Yaradıcı insanın taleyində istedad, cəsarət və müdriklik çox böyük rol oynayır. Amma bu yaradıcılıq atributlarının üçünün də bir adamda cəmləşməsi hər kəsə nəsib olmur. Ən azı ona görə ki, istedad və cəsarət Tanrı payı olsa da, müdrikliyi insan özü qazanır.

Sabir Rüstəmxanlıya Tanrı  istedad və cəsarət verdi, müdrikliyi də özü qazandı. Bu fikri ona görə cəsarətlə deyə bilirəm ki, biz Azərbaycan Dövlət Universitetində Sabirlə tələbəlik illərini bir yerdə keçirmişik. O zaman indiki universitetlərin hamısına “institut” deyirdilər və Azərbaycan Dövlət Universiteti “universitet” statuslu yeganə təhsil müəssisəsi idi. Bu yeganə universtetin o zaman dörd binadan ibarət möhtəşəm tələbə yataqxanası vardı və bizim həyatımızın ən maraqlı mərhələsi o yataqxanalarda keçdi.

Onda Sabir universitetin Filologiya fakültəsində çox istedadlı bir filoloq və çox istedadlı bir şairlik vəd edən, elə bunlara görə də sayılıb-seçilən bir tələbə idi. Bu Sabir az qala hər həftə artıq ədəbi aləmdə yaradıcılığı ilə qəbul olunmuş azman şair və yazıçıları elə o yataqxananın özündəcə tələbələrlə görüşə dəvət edirdi. Yataqxanın 1-ci mərtəbəsində “Qırmızı guşə” deyilən salonabənzər bir yerdə keçirilən o görüşlər təkcə humanitar fakültələrin deyil, elə texniki fakültələrin də tələbələrini ədəbi dünya ilə, bədii düşüncə ilə tanış edirdi…

Sabir universiteti bitirər-bitirməz  ədəbi aləmdə, mətbuat və oxucu aləmində tamamilə yeni düşüncəli bir şair kimi tanınmışdı. Maşallah olsun, Sabir çox sürətlə ədəbiyyata, poeziyaya gəldi və ictimai rəydə, ən uca kürsülərdə göründü. Onu fərqləndirən  istedadı, cəsarəti və müdrikliyi oldu. Sabirin  poeziyasındakı milli ruha hakimliyi, millət, Azərbaycan taleyinə bağlılığı, Vətən sevgisi, Azərbaycan dilinin təmizliyi uğrunda mübarizəsi və sair keyfiyyətləri onu oxuculara sevdirdi…

…Azərbaycan yazıçılarının qurultayı idi. Məruzələr, çıxışlar gedirdi. Qurultaya sədrlik edən Heydər Əliyev – o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi – lap cavan bir şairə – Sabir Rüstəmxanlıya söz verdi. Sabir alovlu çıxışında üzünü sədrə – Heydər Əliyevə çevirdi:

– Yoldaş Əliyev – dedi (o vaxtlar “yoldaş” sözü Sovet ideologiyasının aparıcı atributu idi), – biz bu şəhərdə müxtəlif müəssisələrdə, fabrik-zavodlarda camaatla görüşlərə gedirik. Lakin getdiyimiz o yerlərdə divarlara vurulmuş ünvan lövhələrində, şüar və plakatlarda, rəhbərlərin iclas nitqlərində Azərbaycan dilində heç nə görmürük. Bizə elə gəlir ki, bu məsələyə şəxsən Siz özünüz qarışmasanız, vəziyyət beləcə davam edəcək…

Əlbəttə, sovetlərin milli atributlara qısqanclıqla yanaşdığı bir vaxtda bu cəsarəti Sabir Rüstəmxanlıya verən bundan əvvəlki qurultayda Heydər Əliyevin indiyəqədərki ənənəni qıraraq özünün məruzəsini Azərbaycanca etməsi, bütövlükdə bu rəhbər insanın Sovet ideoloji kanonlarını aşaraq milli dəyərlərimizə sahib çıxması, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi salınmasına nail olması vermişdi. Milli dəyərlərimizə bu cür xidmətlər göstərmiş bir dövlət rəhbəri qarşısında indi milli problem də qaldırmaq olardı. Lakin belə bir fikri dilə gətirməkdə bəlkə də başqaları yenə də çətinlik çəkərdi. Heydər Əliyev – sədr bu cavan şairin sözlərinə axıradək diqqətlə qulaq asdı və Azərbaycan dilinə ögey münasibətdən çox narahat olduğunu bildirdi. Elə buradaca qeyd edim ki, qurultaydakı bu söhbətdən sonra Heydər Əliyevin göstərişi ilə lövhələr, şüarlar, plakatlar azərbaycancalaşmağa başladı.

Sabir Rüstəmxanlı poeziyası möhtəşəm bir vətəndaşlıq yaradıcılığıdır. Bunu hamı bilir. Onun şeirlərinin çox böyük faizində Vətən və millət tematikası ön plandadır. Sabir Rüstəmxanlıda bu tematika həm də ona görə maraqlıdır ki, bu poeziyanın ən məhsuldar və ən kəskin milli iddialar dövrü ağır Sovet senzurası çağına düşdü. Bəlkə onun bu cəsarətli şeirləri senzuranı həm də ona görə keçə bilirdi ki, o əsərlərdə poetik ustalıqla estetik ideya mükəmməl bir vəhdət təşkil edirdi… Sonra  Sabir Rüstəmxanlı “Ömür kitabı” kimi şair və vətəndaş ömrünün mənasını ifadə edən bir əsər qoydu ortaya… Sonra Azərbaycanın tarixi şəxsiyyətləri ətrafında düşüncələrini çeşidli əsərlərə çevirdi. Bunların hamısının əsasında ciddi və səmimi bir millət sevgisi, vətəndaşlıq qayğıları var. Amma mən bu anda Sabirin ictimai fəaliyyətindəki vətəndaşlığından misallar gətirmək istəyirəm. Azərbaycanın dünya sivilizasiyasına qovuşmasının ciddi atributlarından olan bir hadisə – kirildən uzaqlaşıb latın qrafikalı yeni əlifbaya keçid zamanı aparılan ictimai müzakirələr hər kəsin yadındadır. O zaman bu məsələ ilə bağlı bir çoxlarının tərəddüdləri, hətta əngəl olmaları qarşısında Sabir Rüstəmxanlı sözünü akademik kürsülərdən ucaldan və öz fikrini elmi cəhətdən əsaslandıran bir ziyalı kimi çox iş gördü…

Yadımdadı, rusa girişib “akademik” adı almış erməni Aqanbekyan Fransa qəzetlərinin birinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təşəbbüsü ilə ermənipərəst Qorbaçova-SSRİ rəhbərinə təklif verdiyini elan etmişdi. Bədnam Aqanbekyanın bu müsahibəsi yayılan gün biz ziyalılardan birinin oğlunun toyundaydıq. Bir stolda oturmuşduq: Abbas Abdulla, Sabir Rüstəmxanlı və mən. Qəflətən kimsə Aqanbekyanın bu müsahibəsi barədə informasiya verdi. Onda Sabir Rüstəmxanlı belə bir fikir dedi:

– Mən bu axşamdan kəfənimi əynimə geyirəm. Çünki o Aqanbekyan özü belə cəsarət qələti edə bilməz. Onun arxasında dayanan qüvvə var və o qüvvəyə qarşı durmaq üçün kəfəndən başqa libas yoxdur.

Sabirin fikri həqiqət oldu və Sabir bu həqiqət qarşısında o vaxtdan əyninə kəfən geyənlərdən biridir.

Azərbaycanın müstəqilliyi uğrunda yeni mübarizənin əvvəlindən sonunadək Sabir Rüstəmxanlı tribunalarda, meydanlarda kəfənlə gəzdi – yəni ölümü gözünün önünə aldı. Tanrının verdiyi cəsarəti axıradək göstərdi. Mən bu anda “Ədəbiyyat” qəzetinin 4 iyun 2016-cı il tarixli nömrəsində Faiq Balabəylinin Sabir haqqında yazdığı emosional üslubda “Yol davam edir” adlı bir essesini oxudum. Bu essenin bir balaca boyu var, amma dam dolusu toyu var. Faiq 50 sətirlik bir essedə Sabir Rüstəmxanlının möhtəşəmliyini möhtəşəm boyalarla təqdim edib. O sətirlərin hamısı gözəldi, amma balaca bir abzasın informasiya yükü daha möhtəşəmdi. Faiq yazır:

“…Sonralar onun işlədiyi “Ədəbiyyat qəzeti”ndə işlədim. Bu o vaxtlar idi ki, Sabir bəy artıq mətbuat naziri idi. Bu vaxta qədər isə onun meydan hərəkatının liderlərindən biri kimi, yaxın tariximizin salnaməsinin yazılmasında xidmətlərini gördük, vətənin müstəqilliyi uğrunda necə fədakar olmasının şahidi olduq. Buna qədər isə onun sovetlər zamanının əli qılınclı vaxtında yazdığı şeirlərdən üzü bəri yol gəldiyi və dilimizin əzbəri olduğu şeirlərinin havası ilə böyümüşdük, fikir, söz sahibi olmuşduq. Mən ondan sözün bütövlüyünü, millətin işıqlı sabahı, müstəqilliyi naminə çox şeylər öyrənmişdim və öyrənirəm də”.

Sabir Rüstəmxanlıdan bütöv bir millət öyrəndi.

Mən lap bu yaxınlarda Sabir Rüstəmxanlının və milli dəyərlərimizin cəfakeşi, Azərbaycanın  alim-vətəndaşı Nizami Cəfərovu İTV-də “Müzakirə vaxtı” proqramında gördüm. Bu iki alimin və bu iki vətəndaşın Azərbaycan dilini  “alınmaların” indiki axını qarşısında necə qorumaq olar? sualına cavab çıxışları, fikirləri bütün xalq üçün mükəmməl bir açıq dərs idi. Bu iki ziyalının dilimizin taleyi ilə bağlı narahatlığı tamaşaçıların da narahatlığına çevrildi. Və sonra mən Sabiri “Xəzər” TV-nin “Könül dünyamız” proqramında istedadlı aparıcı Səyyarə Səyyafla həmsöhbət gördüm. Bu proqramda da Sabir özünün Vətən, millət sevgisini həm ustad şeirlərində, həm də mənalı söhbətində ortaya qoydu. Və sonra Sabirin Dünya Azərbaycanlılarının IV qurultayındakı çıxışını dinlədim. Hər yerdə olduğu kimi, Sabir Rüstəmxanlı bu çıxışında da məsələyə obyektiv tənqidi yanaşması ilə diaspor təşkilatlarımıza fəaliyyətlərini zamanın tələblərinə uyğun qurmağı təklif etdi.

Beləcə, mənim lap tələbəlik çağlarından tanıdığım Sabir Rüstəmxanlı ömrünün bütün anlarını fəal şair-vətəndaş, fəal ziyalı-vətəndaş, fəal millət yanğısı olan bir ziyalı kimi yaşamaqdadır. Yetmişi təzəcə ötmüş dostuma Vətən və millət yolunda uzun və işıqlı ömür arzusu ilə

Cahangir MƏMMƏDLİ

Comments are closed.