Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi, Milli Azadlıq Hərəkatının liderlərindən biri, istiqlalçı deputat Sabir Rüstəmxanlı Milli Dirçəliş Günü ilə bağlı xalqı təbrik edib.
Təbrikdə deyilir:

“Əziz bacı və qardaşlarım!
Həmin gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 28 il bundan öncə – 1988-ci ilin 17 noyabrında milyonlarla insan Ermənistanın Azərbaycana qarşı torpaq iddiasına etiraz olaraq Bakının ən böyük meydanına toplaşdı və bu məkanı Azadqlıq Meydanı kimi əbədiləşdirdi.
O gün xalqımızın milli oyanışının, milli vüqarının və varlığının təntənəsi idi və bütün dünya yumruq kimi birləşmiş və azadlığı hər şeydən üstün bilən şərəfli bir millətin öz haqları uğrunda mübarizəsinin şahidi oldu. Soyuğa, şaxtaya, çətinliklərə, təzyiqlərə və həyati təhlükələrə baxmayaraq, 18 gün davam edən Meydan hərəkatı ilə böyük vüsət alan mübarizə nəticəsində Sovet imperiyasının süqutu qaçılmaz oldu və xalqımız öz istiqlalına qovuşdu.
Əslində xalqımız 70 il böyunca azadlıq duyğusu bir an da olsun, itirməmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra formalaşan və illərlə davam edən psixoloji-mənəvi mübarizəni 37-ci illər xofu bir qədər səngitsə də, repressiya dalğasının azacıq yumşalması ilə ziyalıhərəkatı azadlıq mübarizəsinin yeni dövrünü formalaşdırdı.
60-cı illər müstəqillik, birlik hisslərinin növbəti mərhələsi kimi yadda qaldı. Bu dövrdə milli şüurun formalaşması və istiqamətlənməsi yönündə ziyalılarımızın mücadiləsi yaxın tariximizin canlı şahidlərinin hələ də yaddaşındadır. Sənətin müxtəlif sahələrində – poeziya, nəsr, kino, rəssamlıq, musiqi və s. – milli şüuru gücləndirən əsərlərin yaranması və geniş yayılması nəticə etibarilə 80-ci illər ədəbi birliklər kimi fəaliyyət göstərən, əslində isə xalqın azadlığını düşünən beyinlərin təşkilatlanma cəhdinə gətirib çıxardı.
Meydan hərəkatına qədər xalqımız uzun bir  mübarizə yolu gəlmişdi və həmin ildə ortaya çıxan erməni iddiaları bu mübarizənin açıq müstəviyə çıxmasına səbəb oldu. Ona görə də milyonları əhatələyən Meydan epopeyası qısa müddətdə Milli Azadlıq hərəkatına çevirdi və bütün SSRİ-ni silkələdi.
Əziz soydaşlarım!
Tariximizin ən işıqlı səhifələrindən olan Milli Dirçəliş günü münasibətilə hamınızı ürəkdən təbrik edir və dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda xalqımızın öz milli ideallarına qovuşması yolunda sizlərə uğurlar arzulayıram.

Comments are closed.