Bu gün Bakı vaxtı ilə saat 19:30-dan etibarən Güney Azərbaycanın çoxlu sayda şəhərlərində kütləvi etirazlara başlanılıb.

Musavat.com bildirir ki, Təbriz, Tehran, Urmiya, Xoy, Ərdəbil, Marağa, Əhər, Qoşaçay kimi böyük şəhərlərdə azərbaycanlı soydaşlarımız əllərində “Biz istəyirik diri qalaq”, “Mən türkəm” və digər yazılı plakatlar tutaraq “Haray, haray, mən türkəm”, “Ölüm olsun faşizmə”, “Azərbaycan milləti, çəkənməz bu zilləti” kimi şüarlar səsləndirib, etiraz mitinqləri keçirirlər. Etirazlara səbəb bu günlərdə İranın “Tərh-i No” qəzetində türklər təhqir olunaraq bədbəxt, kişiliyə layiq olmayan birisi kimi təqdim olunmasıdır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə artıq onlarla azərbaycanlı fəal polis qüvvələri tərəfindən saxlanılıb. Onların arasında “Traxtur” futbol komandasının lideri Əli Hedayəti, həmçinin Marağadan Murtaza Əşrəfi, Urmiyadan Mehdi Hacızadə, Ərdəbildən Məhəmməd Corani, Əhməd Məhəmmədzadə, Hüseyn Balaxani, Xoydan Səlman Əraqi və digərlərinin olduğu bildirilir.

Xatırladaq ki, bu günlərdə İranın “Tərh-i No” qəzetində türklər təhqir olunaraq bədbəxt, kişiliyə layiq olmayan birisi kimi təqdim olunub. Təəssüf doğuran daha bir məqam ondan ibarətdir ki, adıçəkilən qəzet azərbaycanlıların mənəvi paytaxı hesab edilən Təbrizdə dərc edilir, rəhbəri Amir Əlizadə və məqalənin müəllifi Süleyman Əfşar Tikabi əslən azərbaycanlıdır. Yazı dərc olunduğu andan kütləvi etirazlara səbəb olub. Olayın ardından isə bir müddət bundan öncə türkləri təhqir etməklə kütləvi etirazlara, çoxlu sayda azərbaycanlı fəalların həbsinə səbəb olan “Fitilə” verilişinin üzvlərinin mükafatlandırılması narazı kütlənin qəzəbini daha da artırıb, hiddətləndirib. Nəticədə iyulun 26-da bununla bağlı Cənubi Azərbaycanın Urmiya və Təbriz şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib, şüarlar səsləndirilmişdi. Təkcə həmin aksiyalarda 20-dən çox fəalın saxlanıldığı, onların arasında qadınların da olduğu bildirilir.

Comments are closed.