Onlar dəfn törəninə qatılmasalar da, ölümündən 3 gün sonra təşkil edilən mərasimdə iştirak ediblər

İyunun 16-da milli azadlıq hərəkatının liderlərindən olan Məhəmməd Hatəmi Tantəkinin 3 mərasimi keçirildi. Müxalifət liderləri onun dəfn törəninə qatılmasalar da, ölümündən 3 gün sonra təşkil edilən mərasimdə iştirak ediblər. Məhəmməd Hatəminin 3 mərasiminə Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı, VHP sədri Sabir Rüstəmxanlı, AXP sədri Pənah Hüseyn, KXCP sədri Mirmahmud Mirəlioğlu, AXCP sədri Əli Kərimli qatılıblar. 
“Yeni Müsavat”a danışan İsa Qəmbər bildirdi ki, Məhəmməd Hatəmini 1980-ci illərdən tanıyır: “Onu Azərbaycanın milli  dəyərlərinə, bütöv Azərbaycan ideyalarına bağlı bir insan kimi tanımışam. O zamandan müəyyən  təmaslarımız, görüşlərimiz olub. Daha sonra isə onu ”Çənlibel” diskussiya mərkəzinin qurucularından biri kimi bildim.  Hərəkat dövründə isə kifayət qədər görüşlərimiz,  söhbət və fikir mübadilələrimiz olub. Mövqelərimizdə  üst-üstə düşən cəhətlər çox idi. Hər ikimiz Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü arzulayan, əsas hədəf kimi qəbul edən insanlar idik. Ancaq bu hədəflərə çatmaq yolunda fərqli yanaşmalarımız da mövcud idi. Buna görə də kifayət qədər maraqlı  diskussiyalarımız, fikir mübadilələrimiz olub. Sonrakı  mərhələdə də Məhəmməd Hatəmi Qarabağ  savaşında bilavasitə bir döyüşçü kimi iştirak etməklə də vətənə bağlılığını, vətən uğrunda fədakarlığa hazır olduğunu, söylədiklərinin, sadəcə olaraq, söz olmadığını  sübut edib. Məhəmməd Hatəminin Azərbaycan milli azadlıq hərəkatında  özəl yeri var. Xüsusən meydan hərəkatında həlledici fiqurlardan biri idi. Hələ 1992-ci ilin 17 noyabrında biz hakimiyyətdə  olduğumuz zaman Azadlıq meydanında bayram mitinqi keçirib, Meydan hərəkatının başlanmasını qeyd etmişdik. Orada da  qeyd etmişdim ki, 1988-ci ilin meydan hərəkatında 3 xətt var idi. Həmin xətlərdən birinə Məhəmməd Hatəmi Tantəkin rəhbərlik edirdi. Bu xətt çox sərt, prinsipial, radikal bir milli azadlıq hərəkat xətti idi. Bu xəttin daşıyıcıları  hörmətə layiq insanlardır. Məhəmməd Hatəmi də həmin xəttin aparıcı insanlarından biri kimi hər zaman hörmət etdiyim şəxsiyyətlərdən olub. Zaman-zaman fikir ayrılıqları üzə çıxıb, Məhəmməd Hatəmi öz müsahibələrində, kitablarında da bizi tənqid edib. Bu da onun hüququdur. Allah ruhunu şad etsin. Allah  imkan versin, ölkəmizin ərazi bütövlüyünü, Azərbaycanın gerçək inkişafını təmin edə bilək ki, onun kimi dəyərli şəxsiyyətlərin də ruhu şad olsun”.
 
VHP sədri Sabir Rüstəmxanlı da “Yeni Müsavat”a Hatəmi ilə bağlı fikirlərini bildirdi: “Hatəmi çox uzun illərdən bəri tanıdığım insan idi. O, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində işləyən zaman mən də yaxınlıqda yerləşən ”Yazıçı” nəşriyyatında çalışırdım. Fasilədə indiki “Fəvvarələr meydanı”da əyləşib, uzun söhbətlər, müzakirələr edirdik. Hələ meydan hərəkatı başlamamışdan öncə o, mənim Güney məsələlərinə həssaslığımı, mən də onun Güneydən olduğunu bilirdim. Ən azı bu duyğu bizim aramızda sıx münasibət yaratmışdı. Vətən sevgisi, Azərbaycanın bütövlüyü uğrunda mübarizə onun həyatının idealı idi. Meydan hərəkatından öncə “Çənlibel” cəmiyyətinin qurulmasında, idarə olunmasında onun böyük rolu var idi. “Çənlibel”in ikinci toplantısında mənim “Qan yaddaşı” kitabımın müzakirəsini təşkil etmişdilər. Şeir kitabı olsa da, “Qan yaddaşı” milli hadisənin bərpası, keçmişə, tarixə qayıdış, bir növ gələcək mübarizələr üçün təməl hazırlayan kitab idi. 1988-ci ildə Meydan hərəkatı başlayan zaman Məhəmməd Hatəmi ilk günlərdə meydanın idarə olunmasında yaxından iştirak edib. Hətta bizim birlikdə şəkillərimiz də var. Sonradan yolumuz  bir qədər ayrıldı. Onlar daha meydana gəlmədilər. Ancaq bu, qətiyyən Məhəmməd Hatəminin mübarizə yolundan, hərəkatdan çəkilməsi demək deyildi. Məhəmməd Hatəmi  həm də böyük ədəbiyyat adamı, folklorçu idi. O, folklor araşdırmaları ilə Azərbaycanın milli özünüdərk duyğusunun, milli şüurunun yüksəlməsinə  kömək edirdi. Yəni ədəbiyyat sahəsində də ciddi araşdırmaları var idi. Müəyyən  mənada bəlkə də onun haqqı yetərincə verilmədi. Çox əziyyətlə yaşadı, proseslərdən uzaqlaşdı. Onun itkisi ağırdır. Məhəmməd Hatəmi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixində adı qalacaq insanlardan biridir”.
KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, Məhəmməd Hatəminin yasında iştirak etmək mənəvi borclarıdır: “Məhəmməd Hatəmi milli azadlıq hərəkatından öncə bir sıra təşkilatların, xüsusilə  də ”Çənlibel”in yaranmasında xidməti olan adamdır. Bizim də mənəvi borcumuzdur ki, onun yasında iştirak edək. Qiymətli bir şəxs idi. Bundan o tərəfə isə tanışlığımız yox idi. Tədbirlərdə bir neçə dəfə  görüşlərimiz olub və mövqelərimiz də çox zaman toqquşub. Allah rəhmət eləsin”.
Əli RAİS
Musavat.com
Fotolar müəllifindir
6de8c11430b8
73b14aa516c6 08bbee452ec0 d296c9e3a927 f964a49a613e 2bcc7c460646 fd2c86c56299

Comments are closed.