“ 21 Azər Azərbaycanda həmişə qeyd olunub. Bizim bunu unutmağa haqqımız yoxdur”.

DAK.az-ın məlumatına görə, bunu Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi Sabir Rüstəmxanlı Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulmasının 71-ci ildönümünə həsr olunan tədbirdə deyib. O bildirib ki, 21 Azər Azərbaycanda daha yüksək səviyyədə qeyd olunmalıdır: “ Bu İranla münasibətlərimizə heç bir təsir göstərməməlidr. Çünki İranda o vaxt şah rejimi idi, şah rejimində belə bir milli hökumət qurulmuşdu, biz də bu gün yubileyini qeyd edirik. Amma nədənsə bəzi məmurlarımız bundan ehtiyat edirlər. İranda isə Azərbaycan əleyhinə açıq şəkildə fikirlər səslənir. İranın keçmiş xarici işlər naziri Kəmal Xərrazi deyir ki, ermənlər bizim qan qohumumuz, azərbaycanlılar isə düşmənimizdir. Azərbaycandan ona cavab verən yoxdur”.

S.Rüstəmxanlı qeyd edib ki, Güney Azərbaycan məsələsi daim gündəmdə olmalıdır: “ Bakıda Filip Kirkorovun konsertini təşkil edirlər, amma Güneydəki böyük saz ustadı Çingiz Mehdipur heç kimin yadına düşmür. Halbuki Mehdipur bütün saz havalarını nota köçürmüş böyük ustaddır. Bu gün balaca bir salon tapıb ona konsert təşkil edə bilmirlər. Güney Azərbaycanla bağlı məsələlərə millət, ictimai təşkilatlar susarsa, onda gərək deyək ki, biz artıq öz taleyimizlə barışıb, bütün məğlubiyyətlərə boyun əymiş bir millətik. Bu da olmaz! Hesab edirəm, Milli Təşəbbüs Qrupunun belə bir tədbir keçirməsi, partiya ayrılığına baxmayaraq, hamının bir yerə yığılması bu tip milli məsələlər üçün çox vacibdir”.

DAK həmsədri 21 Azər ilə bağlı bəzi mübahisələrin olduğunu da diqqətə çatdırıb: “Bəziləri deyir ki, Milli Hökumət solçular tərəfindən, SSSR-nin təşəbbüsü ilə yaradılıb. Bu çox gülünc söhbətdir. O milli hokumət idi, onu qanında boğdular. Bu gün bəziləri Səttarxan, Xiyabani hərəkatlarına da ləkə yaxmaq istəyir. Sanki bu millət öz azadlığını düşünən millət deyil. Bu 200 ildir Rusiyanın apardığı siyasətdir. Rusiyanın türk dünyasını bölmək siyasətidir”.

S.Rüstəmxanlı bildirib ki, bu gün də Güney Azərbaycanda soyqırım davam edir: “Bir millətin dili əlindən alınırsa, ana dilində məktəbi yoxdursa, hüquqları pozulursa, bu elə soyqırım deməkdir. Biz bu məsələlər haqda ciddi düşünməliyik. DAK olaraq, Milli Hökumətin 60 illiyini Parisdə Millətlər Evində qeyd etmişdik. Dünyanın bir çox ölkəsində keçirdiyimiz görüşlərdə Güney məsələsini qaldırmışıq. Nə qədər ki, Azərbaycan cəmiyyəti yaşayır, nə qədər ki, ağlımız, şüurumuz yerindədir biz Güneyin unudulmasına imkan verə bilmərik. Bu gün Güney Azərbaycanda təmiz bir türk ruhu hələ də yaşayır. Amma biz də kömək etməliyik, ən azı bizim müstəqil dövlətimiz var”.

Real Cəfərli

DAK Mətbuat Xidməti

Comments are closed.