Gənc fəal Elgiz Qəhrəmanın oğurlanaraq heç kimə heç bir məlumat vermədən 4 gün saxlanmasından sonra bu gün onun narkotika ittihamı ilə həbs olunması haqda rəsmi açıqlama verilib.

Elgiz Qəhrəman Türkiyədə riyaziyyat və siyasi elmlər üzrə ali təhsil almış istedadlı gənclərimizdəndir. Yüksək təhsilli, geniş potensiallı gənclərimizin standart narkotika ittihamı ilə həbs edilməsi artıq acı gülüş doğuran adi hala çevrilib və hakimiyyətin öz rəqiblərinə, xüsusilə də gənclərə qarşı yeritdiyi primitiv, kobud repressiya siyasətinin göstəricisidir.

VHP hesab edir ki, gənclərə qarşı həyata keçirilən belə siyasət dövlətimizin gələcəyinə qarşı yönəlmiş antimilli siyasətdir. Digər tərəfdən, Elgiz Qəhrəmanın oğurlanaraq gizli saxlanıldığı 4 gün ərzində hakimiyyətə yaxın media orqanları, dünyagörüşünə görə türkçü, millətçi olan Elgiz Qəhrəmanın guya Fətulla Gülən tərəfdarı olması haqda yalan məlumatlar yayaraq Elgizin həbs olunması üçün zəmin hazırlamaq missiyasını yerinə yetirmişlər.

Bütün yuxarıda sadalananları nəzərə alaraq, Vətəndaş Həmrəyliyi Partiyası Elgiz Qəhrəmanın həbsini siyasi sifariş hesab edir və onun dərhal azad edilməsini tələb edir.

Comments are closed.