Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) Şərqdə ilk demokratik respublikanın qurucusu, ömrü boyu Azərbaycanın bağımsızlığı uğrunda mübarizə aparmış böyük ideoloq Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin 70 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Tədbiri VHP sədri Sabir Rüstəmxanlı açaraq Azərbaycan tarixində Məmmədəmin Rəsulzadənin yeri, onun mühacirətdəki fəaliyyəti barədə məlumat verib, qırmızı imperiya dövründə onun və ailəsinin yaşadığı məşəqqət və işgəncələri diqqətə çatdırıb. Sabir Rüstəmxanlı 70 il dünyanın böyük bir hissəsinə hakim olan imperiyanın sonda xalqların və millətlərin müstəqillik və azadlıq uğrunda mübarizələrinə tab gətirməyərək süquta uğradığını və Məmmədəmin Rəsulzadə ideallarının yenidən qələbə çaldığını vurğulayıb.

Sabir Rüstəmxanlı qeyd edib ki, müstəqillik dövründə də Məmmədəmin Rəsulzadəyə münasibət heç də birmənalı olmayıb: “Təəssüf edirəm ki, bu gün də Məmmədəmin Rəsulzadə adına qısqanclıqla yanaşan, onun böyük xidmətlərini gənclikdən gizlətməyə çalışan qüvvələr var. Bakıda onun heykəlinin qoyulmaması, BDU-dan onun adının götürülməsi belə bir münasibətin nəticəsidir. Amma inanıram ki, Məmmədəmin Rəsulzadə öz haqqını alacaq”.

Rəis Rəsulzadə çıxışında Sabir Rüstəmxanlıya, VHP üzvlərinə, DAK rəhbərliyinə tədbirə qatılan alimlərə Məmmədəmin Rəsulzadə irsinə və onun varisinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, Rəsulzadə varislərinin uzun illər Azərbaycan həsrəti ilə yaşadıqlarını, nəhayət, onların bəzilərinin bu arzuya qovuşa bildiklərini vurğulayıb.

Tədbirdə iştirak edən Yadigar Türkel, Yasəmən Qaraqoyunlu, İbrahim Quliyev, Dilavər Əzimli, Zəlimxan Məmmədli, Felmar Ələkbərli və digərləri Məmmədəmin Rəsulzadənin gəncliyə tanıdılması, onun irsinin tədqiqi sahəsində son illərdə görülən işlərdən danışmışlar. Çıxışçılar Rəis Rəsulzadənin yaradıcılığından, bir ziyalı kimi geniş ictimai fəaliyyətindən söhbət açaraq, ona cansağlığı və yaradıcılıq uğurları diləmişlər.

sabir-reis

 

reisbey-1

img_4375

 

 

Comments are closed.