Sabir Rüstəmxanlı – bu ad ilk oxunuşdan Xalq Hərəkatı, Millət, Dövlət, El, Türk kimi dəyərlərlə səsləşir.Bunun sirrini sırf yaradıcılığında axtarmıram. Hərçənd ki, Sabir Rüstəmxanlı yaradıcılığı bu dəyərlərlə yoğrulub və zəngindir.

Etiraf edim ki, əsəri ilə şəxsiyyəti təzadlıların əsərlərini oxumaqda çətinlik çəkirəm. Sabir Rüstəmxanlı az sayda istisnaların ən ön cərgədə olanlarındandır. Yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayır, yaradıcılığında aparıcı xəttin bayrağı öz əlindədir. Gəncliyə öyrətmək istədiyinin bir klassik nümunə onun özüdür. Yaradıcılığındakı xəlqilik, millilik, qəhrəmanlıq, mübarizə əzmi onun özüdür.

Milli Azadlıq Hərəkatına qədər də yaradıcılığında inqilabi romantizm güclü sezilirdi. O zamanın milli gəncliyinin müraciət etdiyi ustad Bəxtiyar Vahabzadə,Xəlil Rza Ulutürk, Xudu Məmmdəov, İsmayıl Şıxlı, Elçibəy sırasında Sabir Rüstəmxanlı da olub. Azərbaycan Milli Azadlıq Hərəkatı Sabir bəy yaradıcılığında cücərən istiqlal toxumunu yetişdirmək üçün ilahi şans idi. Bu şans Sabir Rüstəmxanlı timsalında yaradıcılıqla şəxsiyyətini bütövlüyünün əyani təsdiqi oldu. Milyonları hərəkətə gətirən də liderlərdə məhz bu keyfiyyətin olması idi.

Sabir bəy öndə, tribunada millətin ruhunun ifadəsinə çevrildi. Meydanda olmağı, xalqla olmağı, dik durmağı bacardı. Bu gün də meydandadır. Şimali və Cənubi Azərbaycanı, Türk dünyasını, Vahid Azərbaycanı, Dünya Azərbaycanlılarını, Borçalını, Kərkükü, Doğu Türküstanı düşünür.

Siyasi meydanda da özünəməxsusluğu ilə seçilə bildi. Təməli millətlə bağlı olsa da bəzən onun tutduğu həmrəylik mövqeyini təslimçilik kimi qələmə verənlər də az olmadı. Zaman da sübut etməkdədir ki, ifrat qütbləşmə milli maraqlarımızı təhdid etməkdədir.Bir zamanlar inkarçı mövqedə olanlar da bu həqiqəti dərk etməkdədirlər. Bu gün – 70-in tamamında Sabir Rüstəmxanlıya El adamı, Millət adamı, fikir adamı və dost deyə bilərəm.

Sabir bəyi 70 illik zirvə münasibətilə təbrikin verdiyi məmnunluq hissi həm də, onun mübarizə, həyat eşqi ilə bağlıdır. Həyat və mübarizə eşqinin hər zaman diri olması diləyi ilə Borçalı Cəmiyyəti, borçalı türkləri adından mübaliğəsiz dost sözü ilə Zəlimxan Məmmədli.
20 05 2016
Bakı.

Comments are closed.