Sabir Rüstəmxanlı0000Sabir Rüstəmxanlı

BİR DAHA TÜRKİYƏ OLAYLARI ÜZƏRİNƏ

Türkiyədə baş verənlərin bütün gizli mahiyyətini və amacını anlamaq, bu olaylarin arxasında kimlərin və hansı işğal niyyətlərin dayandığını aşkarlığı ilə görmək üçün bir az gözləməmiz gərəkir. Sular və düşüncələr durulacaq!
Yüzlərlə Türkiyə vətəndaşının öldüyü və yaralandığı bu çevriliş layihəsinin Türkiyə Ordusundan Gülən camaatına bağlı qiyamçı bir qrupun özfəaliyyəti olduğunu, arxasında bəzi Qərb və İslam dövlətlərinin, terrorçu təşkilatlarin dayandığını, hətta Türkiyənin mövcud iqtidarına bağlılığını iddia edən yozumlar ortadadır; Bir-birindən çox fərqli olan ala-yarımçıq mülahizələr, əsaslı-əsasız ittihamlar baş alıb gedir… Bunlar qəti bir sonuca varılması üçün yetərli deyil. Lakin olaydan sonrakı ilk günlərdə ortaya çıxan bəzi görüntülər heyrət, təəssüf və qəzəb doğurur, ölənlərin taleyinə acıyırsan. Təsəlli budur ki, Türkiyə böyük bir fəlakəti son anda adlada bilib. Ancaq tökülən qanlar qurumamış tragikomik bir yarış gedir: dünənədək Gülən camaatı ilə çalışanlar, Türkiyədə və Azərbaycanda onun təbliğatını aparanlar indi də ona qarşı çıxanların ilk sıralarında yer alıblar. Əsas günahkarlar yenə də sudan quru çıxır.
İlahi, Türkiyədə bu Cümhuriyyəti quran Atatürkə, dövləti qoruyan Türk əsgərinə nifrət edən nə çox məxluq varmış!

Çaddələrdən sel kimi axışan cübbəlilər, əmmaməlilər, əli təsbehli, dili küfrlülər, camaat, təriqət, xurafat əhli, adını müsəlman qoyan və ya müsəlman cildində gizlənənlər… Sanki fürsət gözləyirmişlər ki, Atatürkün büstünü dağıtsınlar, türk əsgərini aşağılayıb sürü-sürü zindanlara doldursunlar. Tükürpədici şəkillər paylaşdırılır, ayağı yerdən üzən məlumatlar yayılır. Bəlli olur ki, Pensilvaniyada oturan bir adam Türkiənin bütün dövlət orqanlarına nüfuz edibmiş, dövlət içində dövlət qurubmuş, hətta Genel Kurmayın da bütün dizli danışıqlarını dinlətdirirmiş və Türkiyə hökuməti də bundan tam xəbərsizmiş… İnanan daşa dönsün! Aydındır ki, okeanın o tayına gedən bəlgə və bilgilər ABŞ kəşfiyyatından gizli tutula bilməzdi. Belə çıxır ki, Türkiyənin həm iqtidarının, həm Gülənçi müxalifətinin ipləri illər uzunu ABŞ-ın əlində olmuşdur və çoxları da bu təslimiyyətə böyük ölkə ilə əməkdaşlıq donu biçmişlər….
Gör vaxtı ilə dünyaya hökm eləmiş bir dövlətin axırını hara gətiriblər! Nəzərə almalıyıq ki, Türkiyə yönəticilərinin bir qismi, bu gün inkar etsələr də, vaxtilə Gülənin şinelindən çıxan, yəni onunla bir yolda olan insanlardır. Nə qədər uzaqlaşsalar da, bu mexanizmləri bilməmiş olmazdılar.

Belə çıxır ki, dindar kəsimin, camaatın bir hissəsi türk əsgərini qiyama hazırlarkən digər qismi də əli bıçaqlı onun başını kəsməyə tələsirmiş…
Neçə gündür tuthatutdur. Qurunun oduna yaş da yanır. Hədəfdə olan generallar, admirallar, hakimlər, öyrətmənlər, yönəticilər, məmurlar və nəhayət, son illərdə terrora qarşı savaşda minlərlə şəhid vermiş, əmrə tabe olan, gəncəcik Türk əsgəridir. O əsgər ki, dünən ocağından ayrılıb, ana-babası onu Yurdu qorumaq üçün göndərib, orduda ilk gündən “komutanlarını dinlə, əmrə tabe ol!” egirimi alıb, dərbə və iqtidar savaşları haqqında anlayışı yoxdur… Belə çıxır ki, evlərindən günahsız ayrılmış bu gənclərin nə suçları varsa iqtidarın yönətdiyi orduda öyrənmişlər.

Biz bu işə qarışa bilmərik. Bu, Türkiyə hökumətinin öz işidir. Ancaq bir müsəlman dövlətində İslamın gündən-günə siyasiləşməsi, din adına cəhalətin meydan açması, türkün qanı hesabına qazanılmış böyük ulusal dəyərlərin təhdid edilməsi… təkcə qardaş dövlətin işi deyil, milli sorundur, bütün Türk dünyasının işidir və indiki halda ölüm-qalım məsələsidir… Bir millət olmağımız və Türkiyə ilə sıx ilişkilər orda baş verənlər çox qısa vaxtda Azərbaycanı da etkiləyir.

Bu olaylar Atatürkün dahiyanə uzaqgörənliyini və böyük dövlətçilik təfəkkürünü bir daha nümayiş etdirir. İndiki kimi çeşidli dinlərin, təriqətlərin, kilsə çevrəsindəki gizli təşkilatların, yabançı ölkələrdən qidalanan xain sivil toplum örgütlərinin, xain hərbçilərin, demokratiya adı altında bölücülük və separatizmlə uğraşanların basqısı altında yıpranıb heydən düşmüş, savaşlardan sarsılmış Türkiyənin yeganə xilas yolunun layiq dövlətçilik və cümhuriyyət modeli olduğunu Atatürk vaxtında dərk etmişdi.. Bu gün ona qarşı çıxanların çoxu Türkiyəni yenidən ötən əsrin əvvəlindəki uçuruma itələmək istəyənlərdir: bir hissəsi Gülənçi, bir hissəsi guya, “Gülən camaatına qarşı mübarizə aparan”lar…


***

Bu arada İslam və din üzərinə yazılar çoxalıb. Görünür, bıçaq kəmiyə dirənib. Bundan o yanası yoxdur. Din dəllalları, vicdan işiylə siyasət işini qarışdıranlar, din pərdəsi arxasında dövlətin dayaqlarını sarsıdanlar bir yandan; dinimizi diktaturanın, monarxiya və antidemokratiyanın ekvivalenti, inkişafı, sivilizasiyanı ləngidən bir düşüncə və inanc sistemi kimi qələmə vermək istəyənlər başqa bir tərəfdən İslamın uluslararası etki və saygınlığının azalmasına səbəb olurlar.

Ağzımızı açıb bu reallıqları dilə gətirəndə təriqət bölücülüyünə, cəhalətə, xurafata, İslam təbliğatının ərəb-fars işğalına çevrilməsinə qarşı bir söz deyəndə bizi az qala dinsiz elan edirlər. Mən müsəlmanam! Şükür! Ancaq bizim İslam anlayışlarımız eyni deyil! İslam İnsanı Allaha qovuşduran, onun varlığına inandıran, insana inam, güc, cəsarət, sevgi, dözüm, halallıq, səbr, təmizlik, şərə və zülmə qarşı mübarizə əzmi, ədalət öyrədən, yaranışın gözəlliyini dərk etməyə çağıran böyük və qutsal bir dindir.
O, mənə Quranı ana dilimdə oxumağı, duamı ana dilimdə söyləməyi, uşaqlarıma ana dilimdə ad qoymağı, öz millətimin dərdinə yanmağı yasaqlamayıb. Amma bu gün azsavadlı din xadimləri İslamı yəhudi-ərəb-fars mifologiyası ilə, uydurma hədislərlə doldurub, tarıx yaddaşımızı, milli heysiiiətimizi yıpratmaqla məşğuldurlar.
Qonşuluğumuzdakı erməni kilsələrində Vətən sevgisi öyrədilində, dini kitablar öz ana dillərində təbliğ ediləndə, olan və olmayan tarixlər nəşr edilib yayılanda bizim camelərdə ərəb-fars qarışığından ibarət olan bir dillə qədim peyğənbərlərin yüz dəfə eşitdiyimiz əfsanəvi möcüzələri, abdəstin və ya təharətin “qaydaları”, hicabı necə bağlamaq kəşfləri təkrarlanmaqda davam edir.
Bütün böyüklərimiz bu bəlalardan dad çəkib , yorulmadan yazıblar, nə dəyişilib? Ərəbcəni bilməyən, cüngləri birinci sinif şagirdləri səviyyəsində höccələyə-höccələyə oxuyan və bununla guya, xalqa ağıl verən şarlatanların İslamı guya, təbliğ etməsi antitəbliğata çevrilir.

Azərbaycanda millət eşidə-eşidə dilimizdə fars dilinin intonasiyası və ibarələri ilə danışanlar istər-istəməz, İran- fars rejiminin casus şəbəkəsinə xidmət edirlər. Bu, din məsələsi deyil! Dünya, təəssüf ki, İslamı geyim-kecimləri və danışıqları ilə çağdaş mədəniyyətdən uzaq olanların və maskalı terroristlərin simasında görür, belə görmək istəyir, bu, onlara sərf edir. Halbuki, belələri əsl İslamı təmsil edə bilməzlər, İslam dinini belələrinin yarımçıq təfəkkürü ilə dəyərləndirmək olmaz!

İslamın siması Məhəmməd Peygənbərdir, Həzrəti Ömərdir, Həzrəti Əlidir…
Avropa alımlərinə müəllimlik etmiş, onlardan yeddi-səkkiz yüz il öncədən çağdaş riyaziyyatın, fizikanın, kimyanın, triqonometriyanın, astronomiyanın, yer bilgisinin, tibbin əsaslarını qoymuş Əbdülhəmid ibn Türk, Farabi, İbn-Sina, Harizmi, Kindi, Battani, Biruni, Bəhmənyar Azərbaycani, Nəsrəddin Tusi, Uluqbəy, İbn Rüşt, Nurəddin Batruçi, Piri Rəis kimi saysız dahilərdir… İslam humanizmini və sevgisini dünyaya yayan Əhməd Yəsəvi, Şeyx Nizami, Mövlanə, Hacı Bektaşi, Füzuli və nəhayət böyük fatehlərdir, böyük ürfan sahibləridir İslamın qüdrət mənbələri.
Yoxsa xurafat əhlinin, əxlaqı- hicabla, çadrayla, imanı- təkbir bağırmaqla səhv salanların İslama nə xeyri?! İslam sivil dünyadan ayrı yaşaya bilməz. O, insanın ayağına qandal yox, qoluna qanad olmalı, İlahi eşqlə yaratmağa, azadlığa sövq etməlidir, axirət deyə-deyə bu dünyasını əlindən almamalıdır..

Niyə bir çox elmlər İslam aləmində yaransa da onun xeyrini Avropa gördü? Niyə texnologiya və təbii elmlərdə İslam aləmi Qərbdən bu qədər geri qalır və ələbaxan duruma düşmüşdür? Böyük İslam alimləri və müsəlman dünyasının liderləri bu məsələlər barədə düşünməli və çıxış yolları axtarmalıdırlar.

Şərqdəki cəhaləti və geriqalmışlığı tənqid edən böyük Azərbaycan yazarlarından heç biri ateist və ya allahsız olmamışdir. “Harda müsəlman görürəm qorxuram” deyən şairlər də dinimizi indiki imam və mollalardan daha yaxşı bilirdilər və imanlı insanlar idilər. Ancaq türk-islam aləminin geriqalmışlığına yanırdılar, milləti oyatmaq üçün, saxtakarlıq etmədən, nöqsanları yazırdılar. Əsl din təəssübkeşi olan və Allah sevgisi ilə yaşayan insan millətinin beyninin gerilikçi, avam düşüncə ilə zəhərlənməsinə dözə bilməz.

***

Dinlər millətlərin Allah tərəfindən verilmiş özəlliklərinə və dəyərlərinə sayğı ilə yanaşanda, onların qorunub inkişaf etdirilməsinə mane olmayanda güclü olur. Orta əsrlərdə Osmanlı dövlətində İslamın bu cazibəsi qorunurdu. Lakin indi İslamı ərəb dövlətlərində ərəb hegemonluğunun, İranda fars şovinizminin aləti kimi baxmaq, mənəvi müstəmləkə vasitəsinə çevirmək meylləri güclənib. Buna görə də böyük yaradana Tanrı deyilməsindən qeyzlənir, yaxud uşaqlara ərəb, fars adları verməsi kimi rəzaləti din pərdəsinə bürümək istəyirlər.

Bir dəfə bir İran rəsmisindən soruşdum: “Siz niyə İranda azsaylı ermənilərə öz ana dilində oxumaq, məktəb açmaq kimi hüquqları verdiyiniz halda on milyonlarla türkü bu hüquqlardan məhrum etmisiniz?”

Dedi: “Onlar dini azlıqdir, türklər isə milli azlıq. Biz dini azlıqlara bu hüququ veririk. Türklərsə bizim şıə qardaşlarımızdır…”
Dedim: “Sizin məntiqinizdən belə çıxır ki, türklər İranda öz milli haqlarına qovuşmaq istəyirlərsə, gərək, öz dinlərindən imtina edib başqa din qəbul etinlər… Siz müsəlmançılığı beləmi təbliğ edirsiniz?”

Çaşdı. Çünki gülünc cavab vermişdi. Bu cür düşünənlər unudurlar ki, din adına millətləri öz içində əritmək siyasəti uzun müddət davam edə bilməz. Millət üçün öz kimliyini qorumaq daha vacib məsələdir.
Bəzi dinlərin müəyyən millətlərin taleyində faciəli rol oynadıgının örnəkləri az deyil. Məsələn, Monqolstanın rəsmi dini lamaizmdir. Ölkənin erkək əhalisinin yüzdə qırxa yaxını lazımdır və monastrlarda zikrlə məşğuldurlar. Onlar evlənə bilməzlər. Bu barədə monqolların özlərindən eşitməmişəm, ancaq mənə elə gəlir ki, orta əsrlərin qüdrətli millətinin cəmi bir neçə milyon qalmasının bir səbəbi də dinin bu yasağıdır. Kişilərin az qala yarısının ailə qura bilmədiyi bir yerdə əhalinin artımından söhbət gedə bilməz və bəlkə o vaxt İslamı qəbul etsəydilər taleləri tamam başqa cür olardı…

Türkiyənin böyük şəhərlərində son vaxtlarda baş vermiş qanlı terror olayları qardaş ölkədə müsəlman pərdəsi altinda milli nihilizmin, türk xalqına qarşı basqıların gücləndiyini, dünən maneəsiz şəkildə ölkəyə buraxılanların arasında Türkiyəni yeni münaqişələrə sürükləmək istəyənlərin olduğunu göstərdi. Türk isimləri daşıyan səlibçilərin mövcudluğu da bir yandan… Ölkədə ərəb nüfuzunun atırılmasının hansı sorunlar yaradacağına da yəqin zaman cavab verəcək.

Biz isə türk xalqının gücünə və yaradıcılıq qüdrətinə inanırıq. İnşallah, bu çətinlikləri də tezliklə adladar. Son illərdə Türkiyənin necə gəlişdiyini, insana sayqıyla dolu, yaşanmalı bir ölkə olduğunu görənlərin hamısının arzusu budur…

20.07.2016

Comments are closed.