SabirRustamxanli14Sabir RÜSTƏMXANLI

 

“XƏTAİ YURDU” KİTABINDAN

Bu kitab müstəqilliyimizin ilk illərində yazılıb. 1986-1991-ci illərin olaylarından bəhs edir. 2003-cü ildə nəşr olunub, böyük bir hissəsi 1988-ci ilin onsəkkiz günlük Meydan hərəkatına aiddir. Meydan hərəkatının 28-ci ildönümü günləriində kitabdan bəzi parçaları kiçik iftisarlarla paylaşıram.

MEYDAN

 

Bakıda olmadığım bir neçə gündə gələn məktubları görəndə gözüm böyüdü. Məktubları bağlı verirdilər. Amma üstündə qadın soyadı yazılanların arabir səliqəylə açılıb, təzədən yapışdırıldığı da sezilirdi. Kimin işidir, nə öyrənmək istəyirlər görəsən? Onsuz da məktublar heç bir töhmət, qınaq imkanı vermir. Ürəyin təmənnasız, gözəl duyğusuna kim çəpər çəkəcək, kimə qadağa qoya bilərsən?

Məktublar kitabımdakı bir cümlənin cavabıydı. “Azərbaycan yazıçısı ən az məktub alan yazıçıdır”. Sözləşibmiş kimi bu fikrin yanlış olduğunu sübuta çalışır və əlavə edirdilər ki, “Sən qızlarımıza cehiz kitabı yazmısan!” Uzaq və yaxın tarixlərə el-obanın, kənd ziyalılarının marağını göstərən dəyərli, eyni zamanda ürək açan və ya “əsərinizin filan yerində gözəlliyini təsvir etdiyiniz, yol üstündə görüb keçdiyiniz qız mənəm” tipli emosional-etiraflı məktublar gəlirdi. Birdən-birə respublikanın bütün bölgələri ilə qəribə bir əlaqə yaranmışdı. Nələr yazılırdı: ermənilərin torpaq iddəalarının oyatdığı qəzəb, Moskvanın çürük siyasəti, respublikanı idarə edənlərin fərsizliyi, rayonlarda raykom katiblərinin “balaca padşahlığı”, fironluğu, torpaq, ekologiya, təhsil problemləri, qanunsuzluq… Kaş bütün bu məktubları olduğu kimi nəşr etmək olaydı? Dünyanın nadir kitablarından biri yaranardı.
Hər kəsə ətraflı, ürəyim istəyən cavab yazmağa vaxt yoxdu. Bakı qaynayırdı. Dağlıq Qarabağda, Topxana meşəsində Ermənistan aliminum zavodunun filialının tikintisi xəbəri tufan kimi millətin bütün qəzəbini şahə qaldırmışdı, cavanların ağzından od püskürürdü, Vəzirovu da sələfi kimi maymaqlıqda, Qorbaçovun yalan vədlərinə inanmaqda ittiham edirdilər.

Əslində, hakimiyyətdəkilər də öz gücsüzlüklərini hiss edirdilər. “Teatr meydanı” “erməni xalqını ram etməyin mümkünsüzlüyü” ifadəsini yaymaq, Moskvaya təsir göstərmək üçün İrəvanın əlində bəhanəydisə, Moskva görməliydi ki, onun ədalətsiz yanaşması qarşı tərəfi – ölkənin ikinci bir respublikası və xalqını da bəlkə daha mütəşəkkil şəkildə, ayağa qaldırıb; bəlkə bundan sonra qanunlar yada düşərdi, ərazi iddəalarının sonda acı nəticələr verəcəyini dərk edər, əncam çəkərdilər. Bu cür düşünən vəzifəlilər mitinq hazırlıqlarının qarşısını almağa çalışmır, əksinə, buna sevinirdilər.

Başqa gizli qruplar da vardı; onlar Vəzirovun respublikanı idarə edə bilmədiyini görür, daha da zəifləməsini və tezliklə yıxılmasını arzulayırdılar; bunlar hakimiyyətin ikinci, üçüncü, dördüncü pilləsində oturan adamlar və onların ətrafındakılardı. Bəzi adamlar da vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin Moskvadan qayıtmasında və hakimiyyətə yiyələnməsində görürdülər. Bu cür düşünənlərə Moskvanın və Vəzirovun antiəliyevçi təbliğatı, ölkənin köhnə liderlərindən biri barədə pulla alınan Vaksberq kimilərinə “Litqazeta”da, “İzvestiya”da tənqidi məqalələr yazdırılması və həmin yazıların əlüstü tərcümə etdirilib öz qəzetlərimizdə dərc olunması da kömək edirdi. “Yıxılana balta çalmaq” ənənəsini qəbul etməyən xalqı bu məqalələr qəzəbləndirirdi. Başqa bir psixoloji incəlik də vardı: xalq bu məqalələrin Əliyevin çörək və vəzifə verdiyi yetirmələrinin fitvasıyla yazıldığına nakişilik kimi baxır, məqalələrin bəzilərində “erməni barmağı” olduğu , Əliyevə münasibətdə erməni təbliğatı ilə Azərbaycan rəhbərliyinin fikrinin üst-üstə düşməsi və bunlar arasında bəlkə də gizli əlaqələrin varlığı heç Əliyevi sevməyən adamları da qəzəbləndirirdi.

Beləliklə, meydana Qarabağ dərdiylə can atan xalq selinə irili-xırdalı çoxlu axınlar da qarışırdı, tayfasını, dəstəsini meydana istiqamətləndirənlər hətta harda, necə, hansı şüarlarla dayanmağı da öyrədirdilər. Təbii ki, bu selin bir gün onu ağzına alacağını dərk edən hakimiyyət də öz işindəydi və onun bəlli bir qanadı gizli şəkildə və ya birbaşa Moskva xəfiyyə təşkilatları, Dövlət Təhlükəsizlik orqanları və dolayı yolla, ermənilərin sifarişini yetirən dairələrlə bağlıydı.

Meydana gələn yollar barədə çox düşünürdüm, amma bir şeyə arxayındım , ayağa qalxan əsas kütlənin niyyəti birdir, bu selin qabağında başqa qüvvələr çox cılızdır və əllərindən heç bir iş gəlməz. Yəni bu yığışanların böyük bir hissəsi elə o gələn məktubların müəllifləri, görüşlərimdə iştirak edənlər, – tanıdığım, bizim təbliğat və çalışmalarımızla ayağa qalxan adamlardır. Buna görə də meydana axan bu seldə özümü balıq kimi sərbəst hiss edirdim.
Naxçıvandan qayıdandan iki gün sonra noyabrın 17-də başımı işə qarışdırmaq istəsəm də, qulağım telefondaydı, Akademiya, aspirantlar yataqxanası, Universitet, Politexnik İnstitut, yolda İqtisadiyyat İnstitutu qatılandan sonra təxminən nə qədər adam toplaşacağı əsas məsələydi, çünki bu mitinqlər əvvəlkilərdən fərqlənəcəkdi.
Saat ona işləmiş Universitetdə oxuyan qardaşım Əlövsət zəng vurdu , artıq yoldaydılar. İşçilərdən bir neçəsini götürüb Nizami muzeyinin yanından Monolitə doğru qalxdım. H.Hacıyev küçəsinin başında yolu avtobuslarla bağlamışdılar. Axın İqtisadiyyat İnstitutunu keçib Əlyazmalar İnstitutu ilə Akademiyanın Rəyasət Heyəti binasının qarşısını doldurdu. Arxanı görmək mümkün deyildi, amma bir azdan, «Azadlıq!» «Azərbaycan!» qışqıran xalqın qabağı dəbilqəli milislər tərəfindən kəsiləndə, həyəcandan rəngi ağarmış Ənvər Əliyevin çağırışı ilə mitinqçilərin ilk dəstəsi yerə oturanda, külək zəmini yatıran kimi bu işarə bütün küçə boyu əsib keçdi. Kommunist küçəsi başdan-başa insanla doluydu və toplaşanlarda qəribə bir mütəşəkkillik, qətiyyət duyulurdu. Keçib ilk sıradakılara qoşuldum.
Bir azdan şəhər rəhbərliyi də gəldi və xeyli məsləhətləşmədən sonra camaatı Qoşa Qala qapısına buraxmağa və mitinqi Siyasi Maarif evinin qabağında keçirməyə razılaşdılar. Avtobuslar götürüldü, milis çəkildi. Bu ilk qələbə kütləni qanadlandırdı. Bir neçə dəqiqəyə Gənclər meydanı doldu, təkcə meydan yox, bütün ətraf, Sabir bağı, Nizami heykəlinin ətrafı, Araz kinoteatrı tərəflər. Bizi Siyasi Maarif evinin pillələrindəydik. Qala divarının dibiylə enən daş yol kəsilmişdi. Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev bu ərazilərin də daxil olduğu 26-lar rayonun katibi Vəli Məmmədova mitinqin burda başlanıb, burda da qurtarmasını tapşırırdı. Vəli “baş tutan işə oxşamır” deyə cavab versə də bir gözü məndəydi. Onu başa düşürdüm. Yəni “görürsən də, nə etməli?!”. Vəliylə çoxdan dostduq, lap bu günlərdə Nəriman Nərimanovun Leninə məktubunu ondan almağa getmişdim, söhbətimiz uzanmış, Nərimanovun çap olunmamış yazılarını, məktublarını ortaya tökmüşdü. “Raykomluq bir yana, indi bu yazılar çox vacibdir, icazə ver, onları balaca bir kitabça şəklində çap edək” – demişdim. «Biz və onlar»ı belə qopartmışdım ondan və elə mitinq günlərində nəşr eləmişdim. Vəlinin baxışında ayrı nə vardı? Yəni onsuz da mən sizinləyəm, amma görürsən də imkan vermirlər.

Camaat onu sevirdi və həmkarları bundan narahat olur, bu mitinqlərin onun başında çatlayacağına sevinirdilər.
Fuad Musayevə :

– Mikrafon gətirtməyin! Burda mitinq keçirmək olmaz. Bu hələ yuxarıdan gələnlərdir, bəs Moskva prospektindən, Səməd Vurğun küçəsindən, Neftayıran prospektindən gələnlər hara yığışacaq? – dedim.
Fuad Musayev üçün bu yeni xəbərdi, buna baxmayaraq mikrofonu qurdurdu, Vəlini irəli itələdi ki, mitinqi açsın.
Çıxılmaz vəziyyətdi. Üzünü camaata tutub sakitliyə çağırdı: «Gərək dünyaya sübüt edək ki, biz təşkilatlanmağı bacarırıq».

Lakin toplaşanların burda dayanmaq və kiməsə qulaq asmaq niyyəti yoxdu. Vəli pərtliyini gizləmək üçün gülə-gülə geri çəkildi. Qoluna girib, “Camaat meydana gedəcək, fikir qətidir, burdan buraxmasanız, Nizami muzeyinin yanından, ara küçələrdən gedəcək, milis heç nə edə bilməz. Yaxşısı budur özünüz camaatı hökümət evinin yanına dəvət edin”.
Doğrudan da, toplaşanların bir qismi Nizami muzeyinin böyründə milisləri aralayıb yol açmışdılar. Başqa tərəflərdən Azadlıq meydanına yaxınlaşanlar da vardı.

Vəliylə Fuad bir xeyli məsləhətləşəndən sonra Qoşa Qala qapısının yanından aşağı enən daş yol açıldı, camaat bəndi qıran sel kimi sahilə cumdu… İyirmi – iyirmi beş dəqiqə sonra izdiham o vaxt hələ Leninin adını daşıyan Azadlıq meydanını doldurmuşdu. Heykəlin ayağının altındakı kürsüdə basabasdı.
Ənvər Əliyevin ilk tələbi ilə bura toplaşan şəhər rəhbərliyi və kənar adamlar çıxarıldı: “Mitinqi biz təşkil etmişik, özümüz də aparacağıq”. Bu sözləri deyəndə gözü mənə sataşdı və qulağıma pıçıldadı: “Bu sözün sizə aidiyyəti yoxdur. İndi açacağıq mitinqi, tələblərimiz oxunacaq, amma gərək Siz də kömək edəsiniz.»

Dalğalanan insan dənizi arxada Xəzərə qovuşurdu. Yer görünmədiyindən elə bilirdin toplaşan adamlar su üstündədir. Bu bir nağıldı, əfsanəydi…

Sahildə bir vaxt möhtəşəm imperiyanın ən möhtəşəm yalanlarını yazmaq və ən möhtəşəm yalançıların şəkillərini asmaq üçün iri dəmir çərçivələr quraşdırılıb. İndi üstü neçə sıra uşaqla doludur. Tribunadan baxanda tel üstə qonmuş quş səflərinə bənzəyirlər.

Bulvarla Meydanı ayıran şamlar, qovaqlar da adamla doludur. “Axır ki, bu bəzək ağacları özləri bəzəndi, heç bir meyvə ağacına qismət olmayan ən dadlı meyvələr yetişdirdilər”.

Hökumət evinin payız gələn kimi qapanan pəncərələri açılıb, oturmaqdan sümükləri ərp bağlamış nazirlər, nazir müavinləri pəncərədən baxanda da yalqızdır, Allah onları yalqızlıq üçün yaradıb, amma ümumi pəncərələrdə adam adam üstədir, çox kişinin üzünü görməyə həsrət çəkdiyi xanımlar pəncərələrdən çölə asılı qalıb. Papaqlı başlar da var, papaqlarından və millətdən utanırmışcasına pəncərələrdə gah görünür, gah itirdilər. Daş eyvanlar və evin üstü adamla dolmuşdu. “Abşeron” və “Azərbaycan” otellərinin də pəncərələri taybataydı; bu mənzərədən heyrətə gəlmiş xarici qonaqların, turistlərin kameraları işə düşmüşdü.

Burda kim ağzını açıb kəlmə kəsə bilər?! Səsi udular, on addım o yana çatmaz! Həm də bu qədər yanan gözlə, yol gəlməkdən qızarıb pörtmüş adamla üz-üzə çınqır çıxarmaq olar bəyəm?!

Sonralar bu meydan haqqında çox şeylər yazılacaq. Meydan folkloru, meydan söyləmələri və salnamələri yaranacaq. Amma ilk ağlıma gələn sözlər sonralar meydana buraxılmayan adamların ağzına düşəcəkdi:

Gəlin gedək Meydana,
Lənət olsun şeytana!

1988-ci il meydan iliydi. Noyabrın 17-si isə səsimiz Meydan dəstgahının ən zil pərdəsinə qalxmışdı.
70 il toplaşmağa, çiyin-çiyinə dayanmağa haqq bula bilməyən xalq, bu gün bütün qadağaları ayağlatmışdı. Adama elə gəlirdi icazə verilsə, on dəqiqəyə Meydan bu hökumət evini kərpic-kərpic, daş-daş sökər, burda işləyənlər şər mələkləri kimi havada, özlərinin olmayan mərtəbələrdə qanad çala-çala qalarlar. Onlara bu mərtəbələri xalq verib, götürsə neyləyəcəklər ki!..

Meydan da bu millətin qan yaddaşındadır. Tariximiz meydan savaşları ilə doludur. Dövlətlərin həyat səhifələrinə qanlı nöqtələr qoyan, ordular çeynəyən, nəsil-nəsil insanın beynində səssiz dəyirman daşı kimi fırlanan, fırlandıqca qüruru, heysiyyəti, ləyaqəti üyüdən, qan gölləri, qardaş qəbristanları, meydanlar!.. Tək-tək aparmaqdan, qırmaqdan yorulan Əzrayılın iştahlı vaxtında atdığı tor… Ərlərin, ərənlərin, sərkərdələrin, dövlətlərin, millətlərin, orduların, silahların yox, həm də ruhların, mənəviyyatların, duaların, müqəddəslərin, peyğəmbərlərin və tarixlərin üz-üzə gəldiyi yer…

Gördüyüm meydanların bir neçəsi yaddaşıma əbədi həkk olunub. Göytürklə Doqquz Oğuzun üz-üzə gəldiyi Tuqra vadisi, ondan əlli-altmış kilometr aralıda Tunyuquq çökəyi, Anadoluda, Ağrıyla Van arasında Çaldıran… Ankara ətrafında İldırım Bayazitlə Əmir Teymurun üz-üzə gəldiyi yer. Sonuncular necə də oxşayan bir-birinə?! Boşqabın dibinə bənzəyən düzəngah və ətrafda simmetrik, qapalı dairə – dağlar silsiləsi. Meydanın ortasından bütün aşırımlar gözlənir. Gələn də, gedən də nəfər-nəfər sayıla bilir. Qaçmağa, yayınmağa yer yox! Vəhşi ehtiraslar soyumayana və kükrəyən qəzəblər qanda boğulmayana qədər qır, qırıl, vur, vurul. Bir də ayıl ki, dövlətin yüz ildə, əlli ildə qazandığı nə varsa hamısı bu düzəngahda, at ayaqlarının altında çiliklənib torpağa qarışdı, şöhrət də getdi, qüdrət də; sapand daşından, kəlmə güləşməsindən başlanan oyun millətin bütün gücünü və sərvətini heçə çevirdi. Amma tək bir nəsillə, bir birinə saldırıb yenənlə, yendirənlə iş bitmir ki!.. Bu meydanlar min illərin axarında keçilməz burulğana, tarixin sirli düyün nöqtəsinə dönür, ha açırsan aça bilmirsən, ha qaçırsan qaça bilmirsən…
Bakının bir azdan Azadlıq adı verəcəyimiz mərkəzi meydanı nədənsə, hər dəfə həmin meydan savaşlarını, meydan müharibələrini xatırladır.

Camaat meydana dolandan təxminən yarım saat sonra Ənvər Əliyev mitinqi açdı.Kimsə qoluma toxundu. Geri döndüm. Nemətdi:

– Xoş gördük. Nə vaxt gəlmisən?
– Bu səhər.
– Salamatlıqdır? Evdə nə var, nə yox?
– Salamları var, çox adam salam göndərdi. Mitinqin xəbərini alan kimi qayıtdım, yəqin gələcəklər, gələn çox olacaq…

Ənvər mitinqin tələblərini oxuyurdu: Dağlıq Qarabağda Azərbaycan hakimiyyəti bərpa edilsin; Topxana meşəsində tikinti dayandırılsın!

Bu boyda millətin ayrı istəyi yoxdu. Tələblər qısa, aydın, amma qətiyyətliydi. Rəhbərlik hökmən cavab verməlidir. Yoxsa iştirakçılar 24 saat, lazım olsa 48 saat meydandan getməyəcəklər. Yuxarıda basırıq olmayacaq, yalnız icazə verilən adamlar danışacaq, meydanı kürsünün sağ qanadındakı bayraq idarə edəcək. Ensə dinləməyin, qalxsa dinləyin! və s.

Ənvərin çıxışından sonra mikrofona cumanlar çox oldu. Lakin tələbə köməkçiləri hücumları təmkinlə dəf edirdilər. Vəlinin çıxışına qulaq asmadılar. Bir neçə dəqiqə sonra Ənvər yolda döyülən və tutulan nümayəşçilərin azad olunması tələbini səsləndirdi.

Bundan ötrü şəhər milis rəisi Fətulla Hüseynovla görüşüb danışıq aparmaq üçün Əbülfəz Əliyevlə məni nümayəndə seçdilər. Təxminən bir saat sonra tələblər yenidən oxunanda yeni maddələr əlavə olunmuş, bəzi məsələlərin qol-qanadı açılmışdı. Ermənistanla iqtisadi əlaqələrin kəsilməsi, Topxanadan televiziya translyasiyası, Ağdamda komendant saatının ləğv edilməsi, DQMV-də partiya və sovet orqanlarının buraxılması, SSRİ Ali Sovetinin noyabr sesiyasında yaranmış vəziyyət və ermənilərin zorakılığı barədə məlumatların verilməsi və s. Bu arada biz Fətulla Hüseynovla görüşdük, tutulanların azad edilməsini razılaşdırmaq o qədər də çətin olmadı.

Bu xəbərimizdən meydan uğuldadı; nümayişin ilk qələbəsi idi… Meydan sanki öz gücünü duydu və tribunaya gələn tələblərin sayı artmağa başladı. Yazılı kağızları büküb tribunaya atırdılar. Həmin kağızları yığıb sistemə salır, lazım olanı Ənvərə ötürürdülər ki, mikrafonda oxusun! Akademiyanın Coğrafiya İnstitutunda işləyən bu arıq, qara oğlan bir neçə saatın içində əməlli başlı yorulub əldən düşmüşdü. Zarafat deyil, o boyda yolu enib gəlmişdilər, indiyə kimi ac-susuz ayaq üstəydilər. Tələblər millətin tale güzgüsünün kiçik-kiçik parçalarıydı, hərəsindən bir ağrı boylanırdı: “Ermənistanda Göyçə Muxtar Vilayəti yaradılsın!”, “Ermənistandan indiyədək çıxarılan azərbaycanlılar geri qaytarılsın!”, “Pasportlarda millətimizin adı bərpa edilsin!” və s.

Gün ərzində şəhərin müxtəlif istiqamətlərindən yeni-yeni dəstələr gəlir, meydan böyüyür, sıxlaşır və tədricən iki otelin arası başdan başa dolurdu. 24 və ya 48 saat söhbəti hökuməti vahiməyə salmışdı, tökülüb gəlmişdilər, lakin meydanın haqlı tələbləri, dəlil-sübütları qarşısında geri çəkilməkdən başqa yolları qalmırdı.

Mikrafona yaxınlaşan məmurları dinləyən olmadı.

Ənvər tələbləri təkrar edir və açıqlama verirdi. Bu danışıqların onsuz da əhəmiyyəti yoxdur, qoy bizim nümayəndə heyətini Vəzirov qəbul eləsin və görüşün nəticəsi barədə televiziya ilə məlumat verilsin. Axşam üstü Ənvər mənə yaxınlaşdı: “Yorulmuşam, yoldaşlarla məsləhətləşdik, Sizdən başqasına etibar eləmirik, bundan belə mitinqi Siz aparın”.

Gün Şubanı dağlarına doğru əyiləndə mən mikrafona yaxınlaşdım. Meydanda elə bir izdiham vardı ki, səsimin eşidiləcəyinə belə inanmırdım. Lakin “Əziz bacılar və qardaşlar!” sözlərinin meydanın üstündən keçib ətraf binalarda əks-səda verdiyini duyanda rahatsızlığım dağılıb getdi: “Qoy bu gündən meydana müraciət forması belə olsun: “Əziz bacılar və qardaşlar!” Yaxud “Xanımlar və bəylər”…” Sonra başladım. Bildiyim, illər uzunu ürəyimi yandıran şeylərdən danışırdım: Ya bizim MK iş bacarmır, təsadüfi, maymaq adamlar yığnağıdır, ya da ümid verə-verə xalqı aldadırlar. Çıxışımda daha nələr vardı: tarix, erməni xəyanətləri və bu xəyanətlərin bizi heç vaxt öz nəcibliyimizdən, milli xarakterimizdən döndərə bilməməsi, simamızı qoruyub saxlamağımız, təşkilatlanmanın zəruriliyi, Baltikyanı respublikalarının Xalq Cəbhəsi təcrübəsi, bizdə də belə bir cəbhənin yaranmasına olan ehtiyac…Televiziyanın xalqı aldatması, lazım olsa torpağımızı yalın əllə, dövlətin köməyi olmadan da qoruya biləcəyimiz, lakin belə bir özfəaliyyətin baş verməməsi üçün hakimiyyətin qabağa düşməsinin vacibliyi… Sinəmi dağıdan dərdlər kükrəmişdi.

Çıxışın əks-sədası gözlədiyimdən də artıq oldu. Adımı qışqıran bəzi cavanlar tribunaya dırmaşmaq, əlimi sıxmaq, bu yolla razılıqlarını bildirmək istəyirdilər.

Məndən sonra Tağı Xalisbəyli danışdı. Artıq meydanda ilk tonqallar yanırdı. Nemətin çıxışı işlədiyi zavodda yaranmış vəziyyət, mitinqə gələnlərin işdən çıxarılması və meydanın təsiriylə bəzi işçilərin yerlərinə qaytarılması haqdaydı.

Meydan dağılışmamaq qərarının qətiliyini bildikcə canlanırdı. Ümümxalq bayramı havası vardı, hərbi keçidlərin, zorla, siyahı üzrə tərtiblənən rəsmi bayramların hər üzünü görmüş, o təntənələrdən bezmiş meydan qürub çağı daha da böyümüş, tonqal işığında qədim elat köçünü, orduların yolüstü gecələmələrini xatırladan bir gözəlliyə bürünmüşdü.
İlk axşam hərə öz yerini, öz işığını axtarırdı.

Bizsə bütün tonqalları özümüzkü sayırdıq, hamısını eyni cür görür, bütün meydandan qızınırdıq.Meydan oxuyurdu,ən çox “Qarabağ” və “Azərbaycan” mahnıları eşidilirdi. Gecə zülmətində adama elə gəlirdi ki, bu mahnılar insan səsi ilə oxunmur, ulduzlardan axıb gəlir, işıqlar da parça-parça göydən tökülüb və indi oxuyan da tonqallardır, dünyanın heç bir işıq – musiqi qovşağı bu axşam havada oynayan alov dilimləri ilə mahnılar arasındakı ahəngdarlığı yarada bilməzdi.

Kürsünü boşaldıb, yavaş-yavaş meydana enəndə, gur tonqalların birindən çox gözəl səslə “Qarabağ şikəstəsi” yüksəlirdi.

Axşam saat 8-də meydanın bir hissəsi, dincəlib sabah erkən yenidən bura qayıtmaq məqsədilə evlərə, bir hissəsi çay içib isinmək üçün ətraf yemək-içmək guşələrinə dağılandan sonra başda Bəxtiyar Vahabzadə, bir dəstə meydan əhli – meydanı idarə edən, neçə aydan bəri küçələrdən, meydanlardan yığışmayan, MK-nın təbirincə, araqızışdıranlar, yəni bizlər meydanın tələbi və Vəzirovun xahişi ilə onun görüşünə getdik. Vəzirov Leninin filmlərdən tanış çevik addımlarına bənzər addımlarla, üzündə özünəməxsus yarısəmimi- yarısaxta təbəssüm, diplomatiya təcrübəsindən gələn, tox, sakit bir şuxluqla tək-tək hamıya əl verib görüşdü. Əsgər ədası ilə, hər kəsin qabağında ayaqlarını cütləyib durur, əlini sıxır, tanıdıqlarının adını öz adını deyirmişcəsinə bərkdən çəkirdi: “Ənvər”, “Sabir”, “Nemət”, “Əbülfəz”…

Gün ərzində səslənmiş tələblər yenidən səsləndi. Neçə aydan bəri davam edən çarpışmalar, hamını bir-birinə tanıtmışdı, bu binanın xofu dağılmışdı, meydandan gələnlər ötkəmdi, qarşıda oturanı dişlərinə vurmuşdular.
Bundan əvvəl də, bir iki belə görüşündə olduğuma görə Vəzirovla danışmağa həvəs duymurdum. Bizimlə danışa-danışa qeydlər aparacaqdı, çalışacaqdı milli tələbləri şəxsi tələblər səviyyəsinə endirsin, birinə ev, birinə iş, əsas məsələlər gələndə isə… yalançı Moskva vədləri, Qorbaçovla dostluğu, Siyasi Büroda gedən söhbətlər… yəni məni respublikaya göndəriblər, deməli kömək də edəcəklər, əl-ələ verib məsələni həll edəcəyik– gələndən bəri təkrarladığı nağıllar. Gün ərzində dönə-dönə danışıb ürəyimi boşaldandan sonra burda nəsə deməyə ehtiyac varmı? Bu teatr nəyə gərək? Onsuz da gözü, qulağı ordadır, otağındakı radio səhərdən axşama meydanı bu otağa ötürür…
Buna baxmayaraq, söz-sözü çəkdi, hamımız fikrimizi dedik. Arada özünün ağır şəraitinə toxunan və bu gecədən “yadigar” mənzil alan da oldu və belə görüşlərin bütün sərt, tələbkar siyasi havası bir anda ciddiyyətini itirdi. Bu şəxsi istəklərdən çox uzaq, gün ərzində meydanın diqtə elədiyi kəskin, güzəştsiz bir havayla danışdım. Biz dedik, o yazdı… İlk dəfə bu axşam Vəzirovun bəzi etiraflarını da eşitdim. Ermənistandakı MK gücsüzdür, heç nə edə bilmir, hakimiyyət keçib “Qarabağ” təşkilatının əlinə, üzdə kommunist olsalar da çoxu daşnakdır. Əl-ələ verməliyik, yumrua dönməliyik. Mənim adımdan deyin, lazım olsa özüm də televiziya ilə,ya da gəlib meydanda danışacağam.
Bu adama münasibətim heç özümə də aydın deyildi. Bir yandan baxanda, yazıqdı, on ildə Azərbaycanda hakimiyyətin üst qatlarının nə qədər pozulduğundan xəbəri yoxdu, qısa müddətdə nəyinsə dəyişəcəyi barədə ümidləri, vədləri gülməli görünür. Digər tərəfdən özü bu qədər sadəlöhv ola-ola, qarşısındakıları da uşaq sayır, üyüdüb tökür…
Onunla da Əjdər Xanbabayevin vasitəsilə Moskvada kitab sərgisində tanış olmuşdum..

Cəmil cavanlıq dostunun hansı burulğana düşdüyünü və görüşmədiyi illər ərzində həyatdan nə qədər aralandığını nə bilsin!

Bu axşam onun bizi sakitləşdirmək üçün dəlil-sübut tapmaqda nə qədər çətinlik çəkdiyini görəndə mənə elə gəldi ki, bəlkə də ürəyinin dərinliklərində o özü də mitinqlərin tərəfdarıdır, ona qarşı çevrilməsə, bu yolla Moskvaya təzyiq göstərmək oldu. Bu fikir hardan düşdü başıma? Hər halda maraqlı məsələydi, xüsusən yaz-yay mitinqlərinə hakimiyyətin səbirli münasibətini xatırlayanda, öz “qəhrəmanlıqlarımız” haqqında təsəvvürlərim özümə şübhəli görünürdü. Bəlkə özümüz bilmədən bir oyuna itələnmişik?!

Sonra hərə bir ovqatla, mənsə ümidsiz, çünki bu adamın mahiyyətini bilirdim və haqqında nə qədər xoş sözlər desələr də ona inana bilmirdim, qayıtdıq meydana, ordan da getdik televiziyaya. Əbülfəz bəy, Aydın Məmmədov və mən… Meydanda baş verənləri “Zaman” xəbərlər proqramından sonra, hamının ekran qabağında olduğu vaxt Azərbaycanın bütün guşələrinə, o cümlədən DQ ermənilərinə, araqarışdıranlara çatdırılması da kütlənin tələblərindəndi və əsas işin öhdəsindən gələ bilməyən hakimiyyət bu televiziya verilişi kimi xırda güzəşt və yumşalmalarla xalqın qəzəbini soyutmaq, zərbədən yayınmaq məqsədi güdürdü… Amma bu verilişə belə asanca razılaşmaqda ayrı bir məqsəd də vardı, meydanda xəbər yayılırdı ki, televiziya ilə ciddi xəbərlər veriləcək, yəni camaatın bir hissəsini də bu yolla evə qaytarmaq istəyirmişlər.

Televiziyada operatorlardan tutmuş, baş redaktora qədər, köhnə tanışlardı. Tələbəlik illərindən bəri müxtəlif verilişlər hazırlamış, aparıcı və ya müəllif kimi ayda bir neçə dəfə qonaqları olmuşdum.
İlk gündə meydanda baş verənlər, xalqın tələbləri, Vəzirovla söhbətlərimizin məzmunu və s. məsələlərdən danışdıq. Qısa, amma kəskin. Başqa cür danışmaq, bu gecə meydanda tonqal başında qalanlara, sabah yenidən ora toplaşacaq adamlara hörmətsizlik olardı.

Meydana qayıdanda gecə saat on ikinin yarısıydı.

 

MEYDAN-2

 

12-сi parça

MEYDAN-2

Mən şübhəkar deyildim, amma Elxan hər şeyin kökünü qurdalamaqdan ləzzət alır:

– Üzünü tutmusan meydana, danışırsan, kənarda çox şeyi görmürsən. Amma mən izləyirəm. Bu xamır çox su aparacaq. Bilirsən bu gün nə hiss elədim. Böyük bir hərəkat başlanıb və gündən-günə böyüyür, sabah-birigün bütün respublikanı bürüyəcək. Sən qələm əhlisən, camaat tanıyır, hörmətlə yanaşır, dinləyir. Danışanların çoxunu heç kim tanımır. Buna görə də ətrafındakılar sənə qısqanclıqla yanaşırlar, bu gün aydın hiss elədim.
Mən özümü belə fikirlərdən kənarda, daha doğrusu uzaqda saxlamaq istəyirdim.

– Boş şeydi, fikir vermə. Burda nə var ki, hərə öz sözünü deyir.

– Uşaq olma, burda ciddi məsələlər var. Dava onun üstündədir ki, bu hərəkatın başında kim dayanacaq. İşin içini camaat da bilmir.

– Sən bilirsən? – deyə gülə-gülə soruşdum.

– Əlbəttə bilirəm, – ciddi bir şəkildə cavab verdi – Günün axırına doğru Ənvərgili sıxışdırmağa başladılar. Siz gələndən yarım saat qabaq, Məhəmməd Hatəminin uşaqları qışqıra-qışqıra onu tribunaya çağırdılar. O da dağılışıb bazar günü toplaşmağa səslədi. Niyə, bilirsən? Yəni başqalarının təklifi ilə yığışmaq sayılmır, gedin, mən deyəndə gələrsiniz, hərəkatı başlayan mənəm. Ətrafındakılardan başqa fikir verən olmadı. Onun dalınca Nemət çıxdı ki, mitinqi təşkil edənlər dağılmaq təklif edir. Biz gedirik!.. Yəni mitinq bizimdir, bizə qulaq asın.
Elxanın məsələni bu cür şişirtməsini və konkretləşdirməsini başa düşə bilmirdim:

– Nə deyiblər deyiblər də, camaat getməyib ki!..

O, da məni başa düşmürdü:

– Əvvəla o çıxışlardan sonra xeyli adam dağıldı. İkincisi, onları pisləmək istəmirəm, istəyirəm işin içində olasan. Həm də adətən sərtlik tərəfdarı olan bu adamlar indi birdən-birə niyə dağılışmaq təklif elədilər. Cavab çox sadədir: Hər biri sübut etmək istədi ki, meydan onu eşidir. Amma meydan heç birini eşitmədi.

– Çox gözəl, daha nə istəyirsən ki?

– Onu istəyirəm ki, birinci gündən haçalanmayaq, qabaqcadan razılaşıb meydana bir söz deyək, xalqı ikifikir eləməyək.

– Bu sözünə heç bir etirazım yoxdur – dedim. – Amma xırda şeylərə fikir vermə. Kim yığıb yığıb… Xalqın toplaşmağı və birliyi əsasdır.

Elxan əlini yellədi.

– Nə olar, əhəmiyyət vermirsən vermə, amma dediyim sözün üstünə gələcəksən.

Əslində, Elxan meydanda gecələməyin tərəfdarı deyildi. Qarışıqlıqdan, bunu bəhanə edib hərəkatı boğacaqlarından ehtiyat edirdi. Amma gün ərzində irəli sürülən tələblərə hakimiyyət cavab vermədiyinə görə dağılışmaq düz olmazdı. Buna görə də daxilən ağlına, obyektivliyinə inandığı adamlara qulaq asandan, məsləhətləşəndən sonra narahatlığı keçdi: camaatın zəhmətinə həssas yanaşmaq lazımdır, xalq ayaq üstədir, tələb etdiyi də sadə işlərdir – hökumətsənsə başqa dövlətin bizim ərazimizdə tikinti aparmasına necə yol verirsən? Dilin, ağzın niyə bağlanıb, kimin yanında üzün qaradır? Neçə dəfədir yığışırıq, hər dəfə də iki-üç məmur göndərib millətə yalan vədlər verib bir təhər evlərinə dağıdırlar. Nə qədər belə davam edə bilər, qaradan artıq rəng yoxdur ki? Xalqı nə hesab edirlər? Şuşadan gələn adamlar deyir Topxana meşəsi qırılır, orda iş dayandırılmayıb, amma bunlar camaatı sakitləşdirmək üçün yalan uydururlar. Fırıldaqla hara getmək olar? Bu günün sabahı yoxdur?.. Buna görə də qalmaq lazımdır. Bir də ki, hansı qorxudan söhbət gedir? Özümüzü idarə edə bilmirik bəyəm? Millətin şərəfi, ləyaqəti ayaq altına atılandan sonra biz kimə lazımıq? Özümüzü qorumağımızın nə xeyri, Vətən olmayandan sonra bizim varlığımızın və ya yoxluğumuzun nə mənası?

Mart ayından bəri keçirilən mitinqlərin sonunda ciddi bir təşkilatın yarana bilməməsi, hər kəsin öz yolunu şişirdib, özünü gözə soxmaq cəhdi pis təsir bağışlayır. Kaş belə sözlər aramıza nifaq salmasın, xalqın ürəyini meydandan sınmasın. Bu fikirlə tək-tək tonqallara yaxınlaşır, oturanlarla söhbət edib, ilk günümüz haqqında rəylərini öyrənməyə çalışdıq. Sağ tərəfdə köhnə şərəf lövhəsinin qabağında Tibb İnstitutunun tələbələri toplanmışdı. Rektor Yaqub Məmmədov, prorektorlar da tələbələrlə bir yerdəydilər. Köhnə dost kimi görüşdük. Mitinqin gedişi barədə fikirlərini söylədi. Təşkilatçılıq baxımından qüsurlar var, gün ərzində kimin aparıcı olacağı bilinməlidir, nizam-intizamsız iş görmək olmaz, hər adamı yuxarı buraxmasınlar, çıxış edənlər bir-birini təkrar eləməsin… Aşağıdan baxanlar çox şeyi görürlər, buna görə, deyilənləri nəzərə almamaq mümkün deyildi.
Bir az aralıda Universitetin tələbələriylə rastlaşdıq. Hüquq fakültəsində oxuyan və ondan balaca daha iki qardaşım da onların arasındaydı. Çıxışlarım onları sevindirmişdi və dediyim hər söz beyinlərinə yazılmışdı.
Universitetin rektoru, Yəhya müəllim də bütün axşamı tələbələrin arasındaydı. Biz Aydınla, Elxanla həmin axşam meydanı dönə-dönə dolandıq. Bütün tonqallara yanaşdıq. Tanışlar, ziyalılar, müəllimlər olan yerdə oturub xoş-beş edir, camaatın ovqatını öyrənməyə çalışırdıq.

Hökumət evinin Abşeron oteli tərəfki böyründə, meydanın qırağında Əjdər Xanbabayev Nazim İbrahimovla dayanıb yanan tonqallara tamaşa edirdilər. Görüşdük. Əjdər zarafatla, “deyəsən iş yaddan çıxıb” dedi. Amma bu sataşmada dərin bir mehribanlıq vardı, yəni əsas iş elə burdadır. Beləliklə, sonralar Dirçəliş günü kimi tarixə düşəcək bir gün – Meydan Epopeyası, Meydan dastanı deyilən on doqquz günlük fasiləsiz mitinqlərin birinci günü başa çatmışdı. Gecə yarıdan keçəndən sonra camaat, xüsusən yaşlı adamlar, bir neçə saatlığa da olsa, dincəlmək üçün getdilər.
Bu işdə daha çox bir əyləncə, qeyri adilik axtaranlar və ya oturaq mitinqin ən inadlı tərəfdarları qalmışdılar. Amma əsas odur ki, hökumətin göz bəbəyi kimi qoruduğu, daim Leninin yekə heykəlinin kölgəsində qalan, bayram günləri nəzərə alınmasa, başqa günlərdə millətin üzünə qapalı olan, yalnız qırağından bu binada çalışanların dövlət maşınlarının keçməsinə icazə verilən baş meydan ilk dəfə əsl xalq meydanına çevrildi, bu binanın divarlarında projektorların gur işıqlarlı yox, tonqalların titrək işıqları oynaşmağa başladı. Projektorların gur işığı, laldır, boya kimi, kəfən kimi çəkilir binaya, vəssalam! Amma tonqal işıqları canlıdır, dövrəsi daim adamla doludur, çoxalır-azalır, dilim-dilim qalxıb qaranlığa qarışır öz titrək əlləriylə heybətli divarlara qədim od paytaxtının, od şəhərinin unudulmuş nağıllarını yazır. Bir vaxtlar Dərbənd və Mərdəkan qalalarının, Qız qalası və Çıraqqalanın üstündə alışan, Yanardağda və Atəşgahda zəbanə çəkən alovlar indi o ucalıqdan yerə, torpağa, camaatın arasına, Bakının baş meydanına enib və qınaya-qınaya hamının üzünü işıqlandırır, hamının üzünə baxır, indiyədək unudulmağının, yaddan çıxarılmağının sirrini öyrənməyə çalışır.

Gecə camaatı dağıtmaq məqsədilə meydanın işıqları söndürüləndən sonra hökumət evi qorxulu, qara bir kölgəyə çevrilmişdi. Sanki bu kölgə, şəhərin, bütün respublikanın üstündən asılmışdı. Bu qara kölgənin vahiməsini yalnız meydanda alışan tonqalların, binanın dənizə baxan divarlında oynayan işıqları dağıdırdı. Bu duvar nəhəng bir daş ekrana çevrilmişdi, sübhə kimi bu ekranda dünyanın heç bir rejissorunun çəkə bilməyəcəyi canlı bir film göstərilirdi. Tonqalların ətrafındakı adamlar bu ekranda başı buludlara dəyən, azman cüssəli, qeyri adi varlıqlar kimi görünürdü. Meydanda gəzə-gəzə Aydının qoluna girdim:
– Deyirlər səs itmir, binaya, daşa, təbiətə çöküb yaşayır və müəyyən cihazlarla yığıla bilir. Hətta Misir ehramlarından firounların səsini də yazmaq olar. Əgər belədirsə, nə vaxtsa bu divarlardan meydanın səsini yaza bilərlər. Meydanın bugünkü səsi xalqın səsidi, xalq heç vaxt belə gur səslə danışmamışdı, yəqin dünyada heç vaxt belə gur səs olmayıb.
Sakitcə qulaq asan köhnə dostlarımın ürəyimdən keçənləri oxumaq qabiliyyətlərinə heyrətlənirdim. Hərdən mənə elə gəlirdi ki, biz bir adamıq, yoxsa bu qədər fikir, ruh yaxınlığı ola bilməz.

Tonqal işığında adamlar da dəyişilir. Elə bil üzlərdən maska çıxarılır, adamlar əsl üzü ilə qalır, soyuq gecə işıqlarından fərqli olaraq tonqal yanaqları qızardır, elə bil adamların üzünə müqəddəs bir su çəkilir; hamı təmizlənir, gözəlləşir.

Aydın Məmmədov diqqətlə dinləyirdi:

– Bilirsən nə düşünürəm? Tonqalların başında bir-birinə qısılıb oturan adamları bu qədər yaxınlaşdıran, yarım saatın, bir saatın içində on min – iyirmi min tanışına, dostuna çevirən təkcə dövlətin aparıdığı siyasətə etiraz və ya Vətəni qorumaq duyğusu deyil, burda həm də qəribə bir xiffət – ocaq xiffəti var. Tonqal ibtidai dövrün çox-çox uzaq xatirələrini, sən demiş, qan yaddaşını dirildir, yarımçılpaq icma həyatı və o dövrün vəhşi instintləri on min illəri keçib, hansısa gözə görünməz telləri titrədir. Bu xiffət əbədidir, insan hansı yanda olur-olsun, hansı yerə ucalır-ucalsın içində daimi bir həsrət var; uşaqlıq da ocaqdır. Şəhərlərdə ayrı bir nəsil də yetişir, ocaq görməyən, amma bizim üçün ocaq – taledir, ata-anadır, həyatın başlanğıcıdır. Alçaq qonşularımız hər şeyə əl atmışdılar, qalmışdı bir ocağımız. Allah bir xalqın ürəyinə nə qədər hiylə, ədalətsizlik doldura bilər. Bunlara qalsa və bacarsalar yerli-dibli yox edərlər bizi.

Sonra yenə kitabın üstünə qayıtdı:

– Bu məsələləri gözəl yazmısan, gün ərzində çıxış edənlərə qulaq asırdım, elə bilirdim hamısı sənin fikirlərini təkrarlayır.

– Yox, elə deyil! Hamı eyni dərdi yaşayır. Oxşarlığın səbəbi budur. Sən də məni çox şişirtmə!..

– Ay zalım, şişirtmirəm, özün də fikir ver! Burda nə var ki! Sevinməlisən!

– Belə şeyə sevinmək olmaz. Onların tarixçiləri, yazıçıları cild-cild kitab yazıb, tək bir cavabı təkrarlamaqla iş aşmaz!

Mövzunu dəyişmək istədim:

– Tonqal başında qəribə adamlar görürəm.

– Necə yəni qəribə?

– Elə adamlar gəlib ki, onların nə vaxtsa Vətən, torpaq haqqında düşünə biləcəklərini yuxumda da görməzdim.
– Ağ eləmə də! Belə adam olar!

– Var da! Tanımırsan bəyəm!

Aydın güldü:

– Yəni sən doğrudan da elə bilirsən yuxarıda oturanların ürəklərində Vətən hissi yoxdur!

– Hamısını demirəm. Amma çoxu axtalanıb. Kişiliklərini itiriblər… Kürsüyə görə dədələrini də satarlar…

– Onlar kənardan belə görünürlər, əslində içərilərində yaxşı, qeyrətli adamlar çoxdur. Şərait dəyişdirib, düzünə qalanda mən heç o cür yaşamaq istəməzdim. Faciədir o həyat…

Məni fikrimdən döndərmək çətindir:

– Məsələ burasındadır ki, həmin adamların çoxunu Moskva seçir; özünə sərf edənləri, anası, arvadı kənar millətdən olanlar, qarışıq ailələr. Qoy evlərində heç zaman milli söhbət olmasın, hamısı dədəsindən üz çevirən köhnə komsomolların…

Aydın hirsli, nitqimi yarıda kəsdi:

– Coşma! Bu bir sistemdir. Bəs imperiyanı necə saxlasınlar. Günahı başqalarında axtarmayaq. Günahkar özümüzük. Gərək millətin keyfiyyəti o qədər yüksək olsun ki, kimi irəli çəkirlər-çəksinlər millətinə xəyanət edən tapılmasın.
– Necə yetişdirəcəksən belə adamları. Bakıda öz dilimizdə məktəblərin sayı ildən-ilə azalır. Rus məktəbləri də Rusiyanı öyrədir, Azərbaycanı yox! Dilini, tarixini, coğrafiyanı öyrətmirlərsə bu uşaqda milli ləyaqət necə yaranacaq?! Ailə demir, müəllim demir, televiziya demir…

Aydın öz mövqeyini izah eləməyə çalışırdı:

– Həyat onları ayıldır. Gedib rus şovinizmini görəndə başları daşa dəyir. Təsadüfi deyil, Moskvada yaşayan rusdilli ziyalılarımız, bəlkə, daha artıq millətçidirlər…
– Bunu mən də müşahidə etmişəm. Amma belə halları ümumiləşdirmək olmaz. Məktəb çox ciddi məsələdir. – bu, mənim fikrimdi.
– Bilirsən, zorla olmaz, uşaqlarımızı öz məktəblərimizə cəlb etmək istəyiriksə, gərək məktəbimizin səviyyəsi qalxsın, kitabımız, dəftərimiz, informasiya işi, müəllimlərin səviyyəsi… – bu, Aydındı.

– Bunu kim edəcək? Gərək başda oturanların uşaqları öz ana dilində oxusun ki, onlar da həmin məktəbin vəziyyətini görüb kömək eləsinlər. İndi hamısının diqqəti rusdilli məktəblərdədir.

Tonqalların arasında üstümüzə cuman, boynumuzu qucaqlayan adamlar, salamlaşanlar, mübahisəmizi tez-tez kəssə də yenə əvvəlki mövzulara qayıdırdıq. Bu meydanın mübahisəsiydi. Meydanda nə qədər adam varsa, o qədər mövzu vardı; tonqal başına dünyanın bütün dərdləri, insanlığın bütün maraqları yığışmışdı, başda Azərbaycan, Qarabağ, Cənubi Azərbaycan, tariximiz və gələcəyimiz oturmuşdu.

Bura tərəddüdlə gələn, əvvəl-əvvəl öyrəşə bilməyən adamlar da vardı. Ən çox da rusca oxuyan, Moskva təhsili almış, bolşevik tərbiyəsi, komsomol və partiya məktəbləri havasında böyüyüb, dünyanın, Azərbaycan təbiətinin mazutlu, şoranlı, tüstülü, amma doğma havasından məhrum olan adamlar. Belələrini bir qismi mərkəzin ideya daşıyıcıları olsalar da əksəriyyəti, tam tərsinə, yuxarıları daha yaxşı tanıdıqlarına və orda bizlərə münasibəti daha dürüst bildiklərinə, məlumatları ilk mənbələrdən aldıqlarına görə kifayət qədər milliyyətçi təfəkkürə yiyələnmişdilər. Dil maneəsinin gətirdiyi sıxıntı dağılandan, qaynayıb-qarışandan sonra onlar maraqlı həmsöhbətə çevrilirdilər, kənardan gələn qonaqlarla onların öz dillərində, öz dəlilləriylə danışmaqda əvəzləri yoxdur.

Qarışıq ailəsi olan və belə ailələrdə doğulanlar da başqa, bəlkə daha ciddi sədləri keçirdilər. Düzünə qalsa, meydan onların əriyən infarktıydı. İllərlə işdə, evdə aça bilmədiklərini burda deyirdilər.
Meydan bir okeandı. Birinci gün hələ bulanıq olsa da, sonra tədricən şəhərin və respublikanın balaca bir modelinə çevrildi. Burda fitə basılan dövlət başçılarından çadırlara basılan fahişələrə qədər – əhalinin bütün təbəqələrinə yer vardı…

Tonqalların birinin yanından ötə bilmədik. Tələbələrdi. İkisi qalxıb yer verdi. Bu günkü görüşlərimizlə, televiziyadakı verilişlə maraqlanırdılar. “Zaman” proqramında yenə hansı böhtanı atdılar? Siz nədən danışdınız? Tələbələrin bütün suallarına cavab verməli olsan gərək səhərə kimi burda oturasan… Gecəyə körpü salmaq üçün bundan yaxşı iş yoxdur … Elxanı verdik irəli. Məni bu dəqiqə dəfələrlə təkrarlanan sözlərdən çox tonqal çəkirdi. Hardan tapmışdılar bu kötüyü. Qusarda, Balakəndə görmüşdüm. Yas düşən həyətlərdə belə iri kötüklərdən yandırıb arxasında otururdular, başsağlığına gələn o üzdə dayanıb duasını tonqala oxuyandan sonra keçir bu tərəfə, oturanların arasına…

Cavanlardan biri əlindəki çubuqla ocağı eşib, külə basdırdıqları kartofu çıxarırdı.

– Bilirik, siz də dağ adamısınız, həm də, bütün günü ayaq üstə, yəqin yeməyə vaxt tapmamasınız.
Külləmə kartofdan birini məmnuniyyətlə götürdüm.

Hava soyuqdu. Tonqal qucağını isidir, günəş yerin bir üzünü işıqlandıran kimi, kürəyin donur. Amma hazırlıqlı gələnlər çoxdur. Oturanlar iki-iki, üç-üç ədyallara bürünüblər – köhnə, nazik yataqxana ədyallarıdır. Bizə də təklif edirlər. Dəri plaşım qalın olmasa da vərdiş eləmişəm, təbiət də köməkçimizdir. Bu vaxtlar Bakının rüzgarsızlığı görünməmiş işdir. Allahın bizə rəhmi belə xırda işlərdə gəlir, yoxsa Bakı küləyi sovurardı tonqalları göyə.

İsti ilə soyuğun sərhədlərində, ocağın qıraqlarında xırda hava burulğanları dolaşırdı, kiçik hava xortumları kötüyün sağında-solunda külü qaldırıb fırlanır, közə çatanda dağılıb gedirdi. Yəqin elə kainatın bütün hərəkət, ruzigar və hava burulğanları isti ilə soyuğun belə qarşılaşmasından yaralanır.

Kötüyün bir tərəfi çürükdü, sulanır, cızıldayır, tüstülənir, yanmır ki, yanmır.
Adamlar kimi ağacın da çürüyü daha çox tüstülənir.

Dərk eləmədiyimiz, tələsə-tələsə yanından keçib getdiyimiz nə qədər həqiqətlər var, görəsən?
Əslində, bu axşam meydanda gecələyən xalq da dünyanın dərk edə bilmədiyimiz möcüzələrindən biridir.
Tanrı öz sirlərini bizə niyə açmır, necə olur ki, o mübarizə aparmır, amma həmişə qalibdir, danışmır, amma cavab verə bilir; sakitdir, amma idarə edir; əli yoxdur, amma yol göstərməyi bacarır…

Tonqal günün bütün səs-küyünü, uğultusunu, gərginliyini unutdurmuşdu. Yorulduğumu, ancaq indi, ocağın istisində duydum. Gör bu gün nələr baş verib, Akademiyadan bura nə qədər yol keçilib, nə qədər insan gəlib-gedib? Nə qədər çıxışlar, görüşlər, mübahisələr olub? Nəhayət bu gün sübut etdik ki, millətin qarşısını heç kim kəsə bilməz!
Tələbələrdən kimsə canıyananlıq elədi:

– Yorğunsunuz, gedib dincəlsəniz yaxşı olar. Yəqin sabah daha ağır gün olacaq…

Amma meydanı qoyub hara getmək olardı? Yuxunu qovmağın yolu var: gəzmək! Tonqalların arasında Melorasiya Nazirliyində müavin işləyən köhnə tanışımla rastlaşdıq. Boynumu qucaqladı. “Təbrik edirəm, əsl bayramdır. Bu gün hamınız igidlik eləmisiniz”. Qoluma girdi və təkidlə:

– Gedəcəyik yuxarı, mənim iş yerimə!

Dirənməyin mənası yoxdu.

Ehtiyatlı adammış. Bir neçə dəqiqəyə qabaq masanın üstü doldu, su, pendir, çörək, kolbasa, araq. Canımızı isidəndən sonra elə otaqdakı kresloların üstündə sabaha qədər mürgülədik.

O səhər bir gün, iki gün sonra nə olacağını, şəhərin hər tərəfindən meydana axan bu insan selinin qarşısının necə alınacağını, bu boyda qəzəbin nə ilə nəticələnəcəyini kimsə deyə bilməzdi. Heç kimin ağlına gəlməzdi ki, onsəkkiz gün burda qala bilərik.

…Dünənki görüşdən sonra Vəzirovun kürkünə birə düşmüşdü. Sabaha kimi o da yatmamışdı. O da öz dəstəsini yaratmışdı. Həmin dəstənin bir hissəsi sabahacan tonqal başındaydı; hamıdan cəsarətlə danışır, respublika rəhbərliyini hamıdan çox söyür; gizlicə kütlənin halını öyrənirdilər; bir hissəsi tribunanın altında və hökumət evinin ayrı-ayrı otaqlarında, nazirlərin yanında, başqa bir hissəsi də MK-nın öz binasında, Vəzirovun əlinin altındaydılar. Bir də bütün mitinqlərin, yürüşlərin keçirildiyi, o vaxt hələ 26 Bakı Komissarının adını daşıyan Partiya Komitəsinin meydanın iki addımlığında yerləşən binası sabaha qədər oyaq qaldı. Raykomun birinci katibi Vəli Məmmədov vaxtilə Bakıda Novruz bayramının rəsmi keçirilməsinin ilk təşəbbüskarı, Nəriman Nərimanovun bəraətindən sonra onun həyatı və yaradıcılığından ilk kitab yazıb, haqqının qaytarılmasına çalışan tədqiqatçı, partiya sistemində olsa da ana dilinin, milli mənəvi dəyərlərin qorunmasına çalışan əsl ziyalı kimi tanınırdı; yuxarı dairələrdə də xalq arasında da hörməti vardı. Amma nədənsə H. Əliyev vaxtında ona rəsmi münasibət soyuqdu; bəlkə də elə bu milli təfəkkürünə, ağlına görə; uzun illər Respublika Siyasi Maarif evinin direktoru olmuş, təqaüdçüyə yaraşan bu iş onu səhərdən axşama kağız-küğuzun içində eşələnməyə məhkum etmişdi. Bu sistemdə nadir hal olsa da təmiz, halal yaşamışdı. Bəziləri ona münasibətini arvad tərəfdən qohumları olan Əlizadələrlə əlaqələndirir: H. Əliyevin onlara görə Vəlini də sevmədiyini söyləyirdilər. Bəlkə də Əliyevin KQB xarakteri ilə Vəlinin ideal kommunist obrazı tutuşmadığı üçün yaranmışdı bu ziddiyyət. Vəli doğrudan da dürüst, dilinə yalan gəlməyən, arı kimi çalışqan, ölçülü-biçili yaşayan bir adamdı. Anası Betta xanım alman qızıydı, 20-ci illərdə istədiyi oğlana qoşulub bizim Ucar rayonumuza gəlmiş və həmişəlik burda qalmışdı. Dostları dəqiqliyinə, Qanunpərəstliyinə görə, Vəli haqqında zarafatla “dayılarına çəkib” deyirdilər. “Dayıları kimdir?” – soruşanda “Kim olacaq, Marksla Engels” – deyə cavab verirdilər.

Vəzirovun ilk işlərindən biri Vəlinin təyinatı olmuşdu. Bu həm də camaata işarəydi: görürsünüz, Əliyev, Bağırov öz yerliləri olmadığına görə bu cür qiymətli adamı qıraqda saxlayırdılar; mən ədalətli olduğuma görə onun haqqını verdim. Bəlkə onların gənclik xatirələri də burda rol oynamışdı. Amma Vəlinin “bəxti” gətirməmişdi. Rayona gələndən dincliyi yoxdu. Mitinq mitinq dalınca! Hamısı da onun rayonunda, nə baş verirsə son anda məsuliyyəti boynundadır. Yəqin buna görə, bəlkə də İrəvanda baş verənlərdən, ermənilərin torpaq iddəalarından özü də bərk qəzəbli olduğuna görə gecə yarıdan keçənədək tonqal başında, adamların arasında olmuşdu. Bir neçə dəfə rastlaşmışdıq, hamını dinləyir, fikirlərini deyir və yəqin, bir başa olmasa da dolayı yolla, meydanda qalmağın əlehinə olduğunu da çatdırırdı. Həmin gündən başlayaraq onun iş otağı da meydana bağlı olan rəsmi qərargahlardan birinə çevrilmişdi.
Bundan əlavə, Vəzirovun qeyri-rəsmi məsləhətçisi, gənclik dostu Cəmil Əlibəyov da davamlı olaraq bu işlərin içindəydi və meydanın yaxınlığında yerləşən kabineti, yəni “Kommunist” qəzeti də başqa bir qərargahdı.
Cəmil Əlibəyovun Vəzirovla yaxınlığı indi bu qəzetə də, onun baş redaktoruna da xüsusi nüfuz qazandırmışdı. Deyilənə görə, Vəzirov gənclik dostuna daha sanballı vəzifə təklif edibmiş, amma köhnə jurnalist dostluq borcunu respublikanın birinci qəzetinə başçılıqla vermək istəmişdi. Buna görə də birdən-birə, bütün vəzifəsini itirməkdən qorxanların və vəzifə almaq istəyənlərin diqqəti baş redaktorun otağına çevrilmişdi. Dəhlizlərdə boyun büküb gözləyən adamlar arasında kimlər vardı: nazirlər, raykom katibləri, Nazirlər Kabinetinin, hətta MK-nın öz işçiləri… Təkəm-seyrək ziyalılar, köhnə jurnalistlər də gəlirdi, amma onların iddiaları və istəkləri başqa idi.
Həmin gün tezdən Vəzirov Cəmili yanına çağıtdırdı. Köhnə dostların bağlı qapı arxasında nələr danaşdıqlarını demək çətindir, amma eşitdiyimizə görə Cəmil birinci katibi səbirli olmağa, meydana zorakılıq etməməyə, xalqın bu səfərbərliyini Moskvaya çatdırıb bundan mümkün qədər yararlanmağa çağırıbmış. Qoy öz əməkdaşlarını da meydana buraxsın, orda işləsinlər, özü getməsə də başqa vəzifəli şəxslər, katiblər, lap elə Ali Sovetin, Nazirlər Sovetinin sədrləri gedib çıxış eləsinlər, nə qədər ciddi işlər gördüyünü başa salsınlar; xalq ziyalıya, yazıçıya, alimə inanır; bir də xalqı ora yığanların və mitinqdə çıxış edənlərin çoxu ac-yalavac adamlardır, mümkün qədər onları şirnikləndirmək, iş, ev məsələlərinə baxmaq lazımdır… Heç olmazsa ailələrdə qanqaraçılıqlar azalsın… Aman, təkcə zorakılıq olmasın, bu Poliyaniçkodu-nədi, tülküdən bicdi, həm də özü üçün, Moskva üçün ağıllı adamdı, onun sözünü dinlə, amma əməl eləmə, xeyir gəlməz, bizi istəyən adam deyil, birdən çaşar, elə bilər bura da Əfqanıstandır…

Yəqin bu söhbətlərin nəticəsiydi, mitinqin ikinci günü meydana gələnlərə əngəl törədən olmadı. Sabah açılandan insan selinin də ağzı açıldı. Meydana gələn səkkiz ya doqquz yolun hamısıyla bütün amfiteatr əhli şəhərin bu baş səhnəsinə, əsas tamaşanın vaqe olduğu yerə axırdı. Adamlar da çoxbilmişdi… Deyirdilər, uyğunluğa bax e!.. Ermənilər İrəvanda Teatr meydanına yığışır, çünki artistdilər, həm də nəfəsləri yalanla gedib-gəlir; biz də Lenin meydanına toplaşırıq, çünki ömrümüz boyu gözümüzü dikmişik Moskvanın ağzına; görək nə deyəcək. Yəqin elə buna görə ikinci gün mikrafondan “biz çox meydan müharibələri görmüşük… Bura da bizim dərdlərimizin, iradəmizin, gücümüzün, azadlıq eşqimizin meydanıdır, bura Azadlıq Meydanıdır” – dedim və bu söz kütlənin ağzına düşdü. Hələlik qeyri-rəsmi olsa da Lenin meydanının adı oldu Azadlıq Medanı.

Nazir müavini səhər-səhər hərəmizə termosdan bir stəkan çay da verdi və meydana endik. Millət gəlməkdə idi. Gecə tonqal başında qalanların bir hissəsi hələ də ədyallara bürünüb mürgüləyirdilər. Tribunanın sağındakı, solundakı amfiteatrlarda bu, daha rahatdı, çünki gələn adamlar o qədər də mane olmur.
Meydanın ilk gecəsi burda qalanların da, qalmayanların da halını, hətta üzünün ifadəsini dəyişib, dünənki çıxışlar təsirini göstərib. Elxan məni dümsükləyərək şüarlara işarə elədi:
– Görürsən?

– Görürəm!

Artıq sözə ehtiyac yoxdu. Ürəyimizdən keçən, imkan düşəndə dediyimiz sözlərdi, şüarlara çevrilib hökumət evinin divarlarını bəzəyir, kütlənin başı üstündə dalğalanır. Dünən “Qarabağdan əl çəkin!”, “Torpaqdan pay olmaz!” yazılmışdısa, bu gün artıq Araz boyu tikanlı məftillərin sökülməsindən, bütöv və müstəqil Azərbaycandan, otuz milyonluq xalqın azadlığından, hətta “Ankara – Bakı!”, “Türk millətinə eşq olsun!” şüarlarıyla Türk Birliyindən yazırlar. Dünən hədəfdə erməniydi, Bu gün Moskva! Çünki xalq ermənilərin Moskvasız bir iş görə bilməyəcəyinə əmindir; bilir ki, bütün bəlalarımızın günahı bu iyrənc imperiya siyasətində və adı dəyişilib SSRİ olmuş “Velikarusskaya derjava”dadır… Gör fevraldan bəri xalq nə qədər dəyişilib. Elə dünən tribuna Topxana meşəsindən danışırdı; amma meydan xatırladır ki, bizim dərdimiz Topxana deyil; məsələni kökündən həll eləmək lazımdır. Əlinə nə keçdi bürünüb mürgüləyən adamların yanından ötüb kürsüyə çıxdıq. Qardaşlarım məni gəzir. Evdən yemək gətiriblər. Gecə harda qalmışıq, başımıza nə işlər gəlib və s. narahatdılar. Onları sakitləşdirib yola salıram. Enib kütləyə qarışırlar.

Meydana gələn insan seli kürsünün ucalığından daha yaxşı müşahidə olunur. Ən yaxşısı da budur ki, bu gün hamı səliqə-səhmanla və öz adlarıyla gəlirlər: “Elektroterm” zavodu, Azərbaycan Dövlət Universiteti, Xarici Dillər İnsititutu, tikinti kombinatı, filan rayon və s.

Meydan dolduqca kürsü, onun ətrafı və heykəlin altındakı salon da dolurdu. Vəzirovdan və bir iki digər vəzifəlidən sonra hamı burdadır. Başqa bir dəstə də hökumət evinin həyətinə toplaşıb. Onların arasında da alimlər, elm-sənət adamları, ziyalılar çoxdur. Ziya Bünyadovun uca boyu, boz fəsi uzaqdan diqqəti cəlb edir. İmam Mustafayevin də başına bir dəstə adam toplaşıb.

Diqqətimi çəkən dövlət nümayəndələrinin və yüksək vəzifə daşıyanların münasibətiydi. Günlərlə qəbullarına düşmək olmayanlar burda çox sadə və səmimi görünmək istəyirlər. Dünəndən bu günə nə dəyişib ki!.. Amma bizi doğma adamları kimi bağrına basıb çox böyük canyananlıqla əhvallaşırlar. Ən ilginci isə dünən yolları bağlayan, camaatın küçə ilə hərəkətinə imkan verməyən, əli zopalı, dili söyüşlü adamların bu gün imkan düşən kimi qulağımıza “Qorxmayın, biz də sizinləyik!”, demələri idi. Bu nədir? Tapşırıq?! Oyanan vicdan? Milli məsuliyyətin dərki?! Xalqın başının üstünü alan fəlakətin gətirdiyi həmrəylik, birlik duyğusu? Yoxsa bu yolla ürəyə girib içəridən zəhərləmək… Suallar çoxdur, amma indi onları aydınlaşdırmağa imkan yoxdur. Meydan uğuldayır, təndir kimi həniri ətrafa vurur. Meydan mikrafon gözləyir, söz istəyir, çarə gəzir, dərdlərini sağalda biləcək ilac axtarır!.. Bu sözü respublikaya başçılıq eləyəndən istəyir. Buna görə də tez-tez eşidilən şüarlardan biri də “Vəzirov”dur. Meydanın ilk gündən təkrarladığı bir söz də var: “Mikrafon!”. Amma bu gün mikrafonu, çox gözləmədən, saat on ikiyə işləmiş özləri quraşdırırlar. Camaat arasında söz gəzir, “Vəzirova qururlar e, mikrafonu, günorta üstü gələcək!”. Amma mən inanmıram, çünki dünənki görüşümüzdə onun meydana gəlməyə hazır olmadığı sezilirdi. Gəlib nə desin? Sözü yoxdur axı “yazığın!”. Bir azdan meydanın ümumi haraylarına məhz elə bu maymağlığa etiraz olaraq “Ar olsun!”, “Öldü var, döndü yox!” kimi çağırışlar, tənələr də qarışdı.

…Ənvərlə mən mikrafonun qarşısındayıq, meydan gözləyirdi.

Elxan arxada, daş pillədə Xəlil Rzayla yanaşı oturmuşdu. İlk günün təəssüratını bölürdülər. Xəlilin iri gözlərində şimşək çaxırdı. Qəzəbli, nəşəli, ilhamlı idi. İndi o özünü suda balıq kimi hiss edirdi. Sinəsini boşaltmağa burda onun qədər həvəsli adam tapmaq çətin işdi.

Danışıq imkanı olmayanda da sakitcə geri çəkilib, bu daş pillələrin üstündə köhnə mühasib sənədlərini xatırladan iri dəftərində qeydlərini edir, gündəliyini yazırdı.

Dünən Vəzirova verilən tələblərə 24 saat ərzində cavab gəlməmişdi. Meydan da, kürsü də cavabı gözləyirdi. Saat on iki oldu, on üç oldu, on yeddi oldu, amma rəhbərlikdən cavab çıxmadı; elə bil axşam bizi mehribancasına qarşılayıb, ümid verə-verə yola salan, meydan haqqında bir kəlmə pis söz deməyən Vəzirov yox, bir başqası olubmuş… Bu qədər etinasızlığı, “hə”, “yox”, heç bir cavab verməməsi çaşqınlıq yaradıb.

On beş-iyirmi dəqiqəlik bir çıxışla meydanı da, kürsüdəkiləri də bir az sakitləşdirdim. Tariximiz, səhvlərimiz, unutqanlığımız, iki imperiya arasında bölünməyimiz, gec-tez birləşəcəyimiz… Bu boyda insan dənizi qarşısında danışmaq bir yana, düşünmək də çətindir, amma mikrafona yanaşan kimi sıxıntı keçib gedir, sanki danışmırsan, oxuyursan, nə demək lazım olduğunu ilahi bir səs özü qulağına pıçıldayır. Xalqın dərdini kim bizdən yaxşı bilir! Bizim yuxarılar həmişə parabeyinlərdən təşkil olunub. O qədər qorxaqdılar ki, hətta üstündən yüz altmış il keçən bədnam Türkmənçay müqaviləsini də, daha öncəki, parçalanmağımızın da təməlini qoymuş Gülüstan müqaviləsini də yada salmadılar. Öz taleyinə və tarixinə bu qədər biganə dövlət başçılarından nə gözləmək olar? Bütün bu müşküllərdən xilasın bir yolu var: birlik!

Meydana da Azərbaycan SSR-in qırmızı-göy bayrağıyla yanaşı çeşidli bayrağlar dalğalanırdı. Qara, yaşıl, ərəb hərifləri ilə yazılı.

Bizim bir bayrağımız var: Ay ulduzlu, üç rəngli… mavi, qırmızı, yaşıl. Bu, 1918-ci ildə qurulmuş və şərqdə birinci demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, milli bayrağımızdır. Bu gün də meydanda həmin bayraq dalğalanacaq, tanımadığımız bayraqlar yığışdırılsın. Toplaşanlara bu fikrimi də çatdırdım.
Meydan başdan-başa dolmuşdu. Öncə arxada maşınlar keçməyə yol qalırdı, sonra o da qapandı, gələnlər irəli keçə bilmir, elə “Azərbaycan” otelinin qabağında fəvvarələrin yanında dayanırdılar.

Kürsüdə fikir birliyi yoxdu. Mitinq təşkilatçılarının qorxusu artırdı, amma indi hadisələrin qarşısını almaq yox, onu istiqamətləndirmək vaxtıydı. Sel gələndə qarşısını almaqdansa, sadəcə qabağını açıb, çay yatağına yönəltmək mümkün olsa böyük işdir.

Kürsüdə, aşağı salonda, hökumət evinin həyətində mübahisələr ara vermirdi. Vəzifə sahiblərinin, ağsaqqallı, qarasaqqallı, yığışanların böyük əksəriyyətinin bir fikri vardı: Meydan alovunun bütün respublikanı bürüməsinə imkan verməmək, bundan ötrü guya çox ciddi dəlil-sübut da gətirirdilər, amma «dediklərimizə heç bir cavab verilməyib, Vəzirovdan soraq yox, nümayəndələri bir şey bilmir, Ermənistan öz işində, DQ-da ermənilər bizə acıq verə-verə Topxana tikintisini bir az da sürətləndiriblər. Moskva soyuq süküt içində, belə dağılışmağın nə xeyri olacaq» və s. fikirlər irəli sürüləndə susub dinləməkdən başqa yolları qalmır.

Hökumət Qarabağ məsələsini həll edə bilmirsə qoy xalqa mane olmasın. Ağıllı rəhbərlik bu gücü görər və dünyaya göstərər. Mitinq öz hakimiyyətimizə qarşı deyil, amma hakimiyyət bu maymaqlığı davam etdirsə, hədəf dəyişilə bilər. Belə söhbətlərdən birində Fuad da, Vəli də razılaşdılar ki, doğrudan da mitinqi indi dağıtmaq mümkün deyil, dağılsa da bunun xeyri olmaz, bu boyda qüvvədən daha səmərəli istifadə etmək lazımdır. Bir yandan da belə mütəşəkkilliklə şəhərə dağılsalar, nə olar! Beləcə hakimiyyət nümayəndələri ilə ikitərəfli bir oyun gedirdi. Biz onların, onlar bizim nə istədiyimizi yaxşı bilirdik. Onlar xalqın mənafeyini, meydandakıları qorumaq, işin xeyirli tərəfini axtarmaq adına, əslində özlərini qorumağa çalışırdılar; biz isə «mitinqin hakimiyyətə ziyanı yoxdur, Moskvaya, Ermənistana qarşıdır» deyə-deyə onlardan qorunurduq. Üz-üzə dayanıb söhbət edir, zarafatlaşır, çay içir, dərdləşirdik, amma psixoloji vəziyyət başqa-başqaydı. Biz meydanı yaradanlar, onlar meydandan qorunanlardı. Qaçan da xalq deyirdi, qovan da.

Həmin gün meydanda ilk dəfə pul söhbəti eşidildi. Kimsə aşağıda papaq açıb pul yığır ki, meydandakılara yemək alsınlar. Yemək göndərən təşkilatlarla yanaşı, ərzaq almaq üçün pul göndərənlər də var.
Bu işin düzgün qurulacağına inanmıram. Meydanda cəbhə adına, hər hansı bir cəmiyyət adına pul yığılmamasını xahiş edirəm.

Hiss edirəm ki, bu boyda kütləni başlı-başına və ya təsadüfi adamların öhdəsinə qoymaq olmaz. Tarixi bir məqam yetişmişib, toplananların sayı bir neçə yüz mindi. Ziyalıların bir hissəsi hökumətin yanında, bir hissəsi arğın-yorğun, evdən bayıra çıxmağa həvəsləri yox, bir hissəsi ətrafdakı binalardan, öz eyvanlarından baxırlar, tərəddüd keçirənləri də orda sahil tərəfdə, bağın içindəki çayxanalardan hələ ki, sakitcə seyr edir, bu işin durulmasını gözləyirlər, hökumətdən izn olsa o dəqiqə mikrafonun yanında növbəyə düzüləcəklər… Biz niyə beləyik görəsən? Beynimdən çıxmayan suallardandı… İlk gündən başlanan fikir ayrılıqları meydandan görünməsə də yuxarıdan aydın görünür. Tribunanın geniş meydançası və oturacaqları adamla doludur. Hamı çıxış eləmək istəyir, amma kim tanıyır bunalrı, hardan gəliblər, kim göndərib, nə deyəcəklər? Meydan rəsmi cavabı gözləyir… Təsadüfi adamlar, şəxsi dərdlərini danışanlar soyudur aranı.

Bir qadın az qala hamını ittiham edir… Nankorluq hardan gəlir görəsən. Elxan əsəbləşir: ara qarışdırmağa yığışmamışıq, sözü varsa sözünü desin…

Axır ki, hakimiyyətdən də gələn oldu: Ali Məhkəmənin sədri Abdulla İbrahimov ağsaqqal kimi danışdı, məsuliyyəti boynuna çəkmədi, sizin tələbləriniz yerinə yetirilə bilər, məncə, belə də olacaq və s.
Günorta üstü Nemət yenidən dağılışmaq çağırışıyla çıxış elədi, dağılaq, tələblərimizə əməl olunmasa gələn şənbə yığışarıq.

Elxanın rəngi alınmışdı:

– Niyə öz başına qərar verir, məsləhətləşmir. Günün günorta çağı, heç bir cavab almadan dağılar bu camaat?
Onu sakitləşdirməyə çalışıram:

– Fikir vermə! Cavandır, məsuliyyəti boynuna çəkmək istəmir. Əsas dediyi sözdü, məncə sözünə etirazın olmaz…
Nemətdən sonra mikrafonu söndürdülər. Amma meydan maqnit kimi bütün şəhəri çəkib gətirirdi, dağılanın yerinə on qat artığı gəlirdi.

“Vəzirov” çağırışları artırdı, arada bir “Vəziryan” deyən də vardı.

Günortadan sonra Bəxtiyar Vahabzadə gəldi, bəyan elədi ki, Vəzirovla görüşmüşəm. Millətə nə deyəcəyimi soruşdum. Dedi Topxanada heç nə tikilməyəcək. Qırılan meşə deyil, kol-kosdur, narahat olmasınlar, Ermənistana DQ-da yer verilməyəcək. Amandır, rəhbərliklə xalqın birliyi pozulmasın.

Tağı Xalisbəyli, Nəriman Həsənəliyev, yenə Bəxtiyar, yenə mən, Əbülfəz Əliyev, Nemət, İsmayıl, Hatəmi, Yəhya Məmmədov, Qorxmaz, rayondan gələn ağsaqqallar, Qarabağdan gələn nümayəndə… meydanı titrədən çıxışlar bir-birini əvəzləyir. Xəlil Rzanı mikrafona yaxın buraxmaq istəmirlər. Başlayanda qurtarmaq bilmir, deyirlər. Axşamüstü ətrafdakıların narazılığına baxmayaraq sözü ona verdim. Bütün gün ərzində camaatın danışıqları necə qarşıladığını görəndən sonra özlüyümdə qərara gəldim ki, mitinqin idarəsi başqasına tapşırıla bilməz. Ənvər yorulmuşdu, Hatəminin nə istədiyini başa düşmək mümkün deyildi, Nemətin dağılmaq təklifləri meydanda əks reaksiya doğururdu. Axşamüstü danışanda meydandakıların bir hissəsi arxasını çevirib yerə oturdular, qulaq asmadılar. Amma hər halda Səttərxan zavodunun tribuna ətrafında toplaşan fəhlələri onun sözünə həssasdır və qabaqdakıların reaksiyası arxadakılara da təsir göstərir. Bizdən sağdakı amfiteatrda Məhəmməd Hatəminin tərəfdarları, başı sarğılı qızılbaşlarla doludu və onlar da “Hatəmi!” deyə qışqırırdılar. Mən dəstəsizdim. Bütövlüklə meydana söykənirdim. Tədricən bəlli oldu ki, toplaşanlar daha çox bizim üçümüzü dinləyir. Buna görə də mikrafonda əsas biz dayanır, çıxışlara söz verir, gələn təklifləri, məktubları, yuxarı tullanan kağız parçalarındakı qeydləri toplayıb məzmununu meydana çatdırırdıq. Meydanın bu şəkildə yönəldilməsi asan olardı. Amma tezliklə bəlli oldu ki, gizli iddialar mane olur. Hatəminin dəstəsi Neməti qəbul eləmir, Nemətin fəhlə yoldaşları Hatəmini. Nə istəyirlər görəsən? Niyə görə meydana yığışmış yüz minlərlə adamı öz balaca dəstələrinin iradəsinə tabe etmək istəyirlər. Hansı qara pişik keçib aralarından. “Çənlibel”də millətin bir araya gəlməsini arzulayan adamlar indi bu birliyə niyə sevinmir, niyə hərə özünü düşünür.
Sonralar M. Hatəminin və Nemətin meydan haqqında yazılarında qarşılıqlı ittihamları oxuyanda heyrətə gəldim. “Mənəm”lik nə dəhşətli xəstəlikmiş? Özünü böyütmək üçün adam niyə başqasını kiçiltməyə çalışmalıymış!
Axşam üstü vəziyyəti diqqətlə müşaiyət edən Elxan “dartışmanı görmürsənmi” – dedi. “Hərə bir yana çəkir”, məsələ birincilik davasıdır. Qarabağ yaddan çıxıb, biabır olacağıq! Meydan səni eşidir, bir az fəal ol. Bəlkə mikrafon davasının qarşısını ala bildin. Tonqal başında kitablarını görmədin? Avtoqraf yazdırmaq üçün tribunaya dırmaşanlara nə deyirsən bəs?!

– Məndən olsa bir-iki dəfə çıxış edib, ürəyimi boşaldandan sonra, Xəlil bəy kimi arxadaca oturub düşüncələrimi yazaram, – dedim.

– Sənin əvəzinə biz yazarıq, eybi yox! İndi əsas iş, qüvvələri birləşdirmək, meydanı düzgün idarə etməkdir.

Meydansa uğuldayırdı. Yorulanda arxaya çevrilib, arxamızda ehram kimi ucalan hökumət evinə baxırdım. İnsan əli nəyə qadir deyil? Nə gözəl tikilib bu bina, sütunları, tağbəndləri, eyvanları, həyəti… on-on bir yaşımda Bakıya ilk gəlişimi xatırlayıram. Bu ev, onun mərmər döşəmələri, həyətindəki qırxıq kollar, geniş meydan məni ovsunlamşdı…
Xalqın üzünə bağlı olan bina noyabrın günəşli, amma sərin havasında pəncərələrini taybatay açmışdı. O pəncərədən baxanların bəziləri hələ nələr baş verdiyini dərk edə bilmirdilər. Bəzilərininsə ürəyi gedirdi meydana qarışmaq üçün, lakin mıxlandıqları kreslo onların elektrik stollarıydı. Qımıldanmaq imkanları yoxdu. Bina meydana tamaşa etdiyi kimi, meydan da binanın tamaşasındaydı. Bəzi otaqların pəncərələri açılıb tez də örtülürdü. Nazirlər, müavinləri qəfəsə salınmış aslan kimi otaqda var-gəl edir, hərdən pəncərəyə yaxınlaşır, bu meydan qəzəbinin onları bir anda süpürüb ata biləcəyini düşünəndə qayıdıb yenidən kreslolarına yayxanırdılar: “Xanım, çay… xanım, meydanı görürsən, xanım, nə qədər adam olar… bu pəncərələr də o qədər dardır ki… xanımla bədən-bədənə, nəfəs-nəfəsə dayanmasan baxmaq olmur… Amma vicdan da hərdən ürək kimi sancır: gör xalq nə istəyir, sən nə haydasan!”
Ümumi otaqların pəncərələrisə taybatay açıqdır. İri döşlər şişmiş şar kimi pəncərələrdən çölə pırtlayıb. Amana bənddir, bir işarə ilə meydanın üstünü əlvan şar dəstələri bürüyər. Amma bu gün bayram deyil. Və o şar sahiblərinin çoxu bu gün nədənsə illər uzunu danışdıqları rus dilində kəlmə kəsmək istəmirlər. Nə yaxşı, ay Allah! Lap ləhcəylə də olsa öz dilimizdə danışırlar, meydana baxa-baxa ayrı dildə danışmaq günahdır. İki gündür bu binanın qadınları gözəlləşib elə bil. Əvvəlki kimi boyaxana küpünə girib-çıxmağa əlləri gəlmir. Sifətləri öz rənginə qayıdıb. Pəncərədən baxa-baxa göz yaşları o yumru şarların üstünə süzülür.

– Millətimizə arxa dur, Ya Rəbbim!

Allah! Allah! Nə yaxşı illər uzunu öz dilində kəlmə kəsməyənlər bu alqışları unutmayıblar?! Hansı bir qüvvəsə bircə gündə adamların içini çevirir, on illərin pası təmizlənirdi. Meydan bu binada gözə görünməyən bir cərrahiyyə əməliyyatı aparırdı: dillərdə, düşüncələrdə, ruhlarda şokaterapeya gedirdi. Bina qapılarıyla, pəncərələriylə, düşüncələriylə meydanda toplaşanların üzünə açılmışdı. Birdən-birə aydın olmuşdu ki, burda oturanların dövlət, xalq, millət dedikləri, uğrunda tonlarla kağız sərf etdikləri elə bu meydandakılardır. Bu mərtəbələr də, güzgülü salonlar da, hamısı o meydana toplaşanlarındır.

Xalqın qəzəbi cilovlanmasa beş dəqiqədə bu nəhəng binanı kərpic-kərpic sökər, mərtəbələr, aralar itər və açıq pəncərələrdən boylananlar da xeyir və şər mələkləri kimi qanad çala-çala hava boşluğunda qalar. Qat yox, ayrıc yox, amma illər uzunu içlərinə çökmüş bir yuxarı-aşağı iddiası var. Torağay kimi havada asılıb qalasalar da, meydana enə bilməzlər, çünki meydanın əli və nəfəsi dəyən kimi bütün parıltıları itəcək, indiyədək hansı haqla qalxıb, Allahın yeddinci, səkkizinci, onuncu qatında oturmalları və camaata da bu haram yuxarılıqdan baxmaları cavabsız bir soruya dönəcək.

Amma hələ ki, meydan dəniz kimi dalğalanır, gecə-gündüz üzü bozarmış, rəngi qaçmış binanın divarlarını döyəcləyirdi.

Yarım milyon, bir milyon adam meydan qazanında canlı orqanizmə çevrilib. On minlərlə adam burdaca yatıb-durur, meydanı tərk etmir, Bakı hiss olunmadan qəribə bir nizamla, səxavətlə onları yedizdirir, od-ocaqla, isti geyimlə təmin edir. Bütün şəhər, bütün respublika bir ailəyə çevrilib və bu ailənin bir ərköyün, üsyankar, ipə-sapa yatmayan uşağı var: o da meydandır və əslinə qalanda meydanı idarə edən mənəm o ərköyün uşaq… Hamı meydandan danışır, meydana ümid edir, bura can atır, burayla öyünür…

Öz gücünü, birliyini görmək xalqın belini dikəldir, o heç vaxt belə ucaboylu olmamışdı. Yüz illərin arxasında qalmış xatirələr dirilir, üzümüzün işığı, ruhumuzun sərhədsizliyi qayıdır.

Meydan qəribə yaradıcılıq labaratoriyasıdır; öz mahnılarını, lətifələrini, deyimlərini, şüarlarını, mifini, yumorunu, satirasını – öz folklorunu yaradır. Tonqal başı həm də sözün itiləndiyi, ilhamın qanadlandığı bir yerdir.
Tribunayla yanaşı hökumət evinin daş-divarları da danışır, öz-özünə sərgiyə və məlumat lövhəsinə çevrilib. Elan, bildiriş, axtarış, çağırış, tələb, hədə, qəzəb, xəbər… hesabı olmayan makina səhifələri, əl yazıları… Hökumət evi adlı bu “divar qəzəti”nin daim yeniləşən səhifələrini bəzəyir…

Divarlar həm də yuxarı yol tapa bilməyənlərin camaatla ünsiyyətidir. Meydanın yaradıcılıq təxəyyülünün genişliyi adamı heyrətə salır. Təkcə şüarlar bütöv bir dastandır: həmin günlər Azərbaycanın nə ilə nəfəs aldığını göstərir, millətin əzab, dərd, qayğı, istək və ideal çınqılarıdır. Amma bu ayaq basmağa yer olmayan, gələnlərə darısqallıq edən meydanda kim yazır, necə yazır bu şüarları?

Sumqayıt hadisələrinin əzabkeşi Əhmədin iri şəklini gətirib tribunanın arxa divarından asıblar. “Sumqayıt” çağırışı meydanda tez-tez səslənir. Çünki doqquz ay öncə baş vermiş hadisələrin Moskvanın və ermənilərin əliylə törədildiyi hamıya bəlli olsa da ittiham hədəfi azərbaycanlı gənclərdir.

Arxada Azərbaycan SSR-nin dəmirdən döyülmüş gerbi var, üç rəngli bayrağ meydana gələn kimi, kimsə bayraqdan birini gerbin üstünə taxıb. Amma meydan bununla da sakitləşmir. Bir neçə gündən sonra bu üçrəngli bayraq başımızın üstündə qara kölgə kimi duran, amma insafən heykəltaraş Qaryağdının çox böyük ustalıqla yaratdığı nəhəng heykəlin əlinə veriləcək. Sanki Azərbaycanın milli bayrağını başmızın üstündə “proletariatın dahi rəhbəri” Lenin şəxsən özü dalğalandırır. Xəlil Rzaya qalsa Leninə də soyuq baxmaq lazım deyil, çünki o da “özümüzdəndir”. Çuvaş-tatar əsillidir, əsl soyadı olan Ulyanovu xatırlamaq kifayətdir.

Hakimiyyət xalqın tələblərinə cavab vermir, daha doğrusu cavab vermək halında deyil, çünki bu sualları doğuran elə bu hakimiyyətin özüdür, birliyini, gücünü getdikcə daha yaxşı duyan meydan da bu qətiyyətsiz hakimiyyətin dirənməsinə, ona məhəl qoymamasına qəzəblənir və “öldü var, döndü yoxdu” deyərək bəlkə də Beynəlxalq təşkilatların işə qarışmasına, yaxud Moskvanın tərpənişinə ümid bəsləyir.

Meydan Azərbaycanın SSRİ iqtisadiyyat sistemindəki yerini bilir, Bakının, Sumqayıtın nəhəng müəssisələrinin uzun müddətli tətilinin nəticəsi özünü göstərəcək və Moskva meydana üz tutub xahiş eləməyə məcbur olacaq.
Mənzərəni görürdük. Buna görə də ilk günlərdə dağılışmaq təklifinin əhəmiyyətsizliyi göz qabağındaydı.
Meydan nəhəng bir xəlbir kimi hərləndikcə xırdalar tökülür, üzdə yalnız bir neçə adam qalırdı…
Ənvər də, yoldaşları da, meydanda öz nüfuzlarında qalırdılar, amma mitinqləri mənim aparmağımı istəyirdilər.
Nemət də bunu istəyirdi. “Mən də sənə kömək edəcəyəm” – deyirdi. Həmişə radikal addımların, qəti, yeri gələndə silahlı mübarizənin tərəfdarı olan Məhəmməd Hatəminin əsəbliyini başa düşürdüm. Çünki o davamlı olaraq xalq hərəkatı adından danışsa da meydanda bu hərəkatı ciddi qəbul edib ona qoşulanlar azdı. Onun tərəfdarları, cəsarətli, mütəşəkkil olsalar da meydanın əsas aparıcı, hərəkətverici qüvvəsinə çevrilə bilmirdilər.
Hatəmini çoxdan tanıyırdım. Tez-tez görüşüb söhbətləşirdik. Vətən sevgisi, Azərbaycanın birliyi üçün iş görmək istəyi, mərdliyi inkaredilməzdi. Amma tərsliyi, başqalarının fikrinə etinasızlığı, hadisələri süni şəkildə sürətləndirmək cəhdi, mümkünsüz yollara əl atması onu real mübarizədən uzaqlaşdırırdı. Mənəm-mənəmlik, özündən başqa kimsəni bəyənməmək, ona daxilən hörmət bəsləyənləri də tezliklə bezdirirdi. Bu, təkcə onun yox, həmin ərəfədə vətənsevərlikləri şübhə doğurmayan, danışan, yazan, təbliğat aparan, amma şəraiti nəzər almayan, eyni istiqamətdə görülən digər işlərə dəyər verməyi bacarmayan “Azərbaycanı xilas”çıların, “Milli qurtuluşçuların” əsas səciyyəsiydi. Özlərindən başqa heç kimi bəyənməyən, “böyüklüklərini” sübut etmək üçün ətrafdakılara çirkab atan, hamını KQB agenti, dövlətə satılmış adlandıranlar nəticədə meydanda tək qalırdılar.
O vaxt Bakıda çoxlu siyasi və ictimai qrup vardı ki, meydandan yararlanıb böyümək və xalqı öz arxalarınca aparmaq istəyirdilər. “Dayaq” da, “Çənlibel” də, “Qayğı” da, “Varlıq” da burdaydı. Amma «Varlığ»ın fəallığı, toplaşanların Əbülfəz bəyə, Tağı Xalisbəyliyə, Xəlil Rzaya, başqa yoldaşlarımıza daha həssas və ehtiramla yanaşması göz qabağındaydı.

Neçə vaxtdan bəri cəmiyyətdə dolaşan, lakin qurula bilməyən Xalq Cəbhəsi də ilk dəfə meydanda mənim çıxışımda səslənəndən sonra xeyri tərəfdar toplamışdı. Vəzirovla görüşdə, “Qayğı” cəmiyyəti var, gedin birləşin orda» desə də, “Qayğı”nın sədri akademik İmam Mustafayevə ehtiramımızı bildirməklə, proqramında siyasi tələblər qoyulmadığına görə ora qoşulmağın mümkünsüzlüyünü izah etmiş, şifahi olsa da, AXC-nin qeydiyyatdan keçib fəaliyyət göstərməsi vədini ala bilmişdik. Bu barədə meydana da məlumat vermişdim; xəbər yayılandan sonra «gənc alimlər klubu»nun üzvləri xeyli fəallaşdılar, hökumət evinin hansı mərtəbəsindəsə Tofiq Qasımov, Əlizadə qardaşları Cəbhənin nizamnamə və məramnaməsinin bir variantını işləyib hazırlamışdılar, vaxt tapıb mən də oxumuşdum. Hökumət evinin divarlarına vurulmuş başqa sənədlər də vardı, lakin burda Cəbhənin yaranması elan olunsa, onun rəhbərliyi başqa iddiaçıların əlindən çıxacaqdı. Hər şeyi meydanın iradəsi həll edəcəkdi. Mənim də, B. Vahabzadənin, Z. Bünyadovun, İ. Mustafayevin adları da hallandırılırdı. Amma Cəbhə ideası ortaya çıxandan hərəsi bir proqram hazırlayan adamlar arasında, aylarla davam edən mübahisələr aydınlaşmadığına və meydanda da buna imkan olmadığına görə, Cəbhənin yarandığını elan etmək mümkün deyildi. Zərdüştlə Arazın Cəbhənin yaranması barədə bəyanatlarını hökumət evinin divarlarına yapışdırmaları da buna görə ciddi əks-səda doğurmadı, daha doğrusu rəqabət hissi AXC ideyasının meydanda ayaq tutmasına mane oldu; Elxan sonralar bunun təsadüfi olmadığını deyirdi: belə olmasa, Cəbhə meydan hərəkatının əsl liderlərinin müəyyən yollarla, əks təbliğat, yalan və böhtanlarla sıradan çıxardılmasından sonra elan edilməz, meydanda və hərəkatda az və ya heç xidməti olmayan adamların əlinə keçməzdi. Bu o deməkdi ki, xalq hərəkatına başçılıq etmək üçün meydandan əvvəl də, meydanda da ciddi bir mübarizə gedirmiş, amma mən də, əslində həmin günlərin Neməti də, yəni hələ “meydan qəhrəmanı” nağılı ilə qulağı doldurulmamış Nemət də bu pərdəarxası mübarizədən xəbərsizdik, xəbərimiz olsa belə əhəmiyyət verməzdik, çünki həmin günlərdə hər hansı təşkilatdan çox bütöv meydanı və meydanın iradəsiylə Qarabağda Azərbaycana qarşı başlamış bölücülüyün qarşısının alınmasını düşünürdük…

Hakimiyyəti təmsil edən adamların, bəzi başqa çıxışçıların, dağılışmaq təklifinə baxmayan mitinqin ilk iki gününün sakit, qəzayi-qədərsiz öpüşməsi adamların ürəyindəki tərəddüd, narahatlıq hislərini dağıdırdı. Meydanın gecə həyatı tədricən bənzəri olmayan, misilsiz, təfərrüatı, rəngləri, süjetləri heç bir yazıya sığmayan nağıla çevrilirdi. Axşamlar iki otelin arasında tonqallar çatılırdı. Hər tonqalın da öz mihiti, adamları, mövzusu… təkcə bir tonqalın sübhə qədər davam edən qəribə həyatı mükəmməl əsər ola bilərdi. Tonqalların hər gecəsindən böyük bir millətin taleyi, tarixi, əxlaqı, psixologiyası, dərdləri və ümidləri keçirdi. Qayğı, sevgi, şəfqət, göz yaşardan bir səmimiyyətlə doluydu tonqal başı. Belə tonqallar meydanda bir deyildi, beş deyildi, onlarlaydı…
Heyif gün ərzində meydanı idarə etmək, tribunadakı gərginlik, mübahisələr, hökumət adamlarıyla ara verməyən dartışmalar, bütün çıxışların məsuliyyəti, meydandan yağan kağızların, məktubların toplanıb gözdən keçirilməsi, söz istəyənlərin mübahisələri, cürbəcür incikliklər, ixtilahlar adamı elə hala salırdı ki, mitinqlər bağlanandan sonra ayaq üstündə dayanmağa, yenidən danışmağa, hətta dinləməyə belə taqət qalmırdı. Buna baxmayaraq, yenə gecələr saatlarla bu möhtəşəm köçün, bu nəhəng millət ocağının başına dolana-dolana meydan əhlinin fikirlərini öyrənir, iradlarını, təkliflərini dinləyir, bu birlik ovqatının okean ləngəriylə gücümüzü bərpa edirdik…
Meydanın ikinci-üçüncü günü eləydiyim çıxışlara meydanın bu ruhu və hakimiyyətin biganəliyindən doğan qəzəb və nifrət hopmuşdu…

İçimdə heç vaxt duymadığım bir güc, ilham işıq və aydınlıq vardı… Ölüm qət ediləndən sonra qorxudan necə sıyrılırsana elə bir yüngüllük və cəsarət bürümüşdü məni.

13-cü parça

MEYDAN-3

Neçə gündən bəri hadisəni izləyən, amma bir söz deməyən, başqa dövlət məmurları kimi təsir göstərmək və ya kimisə fikrindən döndərməyi ağlına belə gətirməyən, bu baxımdan müstəqilliyimə bütün dostluğumuz boyu duyduğum hörmətini davam etdirən Vəli Məmmədov üçüncü gün axşam üstü qoluma girib kənara çəkdi: “Dediklərinin hamısıyla razıyam, milli məsələlərdə bizim ayrılığımız yoxdur. Buna sevinirəm, yəqin dağların havasındandır, amma əndazəni gözlə. Sən bilirsən məsələlərin çoxu Bakıdan asılı deyil. Odu o qədər üfürək ki, sonra özümüzü də yandırmasın. Sən ürəyin yandığından danışırsan, amma hamı belə deyil. Məsləhət vermirəm. Amma diqqətli ol! Bu gün meydanda bir milyon adam var. Bu birlik bir də nə vaxt yaranacaq? Əsas meydanın sonsuza kimi qalması deyil, mənim rayonum olsa da bu məni qorxutmur. Günü sabah işdən çıxmağa hazıram. Amma heyfdi bu birlik! Araya fitnə salmaq istəyənlər çoxdur. Bəhanə axtarırlar ki, milisi, əsgərləri töksünlər bura. Mən qəti etirazımı bildirmişəm. Bu gücü bütün dünya gördü! Bəlkə beş-on gün sonra yenə bu şəkildə toplaşmaq daha ağıllı iş olar, fikirləş! Sabah-biri gün nə olacağını deyə bilərsən?! Arada kimlər işləyir, yaxşı bilirəm. Məni də fitə basırlar, sən ki, məni yaxşı tanıyırsan… Özümü də, ailəmi də, əqidəmi də bilirsən. Xalqın sənə inanmasına, səni eşitməsinə sevinirəm, amma bunun məsuliyyətini də unutma!” Söhbətimiz uzun çəkdi. Və başa düşdüm ki, Vəli meydanın münaqişəsiz, urvatlı dağılmasının düzgün yol olmasına inandırmağa çalışır.

…Məni buna inandırmağa ehtiyac yox idi.

– Başqa təhlükələr də var, dəqiqləşdirib sənə deyərəm, amandı, sındırmayaq xalqı, zorakılıqdan, münaqişədən qoruyaq. Moskva çox istəyir ki, Bakıda da Sumqayıt hadisələrinə bənzər bir oyun törətsin.
Vəlinin gözündə heç vaxt görmədiyim bir qayğı və yorğunluq vardı…

Ayrıldıq, amma onun gözündəki ifadəni unuda bilmədim, günün axırındakı çıxışım bu hissin təsiri altındaydı. İlk dəfə medandakılara məsuliyyətimizi də xatırlatdım; bu meydanda bir adamın burnu qanasa, onun məsuliyyəti mənimdir – dedim.

İlk ehtiyatlı çıxışımdı, amma meydan mənə inanırdı və heç kim bunu qorxaqlıq, yaxud hər hansı təzyiq qarşısında geri çəkilmə kimi qəbul etməzdi…

O günlər ömrümün ən xoşbəxt günləriydi. İnsana millətinin sevgisindən, onun həyatının bir parçasına çevrilməkdən başqa nə lazımdır ki?!

Mikrafonlar bağlandı. İlk dəfə altdakı salona endim…Yaşlı ziyalıların toplaşdığı yerdi. On-on beş nəfər oturub çay içirdi. Aralarında vəzifə sahibləri də vardı. Biri qucaqlayıb öpdü, biri çay gətirtdirdi. Hamı gərginlik içindəydi. Fətulla Hüseynov kənarda, Rafiq Zeynalov, Rafiq Əliyev, Fuad Musayevlə oturub bərkdən nəyisə müzakirə edirdi. “Antisantariya milləti məhv edər. Dağılışmasalar milisi tökəcəyəm bura”.

Qulağıma inanmadım. Bu antisantariya söhbəti hardan çıxdı? Axşamdan tonqal çatan adamlar sübh çağı silib-süpürüb meydanı təmizləyir, taxta qutuları ayaq alıtından yığışdırırdılar… Deməli, meydana cavab verməkdənsə, dağıtmağa bəhanə axtarırlar. Özümü saxlaya bilmədim:

– Sizin bu danışığı eşitsəm, meydana ayrı söz deyərdim.

Ziya Bünyadov iri pəncəsini əlimin üstünə qoydu.

– Sabir, sən mənə qulaq as e! Poşli oni k çertu! Tı postupaeş pravilno! Sən camaata vəziyyəti deyirsən! Xalqı yığdığımız kimi, lazım gələndə mütəşəkkilliklə dağıtmağı da bacarmalıyıq.

İmam Mustafayev, İsmayıl Şıxlı, Aydın Məmmədov da onun fikrini təsdiqlədi. Bəxtiyar Vahabzadə siqaretini külqabıya çırpa-çırpa pərtliyi duyulmayan bir təbəssümlə:

– Amma mən dağılışaq deyən kimi fitə basdılar!

Nemət gəldi:

– Mən də səni axtarıram!

– Xeyir olsun?

– Harda olacaqsan?

– Bu axşam evə getmək fikrim var. Pis gündəyəm, yuyunub,
üzümü qırxıb qayıdacağam.

– Yaxşı, bəlkə mən də getdim. Tez-tez itirirəm e səni! Gərək ətəklərimizi bir-birinə tikək. Daha ayrılmağa haqqımız yoxdur!

Gülə-gülə qucaqlaşdıq. Sabah tezdən görüşüb, işlərimizi əvvəlcədən götür-qoy etmək barədə razılaşandan sonra ayrıldıq.

Elxan, Aydın Məmmədov və Firudin Ağasıoğluyla birgə meydana endik. Tonqalların arasında xeyli gəzdik. Universitet müəllimlərinin toplandığı bir tonqaldan bizi çağırdılar. Köhnə tələbə yoldaşlarımızdı. Bu tonqal çayının dadı tamam ayrıydı. Rəhbərliyin vicdansızca susmasını, mitinqlərin nə qədər sürəcəyini, dağılışıb-dağılışmamaq məsələsini müzakirə edirdilər. Bir azdan Elxanla mən qalxdıq, ayrılanda Aydın məni qucaqlayıb “sabah vaxt tapıb bəzi məsələləri müzakirə eləyərik” – dedi.

Maşınım mitinq başlayandan bəri iş yerinin qabağındaydı. Yəqin gözətçiyə tapşırmışdalır. İlk dəfə meydandan ayrılırdım və meydanın neçə günlük uğultusundan, harayından, ocağından, istisindən sonra şəhərdə bir boşluq, qəriblik vardı. Havanın hərarəti cəmi on bir-on iki dərəcə olsa da meydan isti idi. Medanın üstündə insan nəfəsindən qoruyucu bir təbəqə yaranmışdı. Amma şəhər soyuqdu. Niyə də soyuq olmasın? Noyabr ayında Bakının havası necə olmalıdı ki?!

– Elxan, ayın neçəsidir?

– Ayın on doqquzuydu, iyirmisinə keçib. Noyabrın iyirmisi, gecə saat bir!

Qəzetə büküb qoltuğuma vurduğum, ciblərimə doldurduğum kağızları maşının taxçasına qoyub örtdüm, tərpəndik. Elxanı düşürüb evə gəldim.

Bu axşam da məndən ümidlərini üzüb yatan uşaqları öpüb, qızdırıcını yandırıb girdim suyun altına… İsti suyun ləzzətindən nərildəyirdim. Neçə gündən bəri ayaqqabıdan çıxmayan ayaqlarım keyləşmişdi. Su yandırırdı, amma isidə bilmirdi. Burda, isti suyun altında, bədənimin keyi yavaş-yavaş açıldıqca birdən-birə ağır bir yükün altına girdiyimi və meydanın elə-belə bir-iki günün ötəri havası olmadığını, “ölüm-dirim” savaşı olduğunu hiss elədim. Bu qədər yorğunluqdan, yuxusuzluqdan sonra yuyunub yüngülləşsəm də yuxum gəlmirdi, buğlanan çay stəkanını götürüb balkona çıxdım, qovaq ağaclarının ucala-ucala səkkizinci mərtəbəyə qalxmış budaqlarının ucunda qızarıb ağırlaşmış yarpaqlar asta-asta xışıldayır, qabaq-qənşərindəki fəhlə yataqxanasının gecə yarıdan keçənə qədər pırıl-pırıl yanan işıqları seyrəlib, “Yəqin hamısı meydandadır”. İstər-istəməz, gözüm aradakı yaşayış massivinin, sənaye bölgəsinin o üzündə qalmış meydanı axtarır. Orda, şəhərin tən ortasında doğrudan-doğruya bir işıq haləsi var. Bu uzaqlıqdan meydan özü nəhəng bir tonqala bənzəyir. Yenicə gəlsəm də ürəyimi xiffət bürüyür. İndicə maşına oturub geri qayıdardım…

Tezdən üzümü qırxıb, neçə gündən bəri ilk dəfə uşaqlarla birgə çay içib həyətə endim. Açarı maşının qapısına salanda gözümə inanmadım. Axşam kağız-kuğuzu belə səpələməmişdim. Salon səliqəli idi. Bəlkə nəsə axtarmışam yadımdan çıxıb? Qapını açdım və yalnız indi gördüm ki, qabaq şüşəsi yoxdur, çıxarıb aparıblar. İçərini də ələk-vələk eləyib töküblər ortalığa. Yüngüllük qarışıq bir hiss bürüyür məni. Hər halda şükur ki, maşını qaçırmayıblar.
İndi necə gedim şəhərə? Şüşə axtarmaq, maşın düzəltdirmək!.. Vaxt var belə işlərə? Qabaq şüşəsi də ki tapılmır… Bəlkə elə buna görə çıxarıblar şüşəni? Ola bilməz, çünki şüşə təzə deyildi, çatı vardı. Kimin nəyinə gərək, yəqin maşını qaçırmağa çıxarıblar. Hər gecə neçə maşın oğurlanır? Bəs niyə qaçırmayıblar. Maşın qaçırmaq istəyən bu kağızları niyə tökürdü ortaya? Qapını çırpıb yuxarıdan baxan Gündüzə işarə elədim ki, şüşəsi yoxdur, həyətin uşaqalarına tay-tuşlarına tapşır, müğayət olsunlar.

Taksi dayanacağına çatmamış yanımda bir maşın saxladı.

– Əyləşin. Siz tanımasanız da mən sizi yaxşı tanıyıram, metro tərəfə gedirəm.
Yol boyu meydandan, hökumətin qətiyyətsizliyindən danışsam da fikrim dağınıqdı. Söz yox ki, oğru işi deyildi. Amma nə axtarırmışlar… Meydanda topladığım məktublar, qeydlər kimi maraqlandıra bilər? Bəlkə sataşmadı, hədədir… Gizli tapşırıqdır.

Çoxdan bəri metroya girməmişdim. Əhmədlidən gələn vaqonda oturmağa yer yoxdu. İçəri girən kimi hər tərəfdən qalxıb yer təklif eləmələrini gözləmirdim, cavan adamam, bunların arasında çoxu məndən yaşlıdır: Üzlərindəki təbəssüm, doğmalıq, verilən suallar bu təkliflərin yaşa bağlı olmadığını, sadəcə meydandakı əziyyətmimzi nəzərə aldıqlarını göstərirdi. Kitabdan, televiziyadan tanıyan çoxdu, amma bir neçə günə uşaqdan böyüyə hər kəsin dilinə düşmüşdük. “Meydanı aparır…”

Şəhər yavaş-yavaş az qala vərdiş elədiyi bir ahəng, bir yol, bir şövqlə meydana axışmağdaydı. Vağzalda metrodan çıxan kimi başıma böyük bir dəstə toplandı və meydana çatanacan Universitetdən, ya zavoddan gələn qədər oldular, görüşür, qucaqlayır, soruşur, ümidverici bir şey eşitmək istəyir, qabaqda gedənləri aralayıb yol açırlar… İmkan versəm əllərində apararlar. İlahi, nə qəribə millətik… Bir zərrə işin müqabilində ürəyimizi verməyə hazırıq.
Neçə ilin müşahidələrindən qalıb yadımda: Bakıda noyabr ayı əsl qızıl payızdır; təbiət sanki suya çəkilib təmizlənir, ilğımsız, şəffaf göylər altında Bakı durulur, binaları bir az da ağarır, Xəzərin rəngi göyün rənginə qarışır, adamın içiylə təbiət qəribə bir ahənglə qovuşub birləşir, ayın əvvəllərində hərdən lap yaydakı kimi isti havalar da olur. Noyabrın 25-dən sonra hava birdən-birə sərt şəkildə dəyişilir, yağış, külək… və Bakının qışı başlanır.

1988-ci ilin noyabr ayında sanki təbiət insalara sədaqət andı içmişdi. Xırda bir yağış gəlib keçdi. Sonra hava duruldu və bu gün də metrodan çıxıb gedəndə ürəyimdə qəribə bir bahar ovqatı duydum. Bu ovqat təmiz göylərdən, şəhərin üzünə təbəssüm çiləyən günəşdən və yəqin ki, məni sayğıyla araya alan bu adamlardan gəlirdi.

***

Hökumət əl altdan öz işində olsa da, zahirən meydanın iradəsini qəbul etmişdi.

Axın o qədər güclüydü ki, qarşısını heç nəylə almaq olmazdı. Ətrafda milis də az deyildi, amma onlar da başqaları kimi, bəlkə onlardan da artıq diqqətlə dinləyirdilər. Həmin günlərdə milisi xalqa qarşı qoymaq olmazdı, meydan onu əridib özünə qarışdırmışdı.

Təxribat qorxusu vardı, amma meydan özünü qoruyurdu, ermənilərin bura əl uzatmasına imkan vermirdi.
Bir yandan da tədricən meydanın könüllülərdən ibarət mühafizə dəstəsi yaranırdı. Köhnə əfqan döyüşçüləri – “əfqanlar”, qoluna güvənən gənclər… Köhnə dostum, aktyor Nurəddin Mehdixanlı bu işin əsas təşkilatçısıydı.
Meydana çataçatda Valeh çıxdı qabağıma: “Biz də burdayıq! Narahat olmayın!”.

Avtovağzalda işləyirdi. Yazda televiziya ilə bir çıxışımı dinləyəndən sonra yaxınlaşmış və tanış olmuşduq.
O günlərdən başlayaraq Nurəddinlə Valeh məndən aralanmadılar.

Elxan məndən qabaq gəlmişdi. Tribunanın ətrafında tələbələrlə söhbət edirdi. Başına toplaşanların bir neçəsinin əlində mənim sonuncu kitabım vardı.

Yuxarı qalxdım. Hələ tezdi, mikrafon qurulmamışdı, aşağı salona enən qapılar bağlıydı. Amma səsə içəridən tanımadığım bir məmur gəldi. Bizi görən kimi qapını açdı. Salon və hökumət evinin həyəti yenə də ziyalılarla doluydu.

Aydın Məmmədov, Nüsrət Kəsəmənli, Ənvər, Kamal Abdulla, Firudin Ağasıoğlu dəstədən ayrılıb bizə yaxınlaşdılar.
– Meydanı aparmağa, danışmağa çətinlik çəkmirəm, ancaq, onu özümüz idarə etdiyimiz kimi, özümüz də nəzarətdə saxlamalıyıq. Sumqayıtdan sonra Bakıda hər hansı qarışıqlıq bizə böyük ziyan vura bilər – dedim.
Hər axşam yığışıb bu məsələlər barədə məsləhətləşmək qərarına gəldik.

Rəsmilər nə qədər mehriban və zahirən qayğısız görünsələr də, əslində meydanın dağılmaq əvəzinə daha da gurlaşması narahat edirdi onları.

Vəzirovdan hələ də xəbər yoxdu. Yüksək vəzifələrdə işləyən yaşlı, vaxtilə xalq arasında hörməti olan adamları meydana göndərir, onların nüfuzundan istifadə edib, toplaşanlara təsir göstərməyə çalışır, amma tam əksinə, başqalarını irəli itələyib, millətdən gizlənmək yolu ilə özünü daha da gözdən salırdı.
Meydanın üçüncü günü hökumətin ideologiya artileriyası işə düşdü. İdeoloji katib Həsən Həsənov mikrafonla meydana müraciət etdi.

Camaatla danışmağın təhərini bilən adamdı. Gənclik illərindən tanışdıq, qarşılıqlı hörmətimiz vardı.
Çıxışdan əvvəl zarafata saldım:

– Sizi də fitə basacaqlar. Bircə yolu var, özünüz də qarışıq, hakimiyyətin zəifliyini etiraf etmək! Deyin ki, gücümüz çatmır!

Həsən gur səsi və etirafları ilə və yəqin ki, «hakimiyyət dairələrindən xalqa ən yaxın adam təsəvvürünü möhkəmlətmək üçün» tam müxalif kimi danışdı, sona kimi qulaq asdılar. Amma onun da dağılışmaq təklifi fitlə və hay-küylə qarşılandı.

Həmin gün meydanın arxasında sahildəki ağacların arasında ilk çadır göründü. Bunu Bakı kəndlərindən gələnlər qurmuşdular. Gələn ərzaqı, odunu, müxtəlif yardımları saxlamağa yer yoxdu. Çadır bu mənada, həm anbardı, həm də kəndə qayıda bilməyənlər, üşüyən, yorulan adamlar üçün müvəqqəti istirahət yeri. Elə bil işarəyə bəndmişlər. Ağacların arasında, meydanın qıraqlarında yazda torpaqdan qəfildən qalxan göbələklər kimi, rəngbərəng çadırlar peyda oldu. Rayonlar öz yerində, hətta müxtəlif ixtisas sahibləri də çadırlarını qururdular. Meydanın ən iri və qonaq-qaralı çadırlarından biri musiqiçilərindi. Tonqal həyatı çadır həyatı ilə tamamlanmışdı. Və indi Bakının baş meydanı, doğrudan-dağruya, uzaq döyüşə yollanarkən son hazırlıq işlərini görən, gecə-gündüz çalışan, həyacanlı, narahat bir ordugahı xatırladırdı.

Bəlkə elə bu oxşarlığa görə, insan dənizinin mənim sözümə, işarəmə bənd olduğunu görəndə içimdə söz adamının natiqlik duyğusundan seçilən və qanımı qaynadan ayrı bir duyğu, yəqin kökümüzün, əslimizin tərcümeyi-halının hansı bir səhifəsindəsə unudulmadan qalan və indi də qan yaddaşımdan tumurcuq-tumurcuq baş qaldıran bir sərkərdəlik qüdrəti, milləti arxasınca aparmaq və qələbə həsrəti göyərirdi.

Təkrarsız, ömürdə bir dəfə yaşana bilən, amma işığı bütün sonrakı günlərinə düşən, səni bütün gərəksiz fikir və niyyətlərdən təmizləyən, rentgen kimi daxilini fəsil-fəsil oxuyan, bəlkə də bir tövbə məktəbi qədər çevriliş yaradan, həyatın yaşanmış mərhələsinə nöqtə qoyub, keyfiyyətli, daha kamil və fərqli bir mərhələsini başlayan fantastik günlərdi.

Hərdən elə bilirdim indiyədək yaşanmış bütün ömrüm hədərmiş, ya da meydana gələn yolmuş, meydan üçün hazırlıqmış; həyatımın bundan başqa bir hədəfi də yox imiş. Bunda heç bir şişirtmə və ya özündən müştəbehlik də yoxdu. Yazıçılıqdan başlamış müğənniliyə və ya bənnalığa qədər bütün sənətlər, öz ruhunu “doyuzdurmaq”la, özünüifadə ilə yanaşı, həm də millətə xidmətdirsə, millətlə rabitə qurmaqdırsa onun ən gözəl forması elə budur; göz-gözə, nəfəs-nəfəsə. Bir var on-onbeş min tirajla kitab buraxdırırsan, bir də var sözünü üz-üzə bir milyona deyəsən və onu bütün yeddi milyon da, bütün dünya da eşidə.

Yəqin xalqla ünsiyyətin bundan yüksək və bundan çətin, məsuliyyətli şəklini təsəvvür eləmək olmaz.
Kənddən üz tutub ibadətə, səcdəyə, öyrənməyə gəldiyimiz bir şəhərin cəmi on-on beş il sonra, nəfəs dərmədən səni dinləməyini görmək qədər kövrək və xoşbəxt bir duyğu yoxdur!…

Amma həmin günlərin cavabdehliyi çox böyükdü və hələ ki, nə kövrəlməyə, nə də xoşbəxtlik barədə fikirləşməyə vaxt vardı. Sadəcə olaraq ara-sıra gərginliyin azaldığı vaxtlarda, xüsusən də mikrafon qabağında tək dayananda, üzü camaata, üzü dənizə, üzü səmaya, üzü qeyri-müəyyən bir boşluğa ürəyimi boşaldanda hər şeyi unudurdum, elə bilirdim dayandığım bu yer dünyanın ən uca nöqtəsidir, ən uca zirvədəyəm və bu zirvəyə gələn yollar, cığırlar arasında uzaq dağ kəndindən sap kimi uzanan bir iz də var və o izlə ayaq yalın, baş açıq bir kənd uşağı, qarşıda onu nə gözlədiyini bilmədən, öz-özünə dodaqaltı nə isə mızıldana-mızıldana, hər gülün-çiçəyin, hər su şırnağının yanında lövbər sala-sala, sanki əbədi bir ömür verilibmiş kimi, tələsmədən, amma inadla, sona varacağına qəribə bir arxayınçılıqla irəliləməkdə, yürüməkdə, dırmanmaqdadır.

Belə anlardan sonra bəzən geriyə qayıdıb mikrafona yetmək üçün itələşən, tirbunaya girmək üçün mübahisə edən, qapıdan buraxılmayanda divardan aşıb gəlmək istəyən adamları görəndə çaşıb qalırdım; hardayam, İlahi.
Qarşıda dünyanın ən gözəl üzlərinin ağılasığmaz sərgisi, göz dənizi, yumruq meşəsi – arxada kilidlənən dişlər, zəhərli dillər, ehtiraslar, nədən ötrü didişdiyini bilmədən xoruzlanan adam balaları…

Gülmək tuturdu məni! Qonşular bizim torpaqlarımızda özlərinə Vətən qurur, oraya yalançı tarix yamayır, ordan sonuncu yerli türkləri, yəni bizləri qovur, Qarabağa əl atır, bizsə özümüzü gözə soxmaq üçün didişirik. Amma sonra bu adamların bozarmış üzlərini görmədən sakitcə, özümlə baş-başa qalıb fikirləşəndə onları qınamaqda haqsız olduğumu da hiss edirdim. Hamısının ürəyi yanır, hərə öz dərdini bölüşmək istəyir. Niyə sən səhərdən-axşama danışa bilərsən, amma ona bircə dəfə də növbə çatmaz… Amma meydan tək məni və Neməti eşidirsə, onların sözünü yarımçıq kəsirsə bizim nə günahımız? Burda danışa bilən, səsi səsimizdən gur adamlar çoxdur! Nə etmək, meydan qəbul etmir, görmək istəmir onları. Meydan bizi çağırır, bizi dinləyir və bizə inanır!.. Bunu ki təşkil eləmək, sifariş vermək mümkün deyil! Hələ nəyin necə qurtaracağı bəlli deyil! Nələr gözləyir bizi?! Meydan nə istədiyini, nəyin əsl, nəyin yapma olduğunu özü bilir. Meydan onu da bilir ki, hamı yığışandan, çıxışına görə heç kimin tutulmadığını, incidilmədiyini görəndən sonra xoruzlanmaq asandır. Salınan körpüdən keçməyə nə var?! Haqq o körpünü salanların və ordan ilkin keçənlərindir.

Lunatikə döndüyüm, ayağımın yerə dəymədiyi vaxtlar da olurdu. Özəlliklə gecələr tonqalların arasında gəzəndə elə bilirdim çəkim itib, hava boşluğundayam, özgə bir planetdə gəzirəm, başımı qaldırıb ayı görməsəm deyərdim yer yox, ay səthidir bura… Bu xəstəlik, xəyalpərəstlik deyildi, gündüz çiyin-çiyinə, ürək-ürəyə dayanıb bir nəfər kimi danışan, tələb edən, yanan, yumruqlarını düyünləyib “Azərbaycan” deyən bu üzlərə gün ərzində elə bil qeyri-adi bir işıq çökürdü, adamlar müqəddəsləşirdi, başlarında bir fəcr yaranırdı, eyni şəkildə, tonqal başında oturan adamların da gözləri sanki alovdan biçilmiş bir skafandırdan, şüşə geyimdən baxırdı.

Səhər tezdən maşınımın axtarılması növbəti bir xəbərdarlıqdı; əvvəlcə qanım qaralsa da, sonra yüngülləşdim, atam belə vaxtlarda təskinlik verib deyərdi: “bir çıxacağı olmalıydı, başının sadağasıdır”. İndi də bilsə “halını pozma, gəzən ayağa daş dəyər!” – deyərdi. Axşam evə gedəndə bu günlər ərzində zəng vurub soruşan, ürək-dirək verən, alqışlayan adamların dəftərçəyə səliqəylə yazılmış adlarını vermişdilər. Bu siyahı öz yerində, amma atamın hər gün nigaranlıqla zəng vurub təkrarladığı sözləri şifahi demişdilər. “Yol göstərmək istəmirəm, çəkilib-çəkilməməsi öz işidir, amma ehtiyyatlı olsun!”.

Zəng vuranları, atamın sözlərini, maşınla bağlı hadisəni düşünəndə birdən-birə ürəyim atlandı, ilhamın kükrədiyi çağlarda olduğu kimi, bu səhər içimdə qəribə bir işıq, güc, sevgi vardı; hədələrin, həbsin, ölümün insan iradəsi müqabilində heç nə olduğunu duymaq insanın oyanışı, yenidən dirilməsi və ya özünükəşfdir. Bundan sonra zəncirlər qırılır, yüngülləşirsən, yəqin öz nəzarətindən də çıxırsan, qalırsan yalnız mələklərin və yazılmışın ümidinə.
***
Hakimiyyətin susması isə onun ağ bayraq qaldırması və ya təmamilə geri çəkilməsi deyil; üzə çıxmasalar da gizli planlar cızılır, Moskva ilə danışıqlar ara vermir. Bizi nələr gözlədiyini sezmək o qədər də çətin deyil. 19 noyabrın “Kommunist” qəzetində buna açıq-aşkar işarələr var: guya “bəzi qüvvələr” təbii ki, mən onların başında gedirəm, xalqın həyacanından və narahatlığından sui-istifadə edərək, emosiyaları coşdurmağa və hətta millətlərarası ədavəti qızışdırmağa çalışırlar.

Bəli! Bizim rəhbərliyin siması budur, oraya məhz bu cür düşünən, milli şəxsiyyəti olmayan adamlar təyin edilir.
Erməni separatizmi cövlan edir, Ermənistanın “bəzi qüvvələri” Qafqazda neofaşizmi körükləyir, həm xalq, həm dövlət tərəfindən dəstək alırlar, bizdə isə buna sözlə də olsa etiraz etmək ədavəti qızışdırmaq sayılır.
Bəlkə elə bütün bəlalarımızın kökü burdadır?!

Tarixi faciələrimiz, düşmənin hiyləgərliyi, Moskvanın xəyanətkar mövqeyi, bizi gözləyən çətin imtahanlar birləşmək, vahid mövqedən çıxış etmək zərurəti… Noyabrın 20-də bütün milləti və meydandakıları narahat edən siyasi məsələlərlə yanaşı, bu tipli mənəviyyat, milli-psixoloji məsələlər barədə də danışdım. Meydan sözümə həssasdı.
Bundan əlavə rəsmi dairələrin laqeyidliyi, gündə bir dəstə öyrədib göndərməklə meydanı dağıtmaq istəməsi, Azərinformun hadisələri təhrif etməsi, qəzetlərin meydanda çıxış edənlərə ləkə atmaq cəhdi, televiziya verilişlərində meydan əvəzinə hind filimlərinin göstərilməsi barədə hər cümlə meydanı sünbüllənmiş zəminin küləkdə dalğalanması kimi elədən-belə, belədən-elə yatırıb, qaldırırdı.

Meydandan təklif gəldi ki, hökumətdən qəti cavab alınmazsa numayişçilərin bir dəstəsi ayrılıb Şuşaya gedə və Topxananı qoruya bilərlər.

Nemət Qarabağa getməyə aşağıdakı siyahını təklif etdi: “Sabir Rüstəmxanlı, Əbülfəz Əliyev, İsa Qənbərov, Ağamalı Sadiq, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Xəyyam Musayev və bir nəfər tələbə”. Xəyyam Musayev onun çalışdığı L. Şimidt adına zavodun direktoruydu.

Meydan təkcə dinləyib, qışqırıb, yeyib-içmirdi, həm də, gecə-gündüz düşünür, işləyirdi. Toplaşanlar arasında müxtəlif sorğular keçirilir, bizim ünvanımıza axırdı.

Məktubların bir hissəsi DQ-da muxtariyyətin ləğviylə bağlıydı. Ermənistanda bizimkilərə muxtariyyət verilməyibsə, ayrı yol qalmır. Həm də biz DQ-ın statusunu Heydər Əliyevin MK-nın birinci katibi işlədiyi dövrdə elə yüksəltmişik ki, nümunəsi SSRİ-nin heç bir Muxtar qurumunda yoxdur. Məntiqə sığışmayan bir vəziyyət yaranıb.
Meydanla bizim dayandığımız kürsünün qəribə bir dialoqu gedirdi.

Kürsüyə göndərilən məktublar arasında Moskvanın açıq təxribatı və Azərbaycana saymazyana münasibətini göstərən maraqlı bir sənəd də vardı. Xahiş edirdilr ki, onu meydanda səsləndirim.

«Qaz üçün axtarış-kəşfiyyat işlərinin gücləndiriliməsi məqsədilə.

Ünvan: Xəzər Dəniz Neft-Qaz sənayesi birliyinin baş direktoru Q.A.Abbasov yoldaşa.

Xahiş edirəm tikilməkdə olan Azərbaycan İES-nın Ermənistan SSR üçün 1990-1995-ci illərdə enerji istehsalını təmin etmək məqsədilə lazımi xammal və yanacaq bazasının yaradılması məqsədilə Xəzər dənizində sürətləndirilmiş qaz axtarış-kəşfiyyat tşlərinin proqramını hazırlayıb 1989-cu il iyulun 1-dək SSRİ Neft Sənaye Nazirliyinə təqdim edəsiniz.

V.Y. Filanovski
Nazirin birinci müavini

Bu əmr və ya tapşırıq Moskvanın ermənipərəst siyasətinin iç üzünü açırdı… Sən demə Azərbaycanda tikilən İstilik Eldektrik Stansiyasının da, Xəzərdən çıxarılan qazın da əsas məqsədi Ermənistan üçün enerji istehsal etməkmiş… Bu tapşırıq nadir bir hayasızlıq nümunəsiydi.

 

14-cü parça

MEYDAN-4

..Ordunun yolu kəsib ermənilərə arxa durması barədə dediklərim Azərbaycana Ermənistandan və Rusiyadan uzanan qara əllərin kəsilməsi tələbi, sonralar Moskvadan gəlmiş müstəntiqlərin mənə qarşı irəli sürdükləri ən ağır ittiham olacaqdı.

Aydın Məmmədov meydanın bir ziyalı və bir fəhlə tərəfindən idarə olunmasını Bakının ənənələrinə uyğun hadisə saydı. Meydanda gücümüzü reallaşdırmağın yolları barədə təkliflərini irəli sürdü. DQ-ın rəhbərliyinin dəyişdirilməsi, müəyyən iqtisadi məhdudiyyətlər qoyulması, xalqla hakimiyyətin fəaliyyətini əlaqələndirmək üçün mərkəz yaradılması… və s.

Sumqayıtdan gəlmiş həkim dostum Cəfər Sumqayıtın və Abşeronun ekologiyası haqda yanğısını meydana ötürə bildi.
“Varlıq” birliyindən və Zori Balayana məktubundan tanıdığım tarix institutunun əməkdaşı İsa Qənbərov nümayəndə heyətinin Şuşaya getməsi və Xalq Cəbhəsi yaradılması ideyalarını müdafiə etdi, yerlərdə cəbhənin dayaq dəstələrini yaratmaq təklifini verdi. Əslində, bu fikir meydanın divarlarındakı XC barədə elanları inkar edirdi. Cəbhənin yaranma yolları barədə fikir ayrılığı davam edirdi.

Hökumətin sifarişi olan çıxışları seçmək çətin deyildi. Hər axşam Vəzirovdan məsləhət alıb gələnlər də vardı. Mənə də, Nemətə də təzyiq güclüydü, söz istəyənlərin çoxunu tanısaq da hamısının qarşısını kəsmək mümkün deyildi.
Dördüncü gün meydana üz tutub ağsaqqalları çıxışa dəvət etdim.

“Bu boyda meydanı bir fəhlənin, bir şairin ümidinə qoymaq olmaz!” çağırışıma ilkin səs verən Universitetin rektoru Yəhya Məmmədov, şair Qabil oldu. Qabil bu meydanın bütün türk dünyasına yayılmasını arzuladı.
Noyabrın iyirmisi meydanın ən gur günlərindəndi. Axşama doğru göy üzü təmizləndi. Meydanda bayram ovqatı var, sahildə yaylım atəşləri atılırdı.

Hava qaraldığına, meydandakıların üzünün görünmədiyinə görə saat 8-də mitinqi bağladım.
Elxan, Nurəddin Mehdixanlı, Aydın Məmmədov, Nüsrət Kəsəmənli ilə iki saata yaxın meydanı gəzdik. Tonqalların ətrafında kimsə “Kommunist” qəzetini verdi. Oxumağa vaxtım olmayıb. Bu günkü sayında İlham Rəhimli və Şahmar Əkbərzadənin “Xalq sözü – haq sözü” adlı iri yazıları verilib. Meydanın panoramını və mənim çıxış edən vəziyyətdə şəklimlə birgə. Rəsmi mətbuat meydanı kiçiltməyə çalışsa da bu şəkil bütün əks təbliğatı məhv edəcək.
Dövlətin etinasızlığı camaatı hövsələdən çıxarıb. Bakının, Sumqayıtın bütün müəssələrinin dayandırılması, tətil və iqtisadi təsirlə SSRİ rəhbərliyini qandırmaq haqda dediyimiz söz, getdikcə ümumi rəyə çevrilir. Tonqal başında başqa bir mövzusu da ayın 18-də, Moskvada SSRİ Ali Məhkəməsinin Sumqayıt hadisələri ilə bağlı çıxartdığı qərardır. Ermənilər məhkəmə binasını araya alıb, iyirmi dörd yaşlı Əhməd Əhmədova ölüm hökmü çıxartdırıblar. Uzun müddətli iş alanlar çoxdur. Amma hadisənin əsl günahkarı olan ermənilərin, Qriqoriyanın adı tutulmur.

Yorulub əldən düşmüşdük. happy wheels demo Bir yandan da evdən nigarandım. Metronun qabağında yoldaşlarımızla vidalaşıb, Elxanla bir yerdə evə gəldik. Evlərimiz yaxındı. Vaqonlar mitinqdən qayıdanlarla doluydu. Eyni söhbətlər burda da davam edirdi. Metrodan çıxanda da ayrılmadılar. Bir hissəsi qonşular, bir hissəsi bizim məhəllədəki fəhlə yataqxanasında yaşayanlar, evə kimi piyada gəldik. Yolda dünən axşam maşınımın soyulmasını danışdım, zarafatla əlavə elədim ki, qonşulardan imkanı olan çoxdur, indi gedib görəm ki, bir qabaq şüşəsi gətirib, qoyublar maşının üstünə; başımızın qarışıq olduğunu görürlər… Bu da dolayı bir köməkdir.

Evin tinində ayrıldıq, yol yoldaşlarıma dediyim sözləri fikrimdə dolandıra-dolandıra maşına yaxınlaşdım. Elə bil ürəyimi oxumuşdular. Qabaq şüşəsi maşının üstündəydi…
Evə qalxdım. Gündüz gülə-gülə qarşıladı. “Gördün də!” “Kim gətirdi şüşəni?” “Heç kim, yoldaşlarıma hay vurdum, bir də gördüm məhəllədən çıxan yerdə kolların arasından şüşəni tapıb gətiriblər. Özümüzünküdür, görmədin? Daş dəyən yerindən bilinir! Yəqin hava açılırmış oğrular ehtiyat edib, kolluqda gizlədiblər… Qonşu blokda maşın ustası var e… İşə gedəndə gəldi on dəqiqəyə köhnə reziniylə oturtdu şüşəni getdi…”

Qayğıdan qurtarsam da yüngülləşmədim, çünki maşının oğurluq məqsədilə soyulmadığı indi tam aydındı. Onlara şüşə lazım deyilmiş. Kimdir axı “onlar…”

Daha metroya ehtiyacım yoxdu… Yuyunub partarımı dəyişdim və gecə saat üçün yarısında meydana qayıtdım… Təkcə mən deyildim. Gecənin bu vaxtı da meydana tək-tək, dəstə-dəstə gələnlər vardı.
Bu axşam tonqallar iki otel arasını doldurmuşdu; qalanların sayı yüz mindən artıq olardı…

Meydanın heç bir çıxışla, heç bir vədlə, yağlı sözlərlə dağılmayacağı göz qabağındaydı; xalq real iş, nəticə istəyirdi; Azərbaycan hökuməti də bu nəticəyə yetə bilmirdi. Buna görə də tapşırıqla gələn bütün missionerlərin cəhdləri boşa çıxırdı. Millət uşaq deyil, dilə tutasan; diz çöküb yalvarmanın, yaxud “sən ulusan, böyüksən” deyib yaltaqlanmağın da xeyri yoxdu, realistdir!

Bizdən sonra Vəzirovun radio ilə on dəqiqəlik çıxışı olub, meydanda da səsləndirilib, lakin bu on dəqiqəlik çıxış onun başqa çıxışları kimi etimad doğurmayıb, təsirsiz qalıb.
Mitinqin beşinci günü daha da izdihamlıydı. Saat on bir olmamış toplaşanların sayı bir milyonu ötmüşdü. Bunu hesablamaq çətin deyildi. Meydanın eni-uzunu bəlli, hər kv metri dörd, lap üç, lap iki adamdan götür, üstəlik də sahil. Elə bu Hökumət evinin taxça-boxçasının üstünə bir-iki min adam dırmaşıb.
Havada vertalyot dolaşır. Kimi “televiziya üçün çəkir”, kimi toplananları sayır – deyir.
Amma meydanın özündə də kameralar qurulub. Televiziya bu gün şeytanın qıçını sındırmaq, xalqın səsinə səs vermək istəyir.
Saat on ikinin yarısında mitinqi açdım. Bu gün əsasən Nemətlə mən danışıram. Amma tribunaya gələn, söz demək istəyənlər gündən-günə artır. Tarixçi professor Mahmud İsmayılov, yazıçı Nurəddin Babayev (Şuşadan yeni qayıtmışdı) şair Nüsrət Kəsəmənli (Ermənistana verilən qazın, işığın, kəsilməsini, ermənilərin Azərbaycandan çıxmasını təklif etdi), Tağı Xalisbəyli, Firudin Şuşinski (ermənilərin Topxanada şəhər salmaq istəklərini və məqsədlərindən əl çəkmədiklərini bildirdi), televiziyadan İlqar Əlfi oğlu, Bəxtiyar Bahabzadə, Araz Əlizadə, Qabil, Məmməd İsmayıl, rəssam Firudin Abbasov, Həqiqət Cavadova, Murtuz Ələsgərov, Gültəkin ana, Mədinə Gülgün, Firuz Mustafayev, Vəfa adlı bir uşaq çıxış elədilər.

Bu gün çıxışlar daha məzmunlu və konkretdir. Meydan təkrarı və ölü ruhu sevmir!

Günortadan keçmiş Süleyman Tatlıyev gəldi. Rəngi ağarmışdı. Məni aşağı otağa çağırdılar. Görüşdük. Qoluma girib bir kənara çəkdi. “Nədən danışım!” Yazıq millət! Parlamentinin başçısı dörd gündür səni dinləyir, dərdlərinə qulaq asır, amma nə deyəcəyini bilmir, ya da üzü yoxdur danışmağa. Mən çiynimi çəkdim: “Nə bilim? Həqiqət nədirsə onu deyin. Real vəziyyəti gizlətməyin. Meydanı aldatmaq mümkün deyil. Saxta sözü o dəqiqə sezir!”
Əlini cibinə atdı. Məndən nə danışacağını soruşsa da hər halda çıxışı da makinada səliqə ilə yazılmış şəkildə cibindəymiş. Əslində yaxşı adamdı, amma indi odla suyun arasında qalmışdı.
Aydın Məmmədov meydanın bu günkü tələbləri əsasında hazırlanmış DQ partiya bürosunun buraxılması, DQMV-nin ləğvi, Azərbaycan xalqının tələblərinin mərkəzi mətbuada səsləndirilməsi və Azərbaycan mənəviyyatının, dilinin qorunması üçün fəhlə kollektivlərinin seçdiyi komissiya yaradılması barədə qətnamə layihəsini oxudu.
Bundan sonra aclıq edənlər adından Fərəməz Allahverdiyev danışdı. Dostları onu mikrafona əllərində gətirdilər. Rəngi qaçmışdı, bərk-bərk odeyala bürünmüşdü. İnadkar bir səslə aclıq edənlərin tələblərini oxudu: “Topxanada işlər dayandırılsın, Ermənistan işlərimizə qarışmasın, Sumqayıt gəncləri haqqında Moskva məhkəməsinin qərarı ləğv edilsin. Azərbaycan hökuməti işin öhtəsindən gəlmirsə istefa versin…

Xalq, real oldu-olmadı, sərt tələblərə daha həssasdı…

Meydan məsələnin həlli yolu barədə düşünmürdü. (Bu onun işi deyildi) Məsələnin qoyuluşunu tələb edirdi. Camaatı Tatlıyevi dinləməyə razı salmaq o qədər də asan deyildi. Axır ki, bir təhər meydanı on dəqiqəliyə sakitləşdirdik. Tatlıyev meydanla həmrəyliyini bildirdi: Bu məsələlər həll olunmasa bizim respublikaya rəhbərlik etməyə mənəvi haqqımız yoxdur. Bu gün MK bürosunda belə qərara gəlmişik ki, Ermənistandan qovulan azərbaycanlılar DQ-da yerləşdirilsin.

Onun son sözlərini meydan alqışlarla qarşılasa da “aramızda araqızışdıranlar var” söyləyincə kütlə “yalandır” deyə alqışını etirazla əvəz etdi. Kütlə həssasdı. Onunla oynamaq mümkün deyil.

Söhbət zamanı Tatlıyev söz vermişdi ki, bu günkü çıxışlar televiziya ilə göstəriləcək. Bəlkə bu “güzəştə” onun özünə görə gedirdilər. Hər halda belə vədləri çox eşitmişdik. Mən bu vədi kütləyə elan etdim və həmin gün mitinqi başqa günlərdən tez, gündüz saat on altıda bağladıq. Nemət aclıq edənlərdən aclığı dayandırmağı xahiş elədi.
Meydanda yüzlərlə şüar dalğalanırdı. İlk şüarlar Qarabağla bağlıydısa, dördüncü, beşinci gün Azərbaycanın bütövlüyü və müstəqillik şüarları üstünlük təşkil edirdi: “Bütün Azəri türkləri birləşsin!”. «İki gözümüz – biri Bakı, biri Təbriz!»

Axşam televiziyanın nə göstərəcəyini izləmək üçün aşağı otağa enmişdim. Burda qələbəlik davam edirdi.
Vəzirovdan başqa bütün rəhbərlik gəlib-gedirdi. MK-nın, Nazirlər Kabinetinin, DTK-nin, Daxili İşlər Nazirliyinin işçiləri gecə-gündüz burdaydı. “…Müəllim, buyurun”. Hərə öz yerini göstərir. Yuxarı başa keçirmək istəyirlər. Meydanın təsirindən doğan, bu saxta, müvəqqəti mehribançılıqdan ətim ürpəşir. Bu idarələrdə toqquşmalarım olmamışdı. Heç vaxt aranın açılmasına imkan verməmişdim. Salam, xoş-beş, müəyyən məsafəyə qədər yaxınlıq, amma sərhədlər qorunmaq şərti ilə. “…Sənki səndə, mənki məndə”. Elxan da, Aydın da, Kamal Abdulla da, Nurəddin Mehdixanlı da məndən daha ünsiyyətcildirlər, tez qaynayıb-qarışırlar. Mən içimə çəkilməyi xoşlayıram. Həm də gün ərzində o boyda çıxışlardan sonra mən burda, bunlarla nə danışım?

Saatlarla kütlənin təndir kimi adamı qarşılayan isti, canlı nəfəsiylə üz-üzə dayanandan sonra bu adamlar nə isə tamam ayrı təsir bağışlayır. Meydandan sonra bu möhtəşəm salon cəzibədarlığını itirir. Kukla teatrının dekorasiyasına dönür. Burdakılar da gizli əllərlə, gizli millərlə oynadılan kuklalara bənzəyir. Kimdir bunlar? Bütün ömrü boyu əlləş-vuruş. Komsomol, partiya pilləkənlərində yürü, en-qalx, axırda zorla bir yer keçiriblər ələ… Vəzifə, kabinet, telefon, maşın, katibə, pul, rüşvət, dünyanın ən gözəl yerlərində istirahət imkanları, toxunulmazlıq… Adi vaxtlarda kimdir bu kütlə onlar üçün? – İcraçı, fəhlə, qapının o üzü, aşağı təbəqə… Özləri də əsilzadə, kübar-filan deyillər, elə bu aşağı təbəqədən çıxıblar, amma insan unutqandır, keçmişindən tez qopmaq üçün izləri silir, qohum-əqrəbayla, dostlarla əlaqəni nə qədər tez kəssən başın o qədər sakit olar, həm də bu əlaqələr onlara nə verir ki? Unutqanlıq o yerə çatır ki, sanki elə analarının qarnından kreslo ilə bir doğulublar.
İndi bu rahatlıq pozulmuşdu. Dağlıq Qarabağdakı olaylar həmişə Moskvanın önündə boyun bükmüş, millətinə cəlladlıq edə-edə, Kremlin qarşısında qulbeçəyə dönən adamları birdən-birə çətin vəziyyətə salmışdı: Mərkəz onları eşitmirdi. Bir ovuc bölücü, terrorist onlara qulaq asmır, qanunlara əməl etmir, onları adam yerinə qoymur, onlar da gözlərini zilləyiblər Moskvanın ağzına… Moskva da qanunla yox, şəxsi əlaqələrlə idarə olunur. Siyasi Büronun SSRİ-ni qorumaq istəyən hissəsi DQ alovunun ölkəni bürüyəcəyindən qorxub, separatçıları susdurmaq üçün Azərbaycanı müdafiə edir, ermənilərin qarşısında boğaz olan Qorbaçov və dəstəsi isə Ermənistanı…

Bu həqiqətləri bilənlər üçün salon tamaşası, Ali Sovetdən, Nazirlər Kabinetindən gələn vədlər gülünc bir işdir.
Əslində öz acizliklərini səmimi etiraf edib, açıq şəkildə xalqa qoşulsalar – ağıllı iş olardı. Tək-tək belələri də vardı; amma onlar da qorxularından səslərini çıxara bilmirdilər. Pərdələr götürülmüş, rüzgar bütün bəzək-düzəyi qoparıb atmışdı. Ortada bir milyonluq meydan, bu meydanın çiynində qaldırdığı, bayrağa çevirdiyi bizlər və dünənə kimi bu meydandakıların boynundan düşməyən, amma bu gün ayağına düşüb bağışlanmağını xahiş etməyə hazır olan bir dəstə məmur. Maskalar çıxarılıb, boya silinib, hər kəs öz əsl vücüdu və əsl imkanlarıyla ortadadır. Xalq kimi seçir, kimi sevir, kimi qəbul edir? Seçim aparılıb və bu seçimdən sonra onlar dünənə kimi qapılarında gözlətməkdən zövq aldıqları, “əh, kimdir e onlar, beş-altı cızma-qaraları var da! (Yəni əsas puldur, vəzifədir) başqa bir şeyləri yoxdur ki» deyənlər bu gün dəhşətli bir həqiqətlə üzləşiblər. Başa düşüblər ki, bu kütlə okeanının üstündə onlar kibrit çöpüdür, hara istəsə ora tullayar, onu da bilirlər ki, kütlə və onun qəzəb seli ilə onların arasında biz dayanmışıq, biz onların burda rahat oturub çay içə-içə televizora baxmasına şərait yaratmışıq. İndi beş-on günlük əyilib “buyur-buyur” – deyib yuxarı başa keçirmək olar, təki bu tufanı yatıraq, sonra yenə eyni xoruz iddiası ilə keçib öz möhtəşəm kreslolarında otursunlar. Çətini bu meydanı dağıdanacandı.

Daha ağıllıları isə məsələyə geniş baxır, hiss edirlər ki, torpağı da, vəzifəni də qorumağın yeganə yolu bu meydandan keçir. Bəlkə kütlənin iradəsi Moskvaya bir görk oldu. Bəlkə bu yolla Rusiyanın Cənubi Qafqazda iki yüz il davam edən ermənipərəst siyasi quldurluğu dayandırıla. Aralarında tələbəlik illərindən tanıdığım, əslini, kökünü bildiyim adamlar da var. Buna görə də məni bağrına basan, qulağıma “qorxmayın, biz də sizinləyik!” deyən bu vəzifəli, bəzilərinin adlarını da bilmədiyim rütbəli, paqonlu adamların hamısını bir gözlə görmürəm. Bilirəm ki, etirafların bir qismi düzgündür, hansı vəzifə daşımalarından asılı olmayaraq, bu səhnədəkilərin müəyyən hissəsi qəlbən, doğrudan da, meydanla və bizlərlə birdir, meydanın geri çəkilməsini də qətiyyən istəmirlər.
Bu hisslərimi Elxanla bölüşəndə qolumdan tutub məni küncə çəkdi, iki kətil gətirib, birini mənə doğru itələdi, oturduq:

– Qəribə, sadəlöhv adamsan e! Nələr baş verdiyini görmürsən! Meydanda Qarabağ davası gedir… Təbriz, Bütövlük, Azərbaycana azadlıq… Gözəl şüarlar… Amma burda vəziyyət ayrıdır. Başın qarışıb, axşamacan mikrafondan qopa bilmirsən. Amma mən buralarda müşahidə aparıram. Səninlə mehriban görüşən bu adamlar iki-üç komandadır, hər biri də səni ələ keçirmək istəyir.
Hirsləndim:

– Nə səfeh-səfeh danışırsan, necə yəni ələ keçirmək? Nəylərinə lazımam onların?

– Bir dəqiqə dinlə! Meydan Vəzirovu laxladır… Onun vəzifəyə gətirdikləri, biri elə sənin dostun Vəli, meydanı sakit, qansız dağıtmağın tərəfdarlarıdır. Yerdə qalanlar isə Vəzirovdan sonranı düşünürlər. Ondan sonra kim olacaq? Ən azı üç dəstə var. Amma ən güclüsü və fəalı Heydər Əliyevin dəstəsidir…

– Nə üyüdüb tökürsən, Heydər Əliyev hara, meydan hara. Xəstə kişidir, oturub Moskvada.

– Moskvada otursa da barmağı burdadır. Qulağına “Biz səninləyik” deyənlərin də bir hissəsi onun adamlarıdır. Hələ ki, onlara lazımsan, bir azdan vurub atacaqlar kənara. Liderliyin onlara sərf eləmir, çünki öz adamları saymırlar səni… Amma Nemət onların adamıdır… Mənə inan! Bütün güclərini yönəldiblər ora. Bu gün sən Neməti tərifləyirsən. Sabah onun diliylə söyəcəklər səni!

Bizə yaxınlaşan Nurəddin sonuncu sözləri eşitdi və yanımızda oturub, gülə-gülə dedi:

– Elxanın sözlərini zarafat sanma! Bilirsən niyə gülürəm? On dəqiqə əvvəl BK-nın şöbə müdiri Etibar bir neçə adamla söhbət edirdi. Aralarında tanıdığım da var. Məni də dəvət elədi. Özününkü sayır məni də! Gördüm başındakılara deyir ki, “Sabirin lider olmasına qətiyyən yol vermək olmaz. Çalışın, Nemət çıxsın qabağa, ön cərgələrdə düzülüb “Nemət” deyə-deyə tələb edin onu! Allaha şükür, Etibarın kimin adamı olduğunu özün bilirsən. Onu vəzifəyə kim gətirib?»
Elə bil üstümə soyuq su tökdülər:

– Nə olsun, atasıyla mən də dost olmuşam, bir yerdə işləmişik. Etibar da gözümüzün qabağında böyüyüb, səmimi oğlandır. Yumurtadan çıxan kimi belə ayrı-seçkilik salmaz…

Elxan məni sakitləşdirdi:

– Əsəbləşmə! Nurəddinin eşitdiyi də sənə siqnal olmalıdır. Burda elə qüvvələr işləyir ki, Etibar onların yanında xırda adamdır. Deməsəm də, özün hiss edəcəksən! Sənin bu oyunda oynamağını istəmirik.
Başımı tutub oturmuşdum. Gözümdə meydanın və bu salonun rəngləri dəyişilirdi. Bütün olub-keçənləri yenidən götür-qoy etmək lazımdır. Amma Nemət məsələsinə heç inanmırdım. Dünənin uşağıdır buyaşda belə oyunlara niyə qoşulursan axı?! Əliyev gələndə nə olacaq ki? Hər halda Vəzirovdan pis olmaz! Güclü adamdır, bəlkə o bir əncam çəkəcək. Amma kim deyir o özü istəyir bunu! Şaxtada vurublar, şikəst olub deyirlər. Yüz cür şaiyə gəzir. Moskva bir bataqlıqdır, çəkib aparır, boğmamış, məhv eləməmiş buraxmır. Onu da N.Nərimanovun taleyi gözləyir. Kimdir buraxan onu Moskvadan? Qorbaçov imkan verər ki, dünən işdən çıxartdığı adam gəlib Azərbaycanın başında dayansın?!

Bunlar heç, amma Nemətin belə bir əlaqəsi varsa burda bir qəbahət yoxdur. Amma meydanda niyə tez-tez “Məni Əliyevlə bağlamaq istəyirlər, Əliyev kimi xalqını qula çevirənlə mənim nə əlaqəm ola bilər?” – deyir.
Və doğrudan da əlaqə yoxdursa, bu sözləri niyə tez-tez təkrar edir. Bu xof hardan gəlir.
Elxan əl çəkmirdi:

– Hə… cavan fəhlə dostumuzun bicliyi də burdadır! Elə on gün əvvəl, Naxçıvanda sənin kitabının müzakirəsində Əliyevi ağ yuyub, qara sərməmişdi… Sonra da əlaqəsindən danışmışdı. Yəqin bu da bir gedişdir. Vəssalam. Nəticəni özün çıxar və adamlara bu qədər inanma!..

Amansız sözlərdi. Ertəsi günsə deyilənlərin ilk əlamətlərini duydum. Bəlkə diqqətli olsam əvvəldən də bu gizli gedişatları sezə bilərdim, neyləməli, mən şəkkahlıqla yaşamağa öyrəşməmişəm…

Gecə televizorda meydanı göstərməyinə göstərdilər, amma göstərməsələr ondan yaxşı olardı. On-on beş dəqiqəlik lal səhnələr. Arxasınca da Respublika Prokurorluğunun yarı təhrif, yarı ittiham çıxışı!
Hirsimdən qan beynimə vurmuşdu. Bu boyda da riyakarlıq olar?!

Buna görə də noyabrın 22-də tezdən birbaşa televiziyaya, komitənin sədri Elşad Quliyevin yanına getdim. Son günlər dünyadan xəbərimiz yoxdu. Ölkənin barometri meydandı; Azərbaycanın nəbzi bizim əlimizdəydi. Lakin hadisələrin cəmiyyətə etkisinin bu qədər böyük olduğunu ağlıma gətirməzdim. Bunu ilk dəfə televiziyada hiss elədim. Dəhliz dolu adamın baxışlarındakı, gözlərindəki doğmalıqdan sıxılıram. Neyləmişik axı!..

Elşad Quliyevin yanında planlaşdırma yenicə qurtarmışdı. Redaksiya müdirlərindən bir neçəsi, o cümlədən Nahid Hacızadə yubanıb, nəyisə aydınlaşdırırdı.

– İndicə dünənki verilişi müzakirə edirik, deyə – Elşad mənə doğru gəldi. – Özümüz də razı qalmamışıq. Belə deyəndə televiziyanın üsyankar kollkektivini nəzərdə tuturdu. Həmin adamlar illər uzunu bizimlə yanaşı, çiyin-çiyinə mübarizə apardıqlarına görə sonralar dövlət televiziyasından uzaqlaşdırıldılar.
Əsəbiydim.

– Nə istəyirsiniz, qardaş! Bütün Azərbaycan Bakıya axışsın? Gəlib ermənilərin evinə od vursunlar! Göstərin meydanı, qoy millətin ürəyi yerinə gəlsin, görsün ki, dərdini deyirlər. Gündə yüz dəfə televiziyaya yürüş şüarları səslənir meydanda. Qarabağı qoyub sizin üstünüzə gəlsinlər? – Sözlərimdəki hədə-qorxu əsassız deyildi, meydan bir işarəyə bənddi. Dövlət televiziyasının, Azərinformun mövqeyini az qala elə xəyanətkarlıq sayardılar.
Nahid məni sakitləşdirməyə çalışdı.

– Bizə qalsa meydanı əvvəldən-axıra ötürərik efirə. Amma yuxarıdakılar…

– Nə yuxarı?! Dünən Ali Sovetin sədri bir milyon adama söz verib, sonra da Vəzirov… Camaatı ələ salırlar!..
Uzun mübahisədən, zənglərdən sonra, meydanın BİRBAŞA translyasiya ediləcəyinə əmin olub çıxdım. Üstəlik axşam bir neçə yoldaşımı da götürüb televiziyaya gəlməyimii xahiş etdilər. Studiyadan söhbət veriləcəkdi. Yolüstü iş yerimə baş çəkdim; əmrimi verib çölə atmayıblar ki… Bəlkə Moskva qəzetlərinə də göz gəzdirdim… Burda da eyni hərarət… Xəbər tutan axışıb gəldi.

Az sonra müavinlərdən birisi yaxınlaşıb qulağıma pıçıldadı: “Yanımda bir qonaq var, səninlə görüşmək istəyir”.
Gözümə inanmadım! Mənim bura gəlişimi hardan bilib? Həm də bu adam çoxdan vəzifədən uzaqlaşdırılıb, hardasa sakit bir yerdə işləyir… Məni qucaqladı:

– Biz millətimizin qəhrəman oğluyla fəxr edirik.

Bu qisimdən olan sözlərdən bir xeyli üyüdüb tökdü…

Amma nə görüş təsadüfiydi, nə bu mehribançılıq. Xırdaca bir əsinti bəsdir, havanın hardan gəldiyini biləsən…
– Evdə narahatdılar yəqin. Əl yetirə bilmirsən, bütün gün meydanda. Möhkəm dayanın! Sizin kimi adamlar gərək ev-eşiyindən, gələcəkdə ailəsinin necə yaşayacığından arxayın olsunlar… Allah eləməsin hər şey ola bilər. Bu hərəkat dünyanı silkələyib. Moskvadakı ağsaqqalımız da maraqlanır. İndikilər müvəqqətidir. Respublikanın sahibi gələcək. Siz də layiqli yerinizi tutacaqsınız. “Deməli belə! Eşq olsun, Elxan! Sənə şəkk eləyənə lənət!” Özümü o yerə qoymadan, sanki nə deyildiyini başa düşmədən söhbəti üst qata çəkdim.

– Çox sağ olun! Heç nəyə ehtiyacım yoxdur. Mən də bacardığımı eləyirəm. İnşaallah Moskva da xalqın iradəsi ilə hesablaşar. Mənim Qarabağdan başqa fikrim yoxdur.

Kontakt alınmamışdı, «sövdə» baş tutmamışdı. Görüşüb ayrıldıq. Yəqin ürəyində məni söyə-söyə qaldı: – “Böyük materiyadan danışır, guya məni başa düşmədi!” Bəlkə də tərsinə, “Bu həlləm-qəlləm adama oxşayır, ipinin üstünə odun yığmaq olmaz, bir də gördün danışığımızı açıb dedi meydana!”

Mən də içimdə ona gülürdüm: “uşaq başı aldadır, qurumsaq! Torpaq əldən gedir, bu da mənə respublikanın sahibindən dəm vurur, yardım təklif edir. Respublikanın sahibi meydandadır, bir milyon!”

Gözəl meydan! Dağ havası, döyüş əzmi! Bir neçə saatlığa ayrılan kimi burnumun ucu göynədi, darıxdım səninçün!
Saat 14-də, tribunaya qalxan kimi, Elxan aldı başımın üstünü…

– Soyuq müharibə başlandı! Nemət sənin yoxluğundan istifadə edib, meydana ilk qırmağını atdı: “Məndən başqa kimsəyə qulaq asmayın” – dedi.

– Məni nəzərdə tutmaz hər halda! Xalq görmür ki, neçə gündür kim nə işlə məşğuldur. Nemət də istəsə, xalq, məndən soyuda bilməz!..

– Özün bil! O Nemət, o da sən…

Nemət gülə-gülə yaxınlaşdı:

– Hardasan?

– Televiziyaya getmişdim. Bu gün meydanı birbaşa verəcəklər. Dünənki veriliş hamını qəzəbləndirib. Canlarına vic-vicə düşüb. Axşam “Zaman”dan sonra “Publisist” studiyasında da yer aldılar!..
– Lap yaxşı. Narahat oldum ki, bəlkə bir iş çıxıb…

– Yox. Hər şey qaydasındadır. Bəs burda nə olub? Demisən məndən başqa heç kimə qulaq asmayın.

– Sənin yoxluğundan istifadə edib məni oyundan çıxarmaq istəyirdilər. Səhər-səhər Kamal Abdullaya sözü verdim, o sözü verdi Nüsrətə, Nüsrət sözü ötürdü Aydına, sonra da başqa ziyalılar bir-birini çəkdi. Axırda mikrafonu alıb meydana elan elədim ki, dal qapıdan gələnlərə qulaq asmayın, sözü mən verəcəyəm.

– Nahaq narahat olursan, onlar bizim dostlarımızdır, hansı qapıdan gəlsələr də ayrı niyyətləri olmaz, pis söz deməzlər.

– Bilirəm, mənim də onlara hörmətim var… Amma bunların məqsədi məni kənarlaşdırmaqdır. Tapşırığa oxşayır.
– Darıxma, yoluna düşər!..

Zavoddan, “Çənlibel”dən, üzü bəri əyriliyini, fırıldağını görməmişdim. Elxan məni şübhələndirəndən sonra, xüsusən də bu ayaqüstü söhbətdə ilk dəfə hiss elədim ki, bu səmimiyyət və saflığa nə isə bəlli olmayan ayrı bir xətt də qoşulub, ara-sıra onun rəngini qarışdırır. Üzü gülsə də, içi gülmür…

Saat 16-da xəbər verdilər ki, televiziya hazırdır, çıxışlar translyasiya ediləcək. Məsuliyyətli bir an gəlmişdi. Axşama az qalır. Bütün günü ora-bura qaçıb, danışıb, mübahisə edib əldən düşmüşük, indi də televiziya üçün danışmalıyıq. Bu elə-belə danışıq ola bilməz. Mətbuat neçə gündür meydanı təhrif edir. Gərək indiyədək dediyimizin qısa bir xülasəsi olsun. Meydanın ruhu respublikanın hər tərəfinə yayılsın. Bir azdan hava qaralacaq. Vaxtı itirmək, uzatmaq olmaz. Bir yandan da kürsüdə tərpənmək imkanı yoxdur. Hamını doldurublar bura. Qəsdən. Bütün hökumət də burdadır. Ay hay… Siz də söz istəyirsiniz?! Televiziya adı eşidən kimi, cumublar. Bəs neçə günü hardaydılar görəsən?

Kameralar tuşlanıb, amma siyahı-filan da tutulmayıb. Bu qədər adam arasında kimi seçim? Söz vermədiklərimə nəyi bəhanə edim? Meydan uğuldayır. Götür-qoy eləməyə vaxt yoxdu. Fikirlərim öz-özünə nizama düşəcək, əsas başlamaqdı: “Altı gündür Azərbaycanın igid oğulları və qızları, ağsaqqalları Bakının bu baş meydanına yığışıb, altı gündür, taleyimizi müzakirə edirik. Qoy tələblərimizi bütün Azərbaycan xalqı eşitsin”.

Yeddi-səkkiz dəqiqəlik giriş sözündə ötən günlər ərzində irəli sürdüyümüz tələblərin mayasını, meydanın ruhunu dinləyicilərə çatdırdım. Növbəti sözü Nemətə verdim. Sonra Prof. Qulu Xəlilov, diktor Xalidə, Aydın Məmmədov, Famil Mehdi, Abid Tahirov, Nüsrət Kəsəmənli, Şuşadan Niyaz Hacıyev, Fərəməz Allahverdiyev, Vəli Məmmədov, Əzizə Cəfərzadə, Sumqayıtdan Cəbrayıl Həkim, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Həsən Həsənov, Tofiq Bayram çıxış elədilər. Bəxtiyar təklif elədi ki, DQMV ləğv edilsin. Təklifi meydanda səsə qoydum. Bir milyon səs “hə” dedi. Həsən Həsənov MK-nın bürosunda DQMV rəhbərliyinin işdən uzaqlaşdırılması haqda qərar çıxarıldığını elan etdi.
Hava qaraldı. Translyasiya bitdi…

Bu dönüş nöqtəsi idi. Mitinq respublikanı bürüdü. Rayonlar maşınlı, piyada bura axışmağa başladı, ölkə başdan-başa Azadlıq meydanına döndü… İki saat ərzində səsimiz münasibət respublikaya, bütün evlərə, ən ucqar kəndlərə də yayıldı.

Meydan hakimiyyətin iradəsini qırmış, öz səsini dünyaya eşitdirmişdi. Bunu altı günlük mübarizənin ən böyük uğuru saymaq olardı…

Axşam Aydın, Nüsrət və İsanı da götürüb telestudiyaya getdik.

“Zaman”dan sonra bizə gen-bol vaxt verdilər. Əsas meydandı, onu göstərəndən sonra bizim danışığımıza nə var ki!.. Nahid Hacızadə gülə-gülə: “danışın, nə qədər istəyirsiniz. Sabir televiziyanı bilir, özü idarə edəcək, istiqamətləndirəcək!” – dedi.

Meydandan fərqli olaraq bu dəfə sakit, təmkinlə, əvvəlcədən müəyyənləşdirdiyimiz kimi, hərə konkret mövzuları əhatə edə-edə danışdıq. Dörd nəfər meydanın və Azərbaycan xalqının bütün tələblərini, günün durumunu çatdıra bildi…
Bizdən sonra televiziyada “mühüm xəbər veriləcəyi barədə” elan getmiş, lakin heç nə deyilməmişdi. Bu mühüm xəbərin nə boyda faciə olduğunu bir gün sonra biləcəkdik.

Meydana qayıtdıq… Hərəkatın zirvəsiydi. Bu qədər gərginlikdən sonra rahat və dincdim. Amma danışmağa həvəsim yoxdu, eləcə gözümü tonqala zilləyib baxmaq, başqalarını dinləmək istəyirdim. Aydın hardansa Elxanı da tapıb gəldi. “Mən üşüyürəm, gedək bir stəkan çay içək!” Sahildə ağacların arasındakı çadırları gəzə-gəzə, mədəniyyət işçilərinin çadırına gəldik. Hamısı tanış aktyorlar, müğənnilərdi. Çay ləzzət verdi. Gülə-gülə “ürəyinizdən keçir, ayrı şey də verə bilərik. Bədəninizi qızdırar” – dedilər. Razılığımızı bildirib ayrıldıq. Tanış uşaqlardan kimsə “Vəli müəllim səni axtarır” – dedi. Altdakı salon yenə dolu idi. Vəli harasa getmişdi. Gecənin bu vaxtı masaların üstü şirniyyatla, yeməklə doluydu. Acan ağzına bir şey atırdı. Bu yeməkləri Rauf Gülməmmədovun gətirdiyini deyirdilər. istiqanlı, zirək bir adamdı…

Abdulla İbrahimovla, Tofiq Bağırov başda oturmuşdular. Onların iştirak etdikləri məclisin iki mövzusu olardı: Din və ədəbiyyat. Köhnə hüquq işçisi, Ali Məhkəmənin sədri Abdulla İbrahimov yaşa dolduqca dini də yaxşı öyrənmişdi. Ədəbiyyata münasibətləri fərqliydi: Biri Tolstoyçu, biri Dostoyevski həvəskarı. Dünya mədəniyyətini dərindən bilən, böyük ideallara köklənmiş, söhbətcil adamlardı. Bir azdan Vəli gəldi; sarsılmış, təlaşlı. Pillələri sona kimi düşə bilmədi. Əliylə üzünü tutub, salona enən pillələrin üstündə bir xeyli hərəkətsiz dayandı. Əlini götürəndə gördüm yanağı aşağı yaş axır, asta-asta: “Meydana ordu yeridəcəklər… Bu gecə komendant saatı elan ediləcək!” – dedi.
Yerimdən qalxdım. Bu söhbət son günlərdə tez-tez təkrarlanırdı. “Meydanı dağıtmaq üçün uydurublar” deyə hökuməti suçlayırdıq. Amma Vəli əsassız danışmaz, yalan deməzdi.

Salon bir-birinə dəydi. Söhbət boyu gözü məndəydi… Ara sakitləşəndə işarəylə kənara çağırdı. Həyətə çıxdıq. Hökumət evinin cənnət guşəsi olan həyəti nədənsə yalqızlığa bürünmüşdü, qəm saçırdı.
Birdən-birə buranı gördüyüm ilk günlərin duyğuları doldu içimə. O zaman kimsə desəydi bir vaxt bu həyətdə kənddən gəlmiş kasıb, əyin-başsız bir uşaq kimi yox, sayılan adamlardan biri kimi gəzəcəksən, bu binadakılar da, o üzdə meydanda yığışmış bir milyon insan da hər sözünə qulaq kəsiləcək, səni eşidəcək cəfəngiyyat sayardım. Ömür qısadırsa, bu qədər yol necə keçilir?!

Vəli uzaqdan başladı: «Dil məsələsini xatırlayırsan? Ana dilimizin Konstitutsiyaya salınması məsələsini Yazıçılar İttifaqının plenimunda ilk dəfə sən qaldırmışdın, plenum qərar çıxarıb MK-yə məktub hazırlamağı da sənə tapşırmışdı. O məktub yuxarılarda geniş müzakirə olundu. Mən də oxumuşdum. Eyni işi mən də Siyasi Maarif evində görürdüm. Bilirsən, mətləbim ayrıdı. Bir gün respublikanın rəhbərlərindən biri gülə-gülə mənə sataşdı: “Nə olub, bu boyda Azərbaycanda dilin taleyi iki nəfər Yardımlı əhlinə qalıb?!” Bizi nəzərdə tuturdu. Bu irad mənə ləzzət verdi. Meydan həmin söhbətin göydəndüşmə olmadığını göstərdi. Ortada bizik, təəssüf ki, üz-üzə, guya ayrı cəbhələrdə. Cabbarlının “Od gəlini”ndəki qardaşlar kimi. Amma başqaları bilməsə də bilirsən ki, Azərbaycanın bir qarışından ötrü başından keçməyə hazır adamam… Sabaha kimi camaatın arasındayam, üzə vurmasam da sevincimdən gözüm dolub-boşalır. Amma bu gündən qorxurdum. Yuxarıların gizli, pıçıltılı söhbətlərindən dalağım sancmışdı. Ordunun meydana girməsi nə deməkdir, bilirsən? Sənə də bir şey olmaz, bəlkə Alma-Ata, Tiflis hadisələri də təkrar olunmaz… Amma bizi dişlərinə vurmalarını, xalqın iradəsini qırıb, cavanları, qızları, gəlinləri, ağsaqqalları zorla meydandan çıxarmalarını istəmirəm. Dalınca nələr olacaq, təsəvvürə gətirmək çətindir… Lap elə sakitcə ötüşsüe, ya da ölüm-itim olsun, hər halda ordunun girməsi Qarabağı unutdurmayacaq… Ordu meydanın anti Moskva ovqatından xəbərdardır və deyilən sözlərin qisasını almağa fürsət gəzir. Aralarında ermənilər də var yəqin. Burda qan tökülsə nə olacaq?! Nə isə eləməliyik. Fikirləş!!..

– Əlimizdən nə gələr ki?

– Meydanı ordu ilə üz-üzə gətirmədən dağıtmaq lazımdır.

– Bu, mümkün deyil!

– Nemətlə ikiniz bacararsınız. Camaat səni eşidir. Nemət də sözündən çıxmaz. Ağsaqqallıq eləməlisən!

– İlk günlər Məhəmməd də, Nemət də cəhd elədilər. Meydan dağılmadı. İndi heç olmaz! Görmürsünüz salonda kimlər var. Guya həmkarsınız, hamısı hökumətin adından gəlib. Amma gör necə dəstə var burda. Heç biri də meydanın dağılmasını istəmir.

Burda mən artıq dostlarımın sözünü deyirdim.

Vəli duruxdu. O, çox şey bilirdi. Amma bunları mənim də bildiyimi, yəqin ağlına gətirmirdi.

– Bəlkə də haqlısan. Amma bu sonranın söhbətidir. İndi vaxt yoxdur. Onlarla yox, səninlə danışıram… İçimdə bir qorxu var. Bu alçaqlardan hər şey gözləmək olar…

– Düzünü bilmək istəyirsinizsə, meydanın bu gün-sabah hakimiyyətdən ağlabatan cavab almayacağını əvvəldən bilirdim. İki yüz ilin dərdləri açılıb burda. İkiyüz ilin çirkabını bir ilə heç kim təmizləyə bilməz. Amma bizim rəhbərliyin, bağışlayın, sizdən uzaq, bu qədər maymaq, vecsiz və millətinin taleyinə bu qədər laqeyd olduğu ağlıma gəlməzdi. Bu boyda gücdən xalqın xeyrinə istifadə etmədən, onu ordu gücünə dağıtmaq xəyanətdir.
– Mən razı! Amma bu bizim iradəmizə bağlı deyil. Gəl məsələyə real imkanlarımızdan yanaşaq. Öz borcumuzdan çıxmalıyıq… Tamam dağılmasa da, seyrələr meydan… İnan, bəhanə axtarmıram. Ordu ilə meydanın toqquşmasını təsəvvür eləyəndə dünya başıma fırlanır.

– Bu gecə hökmən girəcəklər? Bəlkə yenə qorxudurlar?

– Yox, komandirləri mənim otağımdadır. Gecə yarısı, camaatın ən azalan vaxtını gözləyirlər.
Ordu söhbəti yeni olmasa da bu toqquşmanın məsuliyyətini ilk dəfə hiss elədim. Camaat neçə gündür bizim sözümüzlə oturub-durur. Bəlkə inandıra bildik! Bəlkə! Amma çox güman ki, faydası olmayacaq.. Düşmənlərimə mövzu verirəm, saqqız kimi çeynəyəcəklər: “Qorxdu, geri çəkildi, əyildi, əvvəldən məqsədi bu imiş” və s. Ax, bu eqoizm! Millət nə hayda, sən nə hayda? Camaatı düşünməkdənsə, özünü düşünürsən. Kim nə deyəcək? Meydanı qorumalısan, yoxsa özünü? Dedi-qodudan qorxurdunsa burda nə işin vardı?! Sən kütlədən çəkinib sözün düzünü deməyəcəkdinsə camaatın qabağına niyə düşürdün? Nə tez unutdun: “Düzünü de! Kütləyə qarşı getməli olsan da!” Vəziyyətin dramatizmini çatdırmaqdan qorxursansa, deməli, lider deyilsən, kütlənin əsirisən. Düşmüsən qabağa, buyur, axıra kimi yürü, çalış, işlə, yıxıl, dur, amma düzünü de, özünü unut, xalqını düşün!
Bu fikirlə Vəlidən gözləməsini xahiş edib meydana çıxdım. Nemətin harda olacağını təxmini bilirdim. Ya anfiteatrda, ya da tribunanın altında. Leytenant Şmidt zavodunun arada “Nemət” deyə qışqıran fəhlələri tonqallarını yaxında çatmışdı.
Yanındakılarla salamlaşıb, onu tonqaldan araladım. Vəliylə söhbətimizi, vəziyyətin gərginliyini danışdım…

– Qərarın nədir, nə eləmək istəyirsən? – dedi.

Boynumuza düşən məsuliyyət barədə axşamlar, tonqalların arasında gəzə-gəzə çox danışmışdıq. Əlavə sözə ehtiyac qalmırdı. Bu gün meydanın da ən çox istədiyi fikrimizin, sözümüzün birliyiydi. Meydanda bizim simamızda təkcə ziyalı-fəhlə birliyi yaranmamışdı, ortada həm də bir dostluq, cəsarət, ölümə hazırlıq, qətiyyət, millətin uzun illər gözlədiyi haqq yolunda, şərə qarşı tərəddüdsüz getmək nümunəsi vardı. Bu ümidi onun əlindən almaq olmazdı. Məncə, vəziyyəti Nemət də bəs qədər aydın başa düşürdü. Bir-birimizə məhkumluğumuzu, bu birliyin ilahidən, xalqın taleyindən gələn bir sifariş olduğunu duymağımız, nəyə qarşı getdiyimizi dərk eləməyimiz, meydanın dəhşətli gücü və sevgisi, nəhayət mikrafonu əlimizdən almağa çalışan, bundan ötrü gecə-gündüz yuxarı itələnən, dırmaşan, ora-bura vurnuxan və arxalarında kimlərin dayandığını bildiyimiz adamların kinli gözlərini ətrafımızda həmişə görməyimiz bizi qəribə duyğu ilə bir-birimizə bağlamışdı. Çox sözə ehtiyac qalmırdı. Bu əsl döyüş, səngər birliyiydi. Hər anı qəfil güllə təhlükəsi altında olan, soyuq səngərdə başqa köməklərinin yoxluğunu bilən iki insan bir-birindən nə qədər asılıdırsa, biz də eləcəydik. Buraya gələcəyini, xalqa hesabat verəcəyini gözlədiyimiz Vəzirov yaranmış vəziyyətdə özü üçün ən asan, amma əslində xəyanətkar bir addım atmışdı. Xalqın iradəsini qırmaqla yanaşı, erməninin dəyirmanına su tökməkdi bu və Moskva – Yerevan senarisiylə hazırlanan Sumqayıt hadisələrindən sonra 1988-ci il ümümxalq azadlıq hərəkatına vurulan ən böyük zərbəydi.

Amma bütün bunları araşdırmağa vaxt yoxdu. Biz qərarımızı çıxarmalıydıq. Son bir həftə ərzində sanki yaşa dolmuş Nemət də mənim kimi odla su arasındaydı. Heç bir şeyə nail olmadan dağılmaq bir dərd, zorla dağıdılmaq da ayrı dərd. Sənə cavab verməli olanların sənin üstünə tank göndərməsi, DQ-da erməni quldurlarını əzməkdənsə səni əzdirmələri başa düşülən iş deyildi.

– Məncə, hansı yolla olur-olsun komendant saatını bu gecədən adlatdırmalıyıq – dedim. – Bu gecə qarşısı alınsa sabah tezdən məsləhətləşər, ağsaqqaları yığıb meydana bir yerdə müraciət edərik. Bəlkə təsiri oldu. Hamının dağılışmayacağını bilirəm, amma biz öz mövqeyimizi bildirməliyik.

Nemət başqalarının hər hərəkətinə şübhəylə yanaşsa da mənə inanırdı:

– Başqa yolumuz yoxdur. Gərək ordu rəhbərliyini də, meydanı da inandıraq.

– İkimiz də eyni sözü desək meydan inanar! – dedim. Ordu meydana girməsə, xalqla toqquşmasa komendant saatı elan eləməyə bəhanə qalmayacaq, yəni on beş gün, bir ay sonra yenə eyni güclə bu meydana toplaşa bilərik. Amma şəhərdə fövqəladə vəziyyət elan eləsələr, əlvida, meydan!
Cavabımızı gözləməyə hövsələsi çatmayan Vəli sanki qaranlıqdan doğuldu.

– Sizi axtarıram, – dedi. – Nə qərara gəldiniz?

İkimiz birdən dilləndik:

– Nə yolla olur-olsun ordunu sabaha kimi yubatmaq lazımdır!

– Sabah nə olacaq? Nə bəhanə gətirək?!

– Deyin ki, sabah meydanı dağıtmağa çalışacaqlar. Bəlkə heç orduya ehtiyac qalmadı. – Bu Nemətin sözüydü…
Vəlinin üzü işıqlandı, sanki çiynindən ağır yük götürüldü. İkimizi də qucaqladı.
Qəribə bir səhnəydi və yəqin ki, mənasını yaxınlardan başqa anlamazdı:

– Mən qaçdım! Komandir otağımdadır. Bəlkə dilə tuta bildim.

Qaldıq qaranlığın ortasında. Sonra tonqaldan-tonqala adlaya-adlaya, müxtəlif söhbətlərlə gərginlikdən çıxmağa çalışdıq. “Mühüm xəbər” sözündən sonra meydanın qulağı səsdəydi. Təxminən iki saat sonra yuxarı qalxdıq. İşıqları söndürüləndən sonra tribuna nə qədər uca olsa da yazıqlaşır, insan üçün, hay-haray üçün darıxır…
Daş pillələrdə oturduq. İçəri keçmək istəmirdik, bura da çox soyuqdu. Bir həftədən bəri soyuğu ilk dəfə hiss elədim, külək içimdən keçirdi. Nemət də büzüşmüşdü. Onun da əyni nazikdi. Üstəlik də vəziyyətin soyuqluğu…
Vəli Məmmədov yenə qəfildən gəldi… Bu dəfə yüngülləşmişdi:

– Sabaha qədər razılıq aldım! Komandirə sizin adınızdan dedim. Başa saldım ki, meydan sizə inanır, dağıda bilərsiniz. İndi gərək sabahı fikirləşək.

– Qoy bunu Vəzirov fikirləşsin də! Millət dəli olub düşür küçələrə. Qışın soyuğunda, gecə-gündüz meydanda yatır, ev, iş, arvad-uşaq yaddan çıxır, amma binamus otağından bayıra çıxmır, asılıb Moskvanın ətəyindən.

– Gücü çatmır, neyləsin. – Vəli münasibətlərin yenidən gərginləşməsini istəmirdi – Bir yandan da Moskva yalan-doğru hər gün vədlər verir. “Narahat olmayın, bizim adımızdan xalqa çatdırın, tezliklə yoluna qoyulacaq” və s.
– Gücü çatmır, rədd olsun ordan, qoy gücü çatan idarə eləsin!

– Əlbəttə belə getsə uzun müddət qala bilməz.
Gecə keçirdi. Ordunun gəlişini bu gecədən adlatdıq. Bəs sabah nə olacaq, nə deyəcəyik xalqa?.. Nəticəsi nə olacaq? Bizi də fitə basmayacaqlar ki!.. Aylar, illər boyu qazanılan hörmət bir ehtiyatsız sözün qurbanı ola bilər…
O gecə sübhə kimi yata bilmədik.

15-cü parça

MEYDAN-5

…Tonqallar “Abşeron”la “Azərbaycan”ın arasındakı bütün ərazini tutub.

Sahil tərəfdə qurulan çadırlarda o qədər ərzaq toplanıb ki, sanki bütün qışı burda qalacağıq.
Meydanı bütün Azərbaycan saxlayır. Amma belə havayı yemək meydanı yavaş-yavaş harınlaşdırır. Çadırlarda gördüyüm bir çox adam ömrü boyu xalq, Vətən düşünməyib; arada donuq gözlər görürəm heç kim tanımır, üç ay qalsa da xalqın bura nə üçün toplaşdığını anlamayacaq. Birlikdən danışsaq da çadırlar ayrı-ayrıdı.
Meydanın başı özünə qarışıb. Ətrafdakı burulğanlardan xəbəri yoxdur.

Vəzirovla Moskva meydanı dağıtmağın yollarını axtarırlar. Niyə Yerevanın Teatr meydanı Moskvanı narahat eləmir? Niyə qiyamçılar yerində oturdulmur, amma Bakı ağır texnika ilə doldurulub. Addım-addım bizə yaxınlaşan zirehli maşınlar və tanklar əmrə bənddilər.

Dünən şəhərdə motosikl dəstəsi peyda olub. Əllərində Azərbaycan bayrağı sürətlə şəhəri dolanırlar. Erməni məhəllələri zahirən sakit olsa da gecə-gündüz Moskvaya məktublar – teleqramlar gedir.
Ermənistandan qovulanların acınacaqlı vəziyyəti, DQ-da Xankəndində azərbaycanlılara qarşı törədilən və gündən-günə güclənən vəhşiliklər də Bakıda qarışıqlıq sala bilmir.

Bu fitnəkarlıq ssenarisini Sumqayıtda görmüşük, bəsdir!

Komendant saatı elan edilməsə də bir sıra müəssisələr hərbiçilərin nəzarəti altındadır.
Azərbaycan hökumətinin oyuncaqlığı, müqavimətsizliyi göz qabağındadır. Düşmənlə bacarmayanda özünkünü susdurmağa çalışır.

Yaranı sağaltmaqdansa onu göstərənlərin əlini kəsmək istəyir.

Ölkənin ən yüksək kürsüsünə, mənim, Bəxtiyar Vahabzadənin, Nemətin adına gələn teleqramların, məktubların sayı-hesabı yoxdur. Saxlamağa yer tapmıram! Hər axşam “sən burdan çıxa bilmirsən, ver mən saxlatdıraram, arxayın vaxtı götürərsən”, – deyə bu qucaq-qucaq teleqramları Vəli müəllim öz otağına apartdırırdı. Otaq komendantın əlinə keçəndən sonra həmin kağızlar yoxa çıxmışdı.

Senzorsuz yazmağa öyrəşmişəm. Təəssüf ki, burda, meydanda daxili bir senzor bütün bildiklərimi deməyə imkan vermir. Çünki meydanın hər şeyi həll edəcəyini və bütün dərdlərimizə çarə qılacağını düşünmək avamlıqdır. Bu alqışların içində üstümüzə qıcanmış dişlər də var və onları görürəm.

Bəlkə buna görə ordusuz, komendantsız, hakimiyyətə müəyyən tələblər və vaxt verib vaxtında dağılmaq ağıllı yol olardı. İnanım belədir. Xalq meydanı sifarişlə dağıtmaq istəyənləri tanıyır və fitə basır. Mən meydana “dağılaq” deməmişəm, amma meydanın təbii sonu gələndə atıla bilən bütün addımları göstərməklə təmkinə, sakitliyə, dağılıq-toplaşmaq haqqında mülahizələri xəyanət kimi qəbul etməməyə çağırmışam, məsuliyyətimizi xatırlatmışam.
Məsələn ümumbakı, ümumazərbaycan tətili təklifini ortaya atdım, sonra ümumi rəyə çevrildi. Komendant saatına görə dağılışandan sonra nə edə biləcəyimizi müəyyənləşdirmək üçün ayın 23-də ertədən bəzi zavodlara baş çəkib orda qalanların əhvalını öyrənmək istədim. Bakıda bir sıra müəssisələri tam dayandırmaq mümkün olmamışdı. Fəhlələrin çoxu meydana axışsa da rus, erməni qismi işləyir və müəssisənin guya dayanmadığı görüntüsü yaradırdılar.
Yaşadıqları torpağın ümumi dərdini nəzərə almayan, gizlində xəyanət edənlərin direktorların əmrini gözləmədən, fəhlə şuralarının qərarı ilə işdən uzaqlaşdırılma yolu da onda ağlıma gəlmişdi və bu yolu meydanda təklif edəndən sonra Bakının bir sıra müəssisələri təmizləndi.

Amma hələ bu işlər barədə düşünmək, hər təklifimizin şəhərdə hansı əks-səda doğurduğunu öürənmək imkanı yoxdur.
Geri qayıdanda sağ amfiteatrda bir dəstə tələbə qarşıma çıxdı.

– Nə qərara gəlmisiniz?

– Dünən axşam komendant saatı elan ediləcəkdi. Xahiş edib bu günə kimi saxlatdırmışıq.

– Bəs bu gün!..

– Fikirləşirik.

Qızlardan biri əlimdən yapışdı:

– Xahiş edirəm, “dağılaq” sözünü siz deməyin xalqa! Burda ziyalıların əleyhinə çox danışırlar, təkcə sizə yapışmır. Bəhanə verməyin onlara.

Ayrılıb yuxarı qalxdım, kürsünün girişində dayanan cavanlar:

– Bu xanım sizi gözləyir – dedilər.

Kənara çəkildik.

Soyuqdan dodaqları əssə də, ötkəm, qətiyyətli bir səslə danışırdı:

– Sizə qurban olum!

Qolunu boynuma doladı.

– Ancaq bu sözü deməyə gəlmişdim. Bir də…

Çiynindən aşırğı iri çantasını açdı:

– Sizinçin toxumuşam. Öz əlimlə. Nazik plaşda, yaxası açıq donursunuz…

Səliqəylə bükülmüş uzun şarfdı.

Razılığımı dinləmədən plaşımın yaxasını açdı.

Az qala əmr kimi səslənən: “Əyilin!” sözündən sonra şarfı boynuma saldı. Ucları az qala plaşımın ətəyinə çatırdı.
– Özüm qəsdən uzun toxumuşam, bir iki dəfə dolayarsınız boynunuza!

Sonra da şarfın iki qanadından dartıb başımı özünə tərəf əydi, üzümdən öpüb, qayıdıb camaata qarışdı.
Boş tribunada Elxan gözləyirdi.

– Hardasan?

– Zavodlara getmişdim, tezdən…

– Bütün gecəni səni axtarmışam.

– Vəziyyəti bilirsən də yəqin!

-Təxminən!

– Meydanı daıtmalıyıq!

– Meydan dağılmayacaq!

– Bilirəm. Amma düşündüyümü xalqa deməliyəm.

– Xalq başa düşür və dağılacaq. Amma dediyim dəstələr ciddi işləyirlər. Orduyla toqquşmaya da hazırdılar. «Qoy lap qan tökülsün!» Nə qədər qarışıqlıq olsa, o qədər yaxşı! Fikirləri ÖZ adamlarını gətirməkdir!

– Gətirirlər, gətirsinlər də, xalqı niyə güdaza verirlər. İndikilər bəyəm ayrıdır? Hamısı bir komanda deyil bunlar?
– Sakitcə gələ bilməzlər axı, Moskva imkan verməz. Heç xalq da qəbul etməz.

– Xalq ürəyiyumuşaqdır. Kim beş-üç gün qürbətdə, ya türmədə dı bütün günahlarını unudur. Onu Moskvanın əlində tək qoymamaq üçün qəbul edər… Həm də Vəzirovun maymaqlığını görəndən sonra onun gəlişini bayram edər.

– Yox, e! O, gələnə qədər neçəsini qurban verəcək, sonra da təbliğat aparılacaq ki, millət tələb edir.

– Nə vaxt və hardan alırsan bu məlumatı!

– Camaatın sözünü deyirəm.

Elxan ssenarini əliylə yazıbmış kimi arxayın danışırdı:

– Səni irəli itələyəcəklər! Vəziyyəti başa salacaqsan! Ağsaqqalar da təklif edəcək, Nemət də deyəcək! Meydan dağılmayacaq! Amma hamısı qalacaq kənara, sonra dağılmaq təklifini çevirəcəklər sənə qarşı!

– Dedi-qodudan qorxsan, gərək evindən bayıra çıxmayasan!..

Sanki özümə təskinlik vermək istəyirdim.

Nemətlə razılaşmışdıq ki, bu günkü mitinqi biz aparmayaq. Qoy rəsmilərdən biri düşsün irəli.
Vəli danışırdı, yavaş-yavaş meydanla ünsiyyət yaratmışdı. Daha əvvəlki kimi fitə basmırdılar.
Meydana göz gəzdirdim və içimi kövrək bir qürur hissi bürüyürdü. Dünən, sırağa gün deyib keçdiyim cümlələrin bu gün şüar kimi meydana qayıtması, yüzminlərin harayına dönməsi qəribə bir duyğu oyadır. Həm sevinirsən, həm də kütlənin təbiətindəki unutqanlıq, hər şeyi təşəkkürsüz, razılıqsız özünküləşdirmək zorakılığı, vəhşi qəsbkarlıq ehtirası adamı üşəndirir: “Xalq hökumət üçün deyil, hökumət xalq üçündür!”, “DQMV-in muxtariyyəti ləğv edilməlidir!”, “Azərbaycana əl uzadanların əli kəsilməlidir!”, “Bakını ölü şəhərə çevirək!”, “Xalq sözü – haqq sözü!” və s.
Komendant saatının elan ediləcəyi meydanda müxtəlif şaiyələr yaradıb. Vəzirovun dünən Moskvaya uçub qayıtması, şəhərdə erməni, rus əleyhinə təbliğatçılarının çoxalması, motoskletlə küçələri dolaşanlar… arxada nə dayanır, bu okeanın bütün görünən və görünməyən axarlarından baş çıxarmaq çətindir. Camaatın dağılmasını istəməyənlər şaiyə buraxırlar ki, inanmayın, heç bir qorxulu iş olmayacaq, komendant saatı şaiyədir. Camaatı dağıtmaq istəyənlərə «Vəzirovun adamıdı» deyirlər. Daha çox ziyalıları qınayırlar. Həm də elə ziyalılari ki, camaat onlara inanır, onların mövqeyi yumuşaq olsa da öz iradələrinə bağlıdırlar, eyni zamanda mənim dostlarımdı onlar. Bəlkə cızılmış plan elə belədir. Bu gün onlar, sabah mən.

Şaiyələr kütlənin içindən cərəyan kimi keçir, gözünü açıb yumana hamını gərginləşdirir. Araşdırıb ayırmağa imkan hardadır?!

Həmin gün günortaya kimi danışanların çoxu rəsmi və hökumət tərəfindən göndərilmiş adamlar olmuşdu. Ehtiyatla olsa da camaatı işə qaytarmağa, meydanı boşaltmağa çalışırdılar. Vəli Məmmədov təmkinli olmağa dəvət edirdi.
Elxan üzündə qəribə kədərli bir təbəssüm:

– Gördün! – deyə soruşdu.

– Nəyi?

– Bəzi ziyalılar, “Yaşasın Nemət!” deyirlər. Niyə səni ayırırlar, bilmirsən? Yarısı paxıllıq, yarısı da onu liderə çevirmək cəhdi.

– Canın sağ olsun!

Mikrafonda köhnə dostumuz Fərman Kərimzadəydi.

Bu yolda ölənlərin xatirəsinin əbədiləşdirilməsini istəyirdi. Sanki öz sonrakı taleyini görürmüş.
Nemət “Mən öz qərarımı deyirəm, yalnız özümə cavabdehəm” desə də çıxışının ümumi ruhunda meydanı sakitcə dağıtmaq cəhdi var, amma bunu dilə gətirməyə ehtiyat edir, kiminsə onu da qorxaq adlandıracağından çəkinir. Buna görə də bu məsuliyyəti Bəxtiyarın və mənim üstümə atmaq, “dağılışaq” sözünü meydanın bizim ağzımızdan eşitməsini istəyir.
Səmimiyyətlə edir bunu, yoxsa, ziyalılardan üzdə qalan, inanılan bizləri də meydanın gözündən salmaq məqsədilə, demək çətindi. İddəaları gündən-günə böyüsə də mən bu şübhələri, Elxanın inandırmağa, göstərməyə çalışdığı ayrı-seçkilik cəhdlərini ürəyimə yaxın buraxmaq, xalqın birliyindən, neçə gündən bəri göstərdiyi əzmkarlıqdan duyduğum xoşbəxtliyi xırda şübhələrə yem etmək niyyətində deyildim. Yalnız axşam üstü, kin-küdrətdən uzaq, bütün varlığı nur və xeyirxahlıqdan yoğrulmuş Xəlil Rzanın çıxışını dinləyəndə başa düşdüm ki, Elxanın narahatlığı əbəs deyilmiş, bəzi ziyalıların gün ərzində Nemətin adını hallandırıb, hamını “Nemətin ətrafında birləşdirməyə” çağırmaqla məni pisikdirməyə, neçə günlük zəhmətimi ayaq altına atmağa, nəhayət bizim öz aramıza soyuqluq salmağa çalışanlar öz ədalətsizlikləri ilə Xəlil bəyin də heysiyyətinə toxunmuşdular. Buna görə də geniş çıxışında hər dəfə mənim adımı vurğulamaqla bu yanlışlığa uymamağa çağırır, meydana həqiqəti xatırladırdı: “bir həftə çəkən böyük nümayişimiz Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. İki şəxs üzə çıxdı. Sabir Rüstəmxanlı və Nemət!”.
Sonda başqa bir fikrini də açıq dedi. “Biz hökumətə iki həftə vaxt verib, ümumazərbaycan tətilini elan edib, evlərimizə çəkiləcəyik”.

Meydan alqışladığı və sevdiyi Xəlil Rzaya da güzəştə getmədi, onun da “evlərə çəkilmək” sözlərini narazılıqla qarşıladı.

Axşam saat səkkizdə mikrafona yaxınlaşdım. Qaranlıq dörd tərəfdən meydanı sarmışdı. Sahil işıqları, göydən enən zülmətə çiyin verib bu ağırlığın meydanda toplaşanları örtməsinə imkan vermirdi. Hökumət evindən tuşlanan gur projektorlar meydanı ən uzaq guşələrinə qədər işıqlandırırdı. Üzlər də çıraq-çıraq yanırdı. Bu simalar, rəssam dostlarımın hansınınsa evində gördüyüm qrafikanı xatırlatdı, qara xətlərlə çəkilmiş başlar. Nədənsə, Əli Haqverdiyevin “Likbez”i düşdü yadıma. Bu meydan hara, qrafika, emalatxana hara? Amma qəribəsi də budur ki, mikrafona yaxınlaşa-yaxınlaşa nə deyəcəyimdən çox məhz belə şeyləri fikirləşirdim: Gözümü işıqdan yayındırıb yuxarı çevirəndə gördüyüm ulduzları, bu ulduzların altında kənd gecələrinin rahatlığını… Yəqin evdə, ata-anam dinclik tapa bilmirlər. Bakıda nələr baş verir, başımda hansı təhlükələr fırlanır? Bəlkə də bir günlüyə gəlmək imkanları olsa, milləti beləcə bir arada görsələr təşvişləri bitərdi. Sanki min il əvvəl deyilmiş misralarım düşür yadıma: “Mən kainat boşluğundan uçub gələn qum dənəsi.” Bu meydanda hərəmiz bir qum dənəsiyik. Amma min illərdi hardansa uçub gəlirik. Öz yolumuz, öz göyümüz, öz yerimiz! Atam demiş “Kiminsə toyuğuna “kiş!” deməmişik”. Torpağımızı əkib-becərib rahatca yaşaya bilərik. Nə istəyirlər bizdən? Niyə belə ayaq altı olmuşuq, niyə iki yüz ildə iki-üç milyonumuzu qırıblar! Niyə parçalayıblar bizi! Bəs biz insan deyilik! Öz torpağımızı qorumaq istəyiriksə niyə bu tankları gətirib kənar küçələrdə düzüb əmr gözləyirlər. Deyək ki, əmr verildi, qıracaqlar bir milyon insanı? Allahın xəbəri varmı bu işlərdən? Varsa niyə əncam çəkmir? Yoxsa ona “hər şeyi görəndi, biləndi” niyə deyilir? Allah yaradan və idarə edəndirsə bu məzlum millətin ruhunu, ağlını, dözümünü, iradəsini nə qədər imtahana çəkəcək? Bəlkə günahkarıq? Cəzamızı çəkirik. Nə qədər tez təmizlənsək, o qədər tez gələcək nicatımız!..

– Bacılar və qardaşlar!

Elə bil özgə bir səslə danışıram. Gündə beş-altı saat mikrafonla, sonra televizorla, tonqal başında, camaatla, arxa otağa yığışan məmurlarla danışmaq, yuxusuz qalmaq təsirini göstərir, sağlam olsam da! Bu gün də eləcə… Hava işıqlanandan üzü bəri… Dünəni adlatsaq da bu günü adlatmaq mümkün olmayacaq. Mən hələ ordunun gəlişini təsəvvür eləyə bilmirəm. Necə gələcək? Çexoslovakiyadakı, Macarstandakı kimi, Əfqanıstana getdiyi kimi. Alma-Atanı təkrar edəcək?..

Yadıma Moskvada Mərkəzi Ədəbiyyatçılar evinin bufetində ağlayan qazax dostum Rüstəm Canqazuyev düşür. Alma-ata faciəsindən sonra ilk dəfə görüşürdük. İçki, ya da söhbətlərimiz onu kefləndirmişdi. Başını divara vura-vura gözünün yaşını tökürdü. “Xışladılar e bizi, Sabir! Ən yaxın dostum tankın tırtıllarının altında qaldı, asfalta yaxdılar onu, alçaqlar! Alçaqlar! Bu alçaqlar!” Sonra da əlləri düyünlənmiş ayağa qalxıb üzünü bütün bardakılara tutub qışqırmışdı: “Nenaviju vas! Nenaviju!” Yazıçılar evinin divarları kimi, müştərilərində də kefliliyə qarşı immunitet güclüdü. Belə şeyləri çox görmüşdülər. Dönüb baxdılar, sonra təbəssümlə hərə öz mühitinə qayıtdı. “Nə olacaq, bu qədər əziləndən sonra qışqırmasın da?!”

Rüstəm Canqazuyevin faciəsini indi başa düşdüm. Deməli, gəlirlər, bizi də Alma-Atada olduğu kimi, asvalta yaxmağa?! Niyə?! Qiyamçılara “Rədd ol!” dediyimizə, “Torpaqdan pay olmaz!” dediyimizə görə!

– Danışmaqdan səsimiz də dəyişilib!.. Burda nə qədər adam varsa o qədər də dərd var! Azərbaycan dərdi! Bu xalq qılınc meydanlarında çox qələbə qazanıb, ancaq ağıl meydanlarında bizi aldadıblar! Üzümü sizə tuturam. Biz bir-birimizə inanmalıyıq!..

Birdən-birə ürəyimi qəhər bürüyür. Meydanla belə danışmazlar axı! Adam sevgilisiylə belə danışar. Amma nə fərqi?! Meydan da sevgilimdir!

– Tarix boyu qaymaq bağlayan kimi, üzümüzü yığıblar. Buna yol verməməliyik. Sizi biz toplamışıqsa bizə də inanmalısınız. Kiminsə fit çalacağından ehtiyat etmirəm. Burda dəstə-dəstə yığılıb müəyyən sifarişləri yerinə yetirənlərdən də çəkinmirəm. Çünki üzüm ağdır, heç bir gizli niyyətim yoxdur. Mənim açıq, tərəddüdsüz danışmağıma öyrəşmisiniz. İndi də açıq deyirəm: Biz dağılışmalıyıq! Gərək bu meydana yad çəkmələri dəyməsin! Mənə inanmısınızsa sizin vicdanınıza müraciət edirəm. Dağılışıb, müəssisələrdə oturaq tətil keçirməli, orda çalışan başqa fəhlələri də işi dayandırmağa məcbur etməliyik. Mübarizəmiz dayanmayacaq, ancaq onun formasını dəyişəcəyik. Hərbi vəziyyət dünən olmalı idi. Mən bir gün möhlət istəyib söz verdim ki, xalqa müraciət edərik. Xalq bizə inanar. Mənə etiraz edənlərin sayı azdır. Biz sübut etməliyik ki, yığıla bildiyimiz kimi dağıla da bilirik. Bu sözləri söyləmək nə qədər çətin olsa da, deməliyəm!..

İyirmi dəqiqəlik çıxışım əslində faciəli bir çıxışdı. Özümü tox tutsam da içimdən qanlar axırdı. Bu, məğlubiyyətdi! Bu, Azərbaycan rəhbərliyinin öz millətini saymaması və alçaqlığıdı. Bu, Moskvanın Azərbaycana tüpürməsi və açıq-aşkar erməniləri müdafiə eləməsidi! Ordu girəndən sonra nələr baş verəcəkdi, millətin iradəsi necə qırılacaqdı, məlumdu… Amma başqa neyləmək olardı?! Tilsim qırılmışdı. Söz deyilmişdi və meydan da anlayışlı, sakit qarşılamışdı.

Məndən sonra Aydın Məmmədov, Kamal Abdulla, Nüsrət Kəsəmənli, Yəhya Məmmədov, Nemət… təxminən eyni ruhlu çıxışlarla meydanı dağılmağa səslədilər. Buz sınmışdı. Mənim çıxışım meydanı silkələmişdə, düşünməyə məcbur etmişdi, “dağılışaq” sözünü süngüylə qarşılayanlar dayanmışdılar. Vəziyyətin gərginliyini başa düşmüşdülər. Meydan dəstə-dəstə dağılır və seyrəlirdi.

Axşam saat ona qalmış, Nemətin çıxışı bitəndə tribunanın altında toplaşanlar, Nemətin fəhlə yoldaşları, “Onda sən də düş bizimlə gedək!” – dedilər. Nemət yan tərəfdəki pillələrə doğru istiqamətlənəndə, “ordan yox, elə burdan. Atıl aramıza!” Nemətə kömək elədik. Aşağıdakıların bir dəstəsi onu çiyninə alıb üz tutdular “Abşeron” mehmanxanasına tərəf. “Sabir! Sabir!” – deyə məni də səslədilər. “Atıl, atıl burdan!” Tribunadan bir başa camaatın içinə tullandım. Əlimi çiyinlərinə qoyub yerə düşmək istəyirdim. Amma əllər yay kimi gərilmişdi. Eləcə havada qapdılar məni və üz qoydular “Azərbaycan” otelinə tərəf. İki ox meydanı əks istiqamətlərdə yarıb keçir, getdikcə bir-birlərindən uzaqlaşırdılar. Deyəsən elə biz də Nemətlə uzaqlaşırdıq. Xalq bizi çiynində aparırdı. İçimdə bir məğlubiyyət havası vardı. Deyəsən, bir az da tabut kimi aparırdılar bizi.

16-cü parça

MEYDAN-6

Ətrafım əl meşəsi, göz dəniziydi… “Ə, bu Sabirdir e!” – deyə qışqırır, əlimi tutub öpürdülər. Əlimi dartıb, xilas etmək istəyirdim, mümkün olmurdu. Yalvarırdım “buraxın məni, bərabər gedək!” Qışqırırdım, məhəl verən yoxdu. “Azərbaycan” otelinin qabağında fəvvarələrə çatanda axır ki, insafa gəldilər. Ətrafımı bütöv bir ordu sarmışdı. Kimsə “oturun, qoy arxadakılar da görsün” – dedi. Dörd tərəfimdə böyük bir amfiteatr yarandı. Qabaqdakı beş-altı cərgə bir başa asfaltın üstündə oturdu. Rahatca bardaş quran da vardı. Sonra çöməlmişdilər, lap arxadakılar, ayaq üstündədilər. Meydan bizə doğru axır, ətrafımız daha çox sıxlaşırdı.

Kimsə: «Biz neyləyək, bəy, doğrudanmı dağılışırıq?» – deyə dəqiqləşdirmək istədi.

Ortada fırlana-fırlana fikrimi bir də əsaslandıraraq, danışdıqca çiyinlərdə duyduğum narahatlıq dağılır və ətrafı daha yaxşı görürdüm. Məni saranlar arasında dörd qardaşım da vardı… Ağarmış, qorxu və vahimə içində! Yəni nə olacaqdı?!

Bir başqası: «Axı, hamı dağılmayacaq. İki gündür arada gəzib təbliğat aparırlar ki, ordu gəlsə də toxunmayacaq, heç yerə tərpənməyin». Üz-gözdən ciddi adamlara oxşayırlar. Camaat da inanır! Çadırlar da dağılmayacaq. İstirahət edirlər özləriyçün».

– Hər halda biz borcumuzdan çıxmalıyıq. Mən də güman edirəm, ordu toxunmaz. Danışıqlar gedir. Amma orduyla kütlə nə qədər üz-üzə dayanacaq? Hər an toqquşma ola bilər, getdikcə zəifləyirik. Bundansa gedib iki-üç həftə sonra yenidən güclü şəkildə çıxmaq olar. Biz bunu iki gün öncə etməliydik. Komendant saatı, fövqəladə vəziyyət elan olunmamış! Əsas budur ki, bütün dünyanın diqqətini bu meydana yönəltdik. Məğlub olmuruq, müvəqqəti geri çəkilirik!

– Deyirsiniz, dağılaq da!

– Hə, dağılmalıyıq!

Ətraf dağılmaq istəmirdi. Kimsə plaşımın kəmərini verdi. Ayaq altına düşmüşdü. Baxdım ki, bütün düymələrim qopub, kəmərlə bir təhər bürünüb, “gedək!” – dedim. Meydanla, yolla getsəm bu ordu başımdan dağılmayacaqdı. Amma mən tez ayrılmaq istəyirdim. Həm də ürəyim yanırdı. “Mehmanxanaya gedəcəyəm!” deyə üz tutdum “Azərbaycan”ın qapısına. Qapıya kimi mənimlə gəldilər, sonra ayrıldıq, on beş-iyirmi nəfəri ayırmaq olmadı. Mənimlə girib dəhlizdə dayandılar. İnzibatçılar tökülüşdü. “Sabir bəy! Xoş gəlmisən!” Boynumu qucaqlayan kim, öpən kim! Liftə doğru apardılar. Üçüncü ya dördüncü qata qalxdıq, bilmirəm, hər halda burdan meydan aydın görünürdü. Orda nələr baş verirdi. Buzu ərimiş Şimal çayları kimi meydanın üzü parçalanmışdı, lay-lay axıb gedirdi. Bu otaqdan meydanın əzəməti və nəhəngliyi daha aydın görünürdü. Baş inzibatçı – neçə günü sizi burdan izləmişik, gecələr düşüb tonqal qırağına da gəlirdik. Orda verilən perajkinin çoxu burdan gedib. Öz hesabıma eləmişəm. Biz də insanıq axı! – gözü doldu! – Millətimizin halını, sizin əziyyətinizi görürük. Gedib Stepanakerti, İrəvanı sakitləşdirməkdənsə bura ordu yeridir! Bizi adam saymır, ağqulaq köpəyoğlu!

Birdən-birə dayandı. Yəqin üzümdəki yorğunluğu gördü:

– Bağışla e! Başağrısı oldu! Söz-söhbətdən yorulmusuz!

Çay gətirdilər.

– Çayını iç. Gözəl bir lüks otaq da hazırlasınlar. Yuyun, yorğunluğun çıxsın, yat qal burda!

– Sağ ol! Evə gedəcəyəm. Paltarlarım pis gündədir.

– Narahat olma, verərəm qadınlar səliqəyə salar. Düymə də tapıb tikərlər.

Təklif ürəkdəndi! Amma özüm də istəsəm ətrafdakılar qoymazdılar. Çay içib, bir az dincəldik. Meydan seyrəlmişdi. Tonqallar həmişəkindən daha gurdu. Yerdə qalan bütün odunu yandırıb gedirdilər, özündən sonra düşmənə qalmasın deyə, ağır silah-sursatını məhv edən ordu kimi!..

Oteldən çıxdım.

Evə çatandan sonra telefonla xəbər verdilər ki, Nemət bir saat sonra fırlanıb yenidən meydana qayıdıb. “Dağılmırıq!” – deyib. Bu, mənə, neçə gündən bəri davam edən fəaliyyətimizə, fəhlə-şair ağır zərbə idi!
Gecə saat 11-də şəhərdə fövqəladə vəziyyət elan edildi. Bakıda meydan hakimiyyətinə son qoyuldu…
Azərbaycan hakimiyyəti öz xalqından qorunmaq üçün tanklardan sipər çəkdi. Millətin qarşısına özü çıxmadı, rus əsgərlərini göndərdi. Bakının sərbəstliyi itdi, azadlıq nəğməsi susduruldu. Bundan sonra meydan mühasirəyə alınmış bir qala həyatı yaşadı.

Meydandan soyudum. Yüz minlərlə adam bizi eşitsə, bizimlə bir hərəkət etsə də, beş-altı min adamın məqsədli-məqsədsiz inadkarlığı meydanın mütəşəkkil dağılmasına imkan verməmişdi. Ordu gəlibsə gec-tez onu bu hadisələrə qarışdıracaqlar. Bunu istəmirdim! Komendant saatının elan olunması o deməkdir ki, şəhərdə normal hakimiyyət mənasını itirir, hər şey hərbiçilərə tabe olur və ya şəhərdə iki hakimiyyət yaranır. Tətil və nümayişlərə imkan verilmir və s. Bütün gecə bu düşüncələrlə və ağrı içində qıvrıldım. Səhər duranda gördüm yastığım yuyulmuş kimi yaşdır. Doğrudanmı, ağlamışdım. Bəlkə doğrudan da neçə günün stresi və ağrıları, özümdən asılı olmayaraq, göz yaşına çevrilmişdi. Yoxsa otağın nəmliyidi çökmüşdü yorğan-döşəyə?! Tezdən evdən çıxanda əmindim ki, bir daha meydana qayıtmayacağam.

Günorataya kimi Elektroterm və “Ulduz” zavodlarına baş çəkdim. Dünən meydanı tərk edənlərin böyük bir qismi dağılmaq qərarımızın düzgün olduğunu deyirdilər. Amma gecə ordunun xalqa toxunmadığını eşidəndə əhvalları dəyişirdi. Elxan iş yerimdə məni gözləyirdi.

– Neyləmək istəyirsən?

– Neyləyəcəyəm. İşlərim tökülüb qalıb.

– Nə danışırsan? Bu boyda zəhmətini yerə vurmaq istəyirsən?

– Mən sözümü dedim! Bundan sonra ora niyə qayıtmalıyam!

– Dəlisən, vallah. Sənin sözünlə meydan dağıldı. Yerdə qalanları isə dağıtmaq mümkün deyil. Sən bəyəm bilmirsən, meydanın alt qatında nələr baş verir?

– Mən dondan-dona düşə bilmirəm. Dünən sözümü dedimsə, bu gün necə qayıda bilərəm ora?

– Qayıtmırsan, qayıtma! Siz yoxsunuz, buna görə də kürsüdə xeyli yeni adam peyda olub. Dərə xəlvət, tülkü bəy! Çıxışlarında “ziyalılara, şairlərə inanmayın” – deyirlər. Başa düşmürsən bu nə deməkdir? “Şair” deyəndə səni nəzərdə tutmurlar, şübhəsiz, hədəfləri məlumdur: xalq şairləri, vəzifəlilər. Amma meydana qayıtmasan bir azdan sən də hədəfə dönəcəksən!

– Xalq buna imkan verməz!

– Bu gün artıq bir neçə çıxışda Neməti xalqa qəhrəman kimi təqdim etmək cəhdi duydum. Halbuki, dünən eyni mövqedən danışdınız, ikiniz də dağılışaq dediniz, ikinizi də camaat çiyninə alıb apardı. Amma gördün, onu vağzaldan geri qaytardılar.

– Bəyəm o özü qayıtmayıb?

– Nə özü? Bunlar oyundur! Mənə inan! Bildiklərimin çoxunu sənə deyə bilmirəm. Qorxuram mikrafonla xalqa açarsan!
– Qorxma! Amma sən də mənə qulaq as! Ola bilsin Neməti kimsə qaytarıb, əlaqələri var. Ola bilsin! Amma o, bu boyda hərəkata xəyanət eləməz!

– Bunlar sonranın söhbətidir. İndi meydana qayıtmalıyıq. Neçə günlük əziyyətimizi yerə vurma!

Küçələrdə əvvəlki qəhrəmanlıq havası duyulmurdu. Hər tin başı tanklar dayanmışdı. Lülələri qərənfillə bəzədilmiş, uşaqlar tankların üstünə dırmaşıb əsgərlərlə bərabər oturublar, zarafatlaşırlar. Elə bil bu zəhmli maşınlar zavoddanca lüləsi qərənfilli buraxılıb, mərmisi də qərənfildi. Ölüm saça bilməz onlar! Amma əslinə qalsa , əsgərlər, tankların böyür-başında dolanan uşaqların üstünə göndərilib, onların ata-analarını, özlərini xışlamağa hazırdı bu cəhənnəm makinaları! Görünür, hələ məqam yetişməyib! Bu fikirlə, tank lülələrinin bizə tuşlandığını, bu tırtılların altında asfalta yaxıldığımızı təsəvvür eləyə-eləyə, aralarından çətinliklə keçə-keçə gedirdim. “Əfqan”lar iki-üç cərgə əl-ələ tutub tanklarla üz-üzə dayanmışdılar. Sonra bildim ki, onlara əvvəldən yaxşı tanıdığım Xudu başçılıq edir, mənə həmişə zarafatla “dayılarımdansınız” – deyirdi, anası Perimbellilərdəndi. İşğalçı müharibədə min cür əziyyətlər görmüş, ölümün ağzından çıxmış boylu-buxunlu cavanlar indi “doğma” ordularına “dur!” deyib yolları kəsmişdilər. “Dur! Bura Əfqanıstan deyil! Dur!”. Müharibə vaxtı o makinalar Bakının benziniylə hərəkət edib. Bütün Avropanı bizim yanacaqla xışlamısınız! İndi hansı haqla bu müqəddəs, xilaskar, qəhrəman şəhərə soxulursunuz?!”

Görən kimi aralanıb yol verdilər. Qabağımıza düşəni də oldu. Camaatı yarıb “yol verin, Sabir bəyə, yol verin!” – deyə yol açırdı. Ağır psixoloji sarsıntıyla yaşadığım dünənki günün heç bir əlamətini duymurdum. Dünən “dağılışaq!” deyib onların çiynində getmişdiksə, indi tribunaya nə üzlə çıxaq – deyə düşünürdüm. Lakin meydan ayrı ovqatdaydı. Tankların meydana çatıb dayanması, xalqın üstünə yeriməməsi qəzəblə yanaşı inamı da artırmışdı. Meydan dünənə də bu günə də təbii baxırdı. Buna görə həmişəki ehtiramla aralanıb yol verir, alqışlarla irəli ötürürdülər. Dörd yandan “Halal olsun!”, “Qurban olum sizə!” “Amandı, parçalanmayın!” nidaları eşidilirdi. Əlimi sıxır, boynuma sarılırdılar.

Dünən yaşadığım duyğuları meydandan gizlətmədim: “Mən dünən özümü geri çəkilməyə məcbur olan ordunun sərkərdəsi kimi hiss edirdim. İki yüz il ərzində olduğu kimi, indi də Şimaldan gələnlərin qarşısında acizliyimiz, bunlara boyun əyməkdən başqa çarəmizin qalmaması məni sarsıtmışdı. Bu ağrılarımı duyub, teleqramlarla ağrıma şərik olanların sözləri göz yaşından yoğrulub. Biz bu günlərdə millətimizin qəhrəmanlıq ruhunu göstərmişik, amma meydanda qarışıqlıq düşsə hərəkatın heç bir qəhrəmanı olmayacaq. Bu hərəkata qan ləkəsi düşməsini istəmirəm”.
Axşam general-polkovnik Tyaqunov xalqa müraciət etdi…

Ordu gələndən sonra rəhbərliyin dili açılmışdı. Dünən yalvara-yalvara söz istəyib, meydanı dünyanın ən yüksək ibarələri ilə tərifləyib, xalqdan aman umanlar indi meydana beş-üç araqızışdıranın toplaşdığına iddəa edir. Meydanı gözdən salmaq üçün dəridən-qabığdan çıxırdılar. Amma bu, mümkün deyildi. Meydan Azərbaycan ruhunun ən uca zirvəsiydi və bu zirvədə mən ömrüm boyu duymadığım bir xoşbəxtlik, daha doğrusu xoşbəxt bir rahatsızlıq içindəydim. Xalq hətta boş əllə də tankların üstünə getməyə hazırdı. Yüz minlərlə adamın sənin bir işarənə bənd olduğunu görüb təmkinini pozmamaq, ülgüc ağzıyla gedirmiş kimi, hər an ayıq olmaq böyük güc və daxili müvazinət istəyirdi. Ömrüm boyu özümü səbirsizlikdə qınasam da bu məsuliyyət birdən-birə məni dəyişdirmişdi. Bir neçə gündə otuz-qırx yaş böyümüşdüm. Tribunaya gələn altmış-yetmiş yaşlı kişiləri, ağsaqqal ziyalıları tay-tuşum bilirdim. Ordunun quşatması meydanın şüarlarına səfərbərlik və döyüş havası gətirmişdi. “Min il kölə kimi yaşamaqdansa, bir il ağa kimi yaşayaq!”, “Diz üstə yaşamaqdansa, ayaq üstə ölmək yaxşıdır!”.

Xalqı çaşdırmaq üçün hər gün yeni-yeni şaiyələr buraxılır. Mənim adıma gələn teleqram və məktubların sayı bilinmir. Amma təkcə məktub deyil. Neçə gündür dərdimizi bölüşdürənlər qonşu respublikalardan, dövlətlərdən axıb gəlir. Təbriz radiosu hər gün meydandan danışır. Türkmənistan, Türkiyə, Gürcüstan, Dağıstan, Tatarıstandan gələn qonaqları “Bu haqq yolunda biz də sizinləyik” deyirlər.

Köhnə jurnalistika təcrübəsi, senzorlarla illər uzunu hər söz uğrunda apardığımız mübarizə içimdə qəribə bir söz məsuliyyəti yaradıb. Ən sərt yazılarımda da şəxsiyyəti təhqirdən qaçmışam.

Kimsəni söymədən, alçaltmadan, yəni dünyanın qanunlarına və mənəvi, siyasi haqlarımıza söykənib danışıram. Kəfəni boğazımıza keçirsək də, bu kəfənlə öldürülməyimizin mümkünsüzlüyünü bilirəm. Amma ordu gələndən sonra əsəblərim dözmür, bütün daxili senzura götürülüb, əngəllər qırılıb, çıxışlarıma zəhər, Allaha və taleyə üsyan qarışır… “Moskva kordur! Qoy Qorbaçov arvadıyla gəlsin bu meydana, xalqa cavab versin!”

Meydanın doqquzuncu-onuncu günləri Respublika Ali Sovetinin növbədənkənar sesiyasının çağrılması tələblərim səslənir. İlk dəfə Moskva qəzetləri və “Vremya” televiziya proqramı meydanı göstərib, çıxışımdan parça verib. Şəhərə ordu yeridiləndən sonra meydanda Qarabağ məsələsi nisbətən arxa plana keçib. Millət başa düşür ki, Ermənistanı, Qarabağı qızışdıran Moskvadır. Moskvadan qopmaq! Artıq bunun məqamı yetişib. Bu həqiqətin dərki – Azərbaycanda Milli-azadlıq hərəkatının və yeni tarixin başlanğıcı idi.
…..

17-cü parça

MEYDAN-7

Azərbaycan tarixinin təkrarsız günləri idi, heç bir salnaməyə, heç bir kitaba sığmayan hadisələr baş verirdi. Bütün rayonlar və bütün müəssisələr ayaq üstəydi. Hər rayonun öz balaca Azadlıq meydanı vardı. O meydanlar gözə görünməz xətlərlə bizə bağlıydı. Buna baxmayaraq hərəsinin öz siması, gizli və açıq qüvvələri, öz liderləri, Bakıyla əlaqəçiləri vardı.
Ordu ilə xalq üz-üzə dayanandan sonra Əfqanıstan müharibəsinin iştirakçısı olmuş keçmiş əsgərlərin çevik bir şəkildə bütün meydanı əhatəyə almaları, əl-ələ verib iki-üç cərgə, üzü tanklara dayanmaları, tankların altında qalsalar da onları irəli buraxmayacaqlarını göstərmələri meydana yeni ruh verib. Həm də nəhayət meydanın idarə olunmasının qaçılmazlığı anlaşılıb. Bu iki adamın işi deyil. Yüz minlərlə insanın toplaşdığı yerdə yüzlərlə qayğı var.
Nümayiş komitəsi yaratmaq ideyası səsləndi. Hətta bir siyahı da hazırlanıb. Cavan yazıçılardan Səfər Alışarlı adları meydana elan edib. Meydanda kortəbii bir təşkilatlanma gedir. Hərəkatın böyüməsini istəyən sadə camaat aramsız müraciət edir, aldığım məktubların ardı-arası kəsilmir «Nemət gəncdi, fəhlədi. Ondan inciməyin. Yola verin. İdarə edin bu hərəkatı. İş bu meydanla bitmir.» Amma bu real liderliyin ətrafımızda bir çoxlarını narahat etdiyi də göz qabağındadır. Bu münasibət meydanı tərk edib, yenidən qayıdandan sonra daha aydın görünür. Müəyyən bir qrup nəyin bahasına olur-olsun Neməti qabağa verməyə, onun adını xüsusi vurğulamağa cəhd göstərir. Nemətdə belə bir ayrılıq fikri duymuram. Lakin meydan onu hər gün dəyişir. Həm yaxşılığa, çıxışlarının kəsəri artır, həm də pisliyə, kimlərinsə təsiri altında sözünü tez-tez dəyişir, razılaşdığımız şeyləri sonra boynundan atır, meydan yavaş-yavaş onu havalandırır, özündən razılığı hər gün birliyimizə yeni təhlükə yaradır. Əvvəlcə meydan dağılarkən, kiminsə təkidilə mənə xəbər eləmədən geri qayıtdı, sonra nümayiş komitəsinin üzvlərini bir yerə yığıb təşkilatlanma işinə başlayanda geri çəkildi və bunu mikrafonla xalqa elan etdi. Guya zala getsək orda bizi aldadacaqlar, Sabiri kənarlaşdıra bilərlər. Halbuki, bu kənarlaşma və kiminsə diqtəsilə oturub-durma onda daha aydın görünürdü. İlk günlər meydanı dağıtmağa çalışırdısa, indi aylarla burda qalmağa çağırırdı. Meydanda pul yığılmasının təhlükəsini və bundan kimlərin necə istifadə edəcəyini ona izah eləsəm də, artıq meydanda “pulu yalnız mənim göstərişimlə yığın!” – deyə elan edir. Xırda şeylərdi – deyib əhəmiyyət verməsəm də, meydan fikir ayrılığını hiss edir. Maraqlı cəhət budur ki, meydan basıb-kəsmək çağırışına daha meyillidir. Bir yerdə olmaq hamını hövlləndirib, yanaşı dayanmağı qırılmaz birlik sayanlar çoxdur. Camaat onsuz da birdir, bura da təmiz istəklə gəlib. Amma onların kürəyində, çadırlarda, meydanın sağında, solunda ucalan otellərin otaqlarında, arxadakı Hökumət evinin bər-bəzəkli kabinələrində hansı qurğular qurulduğundan xəbərləri yoxdur. Xalqın fikri Qarabağda, ermənilərin xəyanətkarlığında, Moskvanın satqınlığında, özümüzkülərin fərsizliyindədir… Xalq bilir ki, onun bu ağır günündən yararlanmaq istəyənlərin sayı-hesabı yoxdur. Biri təşkilat yaratmaq istəyir, biri toplaşanları cəbhə adlandırıb arxasınca aparacağını zənn edir. Biri meydan adına pul yığır, biri də pul yığanların siyahısını tutur. Abşeron otelinin on birinci mərtəbəsində isə, bu meydanın alov kimi şəhəri bürüməsi və nəticədə qocanın üzünə ağ olanların küçəyə atılması, “ölkənin əsl sahibi”nin qayıtması planlaşdırılır. Bilərəkdən, ya bilməyərəkdən bu işə xidmət edənlər çoxdur. Amma Nemətin nə işi var orda? Nəyinə lazımdır?.. Bu gün diqqəti Qarabağdan yayındırıb daxili çəkişmələri gücləndirəndə, hakimiyyətin bəhanəsi artır, ordunu soxur ortaya, komendant saatı qoyur, əlimizi- qolumuzu bağlayır…
26-lar sarayında Komitənin ilk toplantısı keçirilirdi. MEydanın təkidiylə iclas keçirilməyə yer ala bilmişdik. Səhərdən axşama meydanda olduğumuza görə, Firudin Ağasıoğluna Komitənin işini təşkil etmək tapşırıldı.
İndiki Azadlıq prospektinin başlanğıcında yazıçıların kooperativ evinin xeyir-şər otağı Nümayiş Komitəsinə verildi. Hökumət ciddi tələblərimizə sussa da belə xırda işlərdə tərəddüd eləmirdi. Vəzirov oturduğu binanın böyüyürdü. Respublikanın real gücü biz idik və həmin günlərdə Azərbaycanın taleyi, gələcəyi, əslində bizim ağlımızdan və insafımızdan asılı idi. Heç bir nazirliyin, heç bir müəssisə rəhbərinin bir sözümüzü iki eləməyə hünəri çatmırdı. Axşam komitənin emblemindəki iki hərfi oxuyanda Nüsrət Kəsəmənli zarafatla «bu elə mənim adımdı ki», dedi. Makina gətirdildi. Masalar, oturacaqlar qoyuldu və iş başlandı. NK əsl savaş qərargahına döndü. Çıxışlar qurtarandan sonra qərargahda toplaşdıq. Nemət gəlmədi. Əbülfəz bəy onunla danışıb, yola gətirməyi boynuna götürdü. Təəssüf ki, bunun əvəzinə özü də orda qaldı. Nemətə alaçıq qurdular. “Xalqın içində”. Guya yazıçıların xeyir-şər otağı xalqın içi deyildi və bura toplaşınlar da Nemətin təcrübəli dostları, yoldaşları yox, Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları idi. Zarafat-zarafat Nümayiş Komitəsinə belə bir ləkə yaxmaq cəhdi də oldu. Amma səmərəsiz işdi. Respublikanın bütün intellekt, ağıl daşıyıcıları, millətə yanan adamları, kürsüyə yaxın düşmək imkanı olmayanlar da bizim qərargaha gəlib-gedirdilər. Meydanın mühafizəsi təşkil olundu. Yüzlərlə adam cəlb edildi. Ciddi etirazlarıma baxmayaraq hətta mənim də mühafizəm müzakirə olundu. Zorla iki nəfər cangüdən qoşdular mənə. Hər axşam ötən günün hadisələri, təkcə meydanda yox, şəhərdə və rayonlarda gedən hadisələr təhlil olunurdu. Meydana gələn məlumatlar toplanır, uyğun qərarlar qəbul edilirdi. Gələn ərzağın bölünməsinə yardım edilirdi. Amma pul toplanmasının əleyhinə idim və Nemətin müraciətindən sonra bütün pul yardımları onun çadırında toplanırdı.
NK-da dəqiq hesab aparıldığına, bütün yardımlar jurnalda qeyd olunduğuna, hamıya bu barədə qəbz verildiyinə görə narahatçılığımız yoxdu. Təcrübəli, etibarlı adamlardı, belə bir vaxtda nəyəsə göz dikəcəkləri inanılmazdı. Ürəyimdə nə isə qırılmışdı. NK ilə Nemətin çadırı ayrılandan sonra iddəalar aşkarlanmışdı. Nemət bir neçə dəfə NK-nə gəlsə, burda toplaşan yoldaşlarının, ağsaqqallarının fikirlərini dinləyib, razılaşsa da çadıra gedən kimi dəyişilirdi. Elxanın şübhələrinə haqq qazandırmaqdan başqa yolum qalmırdı. Amma gizli şəbəkənin qol-qanadı çox genişdi, hamısını təsəvvürə gətirmək çətindi. Lap elə hamısını öyrəndin, nə xeyri? Kimə deyə bilərsən ki, niyə qarışırsan bu işə. Deyəcək biz də xalqın bir parçasıyıq, kənarda qala bilmərik! O ki, qaldı Elxanın başqa bir iddəasına, yəni Nemətin H. Əliyevin adamlarının işarəsiylə hərəkət eləməsinə, onlardan komanda almasına, bunu da demək olmazdı. «Əvvəla bu meydanda H.Əliyevin tərəfini saxlayan xeyli adam var, ikincisi, onlar da vətəndaşdır, bəlkə elə sidqi ürəkdən kömək etmək istəyirlər, lap elə H.Əliyevi gətirmək istəyirlər, nə olar? Mən dövlət başçısı olan deyiləm ki?! Bu gün xalqın inandağını, sevdiyini görüb dözürlər, sabah hakimiyyəti ələ almağa təşəbbüs göstərsən beş yerə parçalanıb düşəcəklər üstünə. Moskva da ölməyib axı! Vəzirovu yeni göndəriblər. Onu çıxarıb məni qoymayacaqlar ki!.. İndiki vaxtda H.Əliyevin üstünlükləri çoxdur. Qorbaçovun kimliyini və ermənilərin arxasında kimlərin dayandığını hamıdan yaxşı bilir. Moskvadan da boğaza yığılıb. Başı daşdan-daşa dəyib. Gəlib heç olmazsa bu dəfə ürəkdən öz millətinə xidmət edər. Ermənilər ona buynuz göstərə bilməzlər. Vurub əzər! Vəzirov kimi xanımbacı deyil. Yumruğu var, iradəsi möhkəmdir. Bilmirəm erməniyə göstərər ya yox, amma özümüzə çox göstərib…»
Bu fikirləri götür-qoy eləyə-eləyə, son günlərdə məni tək buraxmayan Elxanla birgə Nemətin çadırına getdik. Açıq danışmaq lazımdı. On gün yola gedib, meydanı idarə edə bilməsək millət bizə gülər, daş-qalaq edərlər bizi. Hansı malımızı bölə bilmirik. Xüsusən də mənə heç bağışlamazlar. «O gənc bir zavod fəhləsidir, sənə nə olub? Bu qədər ziyalı dostun ola-ola onun səninlə yanaşı dayanması, səninlə kürək-kürəyə verməsi bəs deyilmi? Hərdən özünü qabağa verməsinə, birinci olmaq istəyinə də qızma! Nə olar, sən böyüklüyünü elə, ver onu qabağa!..» Belə deyərdilər və deyirdilər də! Bəzisi səmimi, bəzisi də ilan diliylə, bicliklə, bu yolla məni arxaya çəkmək, Neməti meydanın vahid liderinə çevirmək üçün… Çadırın qarşısında, yan-yörəsində toplaşanlar bizi səmimiyyətlə qarşıladılar. Onlar bizi bir adam sayır, aradakı söz-söhbətlərdən nə xəbərləri?! Çadırda dörd-beş nəfər, çoxu tanış, adam vardı. İkisi mənim yanımda xırda işlərdə çalışırdılar. İddəaları böyük olsa da hələ yetişməmişdilər. Orta istedadlı, böyük iddəalı adamların faciəsini hamımız bilirik. Sonra məlum oldu ki, onlar Nemətə kömək etmək, öz dediklərinə görə, onun «çıxışlarını yazmaq» üçün toplaşıbmışlar. İlk baxışdanca gülməyim tutdu. Necə də seçilib yığılıblar. Nemət fəhlə də olsa, kağızsız-filansız bunların yaza biləcəyi bütün variantlardan daha ağıllı danışa bilərdi. Amma niyə bunları toplayıb başına. Onları görəndə başa düşdüm ki, bu çadırda mənimlə bağlı səmimi söhbət gedə bilməz. Çadırın ümumi havasında bir soyuqluq, yadlıq duydum. Nemət açılan çarpayıda uzanmışdı, yorğun, üzü tüklənmiş, sifətində əvvəllər müşahidə etdiyim sadəliklə son günlərin təkəbbürünün tutqun, anlaşılmaz bir qarışığı. Bir neçə qız da vardı. Biri eləcə yerdən Nemətin çarpayısının yanından oturub gözünü ona zilləmişdi. Bizi görəndə qalxıb yana çəkildi. Mənə elə gəldi, hardasa görmüşəm bu qızları. Hətta birinin adı da düşdü yadıma… Kətil verdilər oturduq. Nemət yerində dikəldi. Məni görəndə həmişə üzünü saf bir təbəssüm bürüyür.
– Xoş gəlmisiz!
– Sağ ol! Nə olub? Xəstələnmisən?
– Yox! Bir azca soyuqlamışam. Əynim nazikdir. Bir yandan da yuxusuzluq.
– Bəs niyə gəlmədin Nümayiş Komitəsinə?
Güldü…
– Görmürsən, çadırın ətrafında nə qədər adam var. Qoymurlar. Həm də Komitəyə nə ehtiyac? Özümüz yola verərdik.
– Axı, mənsiz razılaşmısınız. Nümayiş Komitəsini də siz elan etmisiniz. Siyahını da siz tutmusunuz.
– Düzdür, əvvəl razılaşdım, sonra gördüm meydanda, camaatın içində olmaq məsləhətdir…
– Ora da uzaq deyil, meydanın qırağıdır. Bu iş razılıqla görülübsə belə ikitirəlik olmaz! Biz orda, sən burda. Bilmirlər hara müraciət eləsinlər. Meydanda da çaşqınlıq yaranar.
– Yaranmaz. Özümüz əlaqə saxlayacağıq. Qalanıyla işim yoxdur…
– Amma o qalanları da siyahıya siz yazmısınıx. Camaatı çaş-baş salırsınız…
Sonra ötən günün xəbərlərindən, Moskva mətbuatının müəmmalı şəkildə susmasından, 26-lar rayon fəallarının həmin gün keçirilən yığıncağından söhbət elədik. Yığıncaqda Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sesiyasının çağırılması və orda Dağlıq Qarabağ vilayətindəki vəziyyətin müzakirə edilməsi, vilayətin ləğvi, Ermənistandan gələn qaçqınların orda yerəşdirilməsi və s. tələb edilmişdir.
– Sesiya çağrılsa, Ali Sovetin rəsmi qərarı olsa, bəlkə Moskvaya təsir elədi. Yoxsa, özünü karlığa, korluğa vurub, – dedim.
– Ona görə də meydan getdikcə Moskvanın əleyhinə çevrilir…
– Şəhərdə vəziyyət ağırdır. Ordunu hərəkətə gətirmək üçün ermənilərin əliylə bir-iki rus öldürsələr bəsdir – deyə rahatsızlığımı bildirdim.
Elxan əlavə elədi:
– Bu gün bir neçə yerdə tanklara, əsgərlərə sataşıb, şüşə, daş atıblar. Aydınlaşdırıblar, Məlum olub ki, ermənilərdir. Sumqayıtı təkrar eləmək istəyirlər.
– İnşaallah olmaz! Bakının öz ənənələri var. Həm də qorxulu məqam keçdi. Amma yenə də öz fikrimdə qalıram. Meydanı vaxtında, urvatlı dağıtmalıyıq.
Nemət ayaqlarını çarpayıdan kənara sallayıb oturdu:
– Elə bilirsən mən başa düşmürəm. Bəla burasındadır ki, bizi eşitmədilər. Yenə desək, yenə dağılmayacaqlar. İnciyib getsək, bura başsız qalacaq. Sonrası daha pis olacaq.
– Hər halda biz kütlənin girovuna çevrilə bilmərik. Bilsəm ki, dağılmaq istəməyənlər yalnız DQ yanğısıyla, bizə cavab verilmədiyinə görə dağılmırlar, fikir eləmərəm. Bəla burasındadır ki, onların çoxu tapşırıqla qalır, qoy toqquşma olsun, Vəzirov getsin, başqası gəlsin.
Diqqətlə Nemətə baxır, sözümün təsirini gözləyirdim.
– Vəzirov gedəndə nə olacaq ki?
– Getməyini mən də istəyirəm. Bir halda ki, o, Ermənistandan gələn qaçqınları DQ-a buraxmaq istəmir, bu tarixi imkanı əldən buraxır, deməli qala bilməz, amma elə bilirsən sən istəyən adam gələcək, ya məndən soruşacaqlar. Qulaq as! Ordu yəqin ki, bir neçə gün də gözləyəcək, meydan sözə baxmasa zorla dağıdacaqlar. Real hakimiyyət keçəcək hərbiçilərin, komendantın əlinə. Ondan sonra fərqi yoxdur, Vəzirov, Həsənov, Əliyev, əl-ayağımız bağlanacaq.
Elxan əsəbiliklə:
– Ermənilərə də elə bu lazımdır – dedi.
Mən sözümü davam etdirdim:
– Buna görə də sabah axşam yığışaq bir yerə. Bura sığışmarıq. Nümayiş Komitəsinə yığışaq, ağıllı-başlı götür-qoy eləyək, plan cızaq, sonrakı addımlarımızı düşünək.
Nemət razılaşdı:
– Nə deyirəm ki! – Sonra gülə-gülə əlavə etdi: – Bəlkə heç sabaha qoymayacaqlar. Dağıdacaqlar meydanı.
– Yox, bu gün-sabah o riski edə bilməzlər. Meydanda adam çoxdur. Dağılmadığını eşidib bir ucdan da gəlirlər.
Geri qayıdanda Elxan qolumu sıxıb söhbətimizi kənardakılar eşitməsin deyə asta-asta üyüdüb tökürdü:
– Gördün, qızları. Biri Böyükşorda yaşayır. O biri də müəllimədir, 8-ci km-də işləyir, məktəbdə… Müharibə ən qədim peşə sahiblərini də qəhrəmana çevirir.
Mən ona əsəbiləşdim:
– Bu meydan sənin dediklərini çoxdan unutdurub. Hər şeyin üstündə bir Vətən əxlaqı var. O, ortaya çıxanda hamı qəhrəmana dönür…
Elxan geri çəkilmədi:
– Hələ o müəlliməni demirəm. Bilirsən, kimlə görüşür. Məşhur adamdır. Desəm tanıyacaqsan.
Sözünü kəsdim:
– Başım onsuz da qazana dönüb! Sən Allah, bu arvad söhbətlərini də yükləmə mənə. Hərənin öz taleyi var. Onları o yola salan da elə bizlər olmuşuq!
Elxan tövrümü görüb susdu…
Orduyla üz-üzə dayanmaq xalqa xüsusi bir ruh verirdi və çıxışlara da təsir göstərirdi. Həmin gün Nemətin çıxışları əvvəlkilərdən fərqlənirdi, daha cəsarətli və getdikcə daha məlumatlı. Məsləhətlərin təsiri duyulurdu.
Bir gün sonra, razılaşdığımız kimi, gəldi. Adam çox idi. Müzakirə bir gün əvvəl, çadırdakı söhbətimizdən çox da fərqlənmirdi. Nemət məndən, Əbülfəz bəydən başqasına qulaq asan deyildi. Meydan onu keçmiş yoldaşlarından gizli bir əllə ayırırdı. İkimizin də dünənki mövqelərimiz qalırdı. Hərə öz fikrinin düzlüyünə inanırdı. Təkcə Əbülfəz bəy heç kimin xətrinə dəyməsin deyə gah Neməti, gah məni müdafiə edir, gedib-qalmaq, NK-nin yeri, işi barədə fikrini qırıq-qırıq deməklə manevr eləməyə yer saxlayır, məsuliyyəti bölüşmək istəmirdi.
Axırda dözə bilmədim:
– Bəy, xahiş eləyirəm, dəqiq fikrini de! Nə vaxta qədər Morze əlifbasıyla danışacaqsan!- Olmadı da! – deyib güldüm.
Meydanda öndə olmaq məni dostlarımla daha ehtiyatla dolanmağa vadar edirdi. Xətirlərinə dəymək, meydana uyub şişdiyimi düşünmələrini istəmirdim. Mikrafonda nə qədər qətiyyətli danışsam da, burda razılıq yolu axtarmaqdan başqa çarə yoxdu… Həm də «bəy» bizdən yaşlıydı, əziyyət çəkmiş adam kimi yeri ayrıydı.
Əvvəl gözlərini qıyıb diqqətlə mənə baxdı. Dodaqları incimişcəsinə büzüşdü. Yəqin bir anlığa vəziyyətimizi, öz vəziyyətini və dediyi sözləri fikirləşdi, mənim haqlı olduğumu ürəyində etiraf elədi və özü də güldü!
– Morze əlifbası! Deyirsən Morze əlifbasıyla danışıram, hə?!
– Xətrinə dəyməsin, tək sən yox e! Hamımız beləyik! Neçə saat müzakirə olar?! Ya qəti qərara gələk, ya da hər şeyi buraxaq Allah ümidinə! Sən də qalmısan Nemətlə bizim aramızda. Başa düşürəm, amma gərək o da başa düşsün. Millətin taleyiylə oynamaq olmaz! Camaat gözünü bizə dikib!..
Əbülfəz bəy ciddiləşdi:
– Bəs nə eləyək deyirsən? Bu sözləri alçaq Vəzirova deməliyik, düzünə qalsa. Görmürsən susur, xalqı vecinə almır. Xalqı elə səninən mən düşünməliyik?! Qoy düşünsünlər də özləri! Bu millət qırılmasa ayılan deyil!
– Qırılaq e, bəy! Mən qırılmağımızdan qorxmuram, amma Bakıda yox, Qarabağda. Bakıda gücümüzü göstərdik. Bakı da, Moskva da gördü. Belə getsə bilirsən də nə olacaq?! Artıq odun buraxmırlar, meydana. Kişilər paltolarnın, qadınlar ətəklərinin altında tək-tək odun gətirməklə neyləyəcəklər? Ocaqlar öləzidikcə ruh da öləziyəcək, sonra işıqları kəsəcəklər, Meydandan əzilmiş çıxsaq, bir də nə vaxt yığışa bilərik?..
Mənim dediklərimlə razılaşırdı, lakin bu boyda əziyyətdən sonra cavabsızlıq, ordunun Qarabağ əvəzinə Bakıya gönddərilməsi ona da çox ağır gəlirdi… Neçə il sonra bir gün həmin söhbəti xatırlatdı mənə. “Yaman demişdin ha, o Morze əlifbası məsələsini!.. Tez-tez yadıma düşür. Bizdə günah yoxdur e, bəy, dərdimiz o qədər çoxdur ki, fikrimiz o qədər qarışır ki, bir-birinə…”

 

18-cü parça

MEYDAN-8

Nümayiş Komitəsinin timsalında gələcək təşkilatın nüvəsi yaranmışdı. Məhəmməd Hatəminin, Nemətin bu komitədən razı qalmamalarını başa düşə bilmirdım. Çünki bu komitə ümüumi razılıqla yaradılmışdı. Sonra nə baş verdi?
Elxan həmişəki kimi güzəştsiz danışırdı: “Bilmirsən səbəbini – dedi. – Nümayiş Komitəsi liderlik iddəalarının sonudur. Burda ağıllı-başlı bir kollektiv yaranır. Nemət isə ordu sərkərdəsi olmaq istəyir. Nağıllardan ayrıla bilməyib. Məhəmməd Hatəmi də sabahı fikirləşmir. Cənub qanıdı, kükrəyəndə hər şeyi bir gündə silib atmaq istəyir. İki cüt, bir tək adamla zordan, silahlı müqavimətdən, savaşdan danışır.”
“Buna da ehtiyac olacaq – dedim. – Ermənilər ki, belə başlayıblar, bu xamır çox su aparacaq”. “Ola bilər – Elxan etiraz etmədi – Qarabağ öz yerində, ancaq Bakıda gücdən danışmaq, vətəndaş muharibəsinə çağırmaqdır. Erməniyə bundan gözəl xidmət olmaz.”
Beləcə mübahisələrimiz uzanırdı! Bir dəfə Fərman Kərimzadə çıxdı söhbətin üstünə.Qalın, saralan bığlarının altından siqaretə dərin bir qullab vurdu, gözləri qıyıldı, uzun, gur saçlarını ovcuyla geri sığallayıb dedi: “Arxayın vaxtı sənə danışaram. Mən çoxunun kökünü, əsil-nəcabətini tanıyıram. Onun-bunun hikkəsinə də fikir vermə. Düz yoldasan! Milləti qırğına vermək olmaz. Ordan Ermənistan camaatını qovurlar. Bir ucdan axıb gəlir. İş görmək, onlara kömək eləmək əvəzinə burda iflic olub otura bilmərik.”
Söz verdim, qəzəbli bir çıxış elədi. Sonra mənə yaxınlaşıb “gedirəm, – dedi, – bir dəstə yoldaş yığışmışıq. Ermənistanlılardı. Gələnlərə kömək eləmək istəyirik. Bəlkə bu günlərdə Moskvaya getdik. Görək kimlə görüşə bilirik.”
Söz arası ona yanaşan dolu bədənli, qarabuğdayı kişini qucaqladı. “Mamednən tanışsız? Məmməd Əsədov! Mənim köhnə dostumdu.” “Hə, adını eşitmişəm, ya sənin, ya Nərçə Ağayevin dilindən.”
Məmməd Əsədov meydandan, məni qiyabi tanıdığından xeyli xoş söz dedi. Fərmana qoşulub getdilər. İş elə gətirdi ki, bir ara görüşə bilmədik. Fərman Moskvaya getdi, sonra yaratdıqları mərkəz xəttilə qaçqınların yerələşdirilməsilə məşğul oldu. Mənim də öz işlərim. Görüşəndə də qayğılı, ayaq üstü… Ermənistanda 50-ci illərin əvvəllərində boşalmış yurdlarımızı yenidən necə doldurub, abadlaşdırdığımızdan qürur duyan Fərman birdən-birə sarsılmışdı. Özünə yer tapa bilmirdi. Yəqin elə buna görə, bu boyda dərdin qabağında tribunada «dostlarım» haqqında dediyi sözün üstünə qayıtmadı. Mən də soruşa bilmədim…
Ən gur vaxtında meydana bir milyon insan yığışırdı. Meydan onların hamısınındı. Hərənin öz meydanı, öz gördüyü meydan vardı. Hərə bura bir yolla gəlmişdi, bir yolla da gedirdi.
Meydanda hamı bir-birinin qoruyucusuydu, amma ordu gələndən sonra şəhərdə vəziyyət mürəkkəbləşmişdi və hər cür qarışıqlıq sala bilərdilər. Onsuz da təxribatın bütün vasitələrinə əl atmışdılar. Sumqayıtdan gözü qorxan camaat ehtiyatlanırdı. Ermənilər meydana soxulmağa çalışırdı; Yolda saxlayırdılar. Əsgərlərə qarşı kobudluq edib, onları şəhər əhalisinə qarşı qəzəbləndirməyə çalışırdılar, amma ordu şəhərin dərdini başa düşmüşdü. Əmr olmasa tankları yerlərindən tərpətmək fikirləri yoxdu. Meydanla, bakılılarla birgə yeyib-içir, hadisələrin gedişini izləyirdilər. Hər nə isə, sözüm orduda deyil, cangüdənlərdədir… Meydandan ayrılanda məni tək buraxmırdılar. Tanımadığım, boylu-buxunlu cavan oğlanlardı. Bir gün uzaq rayonların bir kəndindən ərzaq və pul gətirmişdilər. Nədənsə ancaq mənə xəbər vermək, rayona da məndən söz aparmaq istəyirdilər və təkidlə tribunaya qədər gəlib çıxmışdılar. Ərzağı vermişdilər, amma pulu hökmən mənə çatdırmaq istəyirdilər, rayon camaatı mitinq keçirib onları yola salanda belə tapşırıq olub… Başa saldım ki, mən meydanda bircə nəfərdən də pul almamışam, əvvəldən «məni bu işə qatmayın» demişəm, həm də indi tribunadayam, alıb hara qoyum, kimə verim, harda qeyd olunsun, sizə necə qəbz verim? Gələnlər təkid elədilər: “Vəziyyətimizi nəzərə al, uzaq rayondur, qayıtmalıyıq, tapşırıq da belədir, xahiş eləyirik, sənə inanırıq, özün həll edərsən.” Ürəyimdə düşündüm, inanmağa düz eləyirsiniz, amma məni də pis vəziyyətdə qoyursunuz. Bura neçə günə və necə çətinliklə gəldiklərini, saqqal basmış üzlərindəki yorğunluğu nəzərə alıb sözlərini yerə sala bilmədim, amma öz sözümü də yeritdim, pulu almadım, cangüdəni göstərib, “verin ona, axşam Nümayiş Komitəsində qeyd elətdirər” – dedim. Balaca bükülünü cangüdənə verib, “600 manatdır” – dedilər və razılıq edə-edə getdilər. Axşam başım qarışdı, pulu da unutdum. O biri gün “cangüdənimi” görmədim. “Rayonda xəstəsi var, gedib” – dedilər. Kəsəsi budur ki, cangüdən qayıtmadı. Bu yoxa çıxmanın səbəbini mən yalnız meydan dağılandan sonra öyrəndim Bəhmən Sultanlıdan. Oğlan həmin pulu qeyd elətdirməmişdi. Bu, meydandan yadımda qalan, mənimlə bağlı olduğuna görə unuda bilmədiyim, məni utandıran yeganə hadisə idi. Pulla, ərzaqla başqa əlaqəm olmamışdı… “Cangüdənin” bu cür etibarsızlığı, milyonların gəlib-getdiyi, camaatın varından-yoxundan keçib meydana göndərməyə hazır olduğu bir vaxtda 600 manata aldanmağı, əslində mənə də, meydana da, kənd camaatına da xəyanət idi. Buna görə də o cavan oğlanın siması yadımdan çıxmırdı…
İki il sonra 1990-cı ilin payızında, seçkilər zamanı, Xətayi rayonunda, axşam, həyətlərin birində ətrafıma toplaşan adamların arasında, həyətin az işıqlanan yerində, onun adamların arasından ürkək-ürkək boylandığını görəndə gözlərimə inanmadım. Çıxışa başlamazdan əvvəl işarəylə onu yanıma çağırdım. Əvvəlcə o tərəf-bu tərəfə boylandı. Bir daha, bu dəfə bərkdən dedim ki, “səninlə işim var”. Gəldi, heç nə olmayıbmış kimi, görüşdü, “burda ol, sonra vacib işim olacaq, istəyirəm, vəkillərimdən biri də sən olasan”. Mənə elə gəlir bu sözlə sakitləşdi, üstündən dağ götürüldü. Amma görüşdən sonra kənara çəkib “səni saxlamağımın səbəbi ayrıdır” – dedim. “Yadındadır, meydanda sənə pul verdilər, sonra aydınlaşdı ki, onu NK-nə verməmisən, qaçmağının da səbəbi bu olub, rayon-zad bəhanəymiş”.
Oğlanın nə günə düşdüyünü yazmaqda çətinlik çəkirəm. qoluma girdi: “Qurban olum, burda üstünü vurmayın, deyəcəyəm, qohumlarımız Ermənistandan gələndə yolda qəzaya düşmüşdülər, getdim, ayrı imkanım yox idi, pul xərcləndi, utandığımdan qayıdıb gələ bilmədim!”
– Dəxli yoxdur, mənə xəyanət elədin. Meydana haram qatmaq olmazdı.
– Başqaları milyonların üstündən su içdi.
– Onun sənə aidiyyəti yoxdur, – deyə səsimi qaldırdım, – mən özümə cavabdehəm. Qurban ol, bu adamlara! Yoxsa səninlə başqa cür danışacaqdım.
Əllərimdən yapışdı:
– Xahiş edirəm, əsəbiləşməyin. İndi imkanım var. Hara istəyirsən aparıb verim.
– İndi hara verəcəksən? – deyə bir anlıq fikirləşdim. sonra əlavə elədim: – Apar keçir Qarabağa Xalq Yardımı Komitəsinin hesabına. Amma qəbzini mənə göstərərsən.
Beləliklə, iki il sonra bu acı xatirədən xilas oldum.
Hər gün axşam NK-də şəhərdəki vəziyyəti müzakirə edirdik.
***
Bir gün mikrafon bağlananda Hökumət evində işlədiyini bildiyim bir kişi mənə yaxınlaşdı:
– Mədəniyyət Nazirinin otağında sizi gözləyirlər.
Həmin günlərdə Moskvadan, xaricdən gələn jurnalistlərin, ardı-arası kəsilmirdi. Türkiyədən, Avropadan gələn dostlarımız da bizi evdə yox, burda axtarırdılar. Kimin gələ biləcəyini götür-qoy edə-edə getdim, amma qapı açılanda çaşdım. Ayrı “qonaqlardı”. Vaqif Hüseynov və onun həmkarlarından birisi. Hər halda Moskvadandı. Nəyə gəliblər, nə istəyirlər? Nə isə, fikrimi toplayıb qulaq asmaqdan başqa çarə yoxdu… Söhbət başlanan kimi məqsəd bəlli olar… Aydın məsələdir, indi hədə-qorxu ilə danışmazlar. Yəqin uzaqdan başlayacaqlar… Vaqifin öz sahəsindəki fəaliyyətindən xəbərimiz yoxdur, amma jurnalist və şəhər rəhbəri kimi işini xatırlayırıq. Tanışlığımız da o vaxtdandır. İndi də hal-əhvaldan başladı. Hər halda, peşəkardır və illər uzunu vəzifələri dəyişilsə də, münasibətindəki zahiri nəzakət dəyişilməzdir. İndiki hal-əhval əvvəlkilərdən daha səmimidir. Səbəbini bilməsəm də, düzü belədir…
Sonra söhbəti dəyişir və Moskvadan DQK-dən gəlmiş qonaqla məni tanış edir. Qonaq da yumuşaq başladı. Amma tədricən söhbətin tonu dəyişildi. Sumqayıt hadisələri… Şəhərdə qarışıqlıq. Motoskletçi dəstələr… Ermənilər özləri də aranı qarışdıra bilər. Meydanda antisanitariya, İran meyilli qüvvələr. Məsuliyyət və s. Özümüzün bildiyimiz və dönə-dönə müzakirə elədiyimiz məsələlər…
– Bunları mənə niyə deyirsiniz? – soruşdum.
– Çünki meydanı siz yığmısınız?
– Meydan səbəbsiz yığılmayıb ki. Yerevanda teatr meydanında nələr baş verir?
– Ordu ora da girib.
– Nə olsun girib! Yüz minlərlə azərbaycanlı qovulub Ermənistandan. Hara baxır Moskva!..
– Onları ermənilər qovmur. Özünüzkülər dəvət edir.
– Sizi də inandırıblar bu uydurmaya? Ermənilər illər uzunu onlara qan uddurub, niyə gəlməyiblər bəs?!
– Hər halda onların gəlməsi Bakıda vəziyyəti gərginləşdirib. Məsuliyyət də sizin üstünüzdədir.
– Məsuliyyətdən qorxmuruq. İkincisi, siz məsuliyyəti boynuna qoymağa adam axtarırsınız, yoxsa erməniyə kömək etməyə?! – Qonağın laqeyd danışığı məni əsəbiləşdirirdi.
– Nə ona, nə buna! Biz gəlmişik real vəziyyəti öyrənək. Ermənistanda da, burda da gərginliyi azaldaq.
– Bundan ötrü, ilk növbədə, Dağlıq Qarabağda gərginliyi götürmək, qiyamçıları yerində oturtmaq lazımdır.
– Bilirik! Orda məsələ həll olunanda, Bakı öz-özünə sakitləşəcək. Amma hər halda yarım aydır camaat burda dayanıb.
Söhbət bura çatanda “məsələ aydındır” – deyə düşündüm. Nə Moskvada, nə Bakıda münaqişəni həll etmək, ocağı söndürmək haqqında düşünmürlər. Bunları narahat edən meydanlardı, xalqın birliyidi; yüz minlərlə insanın bir ağızdan Moskvanı, Qorbaçovu ittiham etməsi və nəhayət “rədd olsun imperiya!” deməyidi. O vaxta qədər dünya gedişatının SSRİ-ni tədricən zəiflədəyəcəyinə inanırdım, amma bunun belə sürətlə, qəfildən olacağını gözləmirdim. Bizim meydanın dünyanın hər yerindən izləndiyini bilirdim, amma bunun Moskvanın rahatlığını əlindən aldığını, onun üçün həlli tapılmayan bir müşkülə döndüyünü bilmirdim. Söhbət zamanı içimdən keçən ilk duyğu məni sevindirsə də özümü o yerə qoymadım, onlar dramatikləşdirsələr də, yəni meydanın nə qədər ciddi təhlükəyə (təbii ki, onlar üçün) çevrildiyini gizləyə bilməsələr də mən özümü elə aparmalıydım ki, sanki çox normal bir işdir, millət yığılıb etirazını bildirir, tələblərinə cavab veriləndə sakitcə dağılışıb gedəcək. Buna görə də üzümü Vaqifə tutdum::
– Neçə gündə hansı tələbimizə cavab verilib?
Amma Vaqifdən qabaq qonaq qarışdı söhbətə:
– Nədir tələbləriniz?
Mən fikrimi toplayana qədər Vaqif cavab verdi. Söhbətin gərginliyini azaltmaq istəyirdi:
– Necə desin. Yarım ayda o qədər tələblər səslənib ki!.. Raykom katiblərinin, zavod direktorlarının istefasından tutmuş Qorbaçovun istefasına qədər…
Mən etiraz elədim:
– Bunun səbəbi əsas tələblərin cavabsız qalmasıdır. Siz elə bilirsiniz meydandakılar rəsmi-keçidə gəliblər, tribunanın şüarlarını dinləyib keçəcəklər. Yox! Bu artıq yenidənqurma dövrünün (özümü sığortalayırdım) xalqıdır. Moskvanın, Pribaltikanın mətbuatını oxuyur, kosmetik dəyişikliklərlə aldanmaq istəmir. Otuz-qırx ermənini, raykom katiblərini, nazir və nazir müavinlərini, fəhlələri işdən çıxarmaqla xalqın sakitləşəcəyini düşünmək sadəlöhvlükdür.
Yenə qonaq qarışdı söhbətə:
– Fəhlələrin işdən çıxarılma yolunu siz deməmisiniz məgər?
Dalağım sancdı. Köpək oğlu meydandakı bütün çıxışlarımı izləyib deyəsən. Danışıq ayrı şəkil alırdı:
– Yox, mən kiminsə işdən çıxarılacağıyla dərdimizə çarı tapılacağını deməmişəm. Mən qanuni yol göstərmişəm. Direktorun əmrlə işçini çıxarmaq hüququ məhdud olsa da fəhlə şurası qərarlı hər şey edə bilər – demişəm.
– Ermənilərin işdən qovulmasına hüquqi don geydirmək üçün.
– Əlbəttə, biz ermənilərin vəhşiliyini təkrar eliyə bilmərik. Gördünüz 200 min azərbaycanlının bir neçə gündə necə qovdular?! Biz onların yolunu getsək, Moskva güllə-boran eləyər bizi!..
– Tez-tez Moskva deyirsiniz! Yaxşı, nə istəyirsiniz Moskvadan?
– Erməni qiyamçılarını susdurmasını. Bu hadisələrin arxasında nə dayandığını yaxşı bilirsiniz: Azərbaycandan torpaq qopartmaq! Bu gün Qarabağ, sabah Naxçıvan!..
– Şişirdirsiniz! Orda daha çox sosial məsələlərdən danaşılır.
– Yox! Ermənilərin iddəaları böyükdür. Oxumusunuz Zori Balayanın “Ocağ”ını?
– Oxumamışam! Mən ciddi jurnalistlərin, yazıçıların kitabını oxuyuram.
– Ciddi saymadığınız o jurnalistlər bu boyda münaqişənin başında dayanırlar. Moskva bunu görmür? Moskva görmür Ermənistandan da biz qovuluruq, Sumqayıtda tələyə də biz düşürük.
– Bilirsiniz Moskva bir adam deyil. Orda da müxtəlif cür düşünənlər var. Sizi Qorbaçovun guya erməni təsiri altında olması narahat edir. Moskvada hər millətin nümayəndəsi var, hərəsi də öz işini görməyə çalışır. Ona qalsa Moskvaya Sizin təsiriniz hamıdan böyük idi. Heydər Əliyevi niyə unudursunuz?
– Heydər Əliyev tək idi. Moskva onu da vurub atdı. Elə onun da yan-yörəsi ermənilərdi. Dağlıq Qarabağa başqa heç bir vilayətdə olmayan hüquqları da o vermişdi.
Qonaq söhbətin ayrı istiqamətə dönməyini istəmirdi.
– Meydandakı çıxışlardan xəbərimiz var. O Pənahovdu, nədi, onun da əlaqələrini bilirik. Öz başıyla danışmır. Hər çıxışınızda hökumətə meydan oxuyursunuz…
– Bilirsiniz, məni nə məqsədlə çağırdığınızı bilmirəm. Hər kəs öz sözünə cavabdehdir. Ona qalsa Teatr meydanında səhərdən-axşama antirus çıxışlar səslənir, niyə susdurmursunuz onları. Nemət cavan bir fəhlədir. Ürəyindən keçəni deyir. Tapşırıqla oturub-duran da deyil. Evsiz-eşiksiz, Vətəni də bu gündə! Necə danışmalıdır bəs?!
– Yaxşı, Nemətlə işimiz yoxdur! Elə siz də kifayət qədər sərt danışırsınız. “Meydana uzanan qara əllər kəsilməlidir!” Camaatı ordunun üstünə qaldırırsınız…
– Əvvəla, bu, ordu gəlməzdən əvvəlin sözüdür. İkincisi də, meydana yox, Azərbaycana uzanan qara əllər demişəm. Bu qara əllər Ermənistandan uzanır, Qorbaçovun böyür-başından, xaricdən, erməni diasporundan uzanır. Torpaqlarımı zəbt etmək istəyən, qiyam qaldıran, ruhuma əl atan əllər haqqında deyə bilmərəm bunu?
Vaqif söhbətə müdaxilə elədi:
– Sən əsəbiləşmə! Qonaq bizim dostumuzdur. Ermənilərin işlərini, dediklərini o da bilir. Biz onların yoluyla gedə bilmərik. Öz yolumuzu tapmalıyıq.
– Yolu başda oturanlar tapmalıdır. Mənə qalsa, yol göz qabağındadır. Ermənistandan qovulanlarımızı harda yerləşdirəcəksiniz? Onlar getməlidir Dağlıq Qarabağa. Sakitcə yerlərini əyiş-dəyiş eləyəcəklər, kənd-kəndə, şəhər-şəhərə. Ya da köç dayanacaq.
Mənə elə gəldi ki, son sözlərimdən sonra onlar bir anlığa baxışdılar. Sonralar öyrəndim ki, doğrudan da Ermənistan bu variantdan ehtiyat edirmiş. Ordan köçürülənlərin üzü DQ-a çevrilsə Ermənistanda qalanlara toxunmayacaqdılar. Qonaqların bu haqda məlumatı varmış.
Qonağın üslubu tanışdı:
– Bilirsiniz, biz Azərbaycana kömək etmək istəyirik. Amma bundan ötrü sakitlik lazımdır.
– Məncə, Bakıda narahatlıq yoxdur. Meydan Bakının simasıdır. O mikrafondan rus da çıxış eləyib, ukraynalı da, fars da… Hələ başqa qonaqlarımızı demirəm: türkmən, gürcü, tatar, qazax, dağıstanlı,.. Hamısı da bizi müdafiə edir… Ermənistandan vəhşiliklə qovulanlarımız burda erməniləri bağrımıza basıb qoruduğumuzu görəndə havalanırlar. Uzun müddət belə davam edə bilməz… Ermənistandakı və DQ-dakı vəhşiliklərin qarşısı alınmalıdır…
– Bizim əlimizdə kifayət qədər material var, çalışırıq.
Söhbət bitdi, amma məni nə məqsədlə çağırmışdılar, bəlli olmadı: Vəziyyətin ciddiliyini xatırladıb, geri çəkilməyə vadar etmək? Çıxışlarda baş aparmağıma mane olmaq? Meydanın anti Moskva yön almağına imkan verməmək? Yoxsa Moskvalı qonağın Azərbaycanın tələblərini mənim dilimdən eşitməsinə şərait yaratmaq?! Beləcə, fikrimdə aydınlıq yaranmamış xudahafizləşib ayrıldım.
Ayağa qalxanda nazir otağının pəncərəsindən dalğalanan meydanı gördüm və qonağın xəbərdarlıqları bir anda mənasını itirdi… Bir yandan da qonağa üz tutub, mərkəzə, Moskvaya deyilməli olan bütün sözümü demişdim, ürəyimi boşaltmışdım, bəlkə Vaqif də elə bunu istəyirmiş… Çünki işarələrindən belə görulürdü….
(Ardı var)

 

 

 

Comments are closed.