Dəyərlərin yer dəyişdirdiyi bir dönəmdən keçirik. Əvvəllər mənəviyyata çox önəm verilirdi, indi maddiyat önə keçib. Kapitalizmin ən amansız üzlərindən biri də mənəvi dəyərləri yox etməsidir. Gözümüz görə-görə millətimizin mənəviyyatı aşılanır, min illərin arxasından gələn böyük türk milli-mənəvi dəyərləri yox edilmək istənir. Mədəni irsimizə yetərincə sahiblənə bilmirik. Millətləri millət kimi yaşadan, tarixiylə yanaşı bir də kültürüdür ki, bunun içində ən əsas amillərdən biri də dilidir.

Millətin mənəvi dəyərlərini yaradan insanlar var ki, sonradan onlar özləri də millətin mənəvi dəyərinə çevrilirlər. Türk millətinin dəyərinə çevrilmiş kişilərdən, milli-azadlıq hərəkatının liderlərindən biri, xalq şairi, yazıçı Sabir Rüstəmxanlıdır.

Azərbaycan rus imperiyasına qarşı mübarizəyə qalxanda Sabir bəyin yazdığı “Ömür kitabı” milli şüurun oyanmasında və millətin azadlığa gedən yolunun aydınlanmasında əvəzsiz rol oynamışdı. Millətin ömrünə gün kimi doğmuşdu “Ömür kitabı”. Onun yazdığı seirlər, gənclərə millət, vətən və dil sevgisini aşılamışdı. “Sağ ol, ana dilim” şeiri o dönəmdə dillər əzbəri idi. Sabir Rüstəmxanlı sadəcə yazmamışdı, yazdıqlarının arxasınca getmişdi, millətin ağır günlərində onun yanında olmuş, meydanlarda Azərbaycan xalqının haqq davasını müdafiə etmişdi.

Azərbaycanın Müstəqillik Aktında imzası olan bir səxsiyyət… O zaman çoxları Sovet İttifaqından qorxaraq gizlənəndə, müstəqilliyimizin əleyhinə səs verəndə Sabir Rüstəmxanlı tarixin verdiyi bu fürsəti millətimizin lehinə çevirmək üçün bütün təhlükələri gözə alaraq, mübarizənin ön sırasında olmuşdu. Hər şeyin alınıb-satıldığı bir dönəmdə, sözün qiymətdən düşdüyü bir ortamda Söz Sahibi olan kişilərdən biridir Sabir Rüstəmxanlı. Zaman gələcək onun haqqında da kitablar yazılacaq, necə ki yazılır.

“Tanımaq istəsən”lə yola çıxdı, “Sevgim-sevincim” dedi, “Gəncə Qapısı”nda “Ölüm zirvəsi”ni gördü, “Xətai Yurdu”nda “Bu, sənin xalqındır”, “Sağ ol, ana ailim” dedi, “Difai Fədaisi” oldu, “Tanrının Elçisi” Oğuz xanla oğuzlandı, “Ömür kitabı”nda “Əbədi sevda”sına qovuşdu və dünyanın bir çox ölkəsində çap olunan 50-dən yuxarı kitabın yazarı oldu. S.Rüstəmxanlı Azərbaycan ədəbiyyatı və siyasətində, eləcə də bütün türk dünyasında yaxşı tanınan, ləyaqətli, nurlu şəxsiyyətlərdəndir.

Ötən əsrin 80-cı illərinin sonunda meydana şair kimi daxil olan happy wheels demo Sabir Rüstəmxanlı oradan siyasətçi kimi çıxdı. Cavanlığını meydanlarda millətimizin haqq işi uğrunda mübarizəyə həsr edən Sabir bəy bu gün artıq ömrün 70-ci ilindədir.

Azərbaycanda siyasətlə məşğul olmağın çətinliyini hamı başa düşür. Vətəndaş Həmrəyliyi adlı bir partiyanı təsis edib, onu ayaq üstə saxlamaq, üstəlik, 20 ildən artıq bir müddətdə Milli Məclisin deputatı kimi millətin haqqını tribunadan dilə gətirmək qəhrəmanlıq, cəsarət tələb edir. Sabir bəy bu qəhrəmanlığa və cəsarətə çoxdan öz imzasını atıb. Amma o ruhən söz adamıdı və özünün dediyi kimi onu siyasətə həvəs gətirməyib.

Sabir bəy “Ömür kitabı” ilə yetişdirdiyi bütöv bir nəsli Meydandan İstiqlala apardı. Bəli, indiyədək Sabir bəy milli maraqlar naminə çox şeylərdən imtina etməyi bacarıb, çoxlu güzəştlərə gedib. Ancaq başqalarının bu cür şansları olsaydı, heç vaxt əldən verməzdilər. Elə buna görədir ki, bu gün bütün Azərbaycan onu “Bizim Sabir” deyə çağırır. Sabir Rüstəmxanlı ilə M.Ə.Sabirin taleyini birləşdirən çox cəhətlər var. O da Sabir babası kimi millətin taleyinə acıyır, əzilir, təqib edilir. Amma zülmə dözmür, üsyan edir. O, bütün ömrünü belə yaşayıb. X.R.Ulutürk Rüstəmxanlının keçdiyi həyat yolunu “kişi ömrü” adlandırır. Onun yaradıcılığını izləyən hər bir kəs böyük şairimizin bu sözləri ilə razılaşar. Vaxtı ilə R.Rza da M.Ə.Sabiri “kişi şair“ adlandırmışd. Bu da hər iki Sabir arasında bir tale oxşarlığıdır.

Abbas Səhhət vaxtı ilə yazırdı: “Sabir İran inqilabına bir ordu qədər xidmət göstərib”. Tam məsuliyyəti ilə demək olar ki, Sabir Rüstəmxanlı da milli birliyimizə bir ordu qədər xidmət göstərmişdir. Onun bu yöndə fəaliyyəti bu gün də davam edir.

O öz çiynində çox ağır və məsuliyyətli bir vəzifə daşıyır. 1992-ci ildə yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının adı partiyanın bütün məramını özündə ifadə edir.

O, həm də Dünya Azərbaycanlıları Konqresinin sədri kimi məsuliyyətli bir vəzifə daşıyır. Nə qədər çətinliklərlə qarşılaşsa da bir an belə bu mübarizəni dayandırmır.

Bu yolda sevimli şairimizə Böyük Yaradandan cansağlığı arzu edirik.

 

Samir Əsədli

Comments are closed.