Mayın 25-də xalq şairi, sabiq deputat, VHP-nin sədri Sabir Rüstəmxanlının 70 illik yubileyi təntənəli şəkildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrında qeyd olundu. Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirildi. 

Tədbirdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, xarici qonaqlar, eləcə də media nümayəndələri iştirak etdilər.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, millət vəkilləri Zahid Oruc, Qənirə Paşayeva, Elmira Axundova, Fəzail İbrahimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin İsa Qəmbər, tarixçi alim Cəmil Həsənli və digərləri qonaqlar arasında idi.
Sabir Rüstəmxanlının yubileyinə gözlənildiyindən daha çox qonaq gəldiyindən həm qapının önündə, həm də zalda izdiham yaşandı. Gələnlər uzun müddət teatrın qapısı önündə gözləməli oldular.
Açılış nitqi ilə çıxış edən şair İlqar Fəhmi Akademik Milli Dram Teatrının qapısı önündə yaşanan izdihamın Sabir Rüstəmxanlının şəxsiyyətinə və yaradıcılığına verilən qiymətin göstəricisi olduğunu bildirdi.
Tədbir öncəsi musavat.com-a danışan baş nazirin müavini Elçin Əfəndiyev isə, S.Rüstəmxanlını ədəbiyyatımızın ən görkəmli nümayəndəsi adlandırdı: “Sabir Rüstəmxanlı həm poeziya, həm də nəsr sahəsində yazdığı əsərlərlə bugünkü ədəbiyyatımızın ən gözəl nümunələrini yaradıb”.
Səhnədə çıxış edənlər də Sabir Rüstəmxanlının fəaliyyətindən, yaradıcılığından və şəxsi keyfiyyətlərindən bəhs etdilər. İstanbul metropol bələdiyyəsinin koordinatoru, tanınmış şair-yazar Özcan Ünlü yubilyarın yaradıcılığını və şəxsiyyətini yüksək qiymətləndirdi.
Daha sonra şairin əsərlərindən parçalar oxundu, şeirlər səsləndirildi. Xalq şairinin kürəkən müğənni Elçin Cəfərov da qayınatasının yubileyində onu oxuduğu mahnıları ilə təbrik etdi. Xalq artisti Nurəddin Mehdixanlı və bir neçə gənc aktyor şairin əsərlərindən parçalar səsləndirdilər.
Musavat.com-a danışan tarixçi alim Cəmil Həsənli Sabir Rüstəmxanlını həm ədəbi fikrin, həm də siyasi mühitin öndə gedən nümayəndələrindən biri adlandırdı: “Mən onu gənclik illərindən tanıyıram. O zaman gənc şairlər gəlib tələbə yataqxanalarında, müxtəlif auditoriyalarda öz şeirlərini oxuyurdular. Hamısı da vətənpərvər şeirlər idi. Yadıma gəlir ki, Sabirin “Gəncə qapısı” kitabı çıxanda necə sevgi ilə qarşılandı. Hər yerdə onun müzakirələri gedirdi. Sabirin Azərbaycan ədəbiyyatında, siyasətində, ictimai fikrində yeri əvəzsizdir. Onun ən gözəl əsərlərindən biri də “Ömür kitabı”dır. Bu kitab sanki Azərbaycan ədəbi sözünün millətə xidmət nümunəsidir. Təsadüfi deyildi ki, bu kitab milyon tirajla çap olunmuşdu və böyük maraq doğurmuşdu. Əslində Sabir Rüstəmxanlı özü də elə bu ömür kitabından keçmişdi. Sabirin həm şeirləri, poeziyası, publisistikası, nəsr əsərləri həm ictimai fikir, həm də ədəbiyyat üçün çox önəmli əsərlərdir”.
 
Deputat Qüdrət Həsənquliyev isə yubilyarı Milli Azadlıq Hərəkatı dövründən tanıyıb: “Sabir bəyi mən tələbəlik illərindən sevmişəm. Onun kitablarını sevə-sevə oxumuşam. Sabir bəy Milli Azadlıq Hərəkatının öncüllərindən biri olub. Azərbaycanda milli ruhun oyanışında misilsiz xidmətləri olan bir şəxsiyyətdir. O, bu millətin qənimət insanlarından biridir. Mən ona can sağlığı və uğurlar arzulayıram. Allah ona ömür versin və bizlərə də ömür versin ki, onun yüzilliyini qeyd edək”.
Deputat Qənirə Paşayeva yubilyarı Azərbaycanın dəyərli aydınlarından biri adlandırdı: “Sabir Rüstəmxanlı bizim ədəbiyyatımızda, poeziyamızda öz yeri olan böyük şairlərimizdən olmaqla bərabər çox dəyərli ziyalılarımızdan biridir. Azərbaycanın müstəqillik hərəkatının fəallarından biri olub. Onun ictimai, siyasi fəaliyyətinin önəmini sözlə ifadə etmək mümkün deyil. O, türk millətinin birliyi, Azərbaycanın demokratik bir respublikaya çevrilməsi üçün gözəl işlər görən aydınlarımızdandır. Allah Sabir bəyə uzun ömür, can sağlığı versin, bundan sonra da fəaliyyətinə davam etsin”.
Deputat Fazil Mustafa Sabir Rüstəmxanlını Azərbaycanın ən böyük ziyalılarından biri adlandırdı: “Sabir bəy, XXI əsrdə Azərbaycan davasını gündəmə gətirən, xüsusən də Güney Azərbaycan problemini aktuallaşdıran, bu hərəkatın öncüllüyünü öz üzərinə götürən liderlərdən biridir və çox böyük işlər görüb. Sabir bəyin fəaliyyət sferası o qədər genişdir ki, hərdən fikirləşirsən ki, bir insan bu qədər yükü çiyinlərinə necə götürə bilər? Bu da bir ziyalı məsuliyyəti və vicdanı ilə bağlı məsələdir. Sabir bəy məsuliyyətin bilincində olan bir şəxsiyyətdir. Həm gözəl şair, həm siyasi xadim olasan, uzun illər parlamentdə təmsil olunasan, həm Dünya Azərbaycanlılar Konqresinin işini öz üzərinə götürüb aparasan, bu nadir bir istedad sahibinin qabiliyyətidir. O, Azərbaycan xalqının gəlmiş-getmiş ən ciddi ziyalıları içindədir və adı həmişə fəxrlə xatırlanacaq”.
Vətənpərvərlik, türkçülük haqqında mahnılarının mahir ifaçısı, müğənni Əhməd Şəfəq Sabir Rüstəmxanlını tanımaqdan qürur duyduğunu bildirdi: “Sabir Rüstəmxanlı ilə 2004-cü ildə Azərbaycana konsert verməyə gəlməzdən öncə tanış oldum. Təbii ki, onu şeirləri ilə tanıdım, sevdim. Sonradan o şeirlərin sahibinin böyük bir ədəbiyyatçı, gözəl bir insan olduğunu gördüm. Onun türk tarixinə bu qədər vaqif olması məni ayrıca təəccübləndirdi. Sabir bəy eyni zamanda bir türkçü və ədəbiyyat filosofudur. Onlar mənim ailə dostumdur və çox xoşbəxtəm ki, belə bir ailə ilə tanış oldum. Sabir bəyin bu gün 70 yaşı olsa da, o, yazdığı hər əsərlə əslində, bir qədər də gəncləşir. Allah ona uzun ömür nəsib etsin ki, o da ədəbiyyatımıza gözəl əsərlər verməkdə davam etsin”.
Tədbirin sonunda söz yubilyara verildi. Alqışlar altında səhnəyə çıxan Sabir Rüstəmxanlı onun yubiley tədbirində iştirak edənlərə və tədbiri təşkil edən Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
Həmçinin zalda yer olmadığı üçün qapıdan dönən qonaqlarına da üzrxahlıq etdi: “Mən  çox təəssüfləndim ki, dəyərli dostlarımın bir hissəsi yer olmadığı üçün qapıdan qayıdıblar. Yəqin ki, mədəniyyət nazirimiz qonaqların bu qədər çox olduğunu bilsəydi, bizə Heydər Əliyev adına Sarayı açardı. Ümumiyyətlə, zalları, salonları şairlərin, yazıçıların üzünə açmaq lazımdır”.
S.Rüstəmxanlı bu mərtəbəyə gəlib çıxmaqda gənclik illərində ona kömək edən xeyirxahlarından danışdı. Həyat yoluna nəzərə salaraq keçdiyi çətinliklərdən bəhs etdi, qazandığı uğurları isə bu xalqın sevgisinə borclu olduğunu dedi.
Xalq şairi yazdığı hər kiçik bir misranın ona doğma olduğunu və səhnədə səsləndirilən şeirlərini həvəslə dinlədiyini ifadə etdi: “Bir dəfə dostlarımdan biri mənim kitabımı istədi və dedi ki, kitabı mənə verəndə içində ən sevdiyin şeirlərini işarələ ki, onları oxuyum. Mən də kitabı vərəqlədikcə, xoşuma gələn şeirləri işarələməyə başladım. Axırda bir də gördüm ki, kitabda nə qədər şeir varsa, hamısını işarələmişəm. Mənə elə gəlir ki, biz hər birimiz bu millətin dərdi, sevgisi ilə yaşayırıq. Mənim xoşbəxtliyim ondadır ki, mən heç vaxt bu millətə sayğımı, sevgimi itirmədim. Ən ağır gündə belə, bu millətin gücünə güvəndim”.
Çıxışda tədbirlə bağlı təəssüratlarını  bizimlə bölüşən yubilyar ən böyük diqqətlərdən birini də “Yeni Müsavat” qəzetindən gördüyünü etiraf etdi və təşəkkürünü bildirdi: “Yubiley ərəfəsində mənim haqqımda ən gözəl yazılardan birini də siz hazırladınız. Sizə və iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Çox təəssüf edirəm ki, bəzi qonaqlarım ayaq üstə qaldı, bəziləri içəri keçə bilmədi. Onlar bizi üzrlü saysınlar. Bu, məni həm sevindirdi, həm də təəssüfləndim. Türkiyədən, Qazaxıstandan, Rusiyadan, Tatarıstandan, Udmurtiyadan çoxlu dostlarım gəlib. İllər uzunu mənimlə çiyin-çiyinə gələn qələm dostlarım gəlib, insanın bundan böyük qazancı ola bilməz”.
Nərgiz LİFTİYEVA,
Musavat.com,
Fotolar Məğrur Mərdindir.
img2093027 1a7ecb5d3639 11e985537fe8 41a3bc0dfbe5 57d1d119732e 612a8f19d315 724be4ee619d 67052d792e1d a4ca18d8de75 a735bcc93040 aa7d5751d71f bb68a29e2596 cec3e0600eb8 f19eb93e0a17 f3704ca8cddc

Comments are closed.