Sabir Rüstəmxanlı: “Azərbaycanda belə bir yeniliyə ehtiyac yoxdur və yaxşı ki, yoxdur”

“Bu, Türkiyənin özündə də tələsik atılan bir addımdır”.

 

Məlum olduğu kimi, Türkiyədə son hərbi çevriliş cəhdində öldürülən qiyamçıların dəfni üçün “Xainlər məzarlığı” yaradılıb. Belə ki, həlak olan qiyamçıların məhz bu qəbiristanlıqda basdırılması təşkil ediləcək ki, bu da rəsmi Ankara tərəfindən qiyamçılara verilən xüsusi növ cəza hesab edilir.

Azərbaycanda necə, vətən xainlərinin dəfni üçün belə bir məzarlığın yaradılmasına ehtiyac varmı?

Sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bu kimi məsələlərdə tələsik addım atmağın yolverilməz olduğunu bildirib:
“Mən bu yanaşmanı düzgün hesab etmirəm. Şübhəsiz, çevriliş cəhdinin doğru bir şey olmadığı bəllidir. Lakin bütün proseslər sona qədər təhlil edilmədən, araşdırılmadan, hər kəsin fərdi məsuliyyəti müəyyənləşdirmədən onların hamısına xain damğası vurmaq olmaz. Əsgərin borcu əmri yerinə yetirməkdir. Əgər əsgər aldığı əmri yerinə yetirən zaman həlak olubsa, ona xain damğasını necə vurmaq olar?

Hələ ki, proses tam aydınlaşmayıb, məhkəmə keçirilməyib. Ilk gündən bu qədər insana belə bir möhür vurmaq məncə ağır bir məsuliyyətdir. Onu da nəzərə almalıyıq ki, bu insanların övladları var, onların gələcəyi var. Onlar illərlə bu damğa ilə yaşaya bilməzlər. 1937-ci ildə SSRİ-də vətən xain damğası vurulanlar 50-ci illərdə bəraət aldılar və onların övladları da bəraət aldılar. Həmin vaxta qədər onlar bu ağır ittihamın altında yaşadılar. Bir nəfərin xainliyinə görə onun övladlarının, nəslinin bu damğa altında yaşaması doğru deyil. Türkiyədəki bu addımı tələsik atılmış addım hesab edirəm.

Azərbaycanda belə bir yeniliyə ehtiyac yoxdur və yaxşı ki, yoxdur. 30-cı illərdə xainlər qəbiristanlığı yaradılsaydı, orda o dövrün ziyalıları dəfn ediləcəydi. Hansı ki, 50-ci, 60-cı illərdə bəlli oldu ki, bunlar millətin qəhrəmanlarıdır. Ümumiyyətlə, vətən xaini damğasını yalnız elə adamlara vurmaq olar ki, onun əməlləri bütöv bir xalqa, neçə-neçə nəsillərə fəlakət gətirib. Bunu isə adətən zaman müəyyənləşdirir”.

 

Moderator.az

 

 

 

Comments are closed.