Samir Əsədli

Gürcüstanda keçirilmiş parlament seçkilərinin ikinci turunda mübarizə aparan şanslı soydaşımızın gözlənilməz məğlubiyyəti səsvermənin nəticələrini şübhə altına aldı. Gürcüstan azərbaycanlılarının yığcam yaşadığı Marneuli rayonundakı birmandatlı seçki dairəsində keçirilən təkrar seçkidə soydaşımız, müxalifətçi Vahid Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyevin deputat seçilməsi proqnozlaşdırılsa da, nəticələr hakim Gürcü Arzusu Partiyasından irəli sürülmüş namizəd Tamaz Naverianin “xeyrinə” oldu.

Əhməd İmamquliyev seçkilərin birinci turunda təqribən 48 faiz səs toplasa da, ona ikinci turda cəmi 27 faiz səs yazdılar. Baş verənlər yalnız bir dairənin nəticəsi olsa da, bu həm Gürcüstanda yaşayan soydaşlarımız, həm də bizlər üçün mühüm bir proses idi. Gürcüstanda yaşayan azərbaycanlıların liderlərindən olan Əhməd İmamquliyevin və Samirə İsmayılovanınseçki mübarizəsini hamımız həyəcanla izləyirdik. Bu olay həm də bir çox nəticələr baxımından önəmli oldu.

Nəticə 1. Borçalıdakı soydaşlarımızın həyatında yeni mərhələ

Hər şeydən öncə qeyd edim ki, Gürcüstanda keçirilmiş bu parlament seçkiləri orada yaşayan soydaşlarımızın təşkilatlanmasında əhəmiyyətli keyfiyyət dəyişikliyi olduğunu göstərdi. Əhməd İmamquliyevə gəldikdə isə onun ikinci turda deputat seçiləcəyi şübhə doğurmurdu. Çünki soydaşımız birinci turda 48 faiz səs qazanmışdı.

Azərbaycanda soydaşımızın fəaliyyətini izləyənlər Əhməd İmamquliyevi və Samirə İsmayılovanı bir daha kəşf etdilər. Bu parlaq siyasətçilərin qələbəsi oğurlansa da, onlar möhtəşəm seçki kampaniyası aparmağı və inzibati resurslardan istifadə imkanı olan hakim komandanın namizədlərinə üstün gəlməyi bacardıqlarını göstərdilər.

Əhməd İmamquliyevin və Samirə İsmayılovanın seçki prosesi soydaşlarımızın Gürcüstandakı siyasi proseslərdə fəallığının, siyasi ayıqlığının göstəricisidir. İnanırıq ki, Əhməd İmamquliyev və Samirə İsmayılova kimi demokratik dəyərlərə sadiq peşəkar və nüfuzlu siyasətçilərin yetişməsi soydaşlarımız arasında bir stimul rolunu oynayacaq və onlar Gürcüstan siyasi mühitində bundan sonra daha fəal iştirak edərək, öz mövqelərini gücləndirməyi bacaracaqlar.

Nəticə 2. Gürcüstan da demokratiya relsindən çıxır
samir%c9%99Əhməd bəyin ikinci turda cəmi iyirmi beş faiz səs yığdığı haqda rəsmi açıqlamanı qəbul etmək qətiyyən mümkün deyil. Seçkiləri və seçki texnologiyasını yaxından bilən şəxs kimi deyirəm ki, namizədin bir həftə ərzində seçicilərinin tam yarısının səsini itirməsi real deyil. Üstəlik bunun üçün heç bir ciddi hadisə baş verməyib. Əksinə, birinci tur seçkilərində Əhməd İmamquliyev yüksək səs topladı və onun tərəfdarları onu aktiv şəkildə müdafiə etdilər.
Ən çox səs toplayan namizədin ikinci turda birdən birə 21 faiz səs itirməsi seçkilərin nəticələrindən şübhələnməyə ciddi əsaslar verir. Əhməd İmamqulievin qələbəsi oğurlandı, birinci turda rəqibini qabaqlayan soydaşımızın ikinci turda bu cür uduzdurulması, əlbəttə, Gürcüstanda seçki saxtakarlığının bariz nümunəsidir.
Karusel əməliyyatı, qutuya topa bülletenlərin atılması, işıqların söndürülməsi, müşahidəçilərin və müxalifətdən olan komissiya üzvlərinin məntəqədən qovulması ilə Marneuldakı seçki Azərbaycandakı bəzi dairələri xatırladırdı. Yəqin ki, hüquq müstəvisində bu məsələlər araşdırılacaq. Amma Qafqazda “demokratiya adası” olan Gürcüstanın bu halı təəssüf doğurur.
Nəticə 3. Azərbaycan hökuməti soydaşlarımıza sahib çıxmır
Bu prosesdə təəssüf doğuran digər bir məqam rəsmi Bakının mövqeyi oldu. Seçki ərəfəsində Bakıdan ramiz-h%c9%99s%c9%99nov-tamazmüəyyən “emissarlar” Gürcüstanda olublar, çox məmnun əhvalda soydaşımızın rəqibi ilə kameralara pozalar veriblər. Onların niyə bu addımı atdıqlarına özləri daha dəqiq aydınlıq gətirə bilərlər. Lakin istənilən halda belə hərəkətlər ciddi təəssüf doğurur.
Azərbaycan səfirliyinin və SOCAR-ın işçiləri prosesə cəlb edildi, səfir Azər Hüseyn və əslən gürcüstanlı olan məmur Ramiz Həsənov Marnueliyə göndərildi və nə qədər gülməli olsa da, məqsəd soydaşımıza dəstək yox, azərbaycanlı Əhməd İmamquliyevi bazarkom Tamaz Naverianiyə uduzdurmaq idi. Heç olmasa, dönüb ermənilərin yaşadığı Cavaxetiyaya baxın, Saakaşvilinin partiyasından erməni qalib gəldi, İvanişvili hakimiyyəti də müdaxilə edə bilmədi.
Yekun
Hər şeyə rəğmən Əhməd İmamquliyev əslində qalibdir və bundan sonra seçki saxtakarlığına qarşı aparacağı mübarizə onun ictimai-siyasi nüfuzunun daha da güclənməsinə şərait yaradacaq. Əminik ki, soydaşlarımız da belə bir siyasi xadimi sona qədər dəstəkləyəcəklər.

Comments are closed.