Dekabrın 12-də Güney Azərbaycanın ictimai-siyasi həyatının tarixində böyük rol oynayan “21 Azər” Hərəkatının 71-ci ildönümüdür.
1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.
Bu il də ötən illərdə olduğu kimi, “21 Azər Hərəkatı”nın ildönümü ərəfəsində Güney Azərbaycan və xaric ölkələrdə yaşayan mühacir azərbaycan türkləri tərəfindən müxtəlif tədbirlər həyata keçirilib, Güney şəhərlərində çox sayda CD və bildirilər yayılıb və ictimai-siyasi qurum və partiyalar bəyanat yayaraq Azərbaycan Milli Hökumətinin xidmətlərini bir daha göz önünə gətiriblər. Bu tarixi gün bir neçə gündür sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.
Xatırladaq ki, 1945-ci il azər ayının 21-də Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan milli hökuməti qurulub. Milli hökumət bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb. S.C.Pişəvəri 1947-ci ildə Azərbaycanda müəmmalı avtomobil qəzasında həlak olub.
Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə bir sıra mühüm işləri həyata keçirib.Təbriz Dövlət Universitetinin və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi çoxlu işlər görüb. Milli Hökumət eyni zamanada aşağıdakıları həyata keçirib.
– Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;
– Hökümət iri bankları milliləşdirdi;
– Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;
– Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı
– Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;
– Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;
– Güney Azərbaycan Milli Ordusu yaradıldı.
Nəhayət ki, sosial-iqtisadi islahatların sürətli bir şəkildə həyata keçirildiyi bir dövrdə, Milli Hökümət bir sıra xarici amillərlə yanaşı Tehran rejiminin qanlı müdaxiləsi nəticəsində 1946-cı il dekabrın 12-də (1325-ci il azər 21-də) süquta uğrayıb.

Comments are closed.