Dövlət müstəqilliyimizin bərpasının 25 illiyi münasibəti ilə VHP sədri, İstiqlalçı deputat Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
«Əziz soydaşlarım!
Hər birinizi 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.1991-ci ilin 18 oktyabr günü xalqımızın həyatında olduqca əhəmiyyətli rol oynayır. Məhz həmin gün Milli Azadlıq Hərəkatı özünün ən böyük hədəfinə nail oldu, Azərbaycanın müstəqilliyi bərpa edildi və biz 70 illik işğaldan qurtulub nəhayət, Üçrəngli Bayrağımızı qaldırdıq.
Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə sinə gərmiş bizlər və rus işğalı nəticəsində tarixdə görünməmiş repressiyalar, sürgünlər, saxtakarlıqlar yaşamış Azərbaycan xalqı üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil.
Heç də hər ziyalıya, ömrünü xalqının yolunda əridən ictimai-siyasi xadimə dövlətinin müstəqilliyini görmək nəsib olmur. Xoşbəxtəm ki, Tanrı dövlətimizin müstəqilliyinin bərpasına imza atanlardan biri olmağı mənim taleyimə yazmışdır.
Müstəqilliyin Bərpası Günü Azərbaycan üçün, yeni nəsil üçün önəmli və şanlı bir tarixi gündür; ancaq o günün şahidləri və iştirakçıları üçün bütün hiss və həyacanları, sevinci-kədəri, ağrı-acısı, xoşbəxtliyi ilə ürəyimizdə yaşayan, heç vaxt Dünənə – tarixə çevrilməyəcək Canlı və Diri Gündür. Ömrünü o günü görmək arzusu ilə yaşayanlar hər məsələyə məhz O Günün ucalığından baxırlar.
Əziz soydaşlarım!
Bir daha sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, müstəqilliyimizin, azadlığımızın əbədi olmasını arzulayıram.

Hörmətlə,
Sabir Rüstəmxanlı
İstiqlalçı deputat»

Comments are closed.