmət eləsin Bəy,elə bilirdi,biz də Akademiya işçisiyik,ömrümüzü bir mövzuya həsr eləyib dura bilirik.Nəzərə almırdı ki ,yazıçılıq,jurnalistika yollara və dillərə səpələnmək sənətidir,sən sözünü deyirsən sahibi tapıb bulacaq.Amma bu sözün siyasətlə ictimai mübarizəylə bağlı bir tərəfi də var ki,burda onun sözü dəqiqdi. «Bəy,məni belə şeylər ilgiləndirmir,kim neyləyir eləsin,halal xoşu! Mənim dərdim ayrıdı,uşaqlığım sərhəd məftillərinin böyründə keçib,bu dərdi heç kim mənim kimi duya bilməz!Mən bir Azərbaycan sevdalısıyam onu yazıram,hələki yazmaqdan başqa işimiz yoxdur.Sabah döyüş imkanı olsa orda da öndə olacağam.Özü də yüzə yüz inanıram ki həmin günləri görəcəyik». « Bu sözə varam ! Mən də inanıram! Əslində ədəbiyyatçıların böyüklüyü burasındadır ,bu yolu təmizləyirlər! Amma sonra da bu yolu özünüz qabağda getməli olacaqsınız» . «Yazmışam da,millət şairlərdən silah alır ,onu atmağı öyrənir,sonra döyüş başlananda da birinci onu irəli ,ölümə itələyir.Onsuz da biz həmişə hazırıq!»

Bu adama olan hörmətin nədən qaynaqlandığını aydınlaşdırmağa çalışırdım, disidentlikmi, ağıllı olmağımı, nitqi, yoxsa təşkilatçılıq qabiliyyəti? Bəlkə elə bu uşaq səmimiyyəti, gözlərindəki duruluq… Nə isə ayrı bir şey də vardı. Bunu sonralar hiss elədim. Müharibə illərində kəndi aclıqdan qoruyan, kolxoz sədri əmim vardı. Kənd ağsaqqalıydı. Neçə il atlı-piyada gecə-gündüz kəndin ətrafında dolanıb, hər evin üstündə əsə-əsə elin adını, əskər ailələrinin qeyrətini qorumuşdu. Bəylə onun arasında qəribə bir oxşarlıq görürdüm, hətta əlində, üzünün ifadəsində… “Hə bu da cavanlıqdan ağsaqqalıdır; təbii bir ağlı var, misal çəkə-çəkə, sadə, bəzən hətta bəsit cümlələrlə danışır, sözləri nə qədər başsız-ayaqsız olsa da məntiqi düzdür”.Mənə qiymətli olan cəhətlərdən biri də bəyin kitablarıma,yazılarıma diqqətiydi.Ovqatından asılı olaraq bəziyazıları xatırlayardı: «Bəy!Cavidin yubiley gecəsi bir şer oxudun e…», «Hə, yadımdadır! …O qaralmış ələ bax,od götürüb elə bil,Rənginə imzasının qaralığı hopubdur.Mərmər üstə qoyduğu o bir dəstə qərənfil bir vaxtlar öz tökdüyü qızıl qandan qopubdur.»; «kimi nəzərd Şerdə ümumiləşdirmişəm…»

Amma əsas məsələ bu deyildi.Bu görüşlərdə ayrıca və sırf siyasi məqsəd daşıyan,Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizə aparacaq bir təşkilatın yaranmasını qərarlaşdırmışdıq və uzun müzakirələrdən sonra ad da müəyyənləşmişdi: «Varlıq» Təşəbbüs qrupu və sonralar İdarə heyəti cəmi onbir nəfərdi .Ora bizim ikimizdən başqa Xəlil Rza Ulutürk, Tağı Xalisbəyli, Firuddin Ağasıoğlu,İsmayıl Tarikpeyma və bir neçə başqa yoldaşımız daxildi .Demək olar,hər həftə görüşürdük. «Varlıq» qapalı təşkilatdı,qısa müddətdə gərəkli sənədlərini zırladıq ,beləliklə, gələcək hərəkatın təməli qoyuldu.1988-ci ilin payızında «Varlıq» artıq ciddi bir güc mərkəziydi,respublikanın rəhbərliyi onunla hesablaşırdı,Vəzirovla uğurlu danışıqlar aparılırdı və tezliklə qeydiyyat məsələsinin həll olunacağına da inanırdıq
Bu görüşlərdən çıxıb işə gələndə yolda Məhəmməd qoluma girib məni saxlayardı, “bu söhbətlərdən bir şey anladın? Qardaş, mən silahlanmanın tərəfdarıyam? Başqa cür nə Moskvaya, nə də Tehrana təsir etmək olar!..”

Müstəqilliyə gedən yol – 9-cu parça

HƏYAT ÖZ MƏCRASINDAN ÇIXMIŞDI

Ermənilər geri çəkilmək əvəzinə gündən-günə həyasızlaşır, bütün vasitələrlə, ağlasığmaz yollarla, yalan, böhtan və riyakarlıqla Qarabağ məsələsini şişirdirdilər. Naqornaya Karabak sözü Moskva və dünya mətbuatından düşmürdü. Ermənistan tərəfin və ermənilərin bu məsələyə nə qədər ciddi və əsaslı hazırlaşdığı göz qabağındaydı.

İrəvanda teatr meydanı, Bakıda Lenin meydanı… Təsadüfi deyil. Ermənilər teatr meydanında tamaşa göstərirlər, bizimkilər də Lenin meydanında Moskvanın ətəyindən yapışıb dayanıblar – deyirdim. Doğrudan da beləydi. Kamran Bağırovla Moskvaya gedib qayıdandan sonra Mərkəzi Komitənin katibi Akademiyada, Ali məktəblərdə yığıncaqlar keçirir, inandırmağa çalışır ki, Moskva Azərbaycanını mövqeyini müdafiə edir. Ən yüksək səviyyədə tədbirlər görür və s. Qarabağdan Gevorkovu çıxarıb yerinə Poqosyanı qoyurlar. Elə bil qəsdən bu qarışıqlığı salan, durnadı, ördəkdi nədi, adına cəmiyyət yaradan, işləməyən, gecə-gündüz bu meydanda dayanan adamları maliyələşdirənləri gətirir vəzifəyə. Oğrubaşını irəli çəkir ki, o biri oğruların dilini sən yaxşı bilirsən, o da “Bəli, bəli!” deyib, özünkülərə xəbər göndərir ki, möhkəm durun.

Moskva televiziyası hər gün azərbaycanlılara yeni bir sürpriz hazırlayır. Ağanbəyyan iki gündən bir ekrandadır. İdmandan başlamış hava məlumatı verənə qədər… mərkəzi televiziyada nə qədər erməni varmış?! Hər biri də öz sahəsində Azərbaycanın əleyhinə nə bacarır eləyir. Raisa Maksimovnanı bir tərəfdən hədiyyə ilə tovlayır, Qorbaçovu köməkçilərinin vasitəsilə başqa cür ələ alırlar…

Moskvadan gələn Razimovski, Dolqix, Lukyanov, Demiçev kimi, Stepanakertdə yaxından gördüyüm adamlar İrəvanda bir cür danışırlar, Bakıda ayrı cür. “Biz bu məsələni diqqətlə öyrənəcəyik” və s. Nəyi öyrənəcəksən, ay qurumsaq? Bir dəfə öyrənib İrəvanı verdiniz ermənilərə, hələ keçən əsrdə, 1828-də. İndi də sıra Qarabağa çatıb. Əvvəl bir şəhərimizi alıb verdiniz, sonra ətrafını, sonra da yavaş-yavaş bir dövlət yaratdınız onlara, Ermənistan da yatıb ağac kölgəsində elə bilir öz kölgəsidir. “Özümə yer elərəm, gör sənə neylərəm”. İndi də budur, Qafandan, öz doğma Zəngəzurumdan, iyirminci illərə qədər erməniyə dəxli olmayan, tarixən Qarabağ bəylərbəyinə aid yerlərdən, kisədibi qalmış sonuncu azərbaycanlıları da qovub çıxardıblar. Onlar da gəlib Bakıda, Gəncədə, Sumqayıtda erməniləri arın-arxayın yaşadıqlarını görəndə dəli olurlar. Yaşamaq nədir, böyük-böyük vəzifələr tutduqlarını: Baş Nazirin müavini, Raykom katibi, Nazir, nazir müavinləri… Harda yağlı yer var, erməni ordadır. Birinə də söz demək olmur, erməni qalır qıraqda, özünkülər kəsdirir dilini. Mətbəədə biri var e, yaraşıqlı bir xanımdır, çoxdan tanıyıram, görəndə başıma dolanmaq istəyir, heç deyərsən erməni deyil? – amma yox, xalisindəndir və belə əzizlənib irəli çəkilməsinin, bütün istehsalat işinin ona tapşırılmasının səbəbi də indi açılır, səbəb qardaşıdır, neçə illərdi Stepanakertdə mərmər zavodunun direktorudur; onun sərvətinin hesabınadır hə şey. Buna görə bu xanım qudurğanlıqla “Azərbaycan” jurnalından Bəxtiyar Vahabzadə ilə Süleyman Əliyarovun bu hadisələrlə bağlı tutarlı məqalələrini çıxardır, ana dilli jurnallarımız yubansa da “Qrakan Azərbaycan” vaxtından da əvvəl kiosklardadır, içində də məlum şerlər. Bəlkə elə o dondurma kağızlarını da həmin xanım çap etdirib. Azərbaycanlı kişilərə nə var ki, xoş təbəssümlə qəlbinə gir, sonra nə istəyirsən elə!..

Fevralın iyirmi beşində katalikos Vazgen Ermənistan televiziyası ilə ermənilərə müraciət edib. Bir gün sonra çıxışın mətni Bakıda əllərdə gəzirdi. “Millətlərin öz müqəddəratını təyin etmək hüququ”… Gör hardan yapışıb.

Heç kim də fikirləşmir ki, indi Avropanın saqqız kimi çeynədiyi bu ideyanın özü də “ortodoks” kilsələrində doğulmuş sayıqlamalarından başqa bir şey deyil.
Erməni öz müqəddəratını 1921-ci ildə təyin edib. O vaxt Qarabağın ətrafında söz-söhbət olsa da, Zəngəzur mübahisəsiz Azərbaycan torpağı sayılırdı. Onda niyə müqəddərat söhbəti yada düşmüşdü? Demirdiniz biz Qafqazda Azərbaycan torpaqlarının üstündə iki erməni dövləti yaratmaq istəyirik?! Qarabağın 70-cə min ermənisi millətdi bəyəm. Dövlət istəyirsə köçsün Ermənistana yaşasın özü üçün. Qalmaq istəyirsə yaşasın, hər cür hüququ, şəraiti var. Amma bilməlidi ki, bu torpaq mənimdir və başının üstündə mənim bayrağım olacaq!..

Bir yandan deyir ki, Doğlıq Qarabağın Ermənistana verilməsi Moskvada yüksək səviyyədə həll olunmalıdır və bu işə bütün erməni kilsələri kömək edəcək (sonralar bəlli olacaq ki, dünya erməniləri kilsələrin təşəbbüsü ilə milyardlarla dollar pul yığıblar, kasıb azərbaycanlıları xoflandırmaq üçün hətta bu rəqəmləri mətbuata da çıxartdılar), bir yandan da guya xalqı təmkinə, “erməni-Azərbaycan qardaşlığını göz bəbəyi kimi” qoruyub saxlamağa çağırır. Ax qoca tülkü! Sən kimin gözünə kül üfürürsən!..

Çıx bir Qafanda təhqir olunub qovulan qadınların halına bax, dağ boyda kişilərin bu həqarətlərə dözməyib bükülməsini, səssiz-səmirsiz daşa dönməsini gör, ondan sonra qardaşlıqdan danış.

Gecəm-gündüzün necə əvəzləndiyini günlərin necə keçdiyini unutmuşdum. Yenə görüşlər ara vermirdi, məktəblər, elm, təhsil, istehsal müəssisələri və bir də ziyalılar. Akademiyanın Kibernetika institutu, fəlsəfə institutu, “Elektroterm” və “Ulduz” istehsalat birliyi… Sumqayıt texnologiya institutu. Hər birində saatlarla davam edən müzakirələr.Bir-birindən maraqlı, dəyərli insanlarla tanışlıq. O adamların bir hissəsi ilə sonralar meydanlarda çiyin-çiyinə dayanacağıq, bəzilərinin unudulmaz, parlaq siması əbədi olaraq şəhid məzarlarının daş ekranlarına köçəcək…

Qarabağdan qayıdandan sonra Aydın Məmmədovla tez-tez görüşür, Moskvanın bəzi yazılarına cavablar hazırlayır, yığıncaqlara bərabər gedirdik.
Bu arada millətin gözü Akademiyaya və Yazıçılar ittifaqına çevrilmişdi. Görək ziyalılarımız nə düşünür, nə edəcəklər? Doğrudan da, Ziya Bünyadov və bir çox tanınmış tarixçi, ədəbiyyatçı, filosof həm yazılı, həm şifahi çıxışları ilə ermənilərin Qarabağla bağlı bütün dəlil sübutlarını darmadağın edir, torpaq iddəasına tarixi-elmi əsas axtarmaq işinin perspektivsizliyini aydın şəkildə ortaya qoyurdular. Respublikanın rəsmi mətbuatı hələ də qorxaq hakimiyyətin təzyiqi ilə bu yazılara qapalı idi. Yenidənqurma, söz azadlığı üç ildi yol gəlirdi, amma hələ Azərbaycana çatmamışdı. Bu yazıçılar ancaq sahə qəzetləri, elmi toplular, Akademiyanın xəbərləri, nisbətən cəsarətli olan gənclik qəzet və jurnallarına yol tapa bilirdi.

Ziya Bünyadova bu yaşında sanki gənclik təpəri gəlmişdi. Görüşlərdən, çıxışlardan yorulmur, eyni zamanda bir-birinin ardınca məqalələri dərc olunurdu. Akademikin nə qədər hərtərəfli elmi təfəkkür sahibi olması, çıxışlarında zarafatcıl, emosional olsa da yazılarında yalnız dəqiq elmi dəlillərə söykənməsi, opponentləri üçün heç bir ilişik yeri qoymaması bir daha görünürdü…

Müstəqilliyə gedən yol – 10-cu parça

NAXÇIVAN GÖRÜŞLƏRİ

Tək-tək adamlar kimi millətlər də imtahanlardan keçə-keçə yaşayırlar. Zəlzələ, sel, su, yanğın, yoluxucu xəstəlik təbiət imtahanlarıdır, daxili çəkişmələr, hakimiyyətsizlik, müharibə, qonşu və müttəfiqlərin xəyanəti isə gərəksiz, yalnız müəyyən iddia və maraqlardan doğan fəlakətlər və çınaqlardır.
Azərbaycan türkləri bəlkə Allah yanında hansı bir suçuna görəsə, elə xalqlarla qonşu olub ki, əsr-əsr həmişə Demokl qılıncı kimi qonşu xəyanəti də başının üstündən asılıb.

1988-ci ildə Ermənmistanın torpaq iddiası Azərbaycanın tarixinimizi dəfələrlə qanla yoğurmuş bu həqiqəti unutduğunu göstərdi.
Təkcə millət yox, ona başçılıq edənlər də şəraiti düzgün qiymətləndirə bilmədilər, Kremlin çaldığına oynadılar. 1905, 1918-20-ci illər faciələrini də yada salmadılar, yada sala bilməzdilər də, çünki heç həmin tarixlər haqqında təsəvvürləri də yoxdu, rus-sovet təhsili onları unutqan, yaddaşsız, ən azı milli yaddaşsız böyütmüşdü, köhnə komsomol tərbiyəsindən keçmiş adamlar üçün müstəqil yol və siyasət anlayışları mövcud deyildi, onlar ancaq mərkəzin icraçı qulları idilər, təlim belə keçilmişdi. Buna görə də Vəzirov uzun səfirlik xidmətindən Bakıya qayıdanda hara getdiyindən xəbərsizdi. Səfirlik villalarından Dağlıq Qarabağda səpilən zəhərli toxum, Azərbaycana qıcanan dişlər görünmür. Onun idarə modeli köhnə komsomol məktəbi, öz Vətəninin gələcəyi haqqında arzusu, xaricdə gördüyü inkişaf səviyyəsi idi. Lakin bilmirdi ki, son on ildə bu məktəb dağılıb və xarici ölkələrin inkişaf səviyyəsi haqqında düşünməzdən əvəl xalqın yaraları sağalmalı, daha doğrusu torpağa daraşan həşəratın kökü kəsilməlidir.

Bunu bilmədiyinə görə onun Avropa səviyyəsində villalar, şəhərlər, hamamlar, ucsuz-bucaqsız qoz bağları haqqında gözəl arzuları xalqa gülməli gəlirdi. Bu söhbətlərini millət Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” pyesindəki uçitelin söhbətləri kimi, naşı bir adamın həyatdan uzaq sərsəmləmələri olaraq qəbul edirdi.

Vəzirov təmiz adamdı, dinc dövrdə bəlkə də xeyir verə bilərdi, amma müstəqil düşünən, çətinlikdən yol tapan, millətə lider ola bilən adam deyildi. Buna görə də xalq nicatı yuxarıda oturanlarda yox, ziyalılarında, yazıçılarda, alimlərdə, sənət xadimlərində axtarırdı, çünki onların yazılarını, televiziya və səhnə çıxışlarını oxuyub, görmüşdü, onlara inanırdı, elə bilirdi ki, qəhrəmanlıq haqqında yazan, yaxud sərkərdə rolu oynayan elə özü də qəhrəmandır.
Ölkə rəhbərlərinə qulaq asmır, çıxışlarını fitə basır, üzlərini görəndə televizoru söndürürdülər amma Bəxtiyar Vəhabzadəni kürsüyə əliüstə gətirirdilər! Çətin günlərdə millət ümidini Yazıçılar İttifaqına, Universitetə, Elmlər Akademiyasına bağladığına görə hər yerdə Ziya Bünyadovu, İmam Mustafayevi, Anarı, Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı, Eldar Salayevi görmək istəyir və onları tələb edirdi. Son altı-yeddi ayın hadisələri Aydın Məmmədov, Məhəmməd Hatəmi,Nüsrət Kəsəmənli, Məmməd İsmayıl, Nurəddin Mehdixanlı, Əbülfəz Əliyev (Əbülfəz bəy), Fərman Kərimzadə, Kamal Abdullayev, Firudin Ağasıoğlu, Firudin Abbasov, Rüstəm Behrudi, İsa Qənbərov, Tağı Xalisbəyli, Mənsur Əliyev kimi ziyalıların adlarını camaat arasında tez-tez hallandırır və onların kükrəyən xalqın dərdlərini demələri, televiziyada, radioda, mətbuatda, mitinqlərdə çəkinmədən imperiyanın çürüklüyündən və xalqın başına gətirilən müsibətlərdən danışmaları onları hakimiyyətə alternativ olan bir qüvvə səviyyəsinə qaldırırdı.

Noyabrın əvvəllərində hərəkətin ortaya çıxartdığı, amma daha öncədən fəhlə yataqxanasından, Maşınqayırma zavodundan, “Çənlibel” dərnəyindən yaxşı tanıdığım Nemət zəng vurdu:
– Naxçıvanda Sizin kitab əl-əl gəzir, camaata bərk təsir göstərib. Görüşmək arzusunda olanlar çoxdur.
Sonra da dəstəyi bir neçə il öncə nəşriyyatda işə göitürdüyüm, ilk kitabını nəşr etdiyim və həmin kitabın vətəndaşlıq şerləri ilə qısa müddətdə gənclər sırasında populyarlaşmış Rüstəm Behrudiyə verdi. O da təkid elədi:
-Gəlsəniz çox gözəl olar, istəyirsiniz gəlim, bir yerdə qayıdaq. Bir azdan SSRİ Ali Sovetinə seçkilər başlanacaq, burdan Sizin namizədliyinizi vermək istəyirlər.
Bir neçə gün sonra Rüstəm, doğrudan da, Bakıya gəldi və noyabrın 10-da gecə qatarla Naxçıvana getdik. Yenə də, həmişəki kimi, Araz boyu yolu həyəcanla, o taydakı dağlara baxıb qovrula-qovrula başa vurduq.

Naxçıvanda Nemət bir neçə dostu-tanışıyla bizi qarşıladı. Payızın gəlməsiylə ilğımı dağılmış dağlar, ağappaq qar altında bütün xırda cizgilərinə, yarğanlarına qədər aydın görünürdü. Çiynində göyü saxlayan möhtəşəm zirvələrin arasında, düzəngahdan baş qaldıran və sanki əllə tikilmiş, dəbilqəyə bənzədiyinə görə, hətta qat-qat uca dağlardan da əzəmətli görünən İlanlı ucalırdı. Naxçıvan elə Nuh dövründən gələn sehirli və doğma görkəmindəydi…

İndi bu sətirləri yazanda gözüm Bilgəh kordioloji sanatoriyasının dördüncü mərtəbəsindən yeni tikilən cəhcəlallı, Semiramidanın asma bağlarını xatırladan iqamətgahların – bağ evlərinin arasından baş verib dikələn yeni İlanlı dağa sataşır. Bunu Naxçıvandan Bakıya daşınmış bir iş adamı ucaldıb ki, darıxanda oralara qayıtmağa ehtiyac qalmasın. “Məhəmməd dağın yanına getməz…” Dağlarımız dalımızca gələrlər və hamımız toplaşırıq Abşerona. Kimsə güclü adamdır, çünki ev tikən adamlar çoxdur, dağ tikmək yeni sənətdir.
…Küçələrdə görüş barədə bildirişlər asılmışdır. Bir gün sonra axşam saat 18-də Filarmoniyanın ətrafında iynə atsan yerə düşməzdi. Salon ağzına kimi dolmuş, aralara da kətillər qoyulmuş, camaatın bir hissəsi də ayaq üstə dayanmışdı, səsi foyeyə və həyətə ötürmək üçün aparatlar quraşdırılmışdı. Rüstəm qulağıma pıçıldadı: “Sizə demişdim axı! Naxçıvan camaatı kasıb olsa da özünü sındıran deyil, qürurludu. Hələm-hələm ayaq üstə, foyedə, həyətdə dayanıb kiməsə qulaq asan deyil”.

Bizi qarşılayan, aralanıb yol verən, səhnəyə dəvət edən bu adamların ürəklərini üzlərindən oxumaq çətin deyildi. Aralarında vilayətin tanınmış ziyalıları, yüksək vəzifəli şəxslər, ali məktəb müəllimləri vardı, bir çoxunu şəxsən tanıyırdım.
Kitabın müzakirəsi dörd saata yaxın çəkdi. Sualların sayı-hesabı yoxdu. Biri də yanında oturanalar haqqındaydı”: “Yanınızda oturan cavan şairi – Rüstəmi tanıyırıq, amma o birisini təqdim edən olmadı”.

Rüstəmin şerlərindən, parlaq gələcəyinə ümidli olduğumdan danışdım, sonra yenə eyni tərzdə Nemətə işarə edib “bu yoldaşımı da yadda saxlayın, bu, Bakı fəhlələrinin liderlərindən biridir! Fəhlə də olsa ağıllı, cəsarətlidir, yanan və mübarizədən qorxmayan gənclərimizdəndir””
Kitabla bağlı çıxışlardan sonra, söhbət, təbii şəkildə, bütün respublikanı narahat edin məsələlərin – Dağlıq Qarabağ hadisələri, bununla bağlı görülən işlər, Bakı mitinqləri, rəhbərliyin, ziyalıların münasibətləri və s. məsələlərin üstünə gəldi. Vəzirovun vecsiz siyasətinə mənfi münasibətlərmi həmişə olduğu kimi sərt bir şəkildə çatdırdım. Yerdən atmaca atdılar:
– Bəs Heydər Əliyev haqda fikriniz necədir?
Gülə-gülə ürəyimdən keçəni dedim:
– Naxçıvanda Əliyevdən danışmaq odla oynamaq kimi bir işdir.
Salon qəhqəhə çəkdi.
Bu sualın fikri yayındırdığını, salonda birmənalı qarşılanmadığını, seçmək çətin deyildi.
Zarafatla “Naxçıvan görüşləri” adlandırdığım günlərin ruhuna qanadlanmışdım. Şahbuz, Sədərək, Şaxtaxtı, Təzə kənd (indi Şəhid Məmməd), Universitet… Cavandan – ixtiyara hamının toplaşdığı məclislər xalqın əsəbinin tarıma çəkildiyini göstərirdi. Bir himə bənddilər. Hava günəşli olsa da dağların şaxtası Araz boyu çökəkliyə dolmuşdu. Mədəniyyət sarayları soyuducu kimiydi. Nəfəsin göydə donur. Amma yeddi-səkkiz yüz nəfərlik salonlarda paltoya bürünmüş adamlar saatlarla dinləyir, danışır, tələblərini Bakıya çatdırmağımızı xahiş edirdilər. Müzakirələrdə kasıb, sadə kənd camaatının yüksək zövqünə, təbii mədəniyyəti və maraq dairəsinin genişliyinə heyran qalırdım.

Sədərəklilərlə görüşdə isə ağıllı-başlı ağladım. Çıxış eləyənlər bu sərhəd kəndinin qayğıdan kənarda qaldığından, buna baxmayaraq, İrəvanın qabağında mərdliklə dayadığından, cavanların könüllü surətdə gecə-gündüz kəndə keşik çəkmələrindən danışırdılar. Amma bu necə təsirli danışıqlardı?!
Kəndin qocaman ziyalılarından Məmməd müəllimlə çoxdan yazışırdıq, burda görüşdük və sonra qocaman müəllim, doğrudan da, adamın ürəyinə od salan bir çıxış elədi. Eləsi vardı ki, danışa-danışa gözlərinin yaşını saxlaya bilmirdi və mən də sakitcə ona qoşulurdum.
Sədərək qəhrəmandir! İrəvanın beş addımlığında, düşmənlə burun-buruna, amma nizamı yerində, səhərdən-axşama işində-gücündə, üzümünü becərir, bağ-bağçasına qulluq edir. Hər payız şaxta düşməzdən o boyda üzüm sahələrinin tənəkləri torpağa quylanmalı, yazda çıxarılmalıdır, yoxsa şaxta vurar. Buna görə burda üzüm Azərbaycanın başqa yerlərindəki kimi nərmənazik deyil, tənəklər kor-kobud, düyün-düyün, elə bil xırda palıd ağacının gövdəsidir.
Noyabr ayı olsa da, payız şaftalılırının üstündə hələ də tək-tək meyvə var. Torpağa sancılmış qovaqların başında Tovuz qoşunun lələkləri kimi bir topa saralan-qızaran yarpaq qalıb. Şaxta payızın rənglərinə çöksə də, hələ o rəngləri tamam soldura bilməyib.
Axşam Ermənistanla sərhəddin ağzında tikilmiş iki mərtəbəli yeni yaşayış evlərinin birində orta məktəb direktorunun qonağı olduq, müəllimlərlə birlikdə şam yeyib Yenikəndə qayıtdıq.

Nemətin kəndidir, ata-anası burda yaşayır, buna baxmayaraq onlarda yox, köhnə tələbə dostum İsa Həbibəyinin çoxdan bəri gəlib-getdiyim və mənə öz evimiz kimi mərhəm olan evində qaldım. Bir axşam Nemətgilə də getdik, ana-atasıyla görüşdüm; axşam qohum-əqrəbaları da yığıldı, qurban kəsdilər. Bakıda baş verənləri elə şəkildə çatdırıram ki, övladlarından nigarançılıqları qalmasın, onu layiqli böyütdüklərinə əmin olsunlar…
Nemətin qohum-əqrabasının toplaşdığı məclisdə, çoxu oruc-namaz əhli olan bu halal adamlara baxanda zavodlarında keçirilən şer gecələrindən, “Çənlibel” dərnəyindən tanıdığım bu cavan oğlana rəğbətim artırdı.

Vilayətdə keçirilən ilk görüş kitabımın müzakirəsinə həsr olunsa, daha çox ədəbiyyat, poeziya üstündə köklənsə də sonrakı görüşlər siyasiləşmişdi, Ermənistana havadarlıq edən Moskva hakimiyyəti və onun Bakı əlaltısı əleyhinə son dərəcə kəskin çıxışlar səslənirdi. Sözsüz, vilayət rəhbərliyi buna laqeyd qala bilməzdi və artıq üçüncü görüşdə hakimyyət öz sözünü dedi. Yenikənd mədəniyyət sarayında çıxışlar başlanandan bir saat ötmüş təxminən saat yeddidə, hava qaralandan sonra işıqları söndürdülər, ora-bura adam göndərsələr də xeyri olmadı, amma camaat dağılmadı, haradansa çoxlu qəzet gətirdilər və gecənin qalan hissəsi qəzet lopalarının işığında keçdi. Bu qəribə bir mənzərəydi. Divarlar qaranlığa qarışmışdı. Lopaların yaratdığı işıq adaları sanki ucu-bucağı olmayan bir zülmət dənizdən baş qaldırırdı. Qəzet işığında üzlər də dəyişilmişdi. Üzlərdə bir qürur, məmnunluq, sevinc, minnətdarlıq ifadəsi vardı. İsa Həbibəyli qulağıma pıçıldadı:
– Hətta əslən Naxçıvanlı olan tanınmış yazıçıların da görüşündə camaat qaranlıqda oturub qalmazdı. Bunun qədrini bil!
Rüstəm də ayrı şey pıçıldayırdı:
– Uşaqlar öyrəniblər, işıq Dövlət Təhlükəsizlik şöbəsinin tapşırığıilə kəsilib.
Camaatın bu böyük sevigisini qarşısında nə edəcəyimi, nə deyəcəyimi bilmirdim, içimdə lovğalıq da yoxdu, sadəcə zəhmətimin itmədiyinə sevinirdim və bir də fikirləşirdim; “İlahi, bu xalqa bu boyda ruh, mənəviyyat, zövq verməsənsə, bəs bəxt niyə verməmisən?” Bir də onu fikirləşirdim ki, “ömrümüz boyu bu camaat üçün çalışsaq, borcumuzdan çıxa bilmərik”.
Nemətsə arıq, dəmir yonqarlarının çapıqları qalan üzünü camaata tutub, Moskvaya müraciətlə yazdığım şeri oxuyurdu.
“Mənə qardaş deyib qəbrimi qazdın…”

Ertəsi gün Şahtaxtıda da eyni ssenari təkrar olundu. Karxana daşları qabarıb kəndin üstünə yeriyir. Təkcə bu daşıyla kənd camaatını on qat yaxşı yaşatmaq olar. Amma indi bu daşın qırıntısı, tozu kəndin üstünü alıb və Araz qırağında doğrudan da şahlara layiq bir yer olan kəndin harayına səs verən yoxdur. Burda da xalq nicat gözləyirmişcəsinə bütün dərdlərini açıb tökür, Dağlıq Qarabağla yanaşı, Naxçıvanın da müşküllərini ortaya tək-tək xatırladılar.
Niyə məhz mənə? Xalq mənim bu dərdlərə çarə bulmaq imkanımın olmadığını gözəl bilir. Sadəcə olaraq inanırdılar ki, bu söhbətlər havaya getməyəcək, hökmən hər hansı bir televiziya və ya meydan çıxışımda, ən azı yeni yazımda əksini tapacaq.
Görüşlər vilayətdə doğrudan-doğruya səs salmışdı…

Müstəqilliyə gedən yol – 11-ci parça

MEYDAN

Bakıda olmadığım bir neçə gündə gələn məktubları görəndə gözüm böyüdü. Məktubları bağlı verirdilər. Amma üstündə qadın soyadı yazılanların arabir səliqəylə açılıb, təzədən yapışdırıldığı da sezilirdi. Kimin işidir, nə öyrənmək istəyirlər görəsən? Onsuz da məktublar heç bir töhmət, qınaq imkanı vermir. Ürəyin təmənnasız, gözəl duyğusuna kim çəpər çəkəcək, kimə qadağa qoya bilərsən?

Məktublar kitabımdakı bir cümlənin cavabıydı. “Azərbaycan yazıçısı ən az məktub alan yazıçıdır”. Sözləşibmiş kimi bu fikrin yanlış olduğunu sübuta çalışır və əlavə edirdilər ki, “Sən qızlarımıza cehiz kitabı yazmısan!” Uzaq və yaxın tarixlərə el-obanın, kənd ziyalılarının marağını göstərən dəyərli, eyni zamanda ürək açan və ya “əsərinizin filan yerində gözəlliyini təsvir etdiyiniz, yol üstündə görüb keçdiyiniz qız mənəm” tipli emosional-etiraflı məktublar gəlirdi. Birdən-birə respublikanın bütün bölgələri ilə qəribə bir əlaqə yaranmışdı. Nələr yazılırdı: ermənilərin torpaq iddəalarının oyatdığı qəzəb, Moskvanın çürük siyasəti, respublikanı idarə edənlərin fərsizliyi, rayonlarda raykom katiblərinin “balaca padşahlığı”, fironluğu, torpaq, ekologiya, təhsil problemləri, qanunsuzluq… Kaş bütün bu məktubları olduğu kimi nəşr etmək olaydı? Dünyanın nadir kitablarından biri yaranardı.

Hər kəsə ətraflı, ürəyim istəyən cavab yazmağa vaxt yoxdu. Bakı qaynayırdı. Dağlıq Qarabağda, Topxana meşəsində Ermənistan aliminum zavodunun filialının tikintisi xəbəri tufan kimi millətin bütün qəzəbini şahə qaldırmışdı, cavanların ağzından od püskürürdü, Vəzirovu da sələfi kimi maymaqlıqda, Qorbaçovun yalan vədlərinə inanmaqda ittiham edirdilər.

Əslində, hakimiyyətdəkilər də öz gücsüzlüklərini hiss edirdilər. “Teatr meydanı” “erməni xalqını ram etməyin mümkünsüzlüyü” ifadəsini yaymaq, Moskvaya təsir göstərmək üçün İrəvanın əlində bəhanəydisə, Moskva görməliydi ki, onun ədalətsiz yanaşması qarşı tərəfi – ölkənin ikinci bir respublikası və xalqını da bəlkə daha mütəşəkkil şəkildə, ayağa qaldırıb; bəlkə bundan sonra qanunlar yada düşərdi, ərazi iddəalarının sonda acı nəticələr verəcəyini dərk edər, əncam çəkərdilər. Bu cür düşünən vəzifəlilər mitinq hazırlıqlarının qarşısını almağa çalışmır, əksinə, buna sevinirdilər.

Başqa gizli qruplar da vardı; onlar Vəzirovun respublikanı idarə edə bilmədiyini görür, daha da zəifləməsini və tezliklə yıxılmasını arzulayırdılar; bunlar hakimiyyətin ikinci, üçüncü, dördüncü pilləsində oturan adamlar və onların ətrafındakılardı. Bəzi adamlar da vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin Moskvadan qayıtmasında və hakimiyyətə yiyələnməsində görürdülər. Bu cür düşünənlərə Moskvanın və Vəzirovun antiəliyevçi təbliğatı, ölkənin köhnə liderlərindən biri barədə pulla alınan Vaksberq kimilərinə “Litqazeta”da, “İzvestiya”da tənqidi məqalələr yazdırılması və həmin yazıların əlüstü tərcümə etdirilib öz qəzetlərimizdə dərc olunması da kömək edirdi. “Yıxılana balta çalmaq” ənənəsini qəbul etməyən xalqı bu məqalələr qəzəbləndirirdi. Başqa bir psixoloji incəlik də vardı: xalq bu məqalələrin Əliyevin çörək və vəzifə verdiyi yetirmələrinin fitvasıyla yazıldığına nakişilik kimi baxır, məqalələrin bəzilərində “erməni barmağı” olduğu , Əliyevə münasibətdə erməni təbliğatı ilə Azərbaycan rəhbərliyinin fikrinin üst-üstə düşməsi və bunlar arasında bəlkə də gizli əlaqələrin varlığı heç Əliyevi sevməyən adamları da qəzəbləndirirdi.

Beləliklə, meydana Qarabağ dərdiylə can atan xalq selinə irili-xırdalı çoxlu axınlar da qarışırdı, tayfasını, dəstəsini meydana istiqamətləndirənlər hətta harda, necə, hansı şüarlarla dayanmağı da öyrədirdilər. Təbii ki, bu selin bir gün onu ağzına alacağını dərk edən hakimiyyət də öz işindəydi və onun bəlli bir qanadı gizli şəkildə və ya birbaşa Moskva xəfiyyə təşkilatları, Dövlət Təhlükəsizlik orqanları və dolayı yolla, ermənilərin sifarişini yetirən dairələrlə bağlıydı.
Meydana gələn yollar barədə çox düşünürdüm, amma bir şeyə arxayındım , ayağa qalxan əsas kütlənin niyyəti birdir, bu selin qabağında başqa qüvvələr çox cılızdır və əllərindən heç bir iş gəlməz. Yəni bu yığışanların böyük bir hissəsi elə o gələn məktubların müəllifləri, görüşlərimdə iştirak edənlər, – tanıdığım, bizim təbliğat və çalışmalarımızla ayağa qalxan adamlardır. Buna görə də meydana axan bu seldə özümü balıq kimi sərbəst hiss edirdim.

Naxçıvandan qayıdandan iki gün sonra noyabrın 17-də başımı işə qarışdırmaq istəsəm də, qulağım telefondaydı, Akademiya, aspirantlar yataqxanası, Universitet, Politexnik İnstitut, yolda İqtisadiyyat İnstitutu qatılandan sonra təxminən nə qədər adam toplaşacağı əsas məsələydi, çünki bu mitinqlər əvvəlkilərdən fərqlənəcəkdi.
Saat ona işləmiş Universitetdə oxuyan qardaşım Əlövsət zəng vurdu , artıq yoldaydılar. İşçilərdən bir neçəsini götürüb Nizami muzeyinin yanından Monolitə doğru qalxdım. H.Hacıyev küçəsinin başında yolu avtobuslarla bağlamışdılar. Axın İqtisadiyyat İnstitutunu keçib Əlyazmalar İnstitutu ilə Akademiyanın Rəyasət Heyəti binasının qarşısını doldurdu. Arxanı görmək mümkün deyildi, amma bir azdan, «Azadlıq!» «Azərbaycan!» qışqıran xalqın qabağı dəbilqəli milislər tərəfindən kəsiləndə, həyəcandan rəngi ağarmış Ənvər Əliyevin çağırışı ilə mitinqçilərin ilk dəstəsi yerə oturanda, külək zəmini yatıran kimi bu işarə bütün küçə boyu əsib keçdi. Kommunist küçəsi başdan-başa insanla doluydu və toplaşanlarda qəribə bir mütəşəkkillik, qətiyyət duyulurdu. Keçib ilk sıradakılara qoşuldum.

Bir azdan şəhər rəhbərliyi də gəldi və xeyli məsləhətləşmədən sonra camaatı Qoşa Qala qapısına buraxmağa və mitinqi Siyasi Maarif evinin qabağında keçirməyə razılaşdılar. Avtobuslar götürüldü, milis çəkildi. Bu ilk qələbə kütləni qanadlandırdı. Bir neçə dəqiqəyə Gənclər meydanı doldu, təkcə meydan yox, bütün ətraf, Sabir bağı, Nizami heykəlinin ətrafı, Araz kinoteatrı tərəflər. Bizi Siyasi Maarif evinin pillələrindəydik. Qala divarının dibiylə enən daş yol kəsilmişdi. Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev bu ərazilərin də daxil olduğu 26-lar rayonun katibi Vəli Məmmədova mitinqin burda başlanıb, burda da qurtarmasını tapşırırdı. Vəli “baş tutan işə oxşamır” deyə cavab versə də bir gözü məndəydi. Onu başa düşürdüm. Yəni “görürsən də, nə etməli?!”. Vəliylə çoxdan dostduq, lap bu günlərdə Nəriman Nərimanovun Leninə məktubunu ondan almağa getmişdim, söhbətimiz uzanmış, Nərimanovun çap olunmamış yazılarını, məktublarını ortaya tökmüşdü. “Raykomluq bir yana, indi bu yazılar çox vacibdir, icazə ver, onları balaca bir kitabça şəklində çap edək” – demişdim. «Biz və onlar»ı belə qopartmışdım ondan və elə mitinq günlərində nəşr eləmişdim. Vəlinin baxışında ayrı nə vardı? Yəni onsuz da mən sizinləyəm, amma görürsən də imkan vermirlər.
Camaat onu sevirdi və həmkarları bundan narahat olur, bu mitinqlərin onun başında çatlayacağına sevinirdilər.
Fuad Musayevə :
– Mikrafon gətirtməyin! Burda mitinq keçirmək olmaz. Bu hələ yuxarıdan gələnlərdir, bəs Moskva prospektindən, Səməd Vurğun küçəsindən, Neftayıran prospektindən gələnlər hara yığışacaq? – dedim.
Fuad Musayev üçün bu yeni xəbərdi, buna baxmayaraq mikrofonu qurdurdu, Vəlini irəli itələdi ki, mitinqi açsın.
Çıxılmaz vəziyyətdi. Üzünü camaata tutub sakitliyə çağırdı: «Gərək dünyaya sübüt edək ki, biz təşkilatlanmağı bacarırıq».
Lakin toplaşanların burda dayanmaq və kiməsə qulaq asmaq niyyəti yoxdu. Vəli pərtliyini gizləmək üçün gülə-gülə geri çəkildi. Qoluna girib, “Camaat meydana gedəcək, fikir qətidir, burdan buraxmasanız, Nizami muzeyinin yanından, ara küçələrdən gedəcək, milis heç nə edə bilməz. Yaxşısı budur özünüz camaatı hökümət evinin yanına dəvət edin”.

Doğrudan da, toplaşanların bir qismi Nizami muzeyinin böyründə milisləri aralayıb yol açmışdılar. Başqa tərəflərdən Azadlıq meydanına yaxınlaşanlar da vardı.
Vəliylə Fuad bir xeyli məsləhətləşəndən sonra Qoşa Qala qapısının yanından aşağı enən daş yol açıldı, camaat bəndi qıran sel kimi sahilə cumdu… İyirmi – iyirmi beş dəqiqə sonra izdiham o vaxt hələ Leninin adını daşıyan Azadlıq meydanını doldurmuşdu. Heykəlin ayağının altındakı kürsüdə basabasdı.
Ənvər Əliyevin ilk tələbi ilə bura toplaşan şəhər rəhbərliyi və kənar adamlar çıxarıldı: “Mitinqi biz təşkil etmişik, özümüz də aparacağıq”. Bu sözləri deyəndə gözü mənə sataşdı və qulağıma pıçıldadı: “Bu sözün sizə aidiyyəti yoxdur. İndi açacağıq mitinqi, tələblərimiz oxunacaq, amma gərək Siz də kömək edəsiniz.»
. Dalğalanan insan dənizi arxada Xəzərə qovuşurdu. Yer görünmədiyindən elə bilirdin toplaşan adamlar su üstündədir. Bu bir nağıldı, əfsanəydi…
Sahildə bir vaxt möhtəşəm imperiyanın ən möhtəşəm yalanlarını yazmaq və ən möhtəşəm yalançıların şəkillərini asmaq üçün iri dəmir çərçivələr quraşdırılıb. İndi üstü neçə sıra uşaqla doludur. Tribunadan baxanda tel üstə qonmuş quş səflərinə bənzəyirlər.
Bulvarla Meydanı ayıran şamlar, qovaqlar da adamla doludur. “Axır ki, bu bəzək ağacları özləri bəzəndi, heç bir meyvə ağacına qismət olmayan ən dadlı meyvələr yetişdirdilər”.

Hökumət evinin payız gələn kimi qapanan pəncərələri açılıb, oturmaqdan sümükləri ərp bağlamış nazirlər, nazir müavinləri pəncərədən baxanda da yalqızdır, Allah onları yalqızlıq üçün yaradıb, amma ümumi pəncərələrdə adam adam üstədir, çox kişinin üzünü görməyə həsrət çəkdiyi xanımlar pəncərələrdən çölə asılı qalıb. Papaqlı başlar da var, papaqlarından və millətdən utanırmışcasına pəncərələrdə gah görünür, gah itirdilər. Daş eyvanlar və evin üstü adamla dolmuşdu. “Abşeron” və “Azərbaycan” otellərinin də pəncərələri taybataydı; bu mənzərədən heyrətə gəlmiş xarici qonaqların, turistlərin kameraları işə düşmüşdü.
Burda kim ağzını açıb kəlmə kəsə bilər?! Səsi udular, on addım o yana çatmaz! Həm də bu qədər yanan gözlə, yol gəlməkdən qızarıb pörtmüş adamla üz-üzə çınqır çıxarmaq olar bəyəm?!
Sonralar bu meydan haqqında çox şeylər yazılacaq. Meydan folkloru, meydan söyləmələri və salnamələri yaranacaq. Amma ilk ağlıma gələn sözlər sonralar meydana buraxılmayan adamların ağzına düşəcəkdi:
Gəlin gedək Meydana,
Lənət olsun şeytana!

1988-ci il meydan iliydi. Noyabrın 17-si isə səsimiz Meydan dəstgahının ən zil pərdəsinə qalxmışdı.
70 il toplaşmağa, çiyin-çiyinə dayanmağa haqq bula bilməyən xalq, bu gün bütün qadağaları ayağlatmışdı. Adama elə gəlirdi icazə verilsə, on dəqiqəyə Meydan bu hökumət evini kərpic-kərpic, daş-daş sökər, burda işləyənlər şər mələkləri kimi havada, özlərinin olmayan mərtəbələrdə qanad çala-çala qalarlar. Onlara bu mərtəbələri xalq verib, götürsə neyləyəcəklər ki!..

Meydan da bu millətin qan yaddaşındadır. Tariximiz meydan savaşları ilə doludur. Dövlətlərin həyat səhifələrinə qanlı nöqtələr qoyan, ordular çeynəyən, nəsil-nəsil insanın beynində səssiz dəyirman daşı kimi fırlanan, fırlandıqca qüruru, heysiyyəti, ləyaqəti üyüdən, qan gölləri, qardaş qəbristanları, meydanlar!.. Tək-tək aparmaqdan, qırmaqdan yorulan Əzrayılın iştahlı vaxtında atdığı tor… Ərlərin, ərənlərin, sərkərdələrin, dövlətlərin, millətlərin, orduların, silahların yox, həm də ruhların, mənəviyyatların, duaların, müqəddəslərin, peyğəmbərlərin və tarixlərin üz-üzə gəldiyi yer…

Gördüyüm meydanların bir neçəsi yaddaşıma əbədi həkk olunub. Göytürklə Doqquz Oğuzun üz-üzə gəldiyi Tuqra vadisi, ondan əlli-altmış kilometr aralıda Tunyuquq çökəyi, Anadoluda, Ağrıyla Van arasında Çaldıran… Ankara ətrafında İldırım Bayazitlə Əmir Teymurun üz-üzə gəldiyi yer. Sonuncular necə də oxşayan bir-birinə?! Boşqabın dibinə bənzəyən düzəngah və ətrafda simmetrik, qapalı dairə – dağlar silsiləsi. Meydanın ortasından bütün aşırımlar gözlənir. Gələn də, gedən də nəfər-nəfər sayıla bilir. Qaçmağa, yayınmağa yer yox! Vəhşi ehtiraslar soyumayana və kükrəyən qəzəblər qanda boğulmayana qədər qır, qırıl, vur, vurul. Bir də ayıl ki, dövlətin yüz ildə, əlli ildə qazandığı nə varsa hamısı bu düzəngahda, at ayaqlarının altında çiliklənib torpağa qarışdı, şöhrət də getdi, qüdrət də; sapand daşından, kəlmə güləşməsindən başlanan oyun millətin bütün gücünü və sərvətini heçə çevirdi. Amma tək bir nəsillə, bir birinə saldırıb yenənlə, yendirənlə iş bitmir ki!.. Bu meydanlar min illərin axarında keçilməz burulğana, tarixin sirli düyün nöqtəsinə dönür, ha açırsan aça bilmirsən, ha qaçırsan qaça bilmirsən…
Bakının bir azdan Azadlıq adı verəcəyimiz mərkəzi meydanı nədənsə, hər dəfə həmin meydan savaşlarını, meydan müharibələrini xatırladır.
Camaat meydana dolandan təxminən yarım saat sonra Ənvər Əliyev mitinqi açdı.Kimsə qoluma toxundu. Geri döndüm. Nemətdi:
– Xoş gördük. Nə vaxt gəlmisən?
– Bu səhər.
– Salamatlıqdır? Evdə nə var, nə yox?
– Salamları var, çox adam salam göndərdi. Mitinqin xəbərini alan kimi qayıtdım, yəqin gələcəklər, gələn çox olacaq…
Ənvər mitinqin tələblərini oxuyurdu: Dağlıq Qarabağda Azərbaycan hakimiyyəti bərpa edilsin; Topxana meşəsində tikinti dayandırılsın!
Bu boyda millətin ayrı istəyi yoxdu. Tələblər qısa, aydın, amma qətiyyətliydi. Rəhbərlik hökmən cavab verməlidir. Yoxsa iştirakçılar 24 saat, lazım olsa 48 saat meydandan getməyəcəklər. Yuxarıda basırıq olmayacaq, yalnız icazə verilən adamlar danışacaq, meydanı kürsünün sağ qanadındakı bayraq idarə edəcək. Ensə dinləməyin, qalxsa dinləyin! və s.

Ənvərin çıxışından sonra mikrofona cumanlar çox oldu. Lakin tələbə köməkçiləri hücumları təmkinlə dəf edirdilər. Vəlinin çıxışına qulaq asmadılar. Bir neçə dəqiqə sonra Ənvər yolda döyülən və tutulan nümayəşçilərin azad olunması tələbini səsləndirdi.

Bundan ötrü şəhər milis rəisi Fətulla Hüseynovla görüşüb danışıq aparmaq üçün Əbülfəz Əliyevlə məni nümayəndə seçdilər. Təxminən bir saat sonra tələblər yenidən oxunanda yeni maddələr əlavə olunmuş, bəzi məsələlərin qol-qanadı açılmışdı. Ermənistanla iqtisadi əlaqələrin kəsilməsi, Topxanadan televiziya translyasiyası, Ağdamda komendant saatının ləğv edilməsi, DQMV-də partiya və sovet orqanlarının buraxılması, SSRİ Ali Sovetinin noyabr sesiyasında yaranmış vəziyyət və ermənilərin zorakılığı barədə məlumatların verilməsi və s. Bu arada biz Fətulla Hüseynovla görüşdük, tutulanların azad edilməsini razılaşdırmaq o qədər də çətin olmadı.

Bu xəbərimizdən meydan uğuldadı; nümayişin ilk qələbəsi idi… Meydan sanki öz gücünü duydu və tribunaya gələn tələblərin sayı artmağa başladı. Yazılı kağızları büküb tribunaya atırdılar. Həmin kağızları yığıb sistemə salır, lazım olanı Ənvərə ötürürdülər ki, mikrafonda oxusun! Akademiyanın Coğrafiya İnstitutunda işləyən bu arıq, qara oğlan bir neçə saatın içində əməlli başlı yorulub əldən düşmüşdü. Zarafat deyil, o boyda yolu enib gəlmişdilər, indiyə kimi ac-susuz ayaq üstəydilər. Tələblər millətin tale güzgüsünün kiçik-kiçik parçalarıydı, hərəsindən bir ağrı boylanırdı: “Ermənistanda Göyçə Muxtar Vilayəti yaradılsın!”, “Ermənistandan indiyədək çıxarılan azərbaycanlılar geri qaytarılsın!”, “Pasportlarda millətimizin adı bərpa edilsin!” və s.

Gün ərzində şəhərin müxtəlif istiqamətlərindən yeni-yeni dəstələr gəlir, meydan böyüyür, sıxlaşır və tədricən iki otelin arası başdan başa dolurdu. 24 və ya 48 saat söhbəti hökuməti vahiməyə salmışdı, tökülüb gəlmişdilər, lakin meydanın haqlı tələbləri, dəlil-sübütları qarşısında geri çəkilməkdən başqa yolları qalmırdı.
Mikrafona yaxınlaşan məmurları dinləyən olmadı.

Ənvər tələbləri təkrar edir və açıqlama verirdi. Bu danışıqların onsuz da əhəmiyyəti yoxdur, qoy bizim nümayəndə heyətini Vəzirov qəbul eləsin və görüşün nəticəsi barədə televiziya ilə məlumat verilsin. Axşam üstü Ənvər mənə yaxınlaşdı: “Yorulmuşam, yoldaşlarla məsləhətləşdik, Sizdən başqasına etibar eləmirik, bundan belə mitinqi Siz aparın”.

Gün Şubanı dağlarına doğru əyiləndə mən mikrafona yaxınlaşdım. Meydanda elə bir izdiham vardı ki, səsimin eşidiləcəyinə belə inanmırdım. Lakin “Əziz bacılar və qardaşlar!” sözlərinin meydanın üstündən keçib ətraf binalarda əks-səda verdiyini duyanda rahatsızlığım dağılıb getdi: “Qoy bu gündən meydana müraciət forması belə olsun: “Əziz bacılar və qardaşlar!” Yaxud “Xanımlar və bəylər”…” Sonra başladım. Bildiyim, illər uzunu ürəyimi yandıran şeylərdən danışırdım: Ya bizim MK iş bacarmır, təsadüfi, maymaq adamlar yığnağıdır, ya da ümid verə-verə xalqı aldadırlar. Çıxışımda daha nələr vardı: tarix, erməni xəyanətləri və bu xəyanətlərin bizi heç vaxt öz nəcibliyimizdən, milli xarakterimizdən döndərə bilməməsi, simamızı qoruyub saxlamağımız, təşkilatlanmanın zəruriliyi, Baltikyanı respublikalarının Xalq Cəbhəsi təcrübəsi, bizdə də belə bir cəbhənin yaranmasına olan ehtiyac…Televiziyanın xalqı aldatması, lazım olsa torpağımızı yalın əllə, dövlətin köməyi olmadan da qoruya biləcəyimiz, lakin belə bir özfəaliyyətin baş verməməsi üçün hakimiyyətin qabağa düşməsinin vacibliyi… Sinəmi dağıdan dərdlər kükrəmişdi.
Çıxışın əks-sədası gözlədiyimdən də artıq oldu. Adımı qışqıran bəzi cavanlar tribunaya dırmaşmaq, əlimi sıxmaq, bu yolla razılıqlarını bildirmək istəyirdilər.
Məndən sonra Tağı Xalisbəyli danışdı. Artıq meydanda ilk tonqallar yanırdı. Nemətin çıxışı işlədiyi zavodda yaranmış vəziyyət, mitinqə gələnlərin işdən çıxarılması və meydanın təsiriylə bəzi işçilərin yerlərinə qaytarılması haqdaydı.

Meydan dağılışmamaq qərarının qətiliyini bildikcə canlanırdı. Ümümxalq bayramı havası vardı, hərbi keçidlərin, zorla, siyahı üzrə tərtiblənən rəsmi bayramların hər üzünü görmüş, o təntənələrdən bezmiş meydan qürub çağı daha da böyümüş, tonqal işığında qədim elat köçünü, orduların yolüstü gecələmələrini xatırladan bir gözəlliyə bürünmüşdü.
İlk axşam hərə öz yerini, öz işığını axtarırdı.

Bizsə bütün tonqalları özümüzkü sayırdıq, hamısını eyni cür görür, bütün meydandan qızınırdıq.Meydan oxuyurdu,ən çox “Qarabağ” və “Azərbaycan” mahnıları eşidilirdi. Gecə zülmətində adama elə gəlirdi ki, bu mahnılar insan səsi ilə oxunmur, ulduzlardan axıb gəlir, işıqlar da parça-parça göydən tökülüb və indi oxuyan da tonqallardır, dünyanın heç bir işıq – musiqi qovşağı bu axşam havada oynayan alov dilimləri ilə mahnılar arasındakı ahəngdarlığı yarada bilməzdi.
Kürsünü boşaldıb, yavaş-yavaş meydana enəndə, gur tonqalların birindən çox gözəl səslə “Qarabağ şikəstəsi” yüksəlirdi.

Axşam saat 8-də meydanın bir hissəsi, dincəlib sabah erkən yenidən bura qayıtmaq məqsədilə evlərə, bir hissəsi çay içib isinmək üçün ətraf yemək-içmək guşələrinə dağılandan sonra başda Bəxtiyar Vahabzadə, bir dəstə meydan əhli – meydanı idarə edən, neçə aydan bəri küçələrdən, meydanlardan yığışmayan, MK-nın təbirincə, araqızışdıranlar, yəni bizlər meydanın tələbi və Vəzirovun xahişi ilə onun görüşünə getdik. Vəzirov Leninin filmlərdən tanış çevik addımlarına bənzər addımlarla, üzündə özünəməxsus yarısəmimi- yarısaxta təbəssüm, diplomatiya təcrübəsindən gələn, tox, sakit bir şuxluqla tək-tək hamıya əl verib görüşdü. Əsgər ədası ilə, hər kəsin qabağında ayaqlarını cütləyib durur, əlini sıxır, tanıdıqlarının adını öz adını deyirmişcəsinə bərkdən çəkirdi: “Ənvər”, “Sabir”, “Nemət”, “Əbülfəz”…
Gün ərzində səslənmiş tələblər yenidən səsləndi. Neçə aydan bəri davam edən çarpışmalar, hamını bir-birinə tanıtmışdı, bu binanın xofu dağılmışdı, meydandan gələnlər ötkəmdi, qarşıda oturanı dişlərinə vurmuşdular.

Bundan əvvəl də, bir iki belə görüşündə olduğuma görə Vəzirovla danışmağa həvəs duymurdum. Bizimlə danışa-danışa qeydlər aparacaqdı, çalışacaqdı milli tələbləri şəxsi tələblər səviyyəsinə endirsin, birinə ev, birinə iş, əsas məsələlər gələndə isə… yalançı Moskva vədləri, Qorbaçovla dostluğu, Siyasi Büroda gedən söhbətlər… yəni məni respublikaya göndəriblər, deməli kömək də edəcəklər, əl-ələ verib məsələni həll edəcəyik– gələndən bəri təkrarladığı nağıllar. Gün ərzində dönə-dönə danışıb ürəyimi boşaldandan sonra burda nəsə deməyə ehtiyac varmı? Bu teatr nəyə gərək? Onsuz da gözü, qulağı ordadır, otağındakı radio səhərdən axşama meydanı bu otağa ötürür…

Buna baxmayaraq, söz-sözü çəkdi, hamımız fikrimizi dedik. Arada özünün ağır şəraitinə toxunan və bu gecədən “yadigar” mənzil alan da oldu və belə görüşlərin bütün sərt, tələbkar siyasi havası bir anda ciddiyyətini itirdi. Bu şəxsi istəklərdən çox uzaq, gün ərzində meydanın diqtə elədiyi kəskin, güzəştsiz bir havayla danışdım. Biz dedik, o yazdı… İlk dəfə bu axşam Vəzirovun bəzi etiraflarını da eşitdim. Ermənistandakı MK gücsüzdür, heç nə edə bilmir, hakimiyyət keçib “Qarabağ” təşkilatının əlinə, üzdə kommunist olsalar da çoxu daşnakdır. Əl-ələ verməliyik, yumrua dönməliyik. Mənim adımdan deyin, lazım olsa özüm də televiziya ilə,ya da gəlib meydanda danışacağam.

Bu adama münasibətim heç özümə də aydın deyildi. Bir yandan baxanda, yazıqdı, on ildə Azərbaycanda hakimiyyətin üst qatlarının nə qədər pozulduğundan xəbəri yoxdu, qısa müddətdə nəyinsə dəyişəcəyi barədə ümidləri, vədləri gülməli görünür. Digər tərəfdən özü bu qədər sadəlöhv ola-ola, qarşısındakıları da uşaq sayır, üyüdüb tökür…

Onunla da Əjdər Xanbabayevin vasitəsilə Moskvada kitab sərgisində tanış olmuşdum..
Cəmil cavanlıq dostunun hansı burulğana düşdüyünü və görüşmədiyi illər ərzində həyatdan nə qədər aralandığını nə bilsin!
Bu axşam onun bizi sakitləşdirmək üçün dəlil-sübut tapmaqda nə qədər çətinlik çəkdiyini görəndə mənə elə gəldi ki, bəlkə də ürəyinin dərinliklərində o özü də mitinqlərin tərəfdarıdır, ona qarşı çevrilməsə, bu yolla Moskvaya təzyiq göstərmək oldu. Bu fikir hardan düşdü başıma? Hər halda maraqlı məsələydi, xüsusən yaz-yay mitinqlərinə hakimiyyətin səbirli münasibətini xatırlayanda, öz “qəhrəmanlıqlarımız” haqqında təsəvvürlərim özümə şübhəli görünürdü. Bəlkə özümüz bilmədən bir oyuna itələnmişik?!

Sonra hərə bir ovqatla, mənsə ümidsiz, çünki bu adamın mahiyyətini bilirdim və haqqında nə qədər xoş sözlər desələr də ona inana bilmirdim, qayıtdıq meydana, ordan da getdik televiziyaya. Əbülfəz bəy, Aydın Məmmədov və mən… Meydanda baş verənləri “Zaman” xəbərlər proqramından sonra, hamının ekran qabağında olduğu vaxt Azərbaycanın bütün guşələrinə, o cümlədən DQ ermənilərinə, araqarışdıranlara çatdırılması da kütlənin tələblərindəndi və əsas işin öhdəsindən gələ bilməyən hakimiyyət bu televiziya verilişi kimi xırda güzəşt və yumşalmalarla xalqın qəzəbini soyutmaq, zərbədən yayınmaq məqsədi güdürdü… Amma bu verilişə belə asanca razılaşmaqda ayrı bir məqsəd də vardı, meydanda xəbər yayılırdı ki, televiziya ilə ciddi xəbərlər veriləcək, yəni camaatın bir hissəsini də bu yolla evə qaytarmaq istəyirmişlər.

Televiziyada operatorlardan tutmuş, baş redaktora qədər, köhnə tanışlardı. Tələbəlik illərindən bəri müxtəlif verilişlər hazırlamış, aparıcı və ya müəllif kimi ayda bir neçə dəfə qonaqları olmuşdum.

İlk gündə meydanda baş verənlər, xalqın tələbləri, Vəzirovla söhbətlərimizin məzmunu və s. məsələlərdən danışdıq. Qısa, amma kəskin. Başqa cür danışmaq, bu gecə meydanda tonqal başında qalanlara, sabah yenidən ora toplaşacaq adamlara hörmətsizlik olardı.
Meydana qayıdanda gecə saat on ikinin yarısıydı.

Comments are closed.