aslanquliyevAslan Quliyevin yaradıcılığı qələm əhli üçün ölkənin baş kəndində, yəni ədəbi mühitin, ünsiyyət və mətbuatın gur yerində yaşamağın əsas və həlledici şərt olması barədə mövcud şablonu dağıdan, bu yanaşmanın ehkama çevrilməsinə imkan verməyən nümunələrdən biridir. O, Azərbaycanin bölünmüşlüyünün əziyyətini hər yerdən artıq çəkən, həyat şərtləri çox ağır olan ucqar bölgələrindən birində- Yardımlıda anadan olmuşdur və indiyə qədər də orda yaşayır. Buna baxmayaraq, çətinliklə də olsa, əsərlərini çap elətdirə bilmişdir; ədəbi mühitdə yetərincə tanınır, on dörd romanın, çoxlu kiçik həcmli nəsr əsərinin müəllifidir, sosial şəbəkədə fəaldır; yaradıcılığı ilə bu balaca rayonu çoxdan bəri ölkəmizin ədəbi coğrafiyasının mərkəzlərindən birinə çevirmişdir.

Aslan bizim qonşuluğumuzda, evləri Qaraçaydan dikələn yamacların qaşına, təpələrin üstünə səpələnmiş Bilnə kəndində anadan olmuşdur. Günəş o təpələrin ardından, Xəzər tərəfdən qalxıb, bizim başımızın üstündən adlayaraq Savalan səmtində batarkən sonuncu şəfəqləri Bilnənin onlarla pəncərsində bərq vurur. Axşamların o kiçik günəş parçaları uşaqlıqdan yaddaşıma həkk olunub. Aslan dünyaya ilk dəfə o pəncərələrin birindən, o günbatan şəfəqlərinin arxasından boylanıb və elə bilirəm o parıldayan pəncərələrin biri balaca Aslanın geniş açılmış və ətrafa heyrətlə baxan gözüdür. O yüksəklikdən gördüyü silsilə dağlar, yaylalar, meşələr, balaca çayların keçdiyi vadilər gözəlliyi, boyaları, ətri və səsləriylə Aslanın demək olar ki, bütün əsərlərindən keçir.

Aslan payızın ən gözəl çağında, təbiətin barlı-bəhrəli, “müdrik və ağıllı” çağında dünyaya gəlmişdir. İndi orda göylər ilin başqa heç vaxtında olmadığı qədər təmizdir, mavidən çox yaşıla çalır, payızın ilk yağışlarından sonra dağlar yenidən saf bir yaşıllığa bürünüb, meşələr yuyunub təmizlənib və ağaclar saralmağa tələsmədən var gücüylə boy atır, yaylaqlar boşalır və yeni-yeni cücərən zəmilərdən ağzıyuxarı çevrilmiş zınqırovlara və ya qədəhlərə bənzəyən minlərlə payız çiçəyi baş qaldırır, kəndlərə insanı əbədiyyət havasına kökləyən və sanki heç vaxt pozulmayacaq bir sakitlik çökür. Ancaq bu gözəllik və dinclik həm də bir kədər, qəriblik, dərd qaynağıdır, uşaqlıqdan ruhuna hopur və ömrünün sonunadək səni tərk etmir. Bu qəm havası o yerlərdə boy atanların hərəsinin düşüncəsinə, taleyinə bir cür təsir göstərir. Aslan bəy da ondan öz payını götürüb.

Aslan Quliyev həm mövzuları, həm də yazı tərzi etibarilə yeni ədəbiyyatın nümayəndəsidir. Bəzən deyirlər müharibədən, konfliktlərdən yazmaq üçün zamana ehtiyac var; vaxt keçməli, sular durulmalı qiymətlər müəyyənləşməlidir. Aslanın istedadı və aydın yaradıcı mövqeyi məhz bu məsələdə bütün parlaqlığı ilə ortaya çıxır. Onun demək olar ki, bütün əsərlərində günümüzün davam edən, çoxlarinin mahiyyətini anlamaqda və təbii ki, qiymətləndirməkdə çətinlik çəkdikləri mürəkkəb və ziddiyyətli proseslərinin bədii mənzərəsi, maraqlı süjetləri, aydın vətəndaş mövqeyindən qiymətləndirilməsi, fəlsəfi ümumiləşdirməsi və nəhayət, topluma düşdüyü mənəvi bataqlıqlardan xilas yolu göstərmək cəhdi var. Onun qəhrəmanları yanaşı yaşadığı, tanıdığı, bildiyi insanlardır. İstedadlı yazar ətrafında baş verən olayların dramatizmini, ziddiyətlərini, əsas istiqamət və axınlarını asanlıqla müəyyənləşdirir və koloritli bədii dillə, özünəməxsus yazı tərziylə, canlı və yaddaqalan obrazlarla oxuciulara təqdim edir.

Aslan ədəbiyyatın diqqətindən kənarda qalmış, amma hamıya tanış və yaxın olan mühiti yazır. Yaşadığı həyat, keçdiyi yol, üzləşdiyi ədalətsizliklər onun əsərlərinə bir üsyankarlıq ruhu aşılamışdır. Bunun ilk örnəklərindən biri “Yazıçının savaşı” romanı idi. Burada yazıçının və bir rayonun ziyalılarının taleyindənn söhbət gedir, ancaq roman təkcə onların taleyinə yox, bütövlükdə vətəndaş məsuliyyətini və insanlıq ləyaqətini itirmək faciəsinə, cəmiyyətin fəlakətinə çevrilən saxtakarlıqlara, biganəliyə və bu savaşda haqqın məğlubiyyətinə işıq salır; məglubların mübarizə ruhunu diriltməyə çalışır. Şübhəsiz bu əsərdə müəllifin öz həyatından müəyyən cizgilər də görünməkdədir. Savaşın nəticəsizliyi müəllifi üzmür. Bu, bir milli mücadilədir, vətəndaş etirazıdır və ana xətt olaraq “Haray”, “Beşyarpaq yonca”, Serjant mülki geyimdə”, “Televiziya müsabiqəsi”, “Rusiyadan gələn qardaş”, “ Payiz” və sair, bəzilərini oxumağa vaxt tapmadığım povest və romanlarından keçərək yaradıcılığının əsas mahiyətinə çevrilir.

Aslan Quliyevin sonrakı romanlarında ictimai pafos, cəmiyyəti və insanlığı qorumaq ideyası daha da dərinləşir; günümüzün son dərəcə ciddi və ağrılı problemləri incəllənir, göstərilir, müstəqillikdən sonra həll olunmaqdansa dərinləşən sorunların kökləri axtarılır. O, bir həkim kimi, yayılmış, kök atmış xəstəliklərin diaqnozunu müəyyənləşdirməyi və onun müalicə yollarını axtarmağı öz borcu sayır.

Qarabağ müharibəsi və cəmiyyət… yəqin ki, müvəqqəti məğlubiyyətimiz üzündən, ədəbiyyatımızın o qədər də ciddi həvəs göstərmədiyi, ancaq Aslanın tez-tez müraciət etdiyi mövzudur. Bu baxımdan onun əsərləri xüsusi araşdırılmalı və təbliğ edilməlidir. Şəxsən mən müharibədən qayıtmış Azərbaycan əskərinin taleyinə həsr olunmuş “Keçmiş döyüşçü və oğlan” romanını təkcə bu mövzuda yazılmış əsərlərin yox, bütövlükdə Azərbaycan nəsrinin ən ugurlu nümunələrindən biri hesab edirəm… Bu romanın qəhrəmanı, yəni altı il savaşandan sonra, torpaqlarımız azad olunmasa da, könüllü dəstələrin ləğvi nəticəsində evə qayıdan Səhənd, “Yazıçının savaşı”ndakı qəhrəmanlardan fərqli olaraq, arxa cəbhədə də öz taleyinə boyun əymək istəmir. Əsərdə Səhəndin simasında Vətən üçün vuruşmuş, göstərdikləri qəhrəmanlıqlara baxmayaraq məğlubiyyətə düçar edilmiş gənc döyüşçülərimizin geri döndükdən sonra üzləşdikləri haqsızlıqlar, ədalətsizliklər, eşitdikləri həqarətlər həyatın özündən gələn real cizgilərlə, inandırıcılıqla, yüksək bədiiliklə göstərilmişdir. Bu, son iyirmibeş ildə cəmiyyyətimizi yıpradan ən böyük ictimai bəlalardan biridir. Müharibədən qaçıb gizlənənlərin, meydanı boş sayaraq, əyri yollarla, vəzifə sahibi olanların vətən üçün qan axıdanlara meydan oxumaları, cəbhəçilərin, müharibə əlillərinin, qaçqınların taleyinə biganəlikləri, bunun nəticəsində yaranmış sosial və mənəvi bəlalar ölkəni düşmənlə savaşdan, daha qorxulu, daha ağır fəlakətlərlə üz-üzə qoyur. Çünki düşmənin kimliyini bilirsən, silahından-sürsatından, döyüş üsullarından, hardan hücum edə biləcəyindən xəbərin var, bunlarsa düşmənçiliklərini yavaş-yavaş, dost-qardaş cildinə bürünərək, güllə atmadan, ölkənin mənəvi dayaqlarını sarsıtmaq, insanların ürəyində öz dövlətinə, millətinin gücünə və ədalətinə inam hissini öldürmək yolu ilə edirlər. Düz xalqın ürəyini nişan alırlar. Bütün bunlar “Keçmiş döyüşçü və oğlan” romanında müəllifin özünə məxsus üsul və boyalarla, konkret adamların taleyində açılıb göstərilir.

Əsərin bir dəyəri də əsas qəhrəmanı Səhəndin bu ədalətsizlik və rəzalətlərlə barışmamasındadır. O, Kefli İskəndərlik dövrünü çoxdan keçib, başqa yazıçılarımızın əsərlərində haqsızlıqlara dözməyib müqavimət göstərən qəhrəmanlardan da irəlidədir. Səhənd savaşçıdır, öz dediyi kimi, “Müqəddəs Azərbaycan Ordusunun zabiti”dir və istər ön cəbhədə olsun, istər arxa cəbhədə, haqsızığa dözmür, ədalət və düzlük axtarır, ləyaqətsiz adamların onları məğlubiyyətdə ittiham etməsinə qarşı dirənir, nahaq qanların intiqamını alır, məhkəmələrin ədalətsiz hökmünü öz vətəndaş hökmüylə dəyişdirməyə çalışır. Amansız taleyə boyun əyən adam deyil. Bunu Azərbaycan Ordusunun zabitinə yaraşdırmır. Bu, artıq Vyetnam savaşının, Qarabağ müharibəsinin “Remboçuluq” dövrüdür.

Qüvvələrin bərabər olmadığı bu daxili savaşı Səhənd uduzur, ancaq bir ümid toxumu səpib uduzur, tələbə yoldaşı olan, ancaq vəzifəyə keçəndən sonra xalqa qarşı qudurğanlıq edən icra başçısına, onu cinayətkarlığa çəkmək istəyən gizli qrupu, dağlarda narkotika yetiıdirməklə məşğul olan və yuxarıdan müdafiə olunan silahlıları və b. aradan götürür. Son dəfə üstünə Azərbaycan Ordusunun əskərlərinin gəldiyini görəndə atəşi kəsir, bir zabit olaraq öz əskərlərimizə güllə atmır. Qısa müddət onun yanında olmuş “oğlan”- bir cinayətkar ailənin övladı, ata-anasının yanına yeni sifətdə, yeni xarakterlə, döyüşçü ruhu ilə qayıdır; vətənin qəhrəman əskəri məğlub olub, ancaq yenə də döyüşlərə, torpaqlarımızı azad etməyə gedəcək, deyir. Təbii ki, o ,artıq özünü də həmin döyüşün bir əskəri sayır…

Aslanın bəzi romanları ən azı əlavə oxu vəsaiti kimi orta məktəb proqrmlarına salınmağa layiqdir. Klassik ədəbiyyatımızı, sovet dövrünün görkəmli nasirlərini sevirik, onları inkar etmək fikrimiz yoxdur, ancaq bu günün uşaqlar və gəncləri bu günün problemlərinə işıq salan, bu günün diliylə yazılmış və təbii ki, yeni nəslə daha yaxın olan ədəbiyyatla tərbiyələnməlidir. İndki halda dərsliklərimizdə müasirlik adına təbliğ olunan əsərlərin bir hissəsi mövzusuna, ruhuna, dilinə görə şagirdlərin dünyasından çox uzaqdır, buna görə də onları ilgiləndirmir, tədricən milli ədəbiyyata maraqları sönür.

Aslan Quliyevin kitabları haqqında bəzi tənqidçilərimizin bir neçə məqaləsi var, lakin küll halında onun yaradıcılığı çağdaş ədəbiyyatımızın ümumi kontekstində təhlil olunub dəyərləndirilməmiş, qiymətini almamışdır və buna görə də onu hələ də ədəbiyyatın əyalətində saxlamaq və ya orda, gözdən-könüldən qıraqda görmək istəyənlər var. Halbuki əsərləri çağdaş nəsrimizin ən dəyərli və parlaq nümunələrindəndir və bu əsərlərin müəllifinin adının da, yəqin ki, haqlı olaraq, tənqidin dilindən düşməyən adlarla bir sırada çəkilməsi Aslanın qəhrəmanlarının uğrunda vuruşduqları ictimai ədalətin bərpasına bir örnək olardı.

Aslanın bir romanını adı “Yazıçının savaşı” olsa da o, təbiəti etibarilə sakit, təvazökar, mənasız münaqişə sevməyən, bütün səviyyələrdə barış, həmrəylik istəyən, milli maraqlarımızı hər şeydən yüksək tutan, dövlətimizin möhkəmlənməsi yolunda hər cür cəfakeşliyə hazır olan, aza qane, gözü tox, ürəyi insan sevgisiylə dolu olan bir adamdır. İşsiz-gücsüz olsa da Yardımlı şəhərindəki sakit və yenə də Günəş batanda pəncərələrinin şüşələri şəfəqlənən evində gecə-gündüz, yorulmadan yazmaqda, ədəbi fəaliyyətini davam etdirməkdədir. Yazıçı savaşının gec-tez qəlləbəylə nəticələnəcəyinə inanır. Çünki sözün üstündə silah yoxdur. Qəhrəmanlarıyla birgə, bir heykəltəraş səbri ilə, yavaş-yavaş öz obrazını da yaradır. Bu obrazın Azərbaycan ədəbiyyatında daim var olacağına inanır və qələm dostumu ömrünün 59-cu payızı dolayısıyla ürəkdən qutlayır, ona can sağlığı və yeni gözəl əsərlər arzulayıram…

Comments are closed.